Qonaqlıq

 

Gözəl bir gün idi. Mürşüdlə Talış çökəkdəki çayxanada oturmuşdular. Çayçı onlara çay təklif etsədə imtina etmişdilər. Lal-dinməz bir birinin üzünə baxırdılar. Daha doğrusu söhbət etməyə mövzu yoxuydu. Ona görə ki, onlar otuz ilə yaxın idi ki, bir yerdəydilər. Söhbət tükənmişdi. Xalıqı gözləyirdilər,o nisbətən cavan idi və işləyirdi, nəyə görəsə o da gecikirdi. Talış qəflətən dilləndi:

- Bəlkə bir çay içək.

Mürşüd əl barmaqlarını stola döyəcləyərək dedi:

- Məndə iyirmi beş qəpik var.

Talış tez əlini cibinə salaraq stolun üstünə iyirmi beş qəpik qoydu.Çay gəldi.

Mürşüd uzun illər boyu məktəbdən kənar müəssisə hesab olunan uşaq yaradıcılıq mərkəzinin direktoru işləmişdi. Həmin illərdə yaradıcılıq mərkəzində kartondan düzəldilmiş bir neçə fiqurdan başqa elə bir əsaslı yenilik olmamışdı. Yaradıcılıq mərkəzinin adı var idi. Hamı Mürşüdü zarafatcıl, yeyib içən adam kimi tanıyırdı. Dostları həmişə zarafata salıb deyirdilər ki, Mürşüdə Qarabağda it və pişik də yaxşı bələddir. 

Talış müəllim isə əsl pedaqoq idi. Saçını, saqqalını məktəbdə ağartmışdı. Sonra onu təhsil şöbəsinə işə dəvət etmişdilər. Və elə o vaxtdan da Mürşüdlə dost olmuşdular. Talış müəllim rus dilini təmiz bilirdi. Ona görədə bir qədər keçmişdə Talış müəllim əsl rus dili mütəxəssisi kimi şöhrət qazanmışdı. Hətta danışırdılar ki, raykom katibinin  belə ona işi düşüb və bundan sonra hamı Talış müəllimə xüsusi hörmətlə yanaşıb. Babalı deyənlərin boynuna, danışırdılar ki, keçmiş sovet hökumətinin baş katibi Brejnev yoldaş da Talış müəllimlə həmsöhbət olub. Guya Talış müəllim Moskva şəhərinə müəllimlərin qurultayına gedib və orada çıxış edən zaman müəllimləri təbrik etməyə gəlmiş Brejnev yoldaşın diqqətini çəkib. Fasilə zamanı Talış müəllimi Brejnev yoldaşın yanına dəvət ediblər. Brejnev yoldaş Talış müəllimlə düz qırx səkkiz dəqiqə söhbət edib və ondan soruşub ki, sən o atayın goru, Qarabağda bir Dursun xanım varıydı, əgər o yaşayırsa, məndən ona salam deyərsən. Talış müəllim də tez deyib ki, Dursun rəhmətə gedib. Bunu deyən kimi Brejnev yoldaş hönkür-hönkür ağlayıb və deyib ki, heyf Dursuna, o çox yaxşı qadın idi.

İndi hər ikisi, Mürşüdlə Ta lış təqaüdə çıxmışdı.Sovet hökuməti də çoxdan dağılmışdı. Ötən illər ərzində çox sular axıb getmişdi və həmin illərdə Mürşüd Talış müəllimin başına çox oyun açmışdı. El arasında Mürşüdə nemes Mürşüd də deyirdilər. Bir dəfə Mürşüdlə Xalıq Tərtər çayın yatağındakı yeməkxanada yeyib içirmişlər. Bir araq vurandan sonra Mürşüd Talış müəllimin mobil telefonuna zəng vurub ki, ə, qardaş, hardasan, tez gəl Çinar yeməkxanasına, Xalıqla yeyib içirik.Talış müəllimdə qaranəfəs özünü çatdırıb yeməkxanaya. O gələndə artıq süfrədə dişə sürtüləsi bir şey qalmayıbmış, ancaq bir otuz qrama yaxın araq varıymış və Mürşüd həmin o otuz qrama yaxın arağı  stəkana süzərək Talış müəllimə verib və deyib ki, qardaşımızın sağlığına vur getsin. Talış müəllim də onun sözünü yerə salmayaraq arağı içib və stəkanı yerə qoyan kimi Mürşüd deyib ki, haqq-hesab üç nəfər arasında bölünəcək. Haqq üçünə Talış müəllim deyib ki, üstümdə pul yoxdur, siz bu günkü hesabı verin,sağlıq olsun, gələn dəfə mən verərəm. Mürşüd bu təklifə razılaşmayıb və dirənib ki, ə, yeyib içmisən pulunu ver də, sənə borcumuz yoxdu ha. Talış müəllim deyib ki, ay Xalıq, sən o dədən Allahverdinin goru, mən burda nə yeyib içmişəm ki, bu nemes oğlu nemes belə qaraçılıq edir. Xalıq ağzını açmamış Mürşüd deyib ki, ə Talış, iti-qurdu bura yığma, hesab üç yerə bölünməlidir. Talış müəllim əlacsız qaldığı üçün təqaüdündən dar gün üçün saxladığı on bir manat pulu stolun üstünə qoyaraq deyib: - Mürşüd, mən sənin dabbaqda gönünə bələdəm, sən qaraçıdan törəmisən, sən alçaqsan, sən axmaqsan, sən murdarın birisən.

