Ənənəvi
media, yoxsa “yeni media”?
CİDDİ, YOXSA YÜNGÜL
MATERİALLAR?
Texnoloji yeniliklərlə zəngin olan 20-ci əsr və
xüsusilə də 12 ilini arxada qoyduğumuz 21-ci əsr digər
sahələrdə olduğu kimi, media, kütləvi informasiya
vasitələri sahəsində öz sözünü deməkdə,
öz diqtəsini etməkdədir. İstəsək də, istəməsək
də bu, belədir, dövrün və reallığın tələbi
kimi media, kütləvi informasiya vasitələri sistemində də informasiya-kommunikativ
xarakterli texnoloji yeniliklər tətbiq olunmaqdadır. Bu isə öz növbəsində cəmiyyətdə
heç də hər kəs tərəfindən birmənalı
qarşılanmır. Odur ki, xüsusən son dövrlərdə
ənənəvi və “yeni media” ilə bağlı məsələdə
haçalanan, bir-birilə üst-üstə düşməyən,
əksinə, daban-dabana zidd olan yanaşmalara cəmiyyətin
daha nüfuzlu, söz sahibi olan şəxslərinin fikirlərini
öyrənməyə çalışdıq və
onların hər birinə eyni xarakterli 3 sualla müraciət
etdik.
1. Sizcə,
insanlara, oxuculara böyük ənənəsi və tarixi olan
yazılı mətbuat, çap mediası-qəzetlər,
jurnallar lazımdır, yoxsa, son illər “yeni media” adı
meydana gələn internet mediası-saytlar, portallar və
sair?
2. Bu
günün oxucusuna daha çox nələr təqdim
olunmalıdır – ciddi yazılar, xəbərlər, yoxsa
“yeni media”nın faydalandığı, daha
çox izləyici kütləsi əldə etdiyi bir qədər
“yüngül” yazılar, xəbərlər və sair?
3.
Ümumiyyətlə, televiziyalar, agentliklər və “yeni media” orqanları ənənəvi
medianı tam sıradan çıxaracaq, yoxsa, gələcək
yenə də ənənəvinin olacaq?
Anar:
“İnsanların zövqünü korlamaq olmaz”
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin
(AYB) sədri Anar ilk öncə bildirib ki, son bir-iki ay ərzində
qəzetləri oxumur və odur ki, bu yöndə mediada, cəmiyyətdə
gedən fikir dartışmalarından xəbərsizdir: “Son
bir-iki ay olar ki, qəzetlərin heç birini oxumuram. Niyə? Çünki əlimdə çox
vacib işim var. Qəzetlərin hamısı
yığılıb toplanıb stolumun üstündə. Gəlsəniz görərsiniz. Yəni, ona
görə də
təxminən ay
yarımdır heç bir şeydən, söhbətlərin
heç birindən xəbərim yoxdur. Ancaq ümumi şəkildə
onu deyə bilərəm ki, əlbəttə, bütün hallarda qəzetlər
qalmalıdır. Qəzetlərin ənənəsi
var, tarixi var, öz yeri və rolu var”. Xalq
yazıçısı eyni zamanda deyib ki, insanlara, oxuculara, izləyicilərə,
kütləyə bütün materiallar – istər ciddi, istərsə
də yüngül adlandırılan materiallar lazımdır.
Ancaq onun sözlərinə, əsas xəbərlərdir,
ciddi materiallardır, ciddi söhbətlərdir:
“Əlbəttə, bunlar qəzetdə də, internetdə
də yer almalıdır. Amma indi bəzi adamlar
sırf əyləncə xarakterli yazılarla maraqlanırlar.
Onları da küsdürmək olmaz. Bu da onların öz
zövqüdür və ona görə həmin materiallar da
yer almalıdır. Amma, əlbəttə, daha
ciddi məsələlər ətrafında söhbət getməlidir,
insanları maarifləndirən yazılar təqdim
olunmalıdır. İnsanların
zövqünü korlamaq olmaz”. Xalq
yazıçısı həmçinin bildirib ki, istər ənənəvi,
çap mediası qalmalıdır, istərsə də, yeni
media adlandıranlar: “Mənim fikrimcə, qəzetlər də
qalmalıdır, jurnallar da qalmalıdır, onlar heç də yeni media ilə
bir-birilərinə mane olmurlar. Onlar ayrı
şeydir, bunlar ayrı şey”.
