Oralarda kimlər
var: Əlifbamızı düşünənlər-1
BİZ BU BARƏDƏ NEÇƏ
İLDİ YAZIRIQ (2001-2006)
ÖNCƏ BİR XƏBƏR
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov
Azərbaycan əlifbasının dəyişdirilməsi ilə
bağlı səslənən təkliflərə münasibət
bildirib. AMEA prezidenti APA-ya açıqlamasında deyib ki, hələlik
rəhbərlik etdiyi qurum Azərbaycan əlifbasının dəyişdirilməsi
ilə bağlı təkliflər verməyəcək: “Azərbaycan
dilinin inkişafı ilə bağlı Dövlət
Proqramının layihəsi artıq hazırlanıb və yaxınlarda
Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq. Əlifba
ilə bağlı təklif etməyi
düşünmürük. AMEA-ya belə bir
tapşırıq da verilməyib. Bununla bağlı sərəncam
və tapşırıq olsa, AMEA təkliflərini
hazırlaya bilər”.
AMEA
prezidenti deyib ki, Azərbaycan əlifbasının tam şəkildə
dəyişdirilməsinin tərəfdarı deyil: “Amma “ə”
kimi bəzi uğursuz hərflər dəyişməlidir. Belə
hərflər həqiqətən problemlər yaradır. Bunun əvəzinə
başqa işarə tapmaq daha məqsədəuyğun
olardı. Bu hərf üstündə iki nöqtə olan “a”
kimi verilsə, yaxşı olar. Mənə elə gəlir ki,
bu haqda düşünmək lazımdır”.
“Ç”
və “Ş” hərflərinin qrafemlər şəklində
işlədilməsinə gəlincə, M.Kərimov deyib ki,
bu hərflər kompyuterlərdə, internetdə müəyyən
problemlər yaratsa da, hər halda onların işarəsi
artıq qəbul olunub: “Amma “ə” hərfi mənə
heç münasib gəlmir. İstifadəçilərin
kompyuterlərdən istifadəsini daha rahat etmək
üçün bu hərfi dəyişmək məqsədəuyğun
olardı”.
KOMPUTER DÜNYASINDA ƏLİFBAMIZ VƏ YAXUD “Ə”
“C” və “J” QOVĞASI
Məni tanıyanlar bu
komputer xəstələyimi bilirlər. Baxın, bu bir
lovğalıq-zad deyil və bu gün dünyanı
ağzına alan bu texnika həqiqətən
ağılalmaz bir gözəllik saxlayır içində.
Bir çox dostlarım və hətta onların
uşaqları da bu gözəl texnikanın içində
olduqlarından çox zaman onlarla söhbət edəndə,
mən onlardan daha gözəl şeylər eşidirəm.Məsələn:
gözəl jurnalist dostum Müsəllim Həsənov
danışır ki,onun oğlu hətta
Ağ Evə cənab Buşa ingilis dilində məktub
yazmış və emaillə cənab
Buşa göndərmiş və cavab da almışdır.(Bu
barədə zamanında “525-ci qəzet”də xüsusi xəbər
də çap olunmuşdu).
Bu
baxımdan mən heç kəsə dərs vermək niyyətində
deyiləm,amma içimdə elə
ağrılar ki,bunları bölüşməmək
mümkün deyil.Amma bütün bunları yaza-yaza yenə də
Allahıma şükürlər edirəm.
Mən bir dəfə də
yazmışam: Türkiyədə olarkən hər zaman “F”
klavye deyilən bir klavyedən istifadə edirdim.Türkiyədə
klaviatura deyilən bir şeyin üstündə yalnız bir hərf
var: o da latın qrafiki əsasında türk
latınıdır. Amma bizim bu
klaviaturalara baxanda inanın ki, insanın gözləri
çerləşir.Belə ki,bir klavyenin üstündə bu
qədər hərfi olan başqa bir millət varsa, o zaman vay
onların da halına.Sadəcə bizim hal-hazırda istifadə
etdiyimiz “Q” klavyenin üstündə yalnız “Z” hərfi yerləşən
düyməyə baxın : orada üç hərf yerləşdirilmişdir:
Ə, Z, YA...!!!!!!!!!!
Bunun yazı zamanı nə qədər problemlər
yaratdığını və insanı nə qədər
incitdiyini hər gün bu cür klavyelərlə təmasda
olanlar gözəl bilirlər. Bu nə zaman ortadan
qaldırılacaq bilən varmı? Artıq üç
ildir bu mübarizənin içində
çabalamaqdayam.Abır-ismət də qalmayıb,pul-para da...
