“Azərbaycanla
Özbəkistan əlaqələri aydın müəyyən
olunmuş strateji
prioritetlərə və istiqamətlərə malikdir”
Müsahibimiz Özbəkistanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Şerzod Farziyevdir.
– Cənab səfir, Azərbaycanla Özbəkistan
arasında münasibətlərin
hazırki səviyyəsini
necə qiymətləndirirsiniz?
– Bu sualla bağlı öncə diqqətinizi Özbəkistan-Azərbaycan dostluğunun
dinamik inkişafına
təsir edən bir sıra faktorlara
yönəltmək istərdim.
Özbəkistan həmişə Azərbaycanla hərtərəfli
əlaqələrin möhkəmləndirilməsinə
böyük əhəmiyyət
verib və bu gün də
həmin siyasəti davam etdirir. Azərbaycan mühüm geosiyasi və iqtisadi əhəmiyyətə malik
Cənubi Qafqazda Özbəkistanın əsas
tərəfdaşıdır. Zaman göstərdi ki, ölkələrimiz arasında
əlaqələr böyük
perspektivə malikdir və bu əməkdaşlıq
regionda uzunmüddətli
sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır. Ölkələrimiz arasında əlaqələr
dərin tarixi köklərə, xalqlarımızın
adət-ənənə, dil,
mədəniyyət və
din yaxınlığına əsaslanır. İkitərəfli əlaqələrimiz aydın
müəyyən olunmuş
strateji prioritetlərə
və istiqamətlərə
malikdir. Bu da öz növbəsində
qarşılıqlı etibara
dayanır. Bu kontekstdə qeyd etmək lazımdır ki, Özbəkistan həmişə Dağlıq
Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir və hesab edir
ki, başlıca şərtlərdən biri
Azərbaycanın ərazi
bütövlüyünün təminatıdır. Biz də öz növbəmizdə Azərbaycan
tərəfin Mərkəzi
Asiyanın regional problemlərinə
münasibətdə tutduğu
mövqeyi yüksək
qiymətləndiririk. Bizi xüsusilə bu fakt sevindirir ki, son illər Özbəkistanla Azərbaycan
arasında əlaqələr
böyük inkişaf
impulsu alıb və strateji tərəfdaşlıq səviyyəsinə
qalxıb. Əgər diqqət
yetirsək, görərik
ki, ölkələrimiz
arasında qarşılıqlı
əlaqələrin olmadığı
elə bir sahə yoxdur. Şübhəsiz ki, dövlətlərarası
münasibətlərin yüksək
həddə çatmasında
Azərbaycan və Özbəkistan liderləri
arasında yaranmış
möhkəm və etibarlı dialoq əsas faktordur. İki dövlət başçısının
müntəzəm görüşləri
əlaqələrimizin inkişafına
mühüm zəmindir.
Eyni zamanda onu da
qeyd etmək istərdim ki, Azərbaycanla Özbəkistan
arasında qarşılıqlı
əlaqələrin hazırki
səviyyəsi ölkələrimizin
bütün mövcud
imkanlarını tam əks
etdirmir. Əksinə, bu sahədə hələ reallaşmayan böyük potensial var. Bu
baxımdan indi biz daha aktiv şəkildə
işləyirik.
– Azərbaycanla Özbəkistan
arasında mədəni-humanitar
sahədə əlaqələri
necə xarakterizə etmək olar?
