Azərbaycanda jurnalist hazırlığı: keçmişə, indiyə və gələcəyə baxış

 

 MÜSAHİBİMİZ BAKI DÖVLƏT UNİVERSİTETİNİN PROFESSORU, FİLOLOGİYA ELMLƏRİ DOKTORU NƏSİR ƏHMƏDLİDİR  

 

Müasir dövrdə mətbuatımızın inkişafında müxtəlif tendensiyalar özünü göstərməkdədir. Bu da bəzən mətbuatımızın keçmiş və çağdaş durumuna müqayisəli yanaşmağı zəruri edir. Çünki müqayisəli təhlil zamanı üstünlüklər və qüsurlar özünü daha aydın büruzə verir, inkişaf meylləri daha qabarıq cizgilərlə müəyyənləşir. Mətbuatımızın inkişaf yolundakı bu və başqa məqamlarla bağlı suallarımızı Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədliyə ünvanladıq. Görkəmli alim ilk növbədə sovet dövrü jurnalistikası ilə müasir mətbuatın bəzi cəhətlərini müqayisə etdi, həmin dövrdə, o cümlədən indiki dönəmdə jurnalist kadrların hazırlanması ilə bağlı müsbət və mənfi hesab etdiyi cəhətləri vurğuladı. 

– Azərbaycan milli mətbuatının ənənəsi, məlum olduğu kimi, Həsən bəy Zərdabidən başlayır. Sonra təxminən 70 il sovet dövründə yaşadıq. 20 ildir müstəqillik dönəmindəyik. Müqayisə üçün artıq bir çox fakt var, bəzi məsələləri müqayisəli təhlil və izah etmək olar. Sovet dövrü ilə indiki dövrün jurnalistikasını müqayisə etəsək həm müsbət, həm də xoşagəlməz cəhətlərin olduğunu görərik. Sovet dövrünün ən xoşlamadığım cəhəti o idi ki, bir partiyalı sistem idi, istədiyin başqa mətləbi yaza bilməzdin. Kommunist partiyası nəyi diqtə edirdisə onu yazmalıydıq. Jurnalistika da vahid ideologiyaya xidmət edirdi. İdeologiya əslində pis deyil, amma gərək plüralizmlə tarazlıq təşkil eləsin. Sovet dövründə yaxşı jurnalist eyni mətləbi daha yaxşı dillə yazana deyilirdi. Jurnalistikada yaxşılıq-pislik, peşəkarlıq və qeyri-peşəkarlıq kriteriyası, ancaq söz seçimi ilə ölçülürdü. Söz seçimindən danışmışkən, bir maraqlı misal çəkim: o vaxtlar Azərbaycan televiziyasında işləyirdim. Proqramlardan birinin sonunda yazmışdım ki, verilişimiz sona yetdi. Həmin o “yetdi” sözünə görə məni bir həftə Mərkəzi Komitədə get-gələ saldılar. Deyirdilər ki, “yetdi” türk sözüdür, Türkiyədə işlənir. Onların fikrincə, mən “verilişimiz başa çatdı, qurtardı” deməliydim. Bir sözə görə belə baş ağrıdırdılar, nahaq yerə incidirdilər. Sovet dövrü jurnalistikasını xarakterizə etmək üçün düşünürəm ki, elə bu misal yetərlidir. Amma o vaxtlar qəzet alıcılığı yüksəkdi, qəzetlər çox ucuz idi, 2-3 qəpik. Sonralar oldu 4-5  qəpik. Amma indiki qiymətlərlə o vaxtkı qiymətləri müqayisə eləmək olmaz. O vaxt bütün xərci dövlət çəkirdi, çünki mətbuat onun ideologiyasına xidmət edirdi. Müstəqillik dövründən sonra isə qəzetlər tiplərə, qruplara bölünməyə başladı: iqtidar və müxalifətyönümlü mətbuat, azad mətbuat, ayrı-ayrı şəxsləri buraxdığı özəl mətbuat və sair. Ona görə də istər-istəməz burada artıq fərqlər meydana gəldi. Jurnalist kadrların hazırlığına gəlincə, sovet dövründə qəbul sistemi daha yaxşı idi-jurnalist kadrların seçilməsi məsələsini nəzərdə tuturam. O vaxtlar üç turdan ibarət yaradıcılıq müsabiqəsi keçirilirdi. Jurnalistika fakültəsinə sənəd vermək istəyənlər hökmən qəzetlərdə yazılarla çıxış etmiş olmalıydılar. Həmin yazılar əsasında rəy verirdik ki, bu gəncdən jurnalist olar, ya olmaz.    

– Yəni jurnalist olmaq istəyən ali təhsil alana qədər artıq müəyyən yaradıcılıq yolu keçmiş olurdu. 

– Bəli, məhz beləydi. 1959-cu ildən məcburi qayda idi ki, jurnalist olmaq istəyən şəxsin ən azı iki il stajı olmalıdır. İndiki kimi orta məktəbi bitirib birbaşa auditoriyaya düşmək olmurdu. Kolxozda işləyirdik, zavodda fəhlə kimi çalışırdıq, hərbi xidmətə gedirdik, bundan sonra ali məktəbə üz tuturduq. Bir sözlə, əvvəlcə həyatı öyrənirdik. 