Gültəkin
Hacıbəyli: “İnternet kitabı, xəbər
portalları da qəzet və jurnalları tarixin arxivinə
göndərə bilməz”
Eksmillət vəkili, filologiya elmləri üzrə fəlsəfə
doktoru Gültəkin Hacıbəylinin fikrincə, oxuculara ilk
növbədə keyfiyyətli informasiya və bilik verən
media lazımdır. “Bu ənənəvi jurnal, qəzet də ola bilər,
sayt da, agentlik də, internet televiziyası da”- deyən sabiq
deputatın bildirdiyinə görə, oxucunu informasiyanın hansı
media quruluşu və tipi tərəfindən verilməsindən
daha çox, bu informasiyanın keyfiyyəti –
etibarlılığı, operativliyi, aktuallığı və
faydalılığı maraqlandırır. Bununla
yanaşı, G.Hacıbəyli deyib ki, heç şübhəsiz,
müasir media, ilk öncə, biznesdir, biznesin bir sahəsidir və bu
baxımdan media biznesin inkişaf qanunauyğunluqlarına tabe
olur.
Sabiq millət vəkilinin bildirdiyinə görə,
burada da, digər biznes sahələrində oduğu kimi məqsəd
gəlir əldə etmək, qazanc götürməkdir. Ancaq onun qənaətincə,
medianı heç vaxt biznesin digər sahələri ilə, məsələn,
ayaqqabı istehsalı və ya idman mallarının
satışı şəbəkəsilə eyniləşdirmək
olmaz: “Çünki bu biznesin spesifik bir sahəsidir. Media bu gün bəlkə biznes olmaqdan daha çox
siyasət deməkdir. Azad, sərbəst
media cəmiyyətin sağlam inkişafının ən
mühüm, vazkeçilməz institutlarından biridir. Mən medianı cəmiyyətin ağciyəri hesab
edirəm. Təbii ki, söhbət müstəqil,
tərəfsiz, peşəkar mediadan gedir. Cəmiyyət
də digər canlı orqanizmlər kimi ağciyərləri,
yəni media vasitəsilə nəfəs alır. Ağciyərləri xəstədirsə, demək, cəmiyyət
də xəstədir. Media siyasətinin
biznes və Azərbaycan gerçəkliyində daha çox
siyasi maraqlara qurban verilməsi, təəssüf ki,
mediamızın bugünkü acınacaqlı durumu ilə nəticələnməli
idi. Bu sözlər, əlbəttə, ilk
növbədə televiziya sahəsinə aiddir. Ancaq bu tənqidi,
az və ya çox dərəcədə
digər kütləvi informasiya vasitələrinə də
aid edə bilərik”.
G.Hacıbəyliyə
görə, KİV-in başlıca funksiyasi cəmiyəti,
ilk öncə, gənc nəsli tərbiyələndirməkdir,
odur ki, mətbuat
orqanları bu funksiyanı oxucularını, dinləyicilərini
və seyrçilərini məlumatlandırmaqla və maarifləndirməklə
gerçəkləşdirir: “Lakin gəlin görək bu
gün maarifçi adlandıra bildiyimiz neçə media
quruluşumuz var? Təəssüf ki, çox az
sayda. Razılaşarsınız ki, son illərdə informasiya
məkanının üstunlüklərindən sui-istifadə
bir çox KİV-lərdə, xüsusilə də, “evlərimizin
daimi qonağı olan”, ancaq əslində bu statusunu
çoxdan itirmiş televiziya efirlərində milli-mənəvi
dəyərlərimizə, türk və islam mənəviyyatına
və əxlaqına zidd, türkcəmizi kobud şəkildə
təhrif və təhqir edən, zövqsüzlük və mənəviyyatsızlıq
aşılayan bəsit və səviyyəsiz proqram və
verilişlərin kütləvi hal almasına gətirib
çıxarıb. Bəzi informasiya
portallarının reklam məqsədi ilə yerləşdirilən
xəbər başlıqlarının sadəcə adı belə
insanda ikrah doğurur. Bu gün media orqanlarımızın böyük bir
qismi başlıca təyinatlarının informasiya vermək və
