Azərbaycanın
ilk ordu marşı
İLK ORDU
MARŞIMIZ 16 YAŞLI BİR YENİYETMƏNİN GƏNCƏYƏ
GƏLMİŞ NURU PAŞAYA HƏSR ETDİYİ
ŞEİRƏ BƏSTƏKAR-TARZƏN MƏŞƏDİ
CƏMİL ƏMİROVUN MUSİQİ YAZMASI İLƏ
YARANDI
Yenicə yaranmış Azərbaycan Cümhuriyyətinin xilası üçün 1918-ci ilin iyununda Qafqaz İslam Ordusunun hissələri ilə Gəncəyə gəlmiş komandan Nuru Paşa şəhərin mərkəzi hissəsində, Şeyxzamanlıların evində məskunlaşmışdı. Bu da təsadüfü deyildi. Bir qədər əvvəl Gəncə Milli Komitəsinin üzvləri Nağı Şeyxzamanlı və Hüsaməddin Tuğac (bu türk zabitinin şərəfli ömür yolu haqda “525-ci qəzet”in 25 avqust buraxılışında yazı vermişik) türk hərbi qüvvələrinin Azərbaycana gəlişinin təmin edilməsi məqsədilə Türkiyədə olarkən Ənvər və Nuru paşalarla Gəncədəki fəaliyyətin detallarını da müzakirə etmişdilər. Həmçinin İttihad və Tərəqqi uğrunda Gənc Türk Komitəsinin aparıcı simalarından olan paşalar hələ 1905-ci ildən bəri öz Gəncədəki həmfikirləri, sonralar Milli Komitə və “Ədəmi-mərkəziyyət firqəsi”ni formalaşdırmış “Difai” milli təşkilatının üzvləri haqda çox eşitmişdilər. (Belə ki, vaxtilə sultan rejiminin təqiblərindən qaçan “İttihad və Tərəqqi”nin, xüsusən də onun gənclər qanadı olan “Türk Ədəmi-mərkəziyyət Liqası”nın üzvləri Gəncədə, üz məsləkdaşlarının yanında sığınacaq tapmışdılar).
Yeniyetmə şair
Şeyxzamanlıların bacısı Münəvvər xanımın yeniyetmə oğlu, ara-sıra şeirlər də yazan Səlman, dayılarının evində Nuru Paşanın qarşısında özünün ona həsr etdiyi şeirini oxuyur. Qeyd edək ki, elə şeirdəki misralardan da gəncəlilərin Türk ordusunun şanlı döyüş yolu və rəşadətindən kifayət qədər hali olduğu sezilir:
Gəncədə çalındı azadlıq suru,
Qovdu ürəklərdən zülməti, qoru,
Dağıt düşmən quran məkrli toru,
İrəli, irəli ər Paşam Nuru!
Çanaqqala - nurlu şəhidlik yolu,
Türk aslanlarının bükülməz qolu,
Allahım, sən özün onları qoru,
İrəli, irəli ər Paşam Nuru!
İstanbuldan gəldin Gəncəyə doğru,
Haydı, gavurlara anlat bu zoru,
Gəncədən Bakıya zəfərdir yolu,
İrəli, irəli ər Paşam Nuru!
Ər Paşam Nuru, Ər Paşam Nuru,
Turanın Aslanı, Nər
Paşam Nuru!
Yeniyetmə ikən rəşadətli
Nuru Paşanı görmüş Səlman
Əhmədli 70 illik bir ömür yaşayacaqdı, ədəbiyyat
aləmində az-çox
tanınacaqdı, Əhməd
Cavad, Hüseyn Cavid kimi şəxsiyyətlərlə
dostluq edəcəkdi,
Gəncə Pedaqoji Texnikumunda müəllim işləyəcəkdi. Yazıçılar
İtiifaqının Gəncə
şöbəsinin sədr
müavini Səlman Əhmədli güllələnmiş
Mikayıl Müşfiqə
şeir həsr etdiyi və onu “Ədəbiyyat qəzeti”nə göndərdiyi
üçün repressiya
olunaraq ailəsi ilə birgə sürgünə də göndəriləcək, oradan
döndükdən sonra
Sovet yarımhəqiqət
mühitinə ürək
qızdırmadan, sakitcə,
cavanlıqda daddığı
azadlığın xatirələri
ilə yaşayacaq və iç dünyasının, özünün
sufi, “məcnun” ömrünün mənasına
çevrilən, fəlsəfi
motivlərlə dolu,
“Leyli-Məcnun” mənzum
romanını arxayın-arxayın,
düz 33 il ərzində yazaraq ömrünün sonlarında
başa çatdıracaqdı.
