Əvəzxan Xankişiyev: “Beyindən gələn səslər
adamı dəli də eləyər, sərsəri də...”
Bu lap
çoxdankı xatiratımdır. İlk dəfə səsini
eşitmişdim. Atam rəhmətlik də sağ idi. Adətən
gözəl səs eşidəndə, səksənirəm,
ürəyim, qəfil sevgilisini görən adam kimi, yerindən
öynayır. Onda da belə olmuşdu. Səsini eşidib səksənmişdim.
Qaçaraq televizorun qarşısına gələndə,
onun Aşıq Şakir olmadığını görüb,
atamdan sual etmişdim: “Ata, bu oxuyan kimdir? Elə bildim
Aşıq Şakirdi oxuyan...” .Onda atam dedi ki, Şirvanlı Əvəzxan
Xankişiyevdir. Aşıq Şakirin tələbəsi olub.
Sonra bir dəfə də canlı ifasını rəhmətlik
Əzizə Cəfərzadənin Şirvan mədəniyyəti
və tarixinə həsr etdiyi maraqlı bir məclisdə dinləmişdim.
Zənguləli səsi ilə qatmışdı aləmi
bir-birinə, hər çıxışından sonrakı alqış
səsləri, sədaları hələ də
qulağımdadır. Əvəzxan belə Əvəzxan
imiş. Elimizin, obamızın toylarını, məclislərini
yola versə də, onunla görüşümək istəyimi
hər dəfə vaxt baxımından təxirə salmalı
olurdum. Bu dəfə isə, inadıma söykənib,
Dadaşı gecə vaxtı elə evində haqladım.
Axşam saat 9 idi. Şirvanda “dadaş”—hörmət, ehtiram ,
ad-san, şərəf sahiblərinə deyirlər. Bu adı
qazanmaq üçün sadaladıqlarımın hamısı
həmin şəxsdə olmalıdır. Bizim Əvəzxan
dadaş da bu layiqini alıb.
“Sovetski” məhəlləsinin
şirvanlı balası
Bakının “Sovetski” məhəlləsində
böyüyən bu şirvanlı balasının musiqiyə
gəlişi də maraqlı olub. Yəni ki, Bakıda və
Şamaxıda çox böyük hörmət sahibi olan
atası Mərdiş kişi heç vaxt razı olmazdı
ki, oğlu oxuyan olsun. Bir –iki dəfə 5-6 yaşlı Əvəzxanı
xalq mahnılarını, aşıq havalarını
zümzümə edəndə görüb, qulaqburması verərək
deyir ki, “kəs səsini.Bir də oxuyan görməyim səni,
gedib mütrüb olacaqsan?!”.
Atasının zəhmindən, qorxusundan
balaca Əvəzxan uzun illər bu arzusunu daxilində
boğmalı olur. Lakın neyləsə də, oxumaq həvəsi
, sevdası başından getmirdi. Ailədə 9 oğlan
üşağı olsalar da, atasının mehri və diqqətini
öz üzərində daha çox hiss eləyirdi. Həm də,
atası harada toya –məclisə dəvət alırdısa,
balaca Əvəzxanı da yanında apararmış. Həm də
ona görə ki, özü övliya nəslindən
olduğundan, içkiyə əl uzatmırmış. Bu məsələnin
çətinliyini balaca Əvəzxanın çiyinlərinə
salırmış. Əvəzxan Xankişiyev:
– Əvvəllər Bakıda, Azərbaycanda
toylarda araq, içki verməzdilər. Yadıma gəlir
1955-56-cı illər idi. Artıq Stalin ölmüşdü,
və başladılar toylarda içki verməyə, Bakı
toylarında 1 cürə yemək olardı—ya bozbaş, ya
plov, ya da küftə- bozbaş. Hər gələn qonağa
da 100 qramlıq daş stəkanda araq verərdilər. Daha
ardı gəlməzdı. İndi başlamışıq hər
şeyi hörmətdən salmağa. Onda toyların da mizani-təərəzisi
var idi.