maarifləndirmək olduğunu unudaraq, kütləvi və
bayağı şəkildə əyləndirməklə,
oxucunun və seyrçinin əxlaqi dəyərlər sisteminə
kobud və yolverilməz müdaxilə ilə məşğul
olurlar. Torpaqlarının 20 faizi işğal altında
olan və nə sülh, nə müharibə şəraitində
yaşayan bir ölkənin mediasına gerçək vətənpərvərlik
ruhunun deyil, zövqsüz şou əhval-ruhiyyəsinin,
dolayısı ilə zorakılığı və mənəviyyatsızlığı
təşviq edən “xəbərlər”in hakim kəsilməsi
isə, xüsusilə, dözülməz haldır. Bu acınacaqlı vəziyyəti
KİV-lərin kommersiya maraqları ilə izah edən opponentlərimizin dəlilləri
də tutarsızdır. Təkcə ona görə yox ki, Azərbaycanda
gerçək reklam bazarı mövcud deyil, həm də ona
görə ki, heç bir kommersiya marağı
zövqsüz, savadsız, səviyyəsiz nəslin
yetişdirilməsinə haqq qazandıra bilməz! Unutmamalıyıq ki, müasir cəmiyyətlərdə
informasiya ən kəsərli ideoloji silahdır. Bu silahdan necə istifadə olunmasi isə onu idarə
edənlərin peşəkarlığından, mənəvi
yetkinliyindən asılıdır. Belə bir duruma ən
sərrast cavabı isə xalq özü verir: bu
televiziyalardan, bu qəzet və portallardan imtina etməklə. Məncə, bu münasibət xalqımızın
müdrikliyinin daha bir bariz nümunəsidir”.
Televiziyaların,
agentliklərin, “yeni media”nın ənənəvi medianı bütövlükdə
sıradan çıxarıb-çıxarmayacağına, gələcəyin yenə “ənənəvi”nin
olub-olmayacağına gəlincə, eks-deputat buna
qarşılıqlı şəkildə sualla cavab verəcəyini bildirib:
“Kino yaxşıdır, yoxsa, teatr, kənd yaxşıdır,
yoxsa, şəhər, oğul övlad yaxşıdır,
yoxsa, qız övlad? Bu analogiyanı davam etdirmək də
olar, ancaq cavab birdir: hər ikisi! Hər birinin öz əvəzolunmaz
yeri var! Elmin, kommunikasiya texnologiyalarının
daha çox inkişaf etdiyi ABŞ-da, qabaqcıl Avropa dövlətlərində
yeni media köhnə medianı sıradan çıxara bilməyibsə,
demək, bizi də belə bir qorxu gözləmir. İnternet kitabı əvəz edə bilmədiyi
kimi, xəbər portalları da qəzet və jurnalları
tarixin arxivinə göndərə bilməyəcək. Əksinə, bu rəqabət hər iki medianın
inkişafı üçün faydalı olacaq. Eyni
zamanda,təəssüf ki, son vaxtlar qəzet
və jurnalların yayımı ilə bağlı ciddi
problemlər yaranmaqdadır. Azad sözün
yaşaması və cəmiyyətin KİV kimi mühüm
inkişaf və şəffaflıq atributunun
funksionallığının təmin edilməsi
üçün bu problem tez bir zamanda öz həllini
tapmalıdır. Çünki yuxarıda qeyd etdiyim kimi,
azad sözə meydan verən peşəkar, sağlam media cəmiyyətin
ilkin sağlamlıq göstəricisidir”.
Gövhər
Baxşəliyeva: “Bəzi yeni internet saytları populyarlıq
naminə “yüngül” yazılara əl atırlar”
Filologiya
elmləri doktoru, professor, millət vəkili Gövhər
Baxşəliyevanın isə qəti fikri belədir ki,
internet mediası nə qədər inkişaf etsə də,
yazılı çap mediası – qəzetlər, jurnallar
lazımdır və həmişə də lazım olacaq,
onların çap məhsulları öz əhəmiyyətini
daim qoruyub saxlayacaq. Millət vəkilinin qeyd
etdiyinə görə, heç bir internet mediası qəzetləri
əvəz edə bilməz.