– Mədəni-humanitar sahədə
əməkdaşlıq bizim
əlaqələrimizdə əsas prioritetlərdən
biridir. Qeyd etdiyim kimi, Özbəkistan-Azərbaycan əməkdaşlığı
bizim yaxın tariximizə, mədəniyyətimizə,
milli adətlərimizə,
ənənələrimizə, dil və dinimizə
əsaslanır. Bu şərtlər ölkələrimizin
mədəni-humanitar əməkdaşlığına
da müsbət təsir edir. Özbəkistanın mədəniyyət nümayəndələri Azərbaycanda,
sizin mədəniyyət
və incəsənət
xadimləriniz isə bizim ölkədə müxtəlif tədbirlərdə
fəal iştirak edirlər. Xüsusilə Azərbaycan incəsənət
ustalarının Özbəkistanda
keçirilən “Şark
taronalari” beynəlxalq
musiqi festivalında uğurlu iştirakını
qeyd etmək istərdim. Məsələn, 1997-ci ildə Simarə
İmanova festivalın
qran-pri mükafatını
qazandı. Bundan başqa,
məşhur Azərbaycan
xanəndəsi Alim Qasımov 2001-ci ildə, müğənni Aygün
Bəylər 2005-ci ildə
bu festivalda birinci yeri tutdular.
2007-ci ildə Azərbaycandan Arzu Əliyeva “Ən gənc ifaçı” nominasiyasında laureat oldu. Xoş bir faktdır
ki, Özbəkistan-Azərbaycan
əlaqələrinin ən
yeni tarixi mədəniyyət sahəsində
belə əlamətdar
hadisələrə təsadüf
etdi. Xalqlarımız qardaşlıq əlaqələrini
yüksək qiymətləndirir
və onun güclənməsinə aktiv
şəkildə çalışırlar.
Nümunə kimi 2010-cu
ilin sentyabrında Daşkənddə Heydər
Əliyev adına
Mədəniyyət Mərkəzinin
açılmasını göstərə
bilərəm. Həmin mərasimdə
Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi. Özbəkistanın paytaxtında dahi
Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin ucaldılması
və Daşkənd küçələrindən birinə
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin adının verilməsi münasibətlərimizin yüksək
səviyyəsindən xəbər
verir. Eyni zamanda böyük
fəxr hissi ilə demək istəyirəm ki, Bakıda Özbəkistanın
böyük klassik şairi Əlişir Nəvainin heykəli ucaldılıb və paytaxt küçələrindən
biri dünya şöhrətli hökmdar
və alim Mirzə Uluqbəyin adını daşıyır.
Mənim
fikrimcə, bütün
bunlar xalqlarımızın
bir-birlərinə göstərdikləri
ən səmimi dostluq hisslərinin, bir-birilərinin mədəniyyətlərinə
və tarixlərinə
bəslədikləri münasibətin
parlaq göstəricisidir.
Özbək və azərbaycanlı
gənclərin əməkdaşlığı
məni xüsusilə
sevindirir. Özbəkistan gənclərinin “Kamolot” ictimai hərəkatının
mərkəzi şurası
və Azərbaycan Gənclər və İdman Nazirliyi arasında iki ölkənin gənclərinin
müntəzəm əlaqələri,
səfər mübadiləsi
mövcuddur. 2010-cu ilin sentyabrında Bakıda Özbəkistan gənclərinin mədəniyyət
günləri gerçəkləşdi,
2011-ci ilin aprelində
isə Özbəkistanda
Azərbaycan Mədəniyyəti
Günləri böyük
müvəffəqiyyətlə keçdi. Bu çərçivədə
xeyli tədbirlər –
konsert proqramları, gənc rəssamların sərgiləri və s. təşkil edildi. Özbək və azərbaycanlı gənclər arasında yaradılan aktiv əlaqələr ölkələrimiz
arasında əməkdaşlığın
daha da güclənməsinə
əlavə zəmin yaradır. İki ölkənin parlamentlərarası
dostluq qruplarının
fəaliyyəti də
siyasi münasibətlərlə
yanaşı, mədəni-humanitar
əlaqələrin inkişafına
da töhfə verir. Məsələn, 2010-cu ildə Azərbaycan
deputatlarının bir
qrupu Özbəkistan Prezidenti İslam Kərimovun “Yüksək mənəviyyat-yenilməz güc”
kitabının Azərbaycan
dilində nəşrinin
təqdimatında iştirak
etdi. Ötən
il isə
Daşkənddə “Tanınmış
adamların həyatı”
seriyasından “Heydər
Əliyev” kitabının
təqdimat mərasimi
keçirildi. Bu tədbirdə Milli Məclisin komitə rəhbərləri Hadi Rəcəbli, Eldar İbrahimov, eyni zamanda kitabın müəlliflərindən biri
yazıçı, millət
vəkili Hüseynbala
Mirələmov iştirak
etdi. Fürsətdən istifadə edib
“Azərbaycan-Özbəkistan” dostluq cəmiyyətinin fəaliyyətinə də
toxunmaq istərdim.