... “Sovetski” məhəlləsində
böyüyən gənc oğlan Əvəzxan onu da bilirdi
ki, hər axşam məhlə uşaqları nəşədən,
ot ələfdən ortaya qoyub çəkirlər. Bu məhəllənin
yazılmamış qanunlarından biri idi. Həmin “kruqa”
düşməmək üçün boks, gizlin karate, sambo
yarışlarına gedər, tar calmaq öyrənər, demək
olar ki, məhəllə oğlanlarından ayrı gəzərdi.
Daha sonra 12 saylı texniki peşə məktəbində təhsilin
davam etdirir. Günlərin bir günü məktəb
yoldaşı ona müraciət edib deyir ki, ay, Əvəzxan,
sən tar çala bilirsən də... İndi bizim məktəbin
direktoruna da bir ansambl lazımdı, texniki peşə məktəbləri
arasında müsabiqə olacaq. Bizim də ansamblımız
yoxdu. Müəllim pis vəziyyətdədir.
Sonrasını Əvəzxan
Xankişiyev belə xatırlayır: – Gördüm müəllim
pis vəziyyətdədir. O vaxt da ansamblın rəhbərinə
70 manat, çalanlara və oxuyanın hər birinə 40 manat
pul yazardılar. Müəllim dedi ki, bu pulları yeyib oturub,
ansamblı yoxdur. Mənim boynuma qoydu ki, üç gün ərzində
ansambl toplayım. Başladım, dostlarıma xəbər etməyə.
Səhərisi günü dedilər ki, bəs komissiya
artıq gəlib, ansambl toplamaq mümkün deyil. Səhnəyə
yığdıq texniki peşə məktəbində oxuyan
“Kor Alı, Keçəl Gülalı, qıçı
sınıq Seyidalı”nı. Kim nə bacarırsa,
çalsın. Komissiya gəlib əyləşdı. Onda da
ki, komissiyada elə belə adamlar olmazdı, ən nüfuzlu
şairlər, musiqiçilər, bəstəkarlar, oxuyanlar
olardı. Nə oxuyan var, nə çalan. Müəllim mənə
yalvardı ki, özüm oxuyum. Uutana-utana çıxdım səhnəyə.
48 kiloluq, arıq uzun bir oğlan. O qədər arıq idim ki,
mən səhnəyə çıxanda zalı
gülüş bürüdü. Rəhmətlik Sabir Mirzəyein
ifa etdiyi “Mirzə Hüseyn” segahi ilə başlayıb,“Bəxtiyar
aşıq odur ki, onu cananı sevir, Etibar olmaz özün
göstərən hər aşiqdə...” – , ayaq verdim Mütəllim
Mütəlimovun, “Sən ellər bağında təzə
qönçəsən, Mən sənin növrağın
olaydım ay qız...” Zaldan bir
şırıqqa qopdu ki, gəl görəsən...
(şirvanlılar ovasiya ilə əl çalmağa
“şırıqqa” deyirlər).Elə bu vaxt , lap “Bəxtiyar”
filmində olduğu kimi, komissiya üzvlərindən biri mənə:
“A bala, sənə nə qədər pul verib gətiriblər
bura oxumağa, sən hazır müğənnisən...”. And-aman
elədim ki, vallah burda oxuyuram. Başladılar məni
sorğu-sual etməyə...
Həmin il Azərbaycan Sovet Respublikası
üzrə Texniki Peşə məktəbləri
ansambllarının baxış müsabiqəsində qizil
medal alaraq birinci yeri tutdum.
16 yaşlı Əvəzxan Xankişiyev,
heç bir müsiqi təhsili olmadan ilk uğurunu belə
qazanır. Artıq atası Mərdiş kişi də bu
uğurdan xəbər tutmuşdu. Lakin qadağa olduğu kimi
qalırdı. Əvəzxan nə bir məclisdə, nə
bir toyda atasının qorxusundan cınqırını belə
çıxarmamışdı.
“Sən bilirsən
kimin oğlusan?! Oxuma!!!”