G.Baxşəliyeva bununla belə qeyd edib ki, bu gün bəzi
yeni internet saytları populyarlıq, əlavə izləyici cəlb
etmək naminə “yüngül” yazılara, sensasiyalı xəbərlərə
əl atırlar. “Bütün bunları mən qeyri-ciddi
hesab edirəm və belə yazıları oxumağı
oxuculara da məsləhət görmürəm. Ciddi yazılar həmişə öz əhəmiyyətini
saxlayır. “Yüngül” yazılarla məşğul
media vasitələri oxucuları müvəqqəti cəlb
etsələr də, ciddi oxucular onlardan üz döndərir və
daha çox ciddi yazılara üz tuturlar”- deyə, millət vəkili
sözlərinə əlavə edib. Millət vəkili
daha sonra bildirib ki, heç bir televiziya, agentlik və “yeni media” orqanı ənənəvi
medianı sıradan çıxara bilməyəcək və ənənəvi
media həmişə öz əhəmiyyətini qoruyub saxlayacaq.
Cəmil
Həsənli: “Müsahibə janrı publisistikanın belini
qırıb”
Tarixçi
alim, professor,
keçmiş millət vəkili Cəmil Həsənlinin
dediyinə görə, hazırda bunların hər ikisi-həm
ənənəvi, həm də yeni media lazımdır. Sabiq
millət vəkili vurğulayıb ki, yazılı medianın
ömrü daimidir və internet mediası nə qədər
inkişaf etsə, onu mətbuat mühitindən
çıxara bilməz: “Çünki yazılı
medianın öz oxucusu var və müəyyən sayda bu oxucu
həmişə olacaq. Axı qəzetlə
canlı ünsiyyətdə olmaq, mətbəə rənglərini
duymaq, qəzeti vərəqləmək tamam ayrı şeydir.
İnternet mediası bu “ləzzəti” vermir.
Təsəvvür edin ki, XIX əsrin 70-ci illərində
nəşr edilən “Əkinçi” qəzeti bölgələrə,
kəndlərə daha ardıcıl gedirdi, nəinki
bugünkü qəzetlərimiz. Bu halda
internet şəbəkəsi qəzetlərin yayım
coğrafiyasında inqilabi dəyişiklik edib”.
C.Həsənlinin
söylədiyinə görə, sözün tam mənasında
hazırda qəzetlərin bütün dünyaya
çıxmaq imkanları müqayisəyəgəlməz dərəcədə
artıb: “Şübhəsiz ki, bu yalnız internet üzərindən
mümkün olub. Medianın bu iki qanadı
arasında indi sədd qoymaq mümkün deyil.
İnternet çağdaş dünyamızda yazılı mətbuata
qlobal xarakter verdi. Lakin
bunların fərqli cəhətləri də var. Məsələn,
hansısa bir sayta qoyulmuş məqaləni yarım saat sonra
oradan çıxarmaq olar. Amma qəzetdə
məqalə çap olundusa, o artıq tarixin arxivinə gedir
və onu dəyişmək mümkünsüz olur”. Bununla yanaşı
tarixçi alim deyib ki, təbii ki, bu gün cəmiyyətimizin
daha çox ciddi yazılara ehtiyacı var. “Təhlil xarakterli
yazılar az gözə dəyir.
Müsahibə janrı publisistikanın belini
qırıb.
Halbuki publisistikanın imkanları çox
böyükdür. Əgər ötən
əsrin əvvəllərində biz “Həyat” qəzetinin
materiallarına diqqət yetirsək, qəzetin milli təfəkkürdə
necə böyük rola malik olduğunu aydın şəkildə
görərik. Əlimərdan bəyin sahibliyi, Əli bəy
Hüseynzadə və Əhməd Ağaoğlunun redaktorluğu ilə nəşr
olunan “Həyat” sözün tam
mənasında millətimizin milli həyatını dəyişdi. Əli bəy
Hüseynzadə 1906-cı ilin iyul ayının 2-də “Həyat”
qəzetində yazırdı:”
Qafqaz türkləri türklərin ən hürriyyətpərvəridir...Bu
məmləkətdə heç bir qüvvət hürriyyət
arzusunu məhv edə bilməz, heç bir cəbr və təzyiq,
heç bir cəfa və əziyyət, heç bir zülm və
sitəm hürriyyət odunu söndürə bilməz.
