“Mənbələri müqayisəli təhlil etməsən, yazdığın tarixin heç bir qiyməti olmaz”

 

Akademik Nailə Vəlixanlı: “Milli Azərbaycan Tarixi Muzeyi öz fondlarının zənginliyinə görə dünya muzeylərindən geri qalmır”

 

Müsahibim - görkəmli alim, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor Nailə Vəlixanlının indiyədək 8 kitabı, 200-dən çox elmi məqaləsi çap olunub. Son illərdə əldə etdiyi böyük nailiyyətlərdən biri də elmi təşkilatçılığı və redaktorluğu ilə çoxcildli “Azərbaycan tarixi”nin II cildinin işıq üzü görməsidir. Təqribən 30 il müddətində Bakının müxtəlif ali məktəblərində Azərbaycan tarixinə, onun mənbəşünaslıq və tarixşünaslığına və digər problemlərə dair mühazirələr oxuyub, gənc nəslin vətəni tanıması və sevməsi üçün  bilik və bacarığını əsirgəməyib. Bununla yanaşı, o, Rusiya, Macarıstan, Norveç, Fransa, Çin və başqa ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda uğurlu çıxışlar edib.

- Nailə xanım, görkəmli şairimiz Rəsul Rza:

- Damla dənizdə yaxşıdır

Damlasız dəniz olmaz, - deyir...

- Alimlərdən ibarət elm dənizini nəzərdə tutursunuzsa, yəqin ki, mən də o dənizi əmələ gətirən damlalardan biri kimiyəm. O damlalar olmasa, sözsüz ki, dəniz yaranmaz. Mənim də elm dənizinin yaranmasında bəlkə hansısa bir əməyim var. Biz damlalar  yığışıb nəyisə yaratmışıqsa, bu məni şərəfləndirir.

- Bəzən  dənizi seyr edəndə o damlalar çox qiymətli qaşlara bənzəyir...

- Sizin dediyiniz dənizdə bərq vuran damlalar, əlbəttə, çox deyil, amma var.

- Alim olmaq üçün nə lazımdır, xarakterinizdəki hansı cəhətlər sizi bu pilləyə gətirib çıxartdı?

- Yaxşı biliyə sahib olanlarımız çoxdur. Amma “Hər oxuyan Molla Pənah olmaz” - deyiblər. Elmlər Akademiyasının həqiqi üzvü olsam da, bu vaxta qədər hələ özümü alim adlandıra bilmirəm. O yüksək mövqeyi qazanmaq üçün müəyyən biliklərə sahib olmaq, həddindən artıq çox işləmək, bir də Allah vergisi olan analitik qabiliyyət lazımdır. İnsanda analitik qabiliyyət olmasa, zəhmətlə bilik üst-üstə düşməsə, o, heç nəyə nail ola bilməz.

- Gəlin bunların üzərinə yaddaşı da əlavə edək. Yaddaş insana nə üçün lazımdır?

- Yaddaş insanı öz keçmişi ilə birləşdirən körpüdür. Bəzən özümüz barədə deyirik: niyə görə biz unutqanıq? Bu o demək deyil ki, biz o şeyləri beynimizdən silmişik. Xeyr, o bizim yaddaşımızda durur. Sadəcə biz ona analitik gözlə baxmırıq. Yaddaş insana ömrünün sonuna qədər vacibdir və ona yoldaşdır. Deyərdim ki, yaddaş insanın ikinci “mən”idir.

- Bir tarixçi olaraq deyə bilərsinizmi ki, biz nəyi unutmağın əziyyətini çəkirik?

- Dilimizi, yerimizi, qiymətimizi, əlaqələri, bizə olan və bizim başqasına olan münasibətləri  yaddan çıxarmaq doğru deyil. Valideyn övladına nəsə başa salmaq istəyəndə öz həyatını gözlərinin qarşısına gətirir və çalışır ki, onun vaxtında yıxıldığı yerdə övladı büdrəməsin. Təəssüf ki, insan cəmiyyətində atalar-oğullar məsələsi ömrü boyu olub, həmişə də olacaq. Tarixin gedişindən nəticə çıxarmayanlar yenidən səhvlər etməyə məhkum olurlar.