Aşıq Şakir Haçıyevin məşhur
olduğu vaxtlar idi. Bakıda elə bir tanınmış adam
yox idi ki, onun toyunda oxumasın. Mərdiş kişinin də
bu el sənətkarı ilə gözəl dostluq əlaqələri
var idi. Nə zaman eşidirdisə, Aşıq Şakir
Bakıya, ya, kəndlərə toya gəlib, dostu ilə
görüşə gedirdi. Belə toyların birində yenə
16 yaşlı Əvəzxanı da özü ilə toya
aparır. Günorta çağında Aşıq Şakirə
deyir ki, öğlunu dinləsin. “ – Aşıq Şakir mənə
baxıb: – Hə bala, oxu görüm. – dedi. Şakir kimi əjdahanın
qabağında nə oxuyum?! Səsim titrədi, aləmi
qatdım bir-birinə. Dinləyəndən sonra mənə
dedi: – Sən bilirsən kimin oğlusan?! Oxuma!!!” – ustaddan
eşitdiyi bu sözlər gənc Əvəzxanı lap həvəsdən
salır. ...
1968-ci ilin bir yaz günündə atası
Əvəzxana deyir ki, 2-ci Yasamalda bir qohum toyu var, özü
gedə bilmir, toyu idarə edən də , Aşıq
Şakirdir. Əvəzxanın getməyi məsləhətdir.
Toyda Əvəzxan gəlib ehtiramla böyük ustadla
görüşür. Toyun ortasında aşıq baxıb
görür ki, Yasamal adamı, aşıq musiqisini elə də
dərk eləmir. Əəvəzxanı yanına
çağırıb deyir ki, oxu. Əvəzxan bu təklifdən
çaşıb, “Əmi özün demisən axı,
oxuma”,- deyir. Aşıq Şakir cavab verir: “Bala, o vaxt səsini
minib çapmaq olmazdı. Keçid dövrü idi. İndi
min çap səsivü”.
... Bundan sonra bu göygözlü,
“sovetskli” oğlanı saxlamaqmı olardı. Elə bir
neçə gün keçməmiş Aşıq Şakirdən
bir təklif də gəldi. Ustad sənətkar, dostu Mərdişə
xəbər göndərmişdi ki, oğlunu yanına
göndərsin, toylarda özü ilə xanəndə
oxudacaq. Burada Mərdiş kişi, Şakirin sözünü
yerə salmadı.
XATİRƏLƏRDƏN:
“Ustadım Aşıq Şakirin vurğunu
olan qadın qolunu tutub dedi ki...”
“O vaxt toylarda aşıq məclisə girməzdən
əvvəl xanəndəsi gələr, 2-3 mahnı oxuyub, məclisin
ab havasını dəyişərdi. Aşıqlar da bir qayda
olaraq, yanlarında özlərindən güclü xanəndə
gəzdirməzdilər. Bir də ki, günorta və axşam
saatlarında aşıqlar toyxanada “dövran” edərdilər.
Yəni ki, sifariş olunan mahnıları oxuya-oxuya, təriflər
deyə-deyə, toyxanada dövrə vurardılar. Toya gələnlər
də, qarşısında dayanıb oxuyan aşığa 1
manat pul verərdi. Şəxsən, Aşıq Şakir 1
manatdan artıq pul götürməzdi. Goruna qurban olduğum
(bu da dadaşımın ustadına hörmət əlamətidir.
Neçə dəfə adını çəkdisə, hər
dəfə “goruna qurban olum dedi”.) pulu alandan sonra sag əlinin
arxası ilə, hörmət və minnətdarlıq əlaməti
olaraq, həmin şəxsin biləyinə vurardı. Adətən
o vaxtkı çadır toylarında aşıq
dövranına qadınlar çadırın arxasından,
gizlin baxardılar. Belə toyların birində, arxadan
çadır aralandı, bir xanım Aşıq Şakirə
qırmızı 10-luq uzatdı. Ustad qalanın qaytarmaq istəyəndə,
əli ilə, işarə elədi ki, gərək deyil.
Aşıq ikinçi dövranını edəndə,
çadır bir az da geniş açıldı. Baxdıq ki,
bir gözəl zənən, gözəlliyi göz
qamaşdırır. Bir 10-luq da uzatdı aşığa.
