Azərbaycanda jurnalist
hazırlığı: keçmişə, indiyə və gələcəyə
baxış
– Jurnalistika Universitetinin yaradılması ilə bağlı ideya gündəmə gətirilib. Buna münasibətiniz necədir?
– Mən bu ideyanı dəstəkləyirəm.
Bu jurnalistikamızın inkişafına təkan
verər. Jurnalistika fakültələrinin
maddi-texniki bazası təkmilləşdirilməlidir.
Hər bir tələbənin, müəllimin
audlitoriyada internetə
çıxış olmalıdır. Yaradıcılıq
studiyaları mükəmməlləşməlidir. Müəllim kadrları müasirləşməlidir.
Hər müəllim öz yerinə
mütəxəssis hazırlamalıdır. Bəxtiyar Vahabzadənin
yaxşı bir sözü
var, müəllim tələbəni
öyrətməli deyil, ona
qığılcım verməlidir.
– Cəmiyyətin bütün sahələrində
yaşanılan keçid dövrü
jurnalistikamızda özünü necə
büruzə verir? – Jurnalistikamız hələ
keçid dövründən
çıxmayıb, amma çıxmaq
üzrədir. Keçid dövrünün
hələ müəyyən təzahürləri
qalmaqdadır. Qəzetlərin satılmaması, yaxud çox az satılması, qəzetlərin iqtisadi cəhətdən çox
çətinlik çəkməsi buna
misaldır. Gərək qəzet sponsor tapsın.
Onda da qəzet sponsorun
dediyini yazmağa məcbur olacaq. Bu da azad mətbuatın formalaşmasına
maneədir. Mətbuatın azad olması üçün onun maliyyə mənbəyi olmalıdır. Bunun da yeganə düzgün yolu reklamdır. Reklam bizdə çox məhduddur. Reklam bazarı
demokratik əsaslarla tənzimlənməlidir. Reklam vermək
istəyən də seçimində azad buraxılmalıdır. O özü
seçməlidir ki, reklamını hansı mətbu orqana versin. Jurnalistikanın problemləri cəmiyyətlə
birbaşa bağlıdır.
Hal-hazırda jurnalistikamız da keçid dövrünü
yaşayır. İnsan ömrü
miqyasından yanaşsaq,
bu, hələ xeyli çəkə bilər, tarixin axını ilə getsək, buna qısa bir müddət
lazımdır ki, bu dövr də
keçsin. Və onda
Sabir demişkən, “yağı yağ üstə çıxıb,
ayranı ayranlıq olacaq”. Jurnalistika birbaşa cəmiyyətlə
bağlı olan sahədir. Həsən bəy Zərdabi
deyirdi ki, hər bir vilayətin
qəzeti gərək
o vilayətin aynası
olsun. Bu mənada cəmiyyətin inkişaf səviyyəsi jurnalistikanın inkişaf
səviyyəsi deməkdir.
Bu gün xarici
ölkələrdə olduğu
kimi mətbuat Azərbaycanda dördüncü
hakimiyyət rolunu yerinə yetirməyə çalışır, amma
alınmır. Yəni jurnalistika
ilk üç hakimiyyəti
informasiya ilə təmin eləməlidir.
Həm də o, hakimiyyətlə
kütlə arasında
əlaqə yaratmağı
bacarmalıdır. Bunu bacarırsa
onda dördüncü
hakimiyyətdir. Bizdə hələ
ki bu tam alınmır, ancaq cəhdlər var.
– Mətbuatda qütbləşmə
tendensiyasına necə
baxırsınız?
– Cəmiyyət özü iki yerə bölünübsə,
iqtidar və müxalifət varsa, bu mətbuatda da öz əksini
tapmalıdır. Bu, qanunauyğunluqdur.
Dünya
özü də iki qütbə-cənub və şimal qütbünə bölünüb.
Qütbləşmə pis şey deyil. Amma gərək vahid
nüvə ətrafında
qütbləşməyi bacarasan.
Bizim cəmiyyətimizin çatışmayan
cəhəti odur ki, biz həmişə müxtəlif nüvələr
ətrafında cəmləşirik.
Bu da, təbii
ki, mətbuata da sirayət edir. Həm iqtidar, həm
də müxalifət
mətbuatına. Deyək ki,
vahid azərbaycançılıq
ideyası ətrafında
birləşsək, cəmiyyətdə
də heç bir narazılıq olmaz. Amma bizim nüvələrimiz
başqa-başqadır. Bizdə azad mətbuatın təzahürləri var, amma sadəcə çalışıb o nüvələri
birləşdirməliyik. Mətbuatımız da buna xidmət eləməlidir.