Qafqaz hürriyyət aləminin tarixində mühüm rol
oynayacaqdır, bu rollardan ən böyüyü Qafqaz və Azərbaycan
türklərinə aiddir”. Qəzet milli mübarizənin
silahıdır, onu “yüngül” yazılarla, şou
materiallarla bəzəmək həqiqi silahı uşaq əsləhəsi
ilə əvəz etmək kimi bir şeydir”- deyə, C. Həsənli
sonra qeyd
edib.
C.Həsənli
onu da birmənalı olaraq bildirib ki, ənənəvi media
kağız tükənənə kimi olacaq: “Yaxın
yüzillikdə onu sıradan çıxarmaq sadəcə
olaraq mümkün deyil. ABŞ dünyanın ən
qabaqcıl innovasiya ölkəsidir. Lakin
kitab formasında olan dərslikləri hələ ki, heç
bir internet materialı əvəz etmir. Yəni,
Amerika cəmiyyətində kitab etibarlı bilik mənbəyi
olmaq funksiyasını bugun də yerinə yetirir. Ona görə də yazılı media etibarlı
informasiya mənbəyi olmaq rolunu hələ uzun müddət
yerinə yetirəcək”.
Qulu Məhərrəmli:
“İnsanlar psixoloji olaraq daha çox ənənəvi mediaya
meyllənirlər”
Tanınmış
telejurnalist, BDU-nun professoru Qulu Məhərrəmlinin qənaətincə, bu gün bu sahədə
və yöndə çox fərqli bir proses gedir, yəni,
informasiya texnologiyaları meydana çıxdıqca, yenilər
köhnələri sıxışdırır: “Çünki
yeni maraqlıdır, yeninin üstün imkanları var, yeni
daha çatımlıdır və sair. Amma
bununla yanaşı, bir vaxtlar televiziya çıxanda deyirdilər
ki, kinonu sıxışdırıb aradan çıxaracaq,
teatrı məhv edəcək. Vaxtilə hətta,
fransız sosioloqu Jan Kokto bununla bağlı çox
böyük bir araşdırma aparıb. Bəs, gəlinən
nəticə nə
olub? Nəticə o olub ki, hər iki blok bir müddət paralel
inkişaf edir, amma yeni şəbəkələr, yeni
texnologiyaya əsaslanan sistem daha
sıçrayışlıdır. Məsələn,
bu gün biz internetin sayəsində çox böyük
geniş informasiya resurslarına yiyələnirik.
Yeni
yaranan şəbəkə bizim üçün həm tezis sistemidir, həm məlumat
qaynağıdır, həm də müəyyən dərəcədə
saxlanc, deməli, anbar rolunu oynayır. Yəni, biz bu imkanlardan bəhrələnə
bilirik”. Bununla bərabər
, Q. Məhərrəmli bildirib ki, iqtisadi cəhətdən də yeni
texnologiyalar daha uyğundur: “Amma yeni texnologiyalarda
çatışmayan cəhəti odur ki, burada tənzimləmə
ilə bağlı ciddi problemlər var və bu problemlər
olduğuna görə, bu, ənənəvi
medianın qaydaları heç də həmişə yeni
mediaya, yeni sistemə tətbiq olunmur. Bu isə öz növbəsində
internet üçün böyük bir qorxu, təhlükə,
inamsızlıq yaradır. Ona görə
insanlar psixoloji olaraq yeni mediadan daha çox ənənəvi
mediaya meyllənirlər. Düzdür, ənənəvi
medianın özünün də içərisində
parçalanma var. Belə demək mümkünsə, onun
peşəkar, keyfiyyətli tərəfi də, həmçinin,
keyfiyyətsiz və daycest yönümlü, yəni, dəyərlərə
çox önəm verməyən
tərəfi də – nə bilim tablo qəzetlərdir, sarı
mətbuatdır – var. Ona görə bu gün nə qədər
ki, hamının internetə
bağlı kompüteri, hamının internetə
çıxışı yoxdur, hələlik bir müddət
bu bərabərsəviyyəli rəqabət gedəcək.
