Britaniya generalının Bakı gündəlikləri

 

(Bakının azad edilməsinin 94 illiyinə həsr olunur)

 

Hədəf - Bakıdır!

 

1918-ci il iyunun 1-də “Densterfors”un qərargahı Həmədandan Qəzvinə köçürüldü. Yerdəyişmə təsadüfi deyildi. İngilislər Bakıya daha yaxın olmaq, ilk imkan yaranan kimi Xəzərin Azərbaycan sahillərinə keçmək istəyirdilər.

Artıq Tiflislə bağlı planlar dəyişilmişdi. Alman hərbi qüvvələrinin bu şəhərdə yerləşməsindən sonra Denstervil missiyasının Gürcüstan paytaxtına  səfəri əslində qeyri-mümkün idi. Digər tərəfdən,  yalnız Qafqazın yox, Rusiya və Orta Asiyanın da taleyinin Bakıda həll olunduğu heç kimə sirr deyildi. Bakı neftinə nəzarət kimin əlində olsa, şərtləri də o diqtə edəcəkdi. Çünki həm Transqafqaz dəmir yolu, həm də Qara dənizdə gəmilərin hərəkəti ilk növbədə  neftdən asılı idi. Almanlar Xəzər neftinə sahiblənəcəkləri təqdirdə həqiqətən də Orta Asiyada toplanmış çoxsaylı alman və Avstriya hərbi əsirlərinin yardımı ilə Britaniya müstəmləkələrinə ciddi təhlükə törədə bilərdilər.

“Odur ki, bizim əsas məqsədimiz Xəzər dənizi üzərində ağalıq idi, - deyə Denstervil açıq şəkildə yazırdı. - Buna isə biz yalnız Bakını ələ keçirməklə nail ola bilərdik. Bir də şəhərin düşmən qüvvələrin (“düşmən qüvvələri” dedikdə öz doğma paytaxtlarını işğaldan azad etmək istəyən azərbaycanlılar və onların köməyinə gələn Qafqaz İslam ordusu nəzərdə tutulurdu - V.Q.)  nəzarəti altına düşməsinə heç vəchlə yol  verilməməli idi. Bakının əhəmiyyəti son dərəcə böyük olduğundan şübhəsiz, ona sahiblənmək üçün yol verilən hər bir risk özünü doğruldurdu”.

Riskə məruz qalan isə təbii ki, britaniyalılar deyil, yerli xalqlar idilər. Təpədən dırnağa müstəmləkə ruhu ilə aşılanmış Denstervilin nəzərində Britaniya ağalığının təmin olunması üçün digər yerlərdəki kimi burada “parçala və hökm sür” siyasəti həyata keçirilməli idi: “Zaqafqaziyada vəziyyət çoxdan ümidsizdir, - deyə o, soyuqqanlılıq və sinizmlə yazırdı: - Onlar (bütünlükdə Qafqaz xalqları, ilk növbədə isə münaqişə vəziyyətində olan ermənilərlə azərbaycanlılar nəzərdə tutulur- V.Q.) taqətdən düşənə qədər biri-birlərini qırmalıdırlar. Bəlkə bundan sonra biz qayda-qanun yarada bilək. İndi isə Qafqazda dinlər və tayfalararası mübarizə o qədər qızğındır, bolşevizm ruhu o qədər dağıdıcıdır, ehtimali tərəfdarlara - britaniyalılara inamsızlıq o qədər güclüdür ki, yaxın zamanlarda burada uğur qazanmağımız inandırıcı görünmür”.

Eyni zamanda Denstervil ingilisləri təkidlə Bakıya dəvət edən eser və daşnakların həqiqi niyyətini də çox gözəl anlayırdı. Onların sadəcə mövqelərini möhkəmləndirmək üçün bu avantüraya əl atdıqlarını  başa düşürdü. Bunu bəlli bir ironiya hissi ilə yazılan və ədəbi istedaddan xali olmayan aşağıdakı sətirlərdən də müşahidə etmək mümkündür: “Onlar bizi yardıma çağıranda fikirlərində yalnız bir şey - pul və yenə də pul var. Biz onlar üçün qızıl yumurta yumurtlayan toyuq timsalındayıq. Ola bilsin ki, müəyyən vaxta qədər bu yumurtadan faydalananların nəzərində populyarlığımızı qoruyub saxlayacağıq. Lakin sonda hətta onlardan da həqiqi minnətdarlıq sözləri eşitməyəcəyik. Digərlərinin şəxsində isə özümüzə düşmən qazanacağıq”. Hadisələrin sonrakı inkişafı ingilis generalının ən azı bu məsələdə kifayət qədər uzaqgörən olduğunu göstərmişdi.