- Konkret olaraq Qarabağ məsələsində hansı səhvlərə yol vermişik?

- Bu elə dediyiniz yaddaş məsələsidir. Bəlkə də biz o münasibətlərə həddindən artıq inanmışıq, bəlkə dərindən fikirləşməmişik, birliyimiz olmayıb, bir-birimizin əlindən tutmamışıq, arxa durmamışıq. İstər Qarabağla, istərsə də başqa bir tarixi hadisələrlə bağlı olsun. Əgər biz hər hansı bir münasibəti düzgün dəyərləndirməsək, bizə xoş görünən münasibətin arxasındakı o fitnə-fəsadı, yalanı görməsək bizim işimizin uğuruna inanmaq bir az çətindir.

- “Birləşə bilməmək” - son zamanlar ən çox təkrarlanan ifadədir. Alimlər arasında da bu amillə qarşılaşırsınız?

- Bilirsiz, bu məsələdə tərbiyənin, ideyanın, məfkurənin böyük rolu var. Yəni məfkurə baxımından mənim kənarlara - istər qonşulara, istər yadlara, istər qohumlara olan münasibətim düzgün istiqamətlənsə, mən də birləşmək, yaxud birləşməmək barədə düzgün yolu seçərəm. Hər bir şeyin özülü olmalıdır.

- Siz tərbiyənin insanın formalaşmasında böyük rolunu qeyd etdiniz. Geniş  auditoriyaya malik bir insan kimi müasir gənclər barədə fikriniz mənim üçün maraqlıdır.

- Baxın, biz indi Hacı Zeynəlabdin Tağıyevin yaşadığı mülkdə oturmuşuq. Onun Azərbaycan qadınına, Azərbaycan qızına verdiyi ən böyük qiymət, ən böyük hədiyyə 1903-cü ildə Şərqdə ilk dünyəvi qız məktəbini açması oldu. O başa düşürdü ki, bizim bugünkü qızımız sabahkı anadır. Əgər qadının əxlaq, bilik səviyyəsi lazımi səviyyədə olmasa o heç vaxt övladını cəmiyyətin müsbət bir vətəndaşı kimi böyüdə bilməyəcək.

Biz “sovet dövrü tərbiyəsi” deyirik. Bu o demək deyildi ki, mən sovet insanıyam, bu əxlaqi keyfiyyətlərə malik olmalıyam. Bu müqəddəs kitablarımızda da bizə təlqin olunan adi insani keyfiyyətlərdir. Gənclər özlərini həmişə daha ağıllı, daha çoxbilmiş hesab edirlər. Fikirləşirlər ki, o təcrübədən istifadə etməyin nə mənası var. Bu düzgün deyil. Onlar həmişə böyüklərin təcrübəsindən öyrənməlidirlər.

- Sizin haqlı işinizə qarşı hansısa təzyiq olanda necə rəftar edirsiniz?

- Deyirlər ki, insan zülmə tabedir. Əslində bəzi insanlar var ki, onlar fağırın zalımıdır. İnsan özünü o cür fəqir, aciz göstərməsə yaxşıdır.  Həyatımın hansısa anında mənə qarşı da haqsızlıq olub. Bəzən elə olub ki, o qüvvəyə qarşı çıxa bilməmişəm, qatlaşmışam haqsızlığa. Düşünmüşəm ki,  vaxt gələr həqiqət öz yerini tapar. Atalar deyir: “Haqq nazilər, amma üzülməz”.

- Bunu əminliklə deyirsiniz?

- Əlbəttə, həmişə belə olmur. Mənim üçün ən ağır bir zərbədir yaxşı insanın qarşısına pislik çıxması. Yenə də Hacı Zeynəlabdin Tağıyevdən misal çəkəcəyəm. Nələr etməmişdi xalqına. Təsəvvür edin ki, həyatının çox yaşlı vaxtında bu binanı  əlindən aldılar. Bu evi məxsusi olaraq xanımı üçün tikdirmişdi. Çox böyük xeyirxah işlər görən Sona xanım general qızı idi, gözəl ailəsi vardı. Axırı nə oldu? Küçələrdə dilənə-dilənə, ağlı başından çıxmış vəziyyətdə həlak oldu. Övladları, Sara xanım nə qədər əziyyətlər çəkdi...