Səlman Əhmədli 1902-ci ildə
Gəncədə doğulmuşdu. Ziyadoğlular
nəslindən olan atası İmamqulu Əhməd oğlu “Difai” milli təşkilatının
üzvü idi və sonra, 1920-ci ildə bolşevik işğalına qarşı
Gəncə üsyanında
həlak oldu.( Elə Səlman
da o vaxt üsyançılara yemək
apararkən düşmən
mərmisinə tuş
gələrək ağır
yaralanmış və həmin mərminin qəlpələrinin
bir qismini bütün ömrü boyu bədənində gəzdirmişdi).
Anası Münəvvər Saleh bəy qızı, Azərbaycan Cümhuriyyətinin tanınmış
simalarından olan Nağı bəy və Məmmədbağır
bəy Şeyxzamanlıların
böyük bacısı
idi.
Cümhuriyyət qurularkən Səlman kifayət qədər yetkin bir gənc
idi. Şəhər gimnaziyasını bitirdikdən sonra, hələ 15-16 yaşında
ikən Gəncə məktəblərində müəllimlik
edirdi. Cümhuriyyətçi
dayılarının, onların
silahdaşları Nəsib
bəy Yusifbəylinin,
Xasməmmədli və
Ziyadxanlı qardaşlarının,
həmin Hüsaməddin
Tuğacın (Sibir sürgünündən qaçıb
Gəncəyə gələn
bu türk ordusu zabitinin yaralarını Səlman öz əlləri ilə sarımışdı)
və digərlərinin
şəxsiyyətləri gənc
Səlmanın formalaşmasında
dərin izlər buraxmışdı.
Məşədi Cəmilin bəstəsi
Kifayət qədər tanınmış
musiqiçi və tarzən, hətta “Seyfəlmülk” adlı
opera belə yazmış,
Türkiyədə təcrübə
keçmiş və öz təcrübəsini
öyrətmiş, oradan ud və kanonu Azərbaycana gətirmiş,
Gəncədə ilk musiqi
məktəbi açmış,
sonralar dünya musiqisinə dahi bəstəkar Fikrət Əmirov kimi oğul bəxş edəcək Məşədi
Cəmil Əmirov o vaxt şəhərdə bir uşaq xoru
da yaratmışdı.
Səlmanın şeiri
Məşədi Cəmilin
diqqətini çəkir
və ətrafdaki qəhrəmanlıq ab-havası
onu şeiri marş halına salmağa sövq edir. Məşədi Cəmil şeirə
türk musiqisi motivli bir hava
yazır və onu həmin uşaq xoru ilə təntənəli
şəraitdə, Bakının
alınması uğrunda
döyüşlərə yollanan Azərbaycan-Türk
əsgərləri qarşısında
ifa edir. Bu marş həmçinin
1919-cu ilin mayın
28-də Gəncədə Cümhuriyyətin
bir illiyi münasibətilə təşkil
olunmuş şənliklərdə
də səslənir.
Bəstəyə qulaq asarkən, onun “Katibim” adlı türk xalq musiqisi ilə
oxşar cəhətlərinin
olduğunu duymaq olar. Bu, əlbəttə Məşədi Cəmilin
türk milli musiqisindən qaynaqlandığının
nəticəsidir. Buradaca
qeyd edək ki, həmin motivin fraqmentlərini musiqi adları cəhətdən
olduqca zəngin əsər sayılan “Azərbaycan” himnində də (“Səndən ötrü can verməyə
cümlə hazırız...”),
eləcə də bir sıra bəstəkarlarımızın
əsərlərində də
sezmək mümkündür.