Şəxsən mən Əli
bəy Hüseynzadənin
üçəm düsturunun
tərəfdarıyam. Yeganə çıxış
yolumuz budur: türkçülük, islamçılıq
və müasirlik. Bu üçünün ortaq nöqtəsini tapmalıyıq, gündəlik
həyatımızdan tutmuş
mətbuatımıza qədər
tətbiq eləməliyik.
Və o ideya ətrafında birlişməliyik. Əks halda
nə cəmiyyət,
nə də mətbuat indiki vəziyyətdən çıxa
bilməyəcəyik. Mətbuatda plüralizm də eyni nöqtəyə aparıb çıxaran müxtəlif yollardır.
İnsanların ağzına və
ağlına gələni
danışması plüralizm
demək deyil. Vahid ideologiyadan çıxış edib müxtəlif fikirləri ifadə
edə bilərik. Bizim cəmiyyətimizin yeganə
çatışmazlığı məqsədsizlikdir. Bu, taksiyə oturub “sür” deməyə oxşayır. Taksi sürücüsü
də “hara?” soruşanda cavab verə bilmirik. İndiki vəziyyətimiz buna bənzəyir. Necə ki,
cəmiyyətimiz vahid
nüvə ətrafında
birləşməyib, jurnalistikamız
da bu vəziyyətdə
olacaq.
– Hazırda siz informasiyanı daha çox hansı mənbədən alırsınız?
– Son vaxtlar internetdən və bir də
insanlarla ünsiyyətdən.
– Qeyd elədiyiniz kimi, onlayn jurnalistika
bu gün ənənəvi medianı
qabaqlayır. Sizcə, bu
“informasiya bolluğu” bizi hara aparacaq?
– Burada da müəyyən
süzgəc olmalıdır.
Kim özünə hansı informasiya lazımdırsa, onu götürməlidir. Yoxsa bir
insan başı bu qədər informasiyanı emal eləyə bilməz.
Sinir xəstəliklərinin bu
qədər artması
da əslində lazımsız informasiya bolluğu ilə əlaqədardır. Hərə bu
“informasiya qazanından”
özünə lazım
olan qədər götürməlidir.
– Ümumiyyətlə, bu xaosu necə tənzimləmək olar?
– Bütün başlanğıclarda
belə olur. Hətta Amerikada da, Yaponiyada
da ilk dövrlərdə
belə olub. Gənclərə müəyyən mənada yol göstərməliyik. Düzdür, indiki gənclərə yol göstərəndə
acıqları gəlir.
Amma elə bir yol
tapmaq lazımdır ki, onlar bu
xaosu yönləndirə
bilsinlər. Düşürəm ki, bu xaos
özü bir istiqamət tapacaq, bulanıq sular da durulacaq. Əslində jurnalistikanın üç
funksiyası – xəbərləmə,
maarifləndirmə və
əyləndirmə – bunlar
inkişaf eləmiş
ölkələr üçündür.
Çünki onlar müəyyən
mərhələni keçiblər,
öz müstəqil dövlətlərini qurublar,
ərazi bütövlüklərini
bərpa ediblər, demokratiyaya nail olublar, keçid dövründən
çıxıblar, iqtisadi
rifaha nail olublar.
Ona görə bu kimi ölkələrin əhalisi bilmədiklərini
öyrənmək və
əylənmək istəyirlər.
Amma bizim kimi keçid
dövründən olan
gənc dövlətlər
üçün bu saydıqlarım törəmə
funksiyalardır. Nə vaxt
ümumilli problemimizi
– Qarabağ prolemini həll edəcəyik, onda bu funksiyalardan
da lazımi şəkildə bəhrələnəcəyik.
Bizim mətbuatımızın indi
birinci funksiyası bayaq da qeyd
elədiyim kimi cəmiyyətin məqsədini
müəyyənləşdirməkdir.
Mətbuatın əyləndirmə funksiyası bu gün xörəyə atılan duz rolunu oynamalıdır.
Amma bizdə əyləncə
önə keçib.
– Sizin təbirinizcə desək, biz indi çox “duzlu” yeyirik.
– Bəli, bizə çox “duzlu” yedirirlər.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2012.- 14 sentyabr.- S.6.