Mən bəzən fikirləşirəm ki, hər adama yaxşılıq eləmək düzgün deyil. Əgər sən qəlbi fitnə ilə dolu pis adama yaxşılıq edirsənsə, yəqin ilahi qüvvə qəzəblənir ki, mən ona layiq gördüyümü sən niyə dəyişdirmək istəyirsən? Bu həyatdır, həyatın hər üzü var.

- Təhsiliniz, elmi yaradıcılığınız barədə eşitmək istərdik...

- Bakıda 132 nömrəli məktəbi bitirmişəm. O zaman yüksək səviyyəli müəllimlər dərs deyirdilər orda. Sonralar mənə məlum oldu ki, bu müəllimlərin əksəriyyəti Hacı Zeynəlabdin Tağıyevin məktəbini bitiriblər. Gövhər Usubova, Bilqeyis xanım,  Zeynəb Atakişiyeva... Orta məktəbi bitirəndə bizim məktəbdə oxuyan 3 qız: Rəna Əhmədova, Aida İmanquliyeva, bir də Nərmin Sultanova şərqşünaslığın ərəb dili fakültəsinə qəbul olundular. O zaman şərqşünaslıq fakültəsi təzə açılmışdı. Bu məni də həvəsləndirdi və mən ərəb dili fakültəsinə daxil oldum. İnstitutu qurtarandan sonra akademiyada işləməyə göndərdilər. Təyinatla akademiyanın Şərqşünaslıq İnstitutuna göndərildim. Oranın direktoru Ə.Sumbatzadə mənə dedi ki, gəl belə bir mövzu işlə: XI -XII əsr ərəb coğrafiyaşünas alimləri Azərbaycan haqqında. 1968-ci ildə akademik Ziya Bünyadovun elmi rəhbərliyi ilə namizədlik dissertasiyamı uğurla müdafiə etdim. Sonrakı illərdə də Ərəb xilafəti, o cümlədən Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemlərinin öyrənilməsi, regionun sosial-iqtisadi münasibətləri, siyasi-mədəni tarixi və tarixi coğrafiyası məsələləri elmi yaradıcılığımda əsas tədqiqat obyekti oldu. Bilirsiniz, tarixi obyektiv işıqlandırmaqdan ötəri mütləq mənbələrə söykənmək lazımdır. Mənbələri müqayisəli təhlil etməsən, sənin o yazdığın tarixin heç bir qiyməti olmaz. Azərbaycan tarixinin ikinci cildinin redaktoru oldum. Azərbaycanın tarixi coğrafiyası ilə məşğul oldum. 14 ildir Azərbaycan Tarixi Muzeyində işləyir və muzeyşünaslıqla məşğul oluram.

-  Müəyyən hadisələr haqqında, bir də görürsən ki, 3-4 müəllif məlumat verir. Və yaxud eyni hadisəyə müxtəlif münasibət ifadə edilir...