Amma təbii ki, dünyanın məntiqi də,
texnologiyanın məntiqi də odur ki, gələcək yenin
texnologiyanındır, yeni medianıdır. Bir sözlə,
bir növ üzümüzü buna çevirməliyik, bizim
başqa əlacımız yoxdur”.
Q. Məhərrəmlinin sonra bildirdiyinə görə, dünyada “qızıl orta” deyilən anlayış var, yəni, yaxşı qəzet, yaxşı çap orqanı odur ki, o, həm oxucunun, auditoriyanın marağını nəzərə ala , həm də özünün prinsiplərini gerçəkləşdirə bilir: “Avropanın ən böyük sosioloqu sayılan Habermasın fikrinə görə, yeni texnologiyaların meydana gəlməsi və vətəndaşlıq jurnalistikasının artması ilə yeni qorxulu tendensiyalar yaranır. Ənənəvi jurnalistika ilə internet jurnalistikanın təməl prinsipləri qarışdırılır ki, bunun da sayəsində, ümumiyyətlə, o təməl prinsiplərin təsdiqi situativ yanaşma meydana çıxarır, yəni, bu, burada olar, ya olmaz. Bunu o, çox pis əlamət hesab edir. Onun fikrincə, klassik media, ənənəvi media özünün mövqelərindən çəkilə bilər. Amma bununla yanaşı, məsələn, on il bundan əvvəl bütün dünyada sorğu aparıldı, keyfiyyətli və keyfiyyətsiz deyilən mətbuat orqanları müəyyənləşdirildi. Dünyanın on keyfiyyətli mətbuat orqanı müəyyənləşdirildi ki, “Vaşinqton post”, “Nyu-York tayms”, “Guardian”, BBC kimi KİV orqanları da məhz bura aiddir. Yəni, bunlar o strukturlardır, o qurumlardır ki, auditoriyanın, cəmiyyətin maraqlarını güdüb, hakimiyyət üzərindən ictimai nəzarəti gerçəkləşdirib öz səhifələrində, ekranında, efirində ictimai forum yaradaraq, müxtəlif fikirləri əks etdirən diskussiyaları təşkil edə bilir. Bax belə olanda auditoriya öz marağını ifadə edə bilir. Yox, əgər biz dünyanın ən gözəl qanunu, ən böyük qanunu olan ölçü-balans qanununu pozanda, yalnız əyləncə xarakterli və yalnız ictimai prosesləri əks etdirən yazılar verəndə, o zaman bu maraqlar ifadə olunmur”. Q. Məhərrəmlinin bildirdiyinə görə, dünya bu gün mozaikdir, zövqlər mozaikdir, baxışlar, düşüncə və səviyyələr fərqlidir: “Ona görə qəzet bunu mütləq nəzərə almalıdır. Bir də jurnalistika yeganə sahədir ki, cəmiyyətdə bütün ictimai sferaların hamısı ilə bağlıdır. Belə demək mümkünsə, siyasəti də, iqtisadiyyatı da, biznesi də, mənəviyyatı da, dini də, təhsili də, elmi də, sosial həyatı da hamısını əhatə edə bilir və hamısı ilə əlaqəsi var. Belə olan halda da peşəkarlıq odur ki, həm auditoriyanın maraqlarını ifadə edə bilirsən, həm də öz prinsiplərini. Yəni, sən qəzetin – oxucunun, xüsusən də aşağı zövqlü oxucunun və tamaşaçının səviyyəsinə düşmürsən, onu öz ritmində, öz səviyyəndə saxlamağı bacarırsan.Jurnalistikada məşhur bir deyim var, hamının xoşuna gəlmək istəyirsənsə, jurnalistikadan get şou-biznesə qoşul. Çünki jurnalistikanın məqsədi hamının xoşuna gəlmək deyil. Jurnalistikanın məqsədi, missiyası məlumatlandırmaqdır, cəmiyyətə bilgilər verməkdir, onu maarifləndirməkdir, demokratiya yoluna işıq salmaqdır, insanlara yol göstərməkdir. Ona görə bunu bacaran, bu səviyyəni saxlaya bilən media qurumları dünyada nüfuzlu media qurumları sayılır. Belədir vəziyyət”.
