Azərbaycanda jurnalist
hazırlığı: keçmişə, indiyə və gələcəyə
baxış
–
Qeyd etdiniz ki, təkcə Bakı Dövlət Universiteti bir
ildə səksən nəfər jurnalisti media aləminə
buraxır. Bu fakt özlüyündə artıq jurnalistikaya
kütləvi axından xəbər verir. Üstəlik qeyri-ixtisas
sahiblərinin mətbuata “hücumu”. Jurnalistikanın keyfiyyətinə
təsir edən bu problemdən çıxış yolu kimi nə
tövsiyə edərdiniz?
–
Dediyim kimi, qabiliyyət imtahanı təşkil edib orada ələmə
prosesi aparılmalıdır, qəbul planını azaltmaq
lazımdır. Özü də elə-belə qabiliyyət
imtahanı yox, çox ciddi şəkildə təşkil
edilən qabiliyyət imtahanından söhbət gedir. Jurnalist
olmaq istəyən gəncdən soruşulmalıdır ki, niyə
məhz jurnalistikanı seçib? Bəziləri jurnalistikaya
rüşvət almaq, bəziləri televiziyaya çıxıb
tanınmış sima olmaq üçün, çox az qismi əsl
mətbuat sevgisi ilə jurnalistliyə üz tutur. Bu
yaxınlarda bütün özəl ali məktəblərdə
jurnalistika fakültələrini bağladılar. Bəyəm
bu problemdən çıxış yoludurmu? Əsas gətirdilər
ki, guya özəl ali məktəblərdə jurnalist
kadrların hazırlığı zəifdir. Yaxşı, necə
olur ki, başqa fakültələrdə kadr
hazırlığı zəif deyil, amma məhz jurnalistikada
kadr hazırlığı zəif olur? Axı əksər
ixtisaslarda eyni müəllimlər dərs deyir. Əgər gəncin istedadı,
jurnalistikaya sevgisi varsa, onu öyrətmək
mümkündür. Çünki jurnalistika elə bir peşədir
ki, onu öyrətmək olur. Jurnalistika peşədir, sənət
deyil. Onu sənət səviyyəsinə qaldıra bilənə
də eşq olsun. Biz dərs dediyimiz 80 nəfərin
hamısının jurnalist olmasını gözləmirik ki.
Onların içərisindən 5 nəfər əsl jurnalist
yetişsə, böyük işdir. Jurnalistika təhsili almaq
hələ jurnalist olmaq demək deyil.
– Bəzən belə bir süni “problem” də ortaya atılır ki, məhz müvafiq təhsil almış şəxslər jurnalist ola bilər. Bəziləri də mübahisə edirlər ki, jurnalist anadangəlmə istedadla doğulmalıdır.
– Bir az
uzağa gedək. Həsən bəyə
Zərdabi ixtisasca jurnalist
deyildi. Amma başqa çıxış yolu
olmayıb. Onun tərcümeyi-halına nəzər
salaq: xeyriyyə cəmiyyəti, sonra teatr yaradıb, məktəb
açıb. Xalqı maarifləndirmək üçün
bir çox layihələr
fikirləşib. Amma uzaqgörən bir ziyalı kimi bu qərara gəlib ki,
xalqı kütləvi şəkildə maarifləndirmək üçün qəzet açmaq
zəruridir. Kütləni maarifləndirmək, cəhalətdən
qoparmaq, irəli aparmaq
üçün çıxış yolunu haqlı olaraq mətbuatda
görüb. Yaxud Mirzə
Fətəli Axundov haqqında da eyni sözləri deyə
bilərik. Cəfər Cabbarlının Mirzə Fətəli
Axundov haqqında maraqlı fikri var: “Axundov
dramaturgiyadan daha təsirli
tribuna tapsaydı, dramaturq
olmazdı”. Yaxud müstəqilliyimizin ilk illərində
Nəcəf Nəcəfov böyük bir addım atdı, “Azadlıq” qəzetini
yaratdı. O ixtisasca iqtisadçı idi, jurnalist deyildi ki. Əgər normal şərait olsaydı, bu
insan gedib öz ixtisası ilə məşğul
olardı. Fikirləşib ki, sözünü demək üçün
mütləq tribuna lazımdır və
“Azadlıq”dan təsirli bir tribuna kimi istifadə elədi.
Şərait tələb edib ki, bu kimi
adını çəkmədiyim onlarla insan tribuna kimi
mətbuata üz tutub.