Şakir bu pulu da götürəndə, zənən
Aşıq Şakirin qolundan yapışıb: “O əlinlə
mənim də qoluma bir vursan dünya dağılmaz ki...”-
dedi. Onun səsinə aşiq olanlar çox idi. O zaman toylar
2-3 gün olardı. Günorta yatmağa gedəndə məni
qapıda qarovulda qoyurdu ki, kimsəni içəri
buraxmayım. İnanın ki, nə qədər qadınlar,
qızlar gəlib, ağlayırdılar ki, 1 dəqiqəlik,
ustadın yanına buraxım. Mən də ki, Zal oğlu
Rüstəm kimi keşik çəkirdim. ”
Bu minvalla 2 il ərzində Aşıq
Şakir getdiyi bütün toylara gənc Əvəzxanı
aparırdı. Əvəzxan da öyrənirdi ustadından.
İlk dəfə ona “Humayun”, “Segah”ı və qaval
çalmağı öyrədib. Ədəb dərslərini
öyrətməyə ehtiyac olmayıb. Necə deyərlər,
“Söz bilən, dil anlayan bir nazlı yar istər
könül...”. Ustadının üzünü bu şəyird
hər yerdə ağ eləyib. Amma cavanlıqdı da hər
şey olur.
Bir dəfə bir toyda: “20 yaşlı
cavan oğlanam. Elə bilirəm dünya mənimdir. Boy- buxun,
mavi gözlər, səs, Aşıq Şakir kimi əjdahanın
yanında görünmək. Bunlar hamısı şərtdəndir.
Toyların birində gözümü bir qız aldı.
Qız mənə baxır, mən də qıza. Baxdım ki,
ustad mənə tərəf gəlib: “Özünü düz
apar, hara baxırsan?! ” – deyib,
getdi. Nə qədər elədim ki, qızdan
gözümü çəkim, tez- tez hal apardı məni.
Ustad bir də mənim bu halımı görəndə dedi:
“Bala, toya gəlmisən, toyu yola ver. Bax, mən baxsam o
qıza, daha sənə baxan deyil.”- dedi. Öz-özümə
güldüm ki, 20 yaşlı cavanın yanında 47
yaşlı Aşıq Şakirə qızmı baxar? Bir də
baxdım ki, sazı vurub sinəsinin üstünə, bir
tövrlə “Tiflisə gedən ay Bakı gözəli,
Yayılıb ellərə sorağın sənin...”
mahnısını mağarla bir edib səsləndirir. Di gəl
bundan sonra qız bu aşıqdan gözünü çəkdimi?!”
Aşıq Şakir Hacıyev belə bir sənətkar idi. Səsi
ilə, nazlı sazı gözəl bir xanım kimi sinəsinə
basıb, meydanda bir rəqs edəndə də hər kəsi
özünə bağlayırdı. Ancaq ki, həmişə
əxlaqlı və tərbiyəli bir insan kimi qaldı
yadımda. Özü də kimsənin qadınına,
qızına kəm baxmadı. Ancaq ki, gözəllik aşiqi
idi.”.
Sabir Mirzəyev: “Əvəzxan məndən
istifadə edib, ancaq sənətdə öz yolu var.”.
– Əvəzxan Xankişiyev özü kimi
oxuyur , ya Aşıq Şakir yolu gedir?!
– 2 il
böyük ustadım Aşıq Şakirin tələbəsi
oldum. Daha sonra mənə dedi ki, indi sərbəstsən.
Öz yolun var, gedə bilərsən. Elə həmin ili
1970-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında
müsabiqə keçirilirdi. Mən də özümü
sınamaq istədim. Bilirdim ki, münsiflər heyətində
oturanlar çox güclü musiqi biliciləridir. Xan
Şuşinski,Şövkət Ələkbərova, Tofiq
Quliyev... bir sözlə... ölkənin ən
tanınmış şair, bəstəkar və musiqi xadimləri...