– Bunu indiki dövr üçün də məqbul hesab etmək olarmı?

– Mən, müəyyən mənada məqbul hesab edirəm. Çünki jurnalistika həyatdır. Mətbuata gərək həyatın içində bişib gələsən. Bu, demək olar ki, əksər ixtisaslar üçün tələb olunan şərtdir. Amma fikirləşirəm ki, jurnalistika üçün daha vacibdir. Birbaşa orta məktəbdən gəlib kimyaçı, mühəndis olmaq olar. Amma jurnalist olmaq üçün gərək mütləq həyatın acısını-şirinini dadmış olasan. O mənada ikiillik təcrübə müddəti yaxşı addım idi. Ancaq bunun özünün də pis cəhəti var idi ki, bəzən bu müddət illərlə uzanırdı. Məsələn, mən orta məktəbi əla qiymətlərlə bitirmişdim, amma jurnalistika fakültəsinə yeddi ildən sonra qəbul olundum. Əvvəlcə iki il stajım olmadığı üçün götürmədilər, sonra hərbi xidmətə getdim, sonra da işləmək məsələsi, gəldi yeddi ilə çıxdı.  O vaxtlar qəbul imtahanında ikinci turda abituriyentlərə sərbəst mövzuda yazı yazdırılırdı. Bütün bunlar hamısı qəbul imtahanından əvvəl baş verirdi. Biz bu gəncləri seçib qurtarandan sonra onlar ümumi imtahana girirdilər. Və təcrübə də göstərirdi ki, əvvəlki turlarda seçdiyimiz gənclər orada da qiymət ala bilirdilər. Sonra müstəqillik dövründə test sistemi tətbiq olundu, düzdür, o vaxt testi alqışlayanlardan biri də mən olmuşam. Ona görə ki, test sistemi rüşvətxorluğun qarşısının alınmasına kömək edib. Amma artıq keçid dövrü arxada qalıb. Artıq iyirmi ildir bu sistem tətbiq olunur. Yeni nə isə fikirləşmək lazımdı. Xüsusilə də jurnalist hazırlığı üçün.  Bədən Tərbiyəsi Akademiyasına, Konservatoriyaya gedənlər qabiliyyət imtahanı verirlər, yaradıcılıq müsabiqəsindən keçirlər, bəs niyə jurnalist olmaq istəyənlərə bu tətbiq olunmasın? Ona görə də nəsə yeni bir sistem fikirləşmək lazımdır. Bir misal çəkim, yaxşı dərzi yaxşı parçadan gözəl paltar tikənə deyirlər. Bu mənada parçanı seçəndə gərək özümüz seçək. Çürük parçadan ən peşəkar dərzi də yaxşı paltar ortaya çıxara bilməz. Ona görə də birinci problemimiz qəbul məsələsindən başlayır.  Keçək kadr hazırlığının ikinci mərhələsinə. Burada da mən sovet dövrü ilə müasir dövrü müqayisə etmək istərdim. O vaxtlar bizdə bu fakültədə beş ixtisaslaşma var idi. Gənclər birinci kursa qəbul olunurdular, sonra ixtisaslara bölünürdülər: qəzet, radio, televiziya, nəşriyyat jurnalistləri və tərcüməçilər. Və bunlarla biz ixtisas fənlərində ayrı-ayrılıqda, fərdi qaydada məşğul olurduq. Onlar həmin ixtisasları bitirəndə də biz mümkün olduğu qədər onları bitirdikləri sahələrə yollayırdıq. İmkan çərçivəsində onlara bu şəraiti yaradırdıq. Düzdür, bəzən alınmayan vaxtlar da olurdu, amma ümumiyyətlə, prinsip özü doğru idi. O vaxt adını çəkdiyim hər ixtisasda da 3-5 nəfər olurdu. Onda tətbiq olunan sistem də özünü doğruldurdu. Mir Şahin, Sevil Nuriyeva kimi tələbələrimiz fərdi qaydada hazırlanmış gənclər idi. Ona görə də bu gün onlar uğur qazanırlar. Tutaq ki, bu il jurnalistikada birinci kursa səksən nəfər qəbul olunub.  Səksən nəfərlik auditoriyada nə desəm də, çətin ki, onun bir xeyri olsun...

– Həm də nəzərə alsaq ki, o səksən nəfərdən bəziləri təsadüfən jurnalistika fakültəsinə qəbul olunub.

– Mən bir az da irəli gedərək “bəziləri” deməzdim, “çoxu” təsadüfən jurnalistikaya qəbul olunanlardır. Birinci kursda onlarla sorğu aparırıq, deyirlər ki, hüquqşünas olmaq istəyirdim, şərqşünas olmaq istəyirdim və sairə. Balları çatmayıb və jurnalistika fakültəsinə daxil olublar. Bu cür yaxşı, ya da pis müqayisə predmetləri var. İndi biz buradan ümumi ortaq məxrəcə gəlməliyik ki, yeni sistem yaradaq və uğurlu nəticələr alaq.  (Ardı var)

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2012.- 12 sentyabr.- S.6.