Bəzən deyirlər, filankəs yaxşı jurnalist idi, amma ixtisası bu deyildi. Yüz nəfərdən
bir, ya ikisi
Nəcəf Nəcəfov ya olar, ya olmaz.
Amma bu gün jurnalistikaya
kütləvi axın tribuna
axtarışı, mətbuat sevgisi ilə
bağlı deyil axı. Bir
çoxu istəyir ki,
cibinə bir jurnalist vəsiqəsi
qoyub getsin hansısa məmurun,
təşkilat rəhbərinin qəbuluna düşüb
hədə-qorxu gəlsin. Jurnalist olmaq istəyən candan,
ürəkdən bu peşəyə
bağlanmalıdır. Mən jurnalistika
fakültəsinə daxil olunca
yeddi il vaxt itirmişəm. Riyaziyyatı çox yaxşı bilirdim,
amma buna baxmayaraq riyaziyyatçı yox,
məhz jurnalist olmaq
istəmişəm. Bunun üçün
ömrümün yeddi
ilini itirmişəm. Düzdür,
bu müddət ərzində
qazandıqlarım da olub,
hərbi xidmətdə rus və alman dillərin öyrənmişəm, hərbi
xidmətimi başa vurmuşam,
kolxozda işləmişəm, zavodda çalışmışam. O yeddi ildə jurnalist olmaq üçün sözün əsl mənasında
hazırlaşmışam. Mənəvi və fiziki
baxımdan möhkəmlənib sonra jurnalist olmuşam.
–
Sizcə, haqqında danışdığımız kütləvilik
reket jurnalistikaya rəvac verir, yaxud əksinə reket
jurnalistikanın “intibahı” mətbuata kütləvi
axını şərtləndirir?
–Əvvəlcə
bir məsələni qeyd edim ki, reket jurnalistlərin içərisində
bir nəfər də olsun jurnalistika fakültəsini bitirən
yoxdur. Bunu hamı təsdiqləyə
bilər. Onların əksəriyyəti kənardan gələnlərdir.
Eləsi var, texnikum bitirib, eləsi var, sadəcə
orta məktəbi başa
vurub, heç bir ali təhsili yoxdur. Belələri iş
tapmayanda rüşvətsiz işə daxil olaraq rüşvət
almaq üçün
ən əlverişli bir sahə olan jurnalistikaya üz tuturlar. Amma jurnalistikaya bu axını da elə bir ciddi
problem hesab eləmirəm. Zamanla bu
axın seyrələcək,
hər şey yerini alacaq. Gec-tez hərə öz yuvasını tapacaq.
Ataların dediyi kimi, su axıb çuxurunu
tapacaq. Cəmiyyət özü bunu
nizamlayacaq. Jurnalistikanı qurtarmaq hələ jurnalist olmaq demək deyil. Jurnalistikanı qurtaran çoxunu
tanıyıram, Rusiyada
alverlə məşğuldur.
Reket jurnalistikasına gəlincə,
mütləq qeyd etməliyik ki, reket jurnalistləri özümüz yetişdiririk,
cəmiyyət yetişdirir.
Bizim əksər problemlərimiz
kimi reket jurnalistikasının özülü
də sovetlər dövründə qoyulub.
Bir fərq var ki,
o vaxt reketçilik bu şəkildə açıq-aşkar deyildi.
Müəyyən qədər çəkinirdilər.
Kütləvi axının bir
səbəbi də insanların cibinə bir jurnalist vəsiqəsini
qoyaraq hansısa vəzifəli şəxsin
qəbuluna düşmək
istəməsidir. Əlbəttə ki, burada da
şəxsi təmənnaları
da ön planda olur. Reket jurnalistikası sovet dövrü ənənəsinin
bugünkü davamıdır.
Kimlərsə düzgün işləmirlər,
ona görə də jurnalist adı eşidəndə qorxuya düşürlər.
Reket jurnalistikanın sıradan
çıxması üçün
məmurlar nöqsanlarını
ortadan qaldırmalı,
düzgün işləməlidirlər.
Onda reket jurnalistdən də çəkinməyəcəklər,
reket jurnalistlə əsl jurnalisti də ayırd edə biləcəklər.
Anlayacaqlar ki, əsl jurnalistin işi informasiyanı alıb, toplayıb yaymaqdır.
(Ardı var)
525-ci qəzet.-
2012.- 13 sentyabr.- S.6.