İdmançı olduğumdan , həmişə rəqibimin
zəif olan cəhətini öyrənməyə
çalışmışam. Öyrəndim ki, Xan əmi,
müsabiqələrdə daha çox qarabağlılara
üstünlük verir, özü də ki, münsiflər
heyətində hamı sözünü deyəndən sonra, əsas
fikir kimi Xan Şuşinskinin dedikləri nəzərə
alınırdı. Mənim növbəm çatanda
başladım “Mirzə Hüseyn” segahını
oxumağa:
“Hüsnün kəbəsidir hilal
qaşların,
Aşıqlər qapında zəvvara
dönüb.
Böylə bir dövranın hilal gərdişi,
Hilalın başında sitarə
dönüb”.
Cavan olduğumdan belə zənn edirdim ki,
indi Xan əmi kimi oxusam, xoşuna gələcək, məni
dinləyib dedi: “Ə bala, saxla, bu oldum mən, indi özün
oxu...”... “Çahargah”ın “Müxalif”ini oxuyub, zəngulələrlə,
başladım Sabir Mirzəyev sayağı oxumağa. Yenə
Xan əmi məni saxlayıb, “...ə bala, haralısan?!” deyə
soruşanda, düşünmədən dedim ki, “Anam
qarabağlıdır...”. Üzündə bir razılıq
ifadəsi olan Xan əmi əlavə elədi: “...Hə
bala,deyirəm axı, bu yaxşı oxuyacaq... qəbul edin...”.
Filarmoniyanın o vaxtkı rəhbəri Kərim Kərimov
büllur səsli Əvəzxana Xankişiyevə mahnı və
rəqs ansamblında maaş yaxşı olduğundan burada
işləməyi təklif edir. Və bir müddət də
məşhur “İrs” ansamblının solistlərindən biri
kimi məşhurlaşdı. Bir də ki, tamaşaçı
və dinləyicilərin yaddaşında gəncəli
Şahnaz Haşımova ilə oxuduğu “Əmiqızı
can, əmiqızı” dueti ilə əbədiləşdı.
Əvəzxan daha sonra özünə
ustad bildyi Sabir Mirzəyevdən danışdı.
Dadaşım, bu ustadının da “goruna qurban olum”- deyir. Sabir
Mirzəyevin çox gözəl ürəyi var idi. Muğam
məktəbində Sabir “Çahargaha” yeni xallar gətirən
, onu cilalayan yeganə ifaçıdır. Bir dəfə Sabir
Mirzəyevə sual verdilər ki, Əvəzxan “necə
oxuyur?”. Cavab verdi ki, “Əvəzxan məndən istifadə
edib, ancaq sənətdə öz yolu var.”.
Şirvan
aşıq məktəbinin yetirmələri və “Şirvan
şikəstəsi”
– Deyirlər Aşıq Şakirin
oxuduğu “Şirvan şikəstəsi”nin ən gözəl
ifaçılarından biri də sizsiniz...
– “Şirvan
şikəstəsi”ni ilk dəfə kimin oxuduğu bəlli
deyil. Rəhmətlik Üzeyir Hacıbəyov deyirdi ki,
“Qarabağ musiqinin ocağı, Şirvan isə
Akademiyasıdır”. Şirvanın musiqiyə olan
bağlılığı burada dövlətçiliyin
yarandığı XI-XII əsrlərə dəlalət edir.
Azərbaycan musiqisindən söz düşəndə tarixi mənbələr
kimi həmin illərə, əsrlərə istinad edilir.
“Şirvan şikəstəsi”i
də elə nəsillərdən nəsillərə elə
ustadlar vasitəsi ilə ötürülüb. Şirvanda
bundan başqa “Sarıtorpaq şikəstəsi”, “Döymə
kərəmi”, “Zarıncı şikəstə”, “Köpək
şikəstə”... lər var. Bu şikəstələrin hər
birinin öz havası, öz oxuma tərzi var. Aşıq
Şakir isə “Şirvan şikəstəsi”nə yeni nəfəs,
yeni cila, nazənilik gətirib. Onu “Çahargah” üstündə
oxuyaraq, cilaladı. Ən düz, doğru yolunu Aşıq
Şakir oxuyub. Şirvan aşıq məktəbi bir də ona
görə maraqlıdır ki, qədim Şirvanşahlar
dövləti inkişaf etdikcə yeni icad olunan musiqi alətlərini
Şah Seyx İbrahimixəlilin təqdimatına gətirərdilər.