Təbii
ki, bu çətinlikləri adlamaq üçün ustalar
lazımdır və ustalar da maşallah bizim məmləkətimiz də
var.Amma lap elə bizim öz MİLLƏTİMİZƏ
LAYİQ ustalarla baş-başayıq.Zəng edib dərdini deyən
kimi: “qardaşım, vur qoltuğuna komputerini gətir
bura”,-deyirlər.
Adamın
başına qaynar su tökülür.Canım-gözüm bu
bir diktofon deyil,bir kiçik yazı
makinası deyil ki,vuraq qoltuğumuza gətirək sənin
yanına və üstəlik də bir usta o birindən
gileyli.Məntiq də bəlli.
Yazılar
yazıram və bu yazıları mən komputerdə
yazdığım üçün qəzetlərin
işi asan olsun deyə,
yazıları bir disketə alıb dosya halında, çox
zaman da e-maillə göndərirəm.(E-maillə göndərilən
yazılar problem yaratdığı üçün bu sevdadan
əl çəkdim).Və onlar da mənim göndərdiyim
yazılara böyük həssaslıqla yanaşıb,
çox zaman necə göndərirəmsə eləcə də
səhifəyə qoyurlar.Bu təbii mənə ləzzət
eləyir. Vergülünə,nöqtəsinə
toxunmadan səni çap eləyirlər. Bundan böyük dad
və hörmət olmaz düşünürəm yazar
üçün.İmza sənin, yazı sənin, bütün məsuliyyət
sənə aid.Mən yazar olan şəxsin yazısına
müdaxiləni heç zaman etik hal hesab eləmədiyim
üçün bu xoşa gələn bir şey.
Amma bu gözəl
münasibətin içindən məhz bu komputerlə
bağlı problemlər ortaya çıxır. Belə ki, bir çox zaman yazılarda bu “J” və
“C” hərflərinin bir-birini əzməsi işi
qarışdırır. Vaxtiylə
göndərdiyim yazılar qəzetinin səhifələrinə
yerləşdirilirkən ortada belə bir mənzərə
yaranır. Məsələn, mən bir yazıdan
kiçik bir misalı oxucuların diqqətinə
çatdırıram.Bu yazı illər öncəsi “Ədalət”
qəzetinin internet səhifəsindən alınıb “word”
deyilən bir proqramın səhifəsinə qoyularkən
baş verir. Və hətta burada KUBİKLƏR yerinə “Ə”
problemi həll olunsa belə CAHİD əvəzinə JAHİD,
TUNCAY əvəzinə TUNJAY, DİNCƏLMƏK əvəzinə
DİNJƏLMƏK kimi getməsi
artıq bütün komputer ustalarına məlum bir şeydir
və bizdən uzaqlarda internet səhifələrində bu qəzetləri
oxuyan insanların nələr çəkdiyi
anlaşılır.
Yazının
fotosu verilir: “B?zil?ri deyir:onun ?l?m?n? Yazar
Mete Tuncayla q?z??n bir
m?bahis ?s?b?b olub?
Yazar Jahid
Tanyol Kemal Tahirin ?l?m?n? Mete Tunjayla aralar?nda
olan bir m?bahis?nin n?d?n oldu?unu ir?li s?r?r.V? hadis?ni
bel? anlad?r: “Kemal Tahirl? 23 aprel 1970-ci ild? ?stanbulun k?nar me??likl?rind?n
birin? gedib kabab ??km?k v? dinj?lm?k ???n raz?la?m??d?q.O, “20 aprel ax?am? Mehmet Barlas?n
( m?h?ur K??? yazar? (T.A.) evin? ged?k”-dedi.M?n
g?lm?y?c?yimi s?yl?dim v? dedim ki, onsuz da ?stanbul
d???nda g?r???j?yik.”
Təbii,
biz bunu diqqətsizlik yox, məhz bizim komputer sistemimizin bir əksikliyi
kimi diqqətə çatdırmaq istədik və üstəlik
də hər hansı bir
yazını qəzetin
internet səhifəsindən çıxararaq “WORD” deyilən
bir proqramın içində bir fayl halında qeyd eləyəndə
məhz “Ə” hərfləri problem yaradır. Baxın bu
yalnız mənim komputerimdədir deyə bir şey yox ( amma bu da ola bilər) bir çox
dostlarımız və yazarlarımız bununla üz-üzədir.