Bakı uğrunda savaşın başladığı ilk günlərdə isə o, məsələnin bütünlükdə Qafqaz problemindən kənarda həllini daha məqsədəuyğun sayaraq yazırdı: “İndi şəhərin erməni icması və bolşeviklər Qafqaz İslam ordusunun hücumu qarşısında müdafiə olunurlar. Ermənilərə bütün varlığı ilə nifrət edən gürcülər onlara qətiyyən əl uzatmaq fikrində deyillər. Bəs biz  hansı yolla yardım edə bilərik? Qalib gəlsək, qazancımız nə olacaq? Amma qələbə mənə tam imkansız görünür. Qayda-qanunu yalnız ordunun köməyi ilə bərpa etmək mümkündür. Bizim isə bu bölgədə ordumuz yoxdur. Bir neçə zabit, bir neçə zirehli maşın və çoxlu pul vəziyyəti düzəltmək əvəzinə daha böyük gərginlik ocağı yarada bilər”.

İyulun 13-də Qəzvindən ölkəsinin Hərbi Nazirliyinə göndərdiyi məlumatda o, ayrıca bir yarımbaşlıqda Bakı məsələsinə toxunaraq yazırdı: “Bakı hadisələri. Burada bolşeviklərin sovet hakimiyyəti adlandırdıqları hökumət hələ öz mövqelərini qoruyur. Bu hakimiyyət Moskvadakı Mərkəzi Komitə ilə daim əlaqə saxlayır. Lakin əhali arasında nüfuzunu sürətlə itirməkdədir. Çox ehtimal ki, eserlər tezliklə bolşevikləri Bakıdan sıxışdırıb çıxaracaqlar. Onu da nəzərə almaq lazımdır ki, şəhər ərzaq və hərbi təchizat baxımından Həştərxandan asılı olduğundan eserlər burada  sovet hakimiyyətini devirməmişdən əvvəl eyni işi Həştərxanda həyata keçirməyə çalışacaqlar”.

General Denstervil İranda keçirdiyi aylarda sonralar ağqvardiya hərəkatı sıralarında yer alan və Britaniya ordusunun general-mayoru rütbəsinə yüksələn polkovnik Biçeraxovun simasında özünə yerli şəraitə bələd yardımçı tapmışdı. Lazar Biçeraxov (1872-1952) milliyyətcə osetin idi. Birinci Dünya müharibəsinin iştirakçısı olmuş, 1915-1918-ci illərdə general N.N.Baratovun ekspedisiya ordusunun tərkibində İranda xidmət etmişdi. Çarizmin süqutundan sonra burada da anarxiya və xaosun hökm sürdüyünü görərək özünün təxminən 1000 nəfərlik hərbi qüvvələrini formalaşdırmışdı. Əsasən həmvətənlərindən və kazaklardan ibarət olan qeyri-nizami “ordu” İranda əsasən qarət və soyğunçuluqla məşğul idi. Siyasi himayədar axtarışı Biçeraxovu britaniyalılarla yaxınlaşdırmışdı. 

Hər iki tərəfin fayda güddüyü bu ittifaqdan Denstervil daha çox yararlanmışdı. Əvvəla, kazak atamanı onun Bakıya yolu üzərindəki ciddi maneələrdən birini - inqilabi şüarlar altında meydana atılan Mirzə Kiçik xanın müqavimətini zərərsizləşdirmişdi. Bunun ardınca Biçeraxov öz kazaklarının başında “Densterfors”un ön dəstəsi kimi Azərbaycana daxil olmuşdu.