Bülbül və başqaları
Azərbaycanın birinci ordu marşı
sayıla biləcək
bu əsərin ilk ifaçıları arasında
böyük müğənnimiz,
o zaman Gəncədə
yaşayan gənc Bülbülün də olduğu ehtimal edilir. Səlman Əhmədlinin
oğlu Bəşir müəllimin xatirələrindən
də bu qənaətə gəlmək
olur:
“Mənim qardaşım,
Xalq artisti, mərhum Mobil Əhmədov
1950-ci iilərin sonunda
Azərbaycan Dövlət
Konservatoriyasında, milli
vokal məktəbimizin
banisi, böyük müğənni və pedaqoq, professor Bülbülün
tələbəsi idi. Yay tətili
zamanı Mobil həmişə
olduğu kimi Gəncədə idi.
Bir gün atam öz yazı
dəftərindən əski
əlifba ilə yazlmış bir şeri asta səslə, avazla oxuyaraq Mobilə öyrətdi və ona dedi ki,
bu nəğməni müəllimin Bülbülə
oxuyarsan, ancaq elə edərsən ki, nəğməni oxuyarkən yanınızda
heç kim olmasın. Bakıya gedəndən sonra
Mobil atamın dediklərini
edir. Bülbül
nəğməni dinləyir,
Mobildən təkrarən
oxumasını istəyir
və gözlənilmədən
özü də onunla birlikdə oxuyur, sonra Mobilə
deyir ki, sənin bu nəğmən
məni 40 il əvvələ apardı,
gəncliyimi xatırladım.
Və öz təbirincə, “Müğbil,
mən onsuz da bilirdim ki,
sən mənim gəncliyimlə və taleyimlə bağlı olan Gəncəmdənsən,
kimin nəvəsi və kimin oğlu
olduğunu isə indi bildim. Bu, Azərbaycanın ilk təntənəli
marş nəğmələrindəndir.
Musiqisini
not yazısına köçürüb
Fikrətə vermək
lazımdır. Atasından yadigardır”-deyib. Mobil öz tələbə
dostu Firuddin Mehdiyevlə musiqini nota köçürüblər və
Bülbülün telefon
zəngindən sonra onu aparıb Fikrət Əmirova veriblər. Bir qədər dəqiq fikir versək, Fikrət Əmirovun “Azərbaycan kapriçiosu”nda,
eləcə də onun tərtibatı ilə Əhsən Dadaşovun ifa etdiyi “Bayatı-Şiraz” rəngində həmin nəğmənin intonasiyalarının
yer aldığını
görərik”.
On illərlə yalnız
ürəklərdə gəzən
bu marşı nəhayət, bir daha səsləndi. Əski əlifba
ilə yazılmış
saralmış dəftərləri,
eləcə də insan yaddaşını söz-söz incələyərək,
o şərəfli günlərdən
yadigar qalmış bu marşı bərpa etmək mümkün oldu. İlk səsləndiyindən
düz 90 il keçdikdən sonra,
2008-ci ildə bu təntənəli nəğməni
elə həmin Səlman Əhmədlinin oğlu, bir neçə ay bundan əvvəl Allahın rəhmərinə qovuşan
Bəşir Əhmədli
və gəncəli qocaman tarzən Hüseyn Verdiyev birgə ifa etdilər. Həmin səhnəni bu sətirlərin müəllifi
olan bəndəniz özünün “Cümhuriyyətə
doğru üç addım” adlı sənədli filminə daxil etdi və
bu film həmin ilin
mayın 28-də televiziya
ilə nümayiş olundu. Amma təəssüf,
nə həmin vaxt, nə bu
marş haqda ayrıca tele-oçerk hazırlayıb efirə verdikdən sonra, nə də aradan keçən bu dörd il ərzində tariximizlə bağlı bu əsərə onun layiq olduğı
diqqəti nə tamaşaçılardan nə
də musiqi mütəxəssislərindən görüb-eşitdik. Görünür teleekranlarımızda hegemonluq
edən və tamaşaçı beynini
yalnız düşük
və səthi anlayışlara kökləyən
şou-əyləncə-hoqqa verilişləri də öz işini görüb.
Zakir MURADOV
525-ci qəzet.- 2012.- 15 sentyabr.- S.21.