Xalıq onların hər ikisinə yaxşı bələd olduğu üçün  sakitcə oturub baxırdı.Talış müəllim Mürşüdü yuyub sərəndən sonra çıxıb getdi. Mürşüd stolun üstündəki, on bir manatı götürüb dedi:

-Xalıq, bunun dörd manatı arağın pulu, altı manatı da yeməyin, qalan bir manatda mənim, çünki Talışla çox cəhli çəkdim.

O biri gün isə Mürşüd Talış müəllimə zəng vuraraq deyir:

- Qardaş, sənin sabahın xeyir olsun,axşam nətəhər yatmısan, canın başın yaxşıdırmı?

Talış müəllim də dünən söyüb suladığı Mürşüdə minnətdarlıq edərmiş. Bax bu minvalla yaşayırdılar.

Bir dəfə də Mürşüd naməlum bir nömrədən qadın adından ona mesaj göndərir və yazır ki, Talış, səni görən gündən dəli-divanə olmuşam, sənsiz nə gecəm var, nə də gündüzüm. Talış müəllim mesajı alan kimi özünü Mürşüdə çatdırır.Mürşüd də heç nədən xəbərsiz kimi dahiyanə bir görkəm alaraq Talışa deyir:

- Qardaş, bu bir eşqdir,bir nakam sevgidir,bir xanımın döyünən qəlbidir, onun ürəyinin çırpıntılarıdır, sizi bu yaşınızda ilahi bir məhəbbət tapıb.

Sonra çox ahəstəcə Talışa deyir ki, bu eşqin yolunda bir araq içməliyik. Təbii ki,bu yemək-içmək Talış müəllimin hesabına olur. Üstündən bir gün keçən kimi yenə naməlum  nömrədən Talış müəllimə bir mesajla şəkil gəlir. Qadının biədəb yerinin şəkli və bir cümlə: sən də öz biədəb yerinin şəklini bu nömrəyə göndər.Talış müəllim bu ədəbsizlikdən bərk dilxor olsa da, yenə Mürşüdə tərəf üz tutur. Mürşüd yenə dahiyanə görkəm alaraq deyir ki, indi zəmanə çox dəyişib, gender bərabərliyi var, aşkarlıqdır. Talış o gender sözünü başa düşməsə də, özünü o yerə qoymayıb soruşur ki, indi mən neyləyim? Mürşüd də deyir: ayrı əlac yoxdur, sən də öz biədəb yerinin şəklini ona göndırməlisən. Talış müəllim kor peşiman geri qayıdır, nə edəcəyini bilmir. Nəhayət, qəti qərara gələrək özünü hamama verir. Öz biədəb yerinin şəklini çəkərək həmin nömrəyə göndərir və həyəcanla cavab gözləyir. Cavab yubanmır. Şəkil yaxşı çıxmadığı üçün yenisi tələb olunur. Bu münvalla Talış müəllimin günü hamamda keçir və gün ərzində on beş-iyirmi şəkil göndərir. Talış müəllim nəhayət, başa düşür ki, onu dolayıblar.

Axır ki, Xalıq gəlib çıxdı və onun qanı yaman qara idi. Maaş ala bilməmişdi. Mürşüd heyfslənərək dedi ki, yaxşı yeyib-içməli hava varıydı. Talış müəllimlə Xalıq da onun sözünə şərik olsalar da, əlləri hər yerdən üzülmüşdü. Elə bu zaman Talış müəllimin mobil telefonuna zəng gəldi. Talış müəllim zəng edənin səsini tanıyan kimi dedi:

- Ay Abbas, ay sənin başına dönüm, ay sənin qadan alım, nə yaxşı zəng vurmusan, haradasan? Abbas nə dedisə, Talış müəllimin çöhrəsi on dörd gecəlik ayın üzü kimi tutuldu. Bir xeyli danışdılar. Mürşüdlə Xalıq maraqla baxırdılar.Talış müəllim telefonu söndürəndən sonra dedi:

- Abbasdı, mənim şagirdim olub,yaxşı mərifətdi oğlanıydı, indi türmədədir.

Talış müəllim ayağa qalxaraq dedi:

- Durun, gedirik Nazimin yeməkxanasına.

Onların duruxduğunu görərək dedi:

- Ə, gözünüzü niyə döyürsünüz, Çinara gedirik, Abbas mənə dedi ki,başıyın dəstəsini də götür gedin orada bir yaxşı yeyib-için.

Mürşüd tez soruşdu:

- Bəs hesabı kim verəcək?

Talış dedi ki, Abbas yeməkxanaya tapşırıb.

Süfrədə hər cür ləziz yemək var idi. İlk badəni Abbasın şərəfinə qaldıraraq dedilər:

-Allah özü onun qıfılını, qapısını açsın.

 

 

Salman ALIOĞLU

 

525-ci qəzet.- 2012.- 15 sentyabr.- S.30.