- Hər bir dövrdə hökmdarların vaqeənəvisləri olur, yəni hadisələri qələmə alan adam. Bu tarixçilər hökmdarın başına gələn hadisələri, bütün döyüşlərini, görüşlərini xronoloji ardıcıllıqla qeyd edirlər. Hər dövrün yazarı müəyyən bir dövlətə, hökmdara qulluq edirsə, sözsüz ki, onun mənafeyini də güdəcək. Ona görə tarixçi bunu bilməli və hansı mənbədən istifadə edəcəyini müəyyənləşdirməli, müqayisələr etməli, sonra ümumi nəticəyə gəlməlidir ki, yanlışlıq olmasın.  İşğallar nəticəsində ölkələr fəth edilirdi. Yazarları müxtəlif adlarla həmin ölkələrə göndərirdilər ki, gedib o ərazilərin yollarını öyrənsin. Məsələn, Azərbaycana gəlirlərsə, mütləq yolları öyrənməlidir. Beləliklə o ölkənin ərazisi, xalqı, ənənələri haqqında kitablar yazılırdı. Biz tariximizi o kitablardan götürürük. Ona görə də həmin mənbələrin qiyməti çox böyükdür. Qədim və orta əsrlər tarixinin haradasa Səfəvilərə qədər dövrü ilə məşğul olan mütəxəssis yox dərəcəsindədir. Hazırda bu işə başlanılıb, prezidentimiz bu məsələ ilə bağlı vəsait də ayırıb. Mənbələri əslindən oxumaq üçün qədim dillər öyrənilməlidir . İstər-istəməz öz tariximizi bilməkdən ötrü, düşmən də olsa, erməni mənbələrini oxumalıyıq. İş orasındadır ki, qədim erməni mənbələrinin çoxu ermənilərin özləri tərəfindən rus dilinə tərcümə olunub. Biz indi onlardan istifadə etməkdə bəlkə də səhv edirik. Biz o dilləri öyrənib tarixi faktları mənbənin əslindən götürməliyik. Gürcü mənbələri, fars mənbələri, ərəb mənbələri də eləcə.

- Hazırda Milli Muzeyə rəhbərlik edirsiniz. Bu zəngin mədəniyyət ocağını dünyanın qabaqcıl muzeyləri səviyyəsinə çatdırmısınız desək səhv etmərik...

- Muzeydə çox işlər görülür. Azərbaycan xalqının ən qədim dövrlərdən bugünədək tarixi inkişaf yolunu əks etdirən ekspozisiyanın qurulması, müxtəlif mövzulu sərgi, konfrans, simpozium və seminarların təşkili ilə məşğuluq. Muzey materiallarına həsr olunmuş elmi əsərlərin, o cümlədən kitab-albom, kataloq, buklet və bələdçi kitablarının nəşrinə nail olmuşuq. Bilirsiniz ki, muzeyin binası ekspozisiya zalları, fondlar çox pis vəziyyətdə idi. Cənab prezidentin sərəncamı ilə 2004 - 2007-ci ildə muzey təmirə dayandı. İndiki şəraitimizdən çox razıyıq.

Muzeyimiz öz fondlarının zənginliyinə görə heç də dünya muzeylərindən geri qalmır . İstər etnoqrafiya, istərsə də arxeoloji baxımdan müəyyən hadisələrlə bağlı sərgilərimiz olur. Musiqi, muğam, Qarabağ xalçaları ilə bağlı sərgilərimiz hamının marağına səbəb olub. Qışda dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdala həsr olunmuş  sərgi keçirdik. Çexiya muzeyi ilə əlaqə saxlayırıq, qarşılıqlı sərgilərimiz olmalıdır. Keçən il muzeylərin problemləri və Hacı Zeynəlabdin Tağıyevin qız məktəbinə həsr olunmuş konfranslarımız oldu. Oktyabr ayında silah sərgisi açmağa və Türkiyənin beynəlxalq bir konqresini də keçirməyə hazırlaşırıq. Muzey Akademiyanın elmi tədqiqat müəssisəsidir. Muzeyşünaslığa, ümumiyyətlə Azərbaycan tarixinin müxtəlif məsələlərinə, arxeologiya, silah fonduna dair tədqiqatlar, Azərbaycan xanlıqlarının bayraqları mövzusunda dissertasiyalar müdafiə olunur. Bizi ziyarət edən əcnəbi qonaqlarımız 1 saat ərzində ekspozisiyamızı gəzərkən sanki Azərbaycan tarixi kitabını vərəqləyirlər. Xalqımızın mənliyini təsdiq edən bu muzeydə Azərbaycanın tarixi ilə tanış olandan sonra, demək olar ki, heyrətlənir, belə bir dövlətin, belə bir xalqın varlığına təəccüblərini gizlədə bilmirlər. Biz bununla qürur duyuruq.

 

 

Saminə HİDAYƏTQIZI 

 

525-ci qəzet.- 2012.- 15 sentyabr.- S.20.