Zərdüşt
Şəfi haqqında
Bəri
başdan deyim ki, bu, rekviyem deyil. Necə deyərlər; Ölüm
sevinməsin qoy, onun mövzumuza dəxli yoxdur. Bu yazı əsl istedad haqqındadır.
Əsl kitab haqqında. Əsl kitablar isə heç vaxt ölmür. Və yenə
də necə deyərlər; Əlyazmalar
yanmır. Bu yazı Zərdüşt Şəfinin Başqa adamlar kitabı haqqında bir oxucu sözüdür.
Amma neyləyəsən ki, bizdə çox şey ölümündən
sonra baş verir. Biz də
neyləyək ki, ölüm adlı o eybəcər çox zaman özündən ən kənarda dayananı, özünə
ən çox yaraşmayanı seçir.
Yaxşı ki, ürək sözlərimi onun özünə sağlığında
demişdim. Sonra da zarafatla soruşmuşdum:
Səni çox şımartmıram ki?
Yarızarafat, yazıları kimi
bişmiş bir cavab vermişdi Zərdüşt:
Yox, məni Allah özü şımardıb.
Bax beləydi
o. Nə yalançı
təvazökar, nə
də saxta müştəbeh idi. İstedadın özü kimi. Sadə və sakit. Və bu da axırı. Allahın şımartdığı
yazıçı. Həyatın tam ortasında. Gəncliyin zirvəsində.
Hamlet Kazımoğlunu xatırlayıram Qollarım
gücümdən ağrıyır
mənim misralarının
müəllifini. Bəlkə son dövrlər dalınca qaçacaq qədər heyrətləndiyim yeganə
müəllifdi Zərdüşt
Şəfi.
İlk dəfə
bir essesi çıxmışdı qarşıma
hansısa saytda. Sənə, Herodot adlı. İmza yeni, müəllif
gəncdi, amma mükəmməl bir üslubdan, boyük bir potensialdan xəbər verirdi o yazı.
Axtarıb müəllifi tapmışdım;
öncə Facebookda, sonra həyatda. Az sonra məni kitabının təqdimatına dəvət
etmişdi Zərdüşt.
Başqa adamları əlimə alanda bir az tərəddüd etmişdim.
Görəsən, bu kitabdan çox şey gözləmirdim ki...
Üç kitab almışdım Əli və
Ninodan o gün. Öncə bir xarici müəllifin
kitabını oxumaga başlamışdım. Amma maraq
güc gəlmiş, kitabı örtüb Başqa adamlara keçmişdim.
İlk cümləsindən
son cümləsinə qədər
əlimdən yerə
qoymadan oxuduğum
nadir kitablardan olmuşdu
Başqa adamlar. Bəzən
çox xeyirlidi yazmaq- içindəki bütün pislikləri, bütün xəbislikləri
və mən deyərdim, hətta yaxşılıqları da
tökürsən yazıya
və tamamilə bomboş bir neytron olursan- nə mənfi nə də müsbət yüklü birisi...
Bu sətirləri oxuyanda beynimdə cavabını yalnız indi anladığım bir sual dolaşmışdı:
Bu uşaq niyə belə tələsir? Bir tərəfdən də sevinmişdim onda. Bir oxucu olaraq,
Azərbaycan ədəbiyyatı
adına, yeni bir yazışı
kəşf etdiyim üçün. Özü də
hansısa xarici müəllifdən bir köynək daha yaxın.
Son zamanlar şeirə
keçmişdi. Xətrinə dəyməməyə çalışaraq, nəsrdə
daha əvəzolunmaz olduğuna inanmasını
istəyirdim. Gözlənilməz qətlin
tarixçəsi kimi
yeni nəsr əsərləri gözləyirdim
ondan. Amma Zərdüştün növbəti
əsəri qan xərçəngi oldu...
Bu barədə danışmayacağam.
Mən onun Başqa adamlar
kitabı haqqında danışmaq istəyirəm. Bu kitabı
mütləq oxuyun. Məni anlayacaqsınız. Hələ bəlkə ölümü
də.
Onun öz təbirincə desək: Yaxşı yazmaq bir az da ölüm kimidi, sonra hamı sənə rəhmət oxuyur. Kulis.az
Səhər ƏHMƏD
525-ci qəzet.-
2012.- 11 sentyabr.- S.7.