Bu qurum da
ölkələrimiz arasında
əlaqələrin inkişafına
öz töhfəsini
verir, Özbəkistanın
tarix, mədəniyyət,
incəsənət və
adət-ənənələrinə, eyni zamanda xalqlarımızın
ümumi dəyərlərinə
həsr edilən tədbirlər keçirir.
– Cənab səfir, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın
hazırki səviyyəsi
barədə nə deyə bilərsiniz?
– Çox aktual mövzuya toxundunuz. Mənim fikrimcə, turizm həm də xalq diplomatiyasının vacib elementidir. Bu baxımdan biz turizm
sahəsində əməkdaşlıq
etməklə xalqlarımızın
bir-birini daha çox tanımaları üçün də əlverişli zəmin yaradarıq. Ölkələrimiz arasında turizm sahəsində aktiv əməkdaşlıq var. Məsələn,
“Uzbekiston Xavo Yullari” milli aviaşirkəti Daşkəndlə
Bakı arasında həftədə üç
dəfə reyslər
həyata keçirir.
Böyük məmnunluq hissi
ilə deyə bilərəm ki, bu reyslər, demək olar ki, 100 faizlə yerinə yetirilir. Lakin turizm sahəsində ikitərəfli əməkdaşlığın
bugünkü səviyyəsi
ölkələrimizin malik
olduğu bütün
potensiala adekvat olduğunu desəm, yanılmaram. Bu istiqamətdə qarşılıqlı
səfərlərin təşkili,
o cümlədən təqdimat
xarakterli tədbirlərin
keçirilməsi əlaqələrin
inkişafına əlavə
təkan verə bilər. Bu kontekstdə
“Böyük İpək
Yolu” transkontinental layihəsinin əhəmiyyətini
qeyd etmək istərdim. 1994-cü ildən
başlayaraq Daşkənddə
hər il
beynəlxalq turist yarmarkası keçirilir.
Turist məhsullarının təqdimatı
və işgüzar əlaqələrin qurulması
üçün effektli
meydan qurulur. Növbəti, 18-ci Daşkənd beynəlxalq turizm yarmarkası 2012-ci ilin 31 oktyabr – 2 noyabr tarixlərində gerçəkləşəcək.
Bu il ilk dəfə yarmarka “Tibbi turizm” mövzusunda
keçiriləcək. Bundan
başqa, yarmarkada “Turizmdə informasiya texnologiyaları”, “Hotel və
obyektlərin yerləşdirilməsi”,
“Nəqliyyat xidmətləri”
və s. bölmələr
də təqdim ediləcək. “Özbəkistana
səyahət” adlı
milli pavilyonda ölkəmizin turizm subyektlərinin, “Uzbekturizm”
milli şirkətinin bürolarının fəaliyyəti
əksini tapacaq.
Daşkənd beynəlxalq turizm
yarmarkası çərçivəsində
“Şərq bazarı”
və “Sənətkarlar
şəhəri” layihələri
reallaşdırılacaq. Eyni zamanda tədbirdə milli mətbəx festivalı da keçiriləcək. Ümid edirəm
ki, qardaş Azərbaycanın da turizm şirkətləri bu tədbirdə aktiv iştirak edəcəklər.
PƏRVANƏ
525-ci qəzet.- 2012.- 13 sentyabr.- S.5.