“O dünyadan“ hədələr

 

VƏ YA ASALA ÖLSƏ DƏ KABUSU DOLAŞIR 

 

2001-ci  ilin 11 sentyabrında ABŞ-da baş verən məlum terror aktlarından sonra dünyada terrorizmə qarşı münasibət dəyişdi deyənlər yanlışlığa yol verdi. Bu gün demokratiyadan, insan hüquqlarından  ağızdolusu danışan  Avropanın mərkəzində  ermənilərə məxsus terror təşkilatları fəaliyyət göstərirsə, onda  hansı  antiterrordan danışmaq olar? Digər tərəfdən  dünyanın bu siyasətini terrorizmə qarşı ikili münasibətin təzahürü kimi qiymətləndirmək olar. Azərbaycan zabiti Ramil Səfərovun əfv edilməsindən sonra Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı təhdid edən bəyanatlar verməsi bunun ardınca erməni  terror təşkilatı olan ASALA-nın Azərbaycan diplomatlarını terrorla hədələməsi  məsələsinə  ciddi yanaşmaq  lazımdır. Düşünmək olmaz ki,   müəyyən bir  dövr ermənilər  atdanıb-düşəcəklər, sonra məsələlər yaddan çıxacaq. Son iki yüzillik tarixə, ermənilərin terror şəbəkəsində çalışmalarına diqqət yetirəndə görürük,  onlar  heç zaman çirkin niyyətlərindən  əl çəkib  adam kimi  qonşuluq etmək  fikrində deyillər. 

Dövlət siyasətini terror  üzərində quran  Ermənistan bu gün tək region dövlətləri üçün deyil, bütün dünya  üçün  ciddi təhlükə mənbəyidir. Cəzasızlıq erməniləri yeni terror aktlarına əl atmağa ruhlandırır.  Ümumiyyətlə, ermənilərin bir çox terror təşkilatlarının, o cümlədən  ASALA-nın türk xalqlarına, bir sözlə  insanlığa qarşı   nifrəti  hər zaman açıq-aydın  hiss olunur.   ASALA təşkilatının üzvü  Alek Yeniqomşyanın  bir fikri  diqqəti cəlb edir. O, bildirib ki, “Proqnozlara görə, 2050-ci ildə Türkiyənin əhalisi 100 milyona çatacaq, İran əhalisinin  isə 40 milyonunu Ermənistanın cənub sərhədlərində yaşayan Azərbaycan türkləri təşkil edəcək. Bu müddət ərzində Azərbaycan əhalisinin artacağı da dəqiqdir. Beləliklə, bir neçə  milyon əhalisi olan Ermənistan sayı yüz milyonlarla ölçülən düşmən ölkə xalqların yaratdığı təhlükəyə tab gətirə bilməyəcək”.  Görünür  normal, sivil qonşuluq ənənələrindən uzaq düşən  ermənilərin əsas siyasəti nifrət, qisasçılıq, terror  üzərində qurulub. ASALA  təşkilatı ilə bağlı  son dövrlər yayılan məlumatlara,  terror təhdidlərininə ciddi yanaşmaq  lazımdır. 

2001-ci  ilin 11 sentyabrında ABŞ-da baş verən məlum terror aktlarından sonra ermənilərin terror təşkilatları  öz taktikalarını dəyişmişdilər. Bu da erməni hiyləgərliyi idi. Əgər belə demək mümkünsə onlar müəyyən formada olsa da daha çox gizli fəaliyyətə üstünlük verirdilər. Artıq son dövrlər ermənilərin bu terror şəbəkəsində canlanma xeyli artıb.  ASALA-nın Azərbaycan diplomatlarını terrorla hədələməsi  məsələsi  erməni terrorizminin dünyada xeyli fəallaşdığından xəbər verir. Düşmən hədələrinə adekvat cavab verməyin məqamı  çoxdan çatıb.

Təbii ki, dünyada  Ermənistanda mövcud olan   terror  təşkilatlarını  tamamilə məhv etmək, sıradan çıxarmaq mümkün deyil.  Lakin biz peşəkar səviyyədə informasiya müharibəsini davam etdirməliyik.  Kampaniyaçılıqdan, unutqanlıqdan qurtulmalıyıq.  Xocalı soyqırımı haqqında yalnız fevralın  26-da deyil, Şuşanın işğalı barəsində yalnız mayın 8-də deyil,  hər zaman  danışmalıyıq, dünyanın  başa düşüb qəbul edəcəyi dildə  hər kəsi məlumatlandırmalıyıq.  Yalnız  müəyyən dövr  üçün deyil,  hər zaman erməni məsələsini araşdıran ümumilikdə,  ermənişünaslıqla  məşğul olan  beyin mərkəzlərinin formalaşdırılmasına ehtiyac var.  Bu sahədə ixtisaslaşmış  QHT-lər, tədqiqatla məşğul olan jurnalistlər ermənilərə məxsus terror təşkilatlarının maliyyə qaynaqlarını araşdırması  istiqamətində müəyyən işlər görə bilər.Təbii ki, bunu qrant layihələri çərçivəsində etmək mümkündür. İnformasiya müharibəsində   bütün bu təbliğatı gücləndirməklə bərabər,  nəhayət,  Qarabağda  Azərbaycan qanunlarını tanımayan  silahlı ermənilərə  qarşı antiterror əməliyyatlarının başlanması zəruridir. 

2001-ci  ilin 11 sentyabrından sonra yaradılan antiterror koalisiyasının  əsas hədəfi terrorçu təşkilatları terrorizmi məhv etmək olub. Azərbaycanın da həmin antiterror koalisiyasında fəal iştirak edən ölkə kimi özünə qarşı bu təhdidlərə  zamanında cavab verməyə haqqı var.  Axı necə ola bilər Rusiya  Çeçenistanda antiterror əməliyyatı apara bilir,  ABŞ başda olmaqla NATO qüvvələri  Əfqanıstanda digər ərazilərdə antiterror əməliyyatı apara bilir, Azərbaycan isə  müasir dünyanın gözü qabağında   bu qədər terrordan əziyyət  çəkdiyi halda  antiterror əməliyyatı aparmasın?  Beynəlxalq  sənədlərə, konvensiyalara görə, hər bir dövlətin hüquq bərabərliyi var.  Dinindən, milliyyətindən, yaşadığı regiondan asılı olmayaraq cinayətkar cəzasın  almalıdır. Məhz cəzasızlığa, özünə  hər zaman himayədar tapdığına görə  Ermənistan  rəhbərliyi terrorizmə  bu qədər dəstək verir. 

Deməli,  Qarabağ münaqişəsinin ədalətli həlli əsl həqiqətin dünya tərəfindən qəbul edilməsi üçün  yol çoxdur. Bunlardan ikisi isə zəruridir: uğurlu informasiya müharibəsi+uğurlu antiterror əməliyyatları.

 

 

Əkrəm BƏYDƏMİRLİ 

 

525-ci qəzet.- 2012.- 13 sentyabr.- S.5.