Çünki əlimizdə olan bilgilərə
görə bir redaksiyada yazılan bir yazı başqa bir
redaksiyada normal oxunmur.
ONLAR NƏ DEDİLƏR
Professor,millət vəkili
Nizami Cəfərov : həqiqətən də əlifbamızda
müəyyən dəyişikliklərin edilməsi vacibdir:
“Fikir versək görərik ki, əlifbamızda bir sistemsizlik
var. Buna görə də bu məsələlərə yenidən
baxmaq, irəli sürülmüş təklifləri
müzakirəyə çıxarmaq vacibdir. Yəni
irəli sürülən bu təkliflər təsadüfü
deyil. Həm də indi komputer əsridir.
Baxmayaraq ki, bizim əlifba latın
qrafikalıdır, komputer və telefonlarımızda bu
işarələr başqa cür yazılır. Yəni əksər telefonlarda “ə” işarəsi
yoxdur. Bunun yerinə məcbur qalıb “e”
yazırıq”.
Millət
vəkili bildirib ki, türk xalqlarının ümumi - ortaq əlifbası
yaradılmalıdır: “Bu bizim marağımızda olan bir məsələdir.
Biz istəyirik ki, bütün türk
xalqları bir işarəni eyni cür oxusun və eyni cür
də tələffüz etsin. “A” hərfi
bütün türk xalqlarının əlifbasında var və
“a” səsini ifadə edir. Bu zaman hansı
türk dillərində “ə” səsi varsa, bu da eyni işarə
ilə ifadə olunmalıdır. Bu cür
problemə görə müəyyən dəyişikliklər
lazımdır. Hətta Türkiyə
türkcəsində də “ə” səsinin işarəsinə
ehtiyac var. Əgər biz ümumi əlifba yaranmasını
istəyiriksə, bu zaman Türkiyə əlifbasında da dəyişikliklər
olunmalıdır”.
Nizami Cəfərov bütün bu məsələlərin
geniş müzakirələrə ehtiyacı olduğunu qeyd
edib: “Bildiyimiz kimi, əlifba xalqa məxsus bir şeydir. Buna görə ən tanınmış mütəxəssisin
belə, bu yöndə söylədiyi fikirlər müzakirələrə
çıxarılmalıdır. Bizdə latın
əlifbasının əsasında xeyli sayda kitablar nəşr
olunub, hazırda da nəşr olunmaqdadır. Buna
görə də burdan geri dönüş yoxdur. Amma təmkinlə, hövsələylə müəyyən
məsələləri müzakirə edib həll etmək
olar. Ola bilər, bu bir neçə il
çəksin. Amma müzakirələr
ümumilikdə qaçılmazdır”.
AY CAN-AY CAN, ƏLİFBAMIZI YENƏ DƏYİŞƏCƏKLƏR
(“Ədalət”
qəzetindən): Ötən əsrdə əlifbamızı
dörd dəfə dəyişdilər və millətimizi
xoşbəxt elədilər bununla. Artıq o qədər
xoşbəxt olmuşuq ki, övladlarımız
atalarının kitablarını oxumaq üçün bir əlifba,
babalarının kitablarını oxumaq üçün
başqa bir əlifba, ulu babalarının kitablarını
oxumaq üçün başqa bir əlifba öyrənməlidilər.
Maşallah, övladlarımız da od
parçasıdılar, hətta qədim türk əlifbasını
da bilirlər.
İndi yenidən əlifba söhbəti ortaya
düşüb və deyirlər ki, əlifbaya təzədən
baxmaq lazımdı, əsas məsələ də “ə” hərfinin
üstündədi.
Qarabağda
biri düşük söhbət edəndə deyirlər:
- Ə, qoy oturmuşuq.
İndi
necə deyəcəklər:
- A
üstündə iki nöqtə, qoy oturmuşuq.
Yadımdan çıxmışdı, Akademiyanın
prezidenti hörmətli Mahmud müəllim də “ə” hərfini
xoşlamır.
Görünür, bir də “ə” hərfini bəzi
adamlar ona görə dəyişmək istəyirlər ki,
onlara elə gəlir ki, millət onlara öz aralarında “Ə”
deyir.
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2012.-
15 sentyabr.- S.23.