Bakı Soveti hökuməti onun ingilislərlə əlaqələrindən xəbərsiz deyildi. Lakin vəziyyətin çıxılmazlığı hətta bolşevizmə əsla rəğbət bəsləməyən qüvvələrin xidmətlərindən yararlanmağı da zərurətə çevirirdi. Üstəlik, Biçeraxovun dəstəsi ilə kiçik Britaniya kontingenti - 4 zabit və əlli nəfərə yaxın əsgər də gəlmişdi. Doğrudur, Bakı kommunası hökuməti gözlənilməz hadisələrin qarşısını almaq üçün  müəyyən önləyici tədbirlər görməyə çalışmışdı. Məsələn, Biçeraxov qüvvələrinin birbaşa Bakıya  deyil, Ələt stansiyasına çıxarılması qərara alınmışdı. İyulun 7-də  Kürdəmir istiqamətində döyüşlərə qoşulan polkovnik  Biçeraxov sağ cinaha komandanlıq edirdi. Savaş həm onun özü, həm də yeni müttəfiqləri üçün uğursuzluqla nəticələndi. Azərbaycan-türk qüvvələrinin irəliləməsinin qarşısını almaq mümkün olmadı. İyulun son günlərində onlar artıq Qurd qapısı və Biləcəri yüksəkliklərində mövqe döyüşləri aparırdılar. Denstervilin gündəliklərində qeyd etdiyi kimi, hətta iyulun 26-da Bakının süqutu üçün real imkan yaranmışdı. Sadəcə, Qafqaz İslam ordusunun üzləşdiyi son dərəcə böyük çətinliklər qazanılmış uğuru qələbəyə çevirməyə imkan verməmişdi. Vəziyyətin ümidsizliyini görən Biçeraxov iyulun 30-da qüvvələrini Petrovsk (indiki Mahaçqala) şəhərinə çəkdi. 

Son günlərini yaşayan Şaumyan güruhu dünənki müttəfiqinin bu xəyanətinə “İzvestiya Bakinskoqo Soveta” qəzetinin səhifələrində belə qiymət vermişdi: “Rediard Kiplinqin qəhrəmanlarından biri Hindistanın özünüidarə hüququ qazanmasından sonra hindlilərin “sahib” sözünü əvvəlki ehtiramla dilə gətirməmələrindən şikayətlənirdi. General Denstervil, polkovniklər Rolandson və Kletterbek rus əksinqilabçılarının tapıb gətirdikləri canlı qüvvələri əhliləşdirən təlimçilər kimi tanınırlar. Və bunun da nəticəsində artıq gözlərimiz qarşısında öz ağasını görən kimi əllərini qaşının üstünə qoyub ehtiramla “salam” deyən yeni indus “nökərinin” surəti canlanmaqdadır”.

Lakin qırmızıların cəbhəsindən eşidilən bu fəryadlar artıq gecikmişdi. Bakıya bolşeviklərin müttəfiqi libasında gələn Biçeraxov mövqeyini dəyişərək yuxarıda da da qeyd etdiyim kimi, eser hakimiyyətinin tərəfinə keçmişdi.  Bununla da öz ingilis ağalarının işini xeyli asanlaşdırmışdı.

“İndiyə qədər Biçeraxovdan heç bir xəbər almamışam”,-deyə yürüşlə bağlı son hazırlıq işlərinin tamamlandığı günlərdə Denstervil yazırdı. -Təbii ki, onun macəralarının hansı istiqamətdə inkişaf etdiyini bilmək məni çox maraqlandırır. Bakıya ya onun yardımı sayəsində, ya da öz qüvvələrimizlə çıxmaq imkanı günü-gündən daha çox reallaşmaqdadır”.

Hələ Xəzərin qarşı sahilində öz saatını gözləsə də, 1918-ci ilin aprelindən etibarən ingilis generalının Bakıdakı proseslərə təsirinin get-gedə artdığı müşahidə olunurdu. Hətta onun bəzi siyasi hadisələrə rejissorluq etdiyini də söyləmək mümkündür. Bakı Sovetinin süqutu və yerli esesrlərin hakimiyyətə gəlməsinin Denstervil tərəfindən bir neçə gün əvvəl anons olunması da bunun sübutudur. Bakı kommunarlarının  siyasi səhnədən uzaqlaşdırıldığı ərəfədə o, gündəliyində yazırdı:  “Mənim Bakı ilə əlaqələrim demək olar ki, gündəlik kuryerlər vasitəsi ilə həyata keçirilir. Artıq deyəsən, bizə dost eserlər çox yaxın zamanda coup d`etat (dövlət çevrilişi - V.Q.) həyata keçirməyə, bolşevikləri devirməyə, Bakıda yeni hakimiyyət bərqərar etməyə və ingilisləri köməyə çağırmağa hazırdırlar”.