Tanınmış telejurnalist həmçinin düşünmür ki, yeni media, o cümlədən, telekanallar, ənənəvi medianı tamamilə sıradan çıxaracaq: “Baxın, qəzetlər həm özlərinin elektron səhifələrini saxlayırlar, həm də on-line tərzində işləyirlər, məlumatları tez-tez təzələyirlər. Amma eyni zamanda, özlərinin çap variantını, yazılı variantını inkişaf etdirirlər, yeni rubrikalar açırlar, yeni fikir tapırlar, yeni dizayn tapırlar və sair. Bu o deməkdir ki, biz gerçəkliyi müxtəlif formalarda ifadə edə bilirik. Biz jurnalistikanı fərqli qollarda təmsil edirik. Niyə? Çünki burada dəyişən yalnız texnologiyadır, prosesdir. Amma məqsəd, subyektlər dəyişmir. Yəni, qəzet redaksiyası həmin redaksiyadır, onun verdiyi material həmin materialdır və yönəltdiyi auditoriya həmin auditoriyadır. Söhbət prosesi, texnologiyanı, xəbər çatdırmanı təkmilləşdirmədən gedir. Ona görə də bu sistemdə biri o birisini vurub sıradan çıxara bilməz. Burada müəyyən iqtisadi amillər var. Burada müəyyən sosioloji amillər var. Bax bu amillər bəzən birində, bəzən digərində üstün olur. Amma bütövlükdə heç bir yeni media, yeni texnologiya ənənəvi medianı vurub sıradan çıxarmayacaq. Biz internetdə də qəzet oxuyuruq, amma eyni zamanda da kitabı alıb oxuyanda o kağızın xışıltısıdı, o vərəqlərin çevrilməsidi, o abzaslara qayıdışdı, o zövqü də yaşaya bilirik, o ləzzəti də ala bilirik kitabdan. Hərəsinin öz yeri var. Bunu birini digərinə qarşı qoymaq, ümumiyyətlə, metodoloji baxımdan yanlışdır”.
Tahir Rzayev: “Düşündürməyən materiallar insanı real həyatdan uzaqlaşdırır ”
“Mətbuat tarixən xalqın mədəniyyətinin, mənəviyyatının, intellektinin, tarixinin aynası olmuş və bu gün də olaraq qalır. Texniki imkanlar, internet vasitələri nə qədər artsa da, elə bilirəm mətbuat cəmiyyətdə öz yerini qoruyub saxlayacaq və saxlamalıdır”. Bu fikirlər millət vəkili Tahir Rzayevə məxsusdur. Millət vəkilinin qeyd etdiyinə görə, çünki texniki vasitələrdən fərqli olaraq mətbuatın cəmiyyətdə rolu daha geniş, daha təsirlidir: “ Burada fikrin dərinliyi, faktlara münasibət, insanlara diqqət və müəllif dünyagörüşü daha böyük rol oynayır”. T.Rzayev eyni zamanda qeyd edib ki, hər hansı bir informasiya vasitəsi, mətbuat orqanı olursa- olsun, orada ciddi, insanları düşündürən yazıların yer almasına tərəfdardır: “
Çünki ciddi olmayan, düşündürməyən materiallar insanı manqurtlaşdırır, mənəvi cəhətdən şikəst edir, real həyatdan uzaqlaşdırır, korlaşdırır və diri ikən öldürür”. Millət vəkili sonda onu sözlərinə əlavə edib ki, telekanalların, xəbər portallarının, saytların da çox olması cəmiyyətin xeyrinədir, inkişafın göstəricisidir: “ Ancaq bu çoxluq heç vaxt mətbuatı sıxışdırıb aradan çıxara bilməz. Çünki mətbuat daha canlı, daha təsirli söz demək qabiliyyətinə malikdir. Bu sahədə peşəkar jurnalistlərə ehtiyac böyükdür və onlar mətbuatı yaşatmağa, uzunömürlü etməyə qadirdirlər”.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2012.- 12 sentyabr.- S.4.