Bəyənilən musiqi aləti isə həmin diyarlarda
qalıb, bu günə qədər öz ömrünü
yaşayanlardır. Buna görə də Şirvan
aşıqları toy və məclisləri tək bir sazla
deyil, balaban, qoşa nağara, qavalla yola verirlər. Bu da məclisə
bir şuxluq, oynaqlıq gətirir.
– Şirvanda
hansı səsləri sevdiniz?
– Əsl
Şirvanlı sənətkar səsi olmasa məclisə
çıxıb oxumağı özünə
sığışdırmır. Bizə qədər gəlib
çatanlardan bilirəm ki, Şirvanın şah səsi olub
Mirzə Məmmədhüseyn. Ondan sonra, Aşıq Şakir,
Aşıq Bilal, Aşıq Məmmədağa, Aşıq
Barat... Bu gün də onların sıraları boş deyil. Azərbaycana
hər yerdən məhəbbət , hörmət gətirən
Alim Qasımov, bir beyt bayatısı ilə neçə-neçə
kişini yolda salan Elnarə Abdullayeva, Zabit Nəbizadə,
“Muğam” müsabiqəsinin ən sonuncu qalibi Mirələm
Mirələmov... bu oxuyanların hər birində, səsdən
əlavə həm də, ustada hörmət, ədəb-ərkan
qaydaları var. Necə deyərlər:
“Aşıq olub diyar-diyar gəzənin,
Əzəl gündən pur kəmalı gərəkdir.
Oturub-duranda ədəbin bilə,
Mərifət elmindən hali gərəkdir”.
– Belə ki,
sənəti, sənətkarları dəyərləndirirsizniz,
hec oxuyan qızınız İradənin adını çəkmədiniz?
– O oxumaq
deyil, o çörək pulu dalınca qaçmaqdır... Əvəzxanın
5 faizi də ola bilməz. Necə deyərlər: “Bir var elə,
bir var belə, bir də var elə-belə”. Onları yola verirlər.
Ancaq oğlumun oğlu 10 yaşlı Əvəzdə səs
var. O ardınca getsə, alınacaq.
Adı sənətkara
verərlər. Elə hər yoldan ötənə verməzlər
– Efirlərdə
az görünməyinizin səbəbi nədir? Diqqətdən
kənarda qalmısınız?!
– Əvvəla
onu qeyd edim ki, 63 yaşım var. Toylara, məclislərə dəvəti
hələ də özüm alıram. Kimsə məni
yanına qoşub aparmır. Ancaq televiziyalara müraciət edəndə,
çoxsu elə bir söz deyir: “Yadımızdasınız.
İmkan olan kimi dəvət edəcəyik”. Mən bilmirəm
bunların nəzərində “imkan” nədir?! Yenə AzTV
yadına salır. Diqqətdən çox kənarda
qalmışam. Mənim dərs keçdiyim tələbələrimə
ad veriblər, dövlət qiymətləndirib sənətlərini.
İdmançı bir uğur qazananda, onun məşqçisinə
də dəyər verirlər. Məni isə tələbələrimə
görə deyil, barı öz xidmətlərimə görə
qiymətləndirməlidir dövlətim. Məsələn,
götürək elə rəhmətlik Sabir Mirzəyevi, 67
yaşında ad verdilər, 1 il sonra öldü. Süleyman
Abdullayevə heç ad da vermədilər. Adı sənətkara
verərlər. Elə hər yoldan ötənə verməzlər.
Onu qazanmaq lazımıdır. Şükür Allaha, xalqdan
qazanmışıq. Ancaq dövlətin də nəzərində
olsaq, bu lap yaxşı olar.
– Dadaş, gözəl səs adamı dəli
edə bilərmi?! Əvəzxan üçün səs nədir?