Maraqlı haldır ki, Britaniya imperializmini proletariatın barışmaz düşməni elan edən bolşeviklər - Bakı Soveti hökuməti İranda və Azərbaycanda milli-azadlıq hərəkatına qarşı mübarizədə ingilis hərbçilərinin yardımlarından məmnuniyyətlə yararlanırdı. Və aydın məsələdir ki, Azərbaycan neftinin hesabına! Bunu bolşevik hakimiyyətinin qorunması üçün verilən siyasi rüşvət də adlandırmaq mümkündür. Bakı Soveti Ənzəlidəki bolşevik agentləri vasitəsi ilə Densterforsu ardıcıl şəkildə benzinlə təmin edirdi. Tərəflər arasındakı razılığa əsasən 300 funt-sterlinq dəyərində partiyalarla göndərilən benzinin 200 funt-sterlinqi nəqd yolla, qalan 100 funt-sterlinqi isə barter üsulu - “Ford” avtomobilləri ilə ödənilməli idi. Bakı Sovetinin süquta uğradığı 1918-ci il iyulun sonunda Denstervillin bolşeviklərə 50 000 funt sterlinq borcu yaranmışdı. Bu məbləğin müqabilində o, Şaumyan və əlaltılarına 10 ədəd “Ford” avtomobili göndərməli idi. Lakin bolşevik-daşnak alyansı süquta uğradığından Azərbaycanın sərvətlərinin talanmasından əldə olunan bu məbləğ də diribaş ingilislərin cibində qalmışdı.

Bakı nefti hesabına hakimiyyəti əldə saxlamaq niyyəti Centrokaspi diktaturası üçün də səciyyəvi idi. Bu oyuncaq qurumun  “müdafiə naziri”, erməni generalı Akop Baqratuni sonralar öz xatirələrində neftlə ödənilən siyasi rüşvətlə bağlı maraqlı rəqəmlər açıqlayırdı. Denstervil və həmkarları onu da avam vəziyyətində qoymuşdular. Ona görə də Baqratuni keçmiş müttəfiqlərinin özlərini əsl centlmen kimi aparmamalarından acı-acı şikayətlənərək yazırdı: “Britaniyalıları ilk növbədə  neft və benzin maraqlandırırdı. Çünki yanacağa böyük ehtiyacları vardı. Hərbi hissələrinin Bakıya gətirilməsinin əsas şərtlərindən biri kimi daim benzinə olan tələbatlarının  ödənilməsini önə çəkirdilər. Gecikmələrinin başlıca səbəbini benzin çatışmazlığı ilə izah edirdilər. Hər ay bizdən 25 min pud benzin istəyirdilər. Bakıya çağırılmaları ilə bağlı qərar qəbul olunduğu və ön dəstələrin gəlməyə başladığı avqust ayında onlara  25 min pud əvəzinə 62 420 pud benzin verilmişdi. Əvəzində bir qəpik də ödəməmişdilər. Amma hər şeyə rəğmən hərbi hissələrin gəlişi nəinki sürətlənmiş, əksinə, tamamilə dayanmışdı”.

Denstervilə şəraitdən yararlanmağa, Bakıdan az qala hər gün gözlədiyi xəbəri aldıqdan sonra dərhal hərəkətə keçməyə sərəncamındakı qüvvələrin azlığı mane olurdu. May və iyun aylarında bu çatışmazlıq da tədricən aradan qaldırılmışdı. Polkovnik Favnelin komandası altında seçmə Qloçester, Şimali Stafford, Uorçester və Varvik alaylarının döyüşçülərindən formalaşdırılan 39-cu piyada briqadası “Densterfors”a verilmiş  və onun xidmət yerinə gətirilməsinə başlanmışdı. Yetərincə yanacaq ehtiyatı toplanmışdı.

Denstervil tələsirdi. Əvvəlcə o, hətta Biçeraxovun kazakları ilə birlikdə Bakı üzərinə getmək variantını da mümkün sayırdı. Zaqafqaziya Seymi hökumətinin süqut etdiyi 26 may tarixində gündəliyində yazırdı: “Son hadisələr məni Bakıya mümkün qədər tez çatmaq üçün daha bir cəhdə əl atmağa vadar edir. Odur ki, cümə günü buradan (generalın bir neçə günlüyə getdiyi Tehran nəzərdə tutulur - V.Q.) çıxıram. Mayın 31-də Qəzvində Biçeraxova və onun kazaklarına qoşulacağam. Sonra yəqin ki, Ənzəliyə gedən yolda cəngəlilərlə vuruşmalı olacağam. Əgər gecikməsək vaxtında Bakıya çata, şəhəri, ən başlıcası isə neft mədənlərini Tiflisdən yürüş edən almanların və türklərin çəngindən xilas edə bilərik. Yenə də həmişəki kimi kecikəcəyikmi? Daha bu mənim günahım deyil”.

Lakin Britaniya Hərbi Nazirliyindən alınan teleqram ona niyyətini həyata keçirməyə imkan verməmişdi. Nazirlik mövcud şəraitdə “Densterfors”un Bakıya hərəkətini məqsədəuyğun saymamışdı. Azərbaycan öz istiqlalını elan etdiyi gün - mayın 28-də Denstervil Britaniya hökumətinin passiv gözləmə mövqeyi ucbatından itiriləcək sərvətlərdən kədərləndiyini gizlətməyərək yazırdı: “Beləliklə almanlar Bakı neftinə, Krasnovodsk pambığına, Həştərxan taxılına və Xəzər dənizinə sahiblənəcəklər. Bunları düşünmək çox ağır və kədərlidir”.

Hadisələr sürətlə öz kulminasiya nöqtəsinə yaxınlaşırdı. Denstervil isə Bakını “xilas etmək üçün” hələ də Ənzəli limanında gözləməli olmuşdu. Gündəliyindəki qeydlər onun şəhərin (oxu: neftin!) taleyindən nə qədər narahatlıq keçirdiyini aydın şəkildə ortaya qoyur. “Mənə elə gəlir ki, hələ indi də Bakını almanlardan və türklərdən xilas etmək imkanı mövcuddur. Bolşeviklər artıq  hakimiyyəti itiriblər (iyulun 25-də Bakı Soveti hökumətinin məcburi istefası nəzərdə tutulur - V.Q.). Nəhayət iş görmək növbəsi mənə çatıb. Xəzəri keçməli və Bakını xilas etməliyəm” (28 iyul). Üç gün sonra - iyulun 31-də yazılan sətirlər də eyni dərəcədə həyəcanlı idi: “Bakıda vəziyyət son dərəcə gərgindir. Biz gecikə bilərik!” Emissarlarının ilk dəstəsini Azərbaycana yola saldığı  4 avqust gününə aid qeydlərdə də eyni təlskənlik və həyəcan duyulur: “Bakı süqutun bir addımlığındadır. Lakin biz şəhəri xilas edə bilərdik”.

İngilis generalının həyəcanı yersiz deyildi. 1918-ci ilin iyul günlərində Bakı yadelli işğalçılar və neft ovuna çıxanlar üçün həqiqətən də süqutun astanasında idi. Ölkənin həqiqi sahibləri Anadolu türklərinin yardımı ilə “Azərbaycanın başı” saydıqları paytaxtı xilas etmək üçün son döyüşə hazırlaşırdılar. Bakı Sovetinin istefası Şaumyana bel bağlayan ermənilər arasında fikir ayrılığını gücləndirmişdi.  3 min nəfərə yaxın erməni əsgəri cəbhəyə getməkdən boyun qaçırmışdı. Bakıdakı qırmızı ordu qüvvələrinin müvəqqəti komandanı polkovnik Avetisov Qafqaz İslam ordusu ilə danışıqlara başlaması   təklifini irəli sürmüşdü. 