– Deyirlər
ki, səs var boğazdan gəlir, səs var ürəkdən,
səs də var ki, beyindən. Beyindən gələn səslərin
əksəriyyəti Allah vergisidir. Hə belə səslər
adamı dəli də eləyər, sərsəri də... Mən
öz səsimdən həm zövq alıram, həm də
oturub dinləyəndə, bəzən təəssüflənirəm
ki, gərək hansısa bir məqamda bir başqa cür
oxuyaydım. Səsimə, ifama həm də tənqidi
yanaşmağı bacarıram. Eyni mahnını hər dəfə
eyni oxusan, onda haqq aşığı olmazsan. Səs də
insanın təbi ilə bir gəlməlidir. Zili var, bəmi
var, bir sözlə özün duyub yanmasan, dinləyicilərə
nə verə bilərsən ki?! Səs həm də
Tanrıya qovuşmağımdır.
– Sizin ifanızda daha çox yadda qalan
mahnılardan biri də “Nar ağacı”dır. Bu
mahnının sözlərini ifaçılar hər zaman
düz oxumurlar.
– “Yenə
qumlu sahil, yenə sərin bağ,
Yenə axşam düşüb meynəliklərə.
Burda sevgilimlə neçə il qabaq,
Bir nar çubuğunu basdırdıq yerə.
Nar ağacı, nar çiçəyi,
bir ulduzdur hər ləçəyi”.
– Mən 25 il bundan əvvəl bu
mahnını “Azteleradioda” yazdırmışam. Bu gün
oxuyanların əksəriyyəti, mahnının sözlərini
belə düz demirlər: “nə gözəldir yar ləçəyi”...
vallah bu düzgün deyil. Olmaz sözləri təhrif etmək.
– Deyirsiniz
ki, səs həm də Tanrıya qovuşmaqdır. Sizə elə
gəlir ki, hər dəfə Tanrıya qovuşursunuz. Bəs
sözün əsl mənasında Allahla üz-üzə gəlsəydiniz
ondan nə soruşardınız?!
– Əvvəla
onu qeyd eləyim ki, Allahımdan çox razıyam. Gözəl
bir nəsildə dünyaya gəlmişəm. 9
qardaşın içərisində Allahım məni
seçib ayırıb, səs verdi. Səsimlə də
hörmət-izzət sahibi oldum. Rəhmətlik anam deyərdi
ki, bala istəyirsənsə salamat olasan, paxıllıqdan
için çürüməsin, həmişə
özündən aşağı yaşayanlara bax. Mən
heç vaxt əlimi açıb, Allahdan nəsə istəmirəm.
Verdiklərinə şükr edirəm. Ancaq bir dəfə istədim.
Anamın 60 yaşı var idi. Xəstələnmişdi. Əl
açdım, o gözəgörünməz xudavənd aləmə,
dedim ki, Ay Allah anama bir 20 il də ömür ver. Həkimlərin
sağalda bilmədiyi, əl üzdüyü anam, bir neçə
gündən sonra sağaldı və o gündən sonra 23 il
yaşadı. Bəzi haqsızlıqlara niyə imkan verdiyini
soruşardım ondan.
– Hansı
haqsızlıqları?
– Çox
haqsızlıqlar olur. Məmurlar niyə xalqı aldadır,
niyə Allah yer üzündə olanlara imkan verir ki, qatilin
yerinə, günahı olmayanı həbs edirlər, niyə 1
yumruq vuran 10 il cəza alır, adam öldürəni 3 ilə
həbsdən azad edirlər, niyə imkan verir ki, mizan-tərəzi
pozulsun?!
Bu müsahibəm 1947-ci ildə
Şamaxının Şıxzərli kəndində
dünyaya gəlmiş, sonra Bakının “Sovetski” məhəlləsində
gəncliyini keçirmiş, gözəl ustadlardan ədəb-ərkan
dərsi almış, indi isə Bakının Alatava məhəlləsində
adi sadə bir mənzildə yaşayan Əvəzxan
Xankişiyevdən onu sevənlərə bir təqdimatım
idi. Mən onun ifasını bəyəndiyimdən yazdım
bu yazını. Yəqin ki, oxucular da bəyənəcəklər.
Aida EYVAZLI
525-ci qəzet.-
2012.- 13 sentyabr.- S.7.