Avqustun 1-də cəmisi 45 günlük ömrü olan Sentrokaspi Diktaturasının idarəçiliyi başlandı. Yeni hərbi-siyasi qurumun əsas özəyini eserlər, menşevik və daşnaklar təşkil edirdilər. Bu rejim də torpağın həqiqi sahiblərinə yad idi və azərbaycanlılar təbii ki, barrikadanın əks tərəfində dayanırdılar. Belə şəraitdə kənar qüvvənin yardımı olmadan yadelli azlığın hakimiyyətdə qalması qeyri-mümkün idi. Odur ki,  Bakının yeni ağalarının ilk işi ingilisləri Azərbaycana dəvət etmək oldu. İyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında Şaumyanın bütün canfəşanlığına baxmayaraq onun əleyhdarlarının vəziyyətdən Britaniya yardımı ilə çıxmaq barəsindəki planı qəbul olundu. Lakin bu siyasi sövdələşmə elə başlanğıc mərhələdən riyakarlıq üzərində qurulmuşdu. “Diktatura” ingilis süngülərinə arxalanaraq öz hakimiyyətini möhkəmləndirmək, ingilislər isə yeni peyda olmuş Bakı “diktatorlarının” gücsüzlük və naşılığından istifadə edərək Xəzər-Qafqaz regionu üzərində nəzarəti ələ almaq istəyirdi.

Britaniyalıların öncül qüvvələri Bakıya Denstervilin sağ əli sayılan polkovnik Bob Stoksun  rəhbərliyi altında Sentrokaspi diktaturası hakimiyyətinin ilk həftəsində -avqustun 4-də gəlmişdi. Ertəsi gün isə Bakının azad olunmasını daha 40 gün geriyə atan savaş baş vermişdi - Qurd qapısını ələ keçirən Qafqaz İslam ordusu ehtiyat qüvvələrin vaxtında gəlib çatmamasından və silah sursat qıtlığından geri çəkilməli olmuşdu. İngilislərin bu hərbi əməliyyatda heç bir rol oynamasalar da, onların gəlişi qələbənin yaxınlığı hissi yaratmışdı.

Denstervillin Bakıya hərəkəti əsnasında yalnız Sentrokaspi diktaturası deyil, Azərbaycan istiqlaliyyətinə düşmən kəsilən digər qüvvələr də milli hökumətə qarşı gələcək əməkdaşlıq yollarının müzakirəsi məqsədi ilə öz emissarlarını İrana, onun yanına göndərmişdilər. Bu istiqamətdə ilk təşəbbüslərdən biri qondarma “Muğan respublikasının” nümayəndələrinə - Lənkəran qəzasında məskunlaşan ruslara məxsus idi. Avqustun 10-da Denstervil onların təmsilçilərini qəbul etmişdi.

“Nümayəndə heyəti mənə hərbi əməliyyatlara rəhbərlik üçün lənkəranlıların seçdikləri bir rus zabitinin (polkovnik İlyaşeviç nəzərdə tutulur - V.Q.) məktubunu təqdim etdi” - gündəliyindəki bu qeyddən sonra Denstervil rus mühacirlərinin  Azərbaycanın cənubunda məskunlaşma tarixinə toxunur və onların yerli əhalini dağlara sıxışdıraraq bütün məhsuldar torpaqları ələ keçirdiklərini yazırdı. Rus əhalisinin inqilabçılarla heç bir əlaqəsinin olmadığı, əksinə, bolşeviklərlə  aralarında bəlli  məsafə saxladıqları ayrıca göstərilirdi.

“Muğan respublikasının” təmsilçiləri İranda aclığın hökm sürdüyünü bildiklərindən “Densterfors” qərargahına əli dolu gəlmişdilər. Əvəzində isə, müəyyən təmənnaları vardı: “düşmənə layiqli müqavimət göstərmək üçün” silah və hərbi müşavirələr istəyirdilər. “Rus mühacirləri  zəngindirlər, - deyə Denstervil yazırdı. - Əllərinin altında həmişə bol taxıl ehtiyatı var. Taxılı manufakturaya və sursata dəyişmək fikrindədirlər. Türklərə qarşı birgə mübarizə məsələsində  mənimlə hər cür əməkdaşlığa razıdırlar. Bakıda onların yardımı bizə çox faydalı ola bilərdi. Çünki tutduqları mövqelər Qafqaz İslam ordusunun irəliləyəcəyi yolun sağındadır. Özləri ilə ordumuz üçün un və digər zəruri mallar gətirmişdilər. Məndən hərəkətlərimizi əlaqələndirməyi dönə-dönə xahiş etdilər. İlkin şərtlərindən biri də hərbi təlimatçılar göndərilməsi ilə bağlı idi”.

Ərzaqla birlikdə ingilislərə iki kiçik gəmi də hədiyyə edən Muğan ruslarının xahişi cavabsız qalmamışdı. Denstervilin əmri ilə Lənkərana kapitan Stepanov və kapitan Qurlyandın rəhbərliyi altında kiçik hərbi qüvvə göndərilmişdi. Zabitlərdən birincisi artilleriya mütəxəssisi idi və “Muğan ordusunda” təlimatçı kimi çalışmalı idi. İkincisi isə intendant xidmətini təmsil edirdi. Bakıda kəskin ərzaq çatışmazlığının hökm sürdüyünü bilən Denstervil bu vasitə ilə öz əsgərlərinin yaxın gələcəkdəki təminatı məsələsini həllinə çalışırdı.

Densterforsun əsas qüvvələrinin yola düşməsindən bir gün əvvəl, avqustun 15-də Bakıda olan polkovnik Keyvort şəhərin müdafiəsi ilə bağlı Ənzəliyə ətraflı məlumat göndərmişdi. Məlumatdan da göründüyü kimi, müdafiə xəttinin ümumi uzunluğu 21 000 yard (təxminən 19 km.) idi. Hərbi qüvvələr hər birində 150-dən 500 nəfərə qədər döyüşçü olmaqla 22 batalyonda birləşdirilmişdi. Bütünlükdə, Sentrokaspi Diktaturasının əsgər və zabitlərinin sayı 10 min nəfərdən çox idi. İngilislərin silahı istisna olunmaqla onların ixtiyarında 6 min tüfəng vardı.

Polkovnik Keyvortun fikrincə, müdafiə son dərəcə yarıtmaz təşkil olunmuşdu. Səngərlərin önündə tikanlı məftildən sipər düzəldilməmişdi, onları biri-biri ilə bağlayan tunellər qazılmamışdı. İntizam yox dərəcəsində idi. Əsgərlər istədikləri vaxt cəbhə xəttini tərk edirdilər. Ərzaq və nəqliyyatla bağlı ciddi problemlər yaşanırdı. Zabit heyəti döyüşçülər arasında heç bir nüfuza malik deyildi. “Üstəlik də daxili siyasi ziddiyyətlər bizə çox mane olur, - deyə Keyvort daha sonra yazırdı. - Ruslar ermənilərlə əməkdaşlıq etmək istəmirlər. Deyirlər ki, türk ordusunun sıralarında rus zabitləri var. Bu səbəbdən  də yerli ruslar cəbhəyə getməkdən boyun qaçırırlar. Əslində deyilənlər cəfəngiyatdan başqa bir şey deyil. Ermənilərə gəldikdə isə, rusların razılığı olduğu təqdirdə birgə işləməyə hazırdırlar”. Rus əhalisinin mövqeyini başa düşmək mümkündür. Bu, onların savaşı deyildi. Ermənilər isə yardımın kim tərəfindən göstərilməsindən asılı olmayaraq fürsətdən yararlanmaq,  Bakını əldə saxlamaq istəyirdilər. 

Polkovnik Keyvort həm ingilislərə rəğbət bəsləyən, həm də əks mövqedə dayanan əhalinin kifayət qədər yaxşı silahlandığını, hökumətin isə bunun qarşısını almaqda aciz olduğunu bildirirdi. Digər konflikt vəziyyəti Petrovun dəstəsi yaradırdı. Leninin bolşeviklərə yardım üçün göndərdiyi bu hərbi qüvvələr nə Sentrokaspi diktaturasına, nə də ingilislərə tabe olmaq fikrində idi. Lazım gələrsə, Petrov hətta döyüşə-döyüşə şəhərdən çıxmaq niyyətini də gizlətmirdi.

Ordudakı intizamsızlıqla bir sırada maddi təchizat və nəqliyyat sahəsindəki çətinliklərə də diqqət yetirilirdi. Cəbhə xəttinin şəhərə son dərəcə yaxınlaşması ciddi təhlükə mənbələrindən biri kimi dəyərləndirilirdi. Britaniya hərbçisinin fikrincə, yaxın günlərdə güclü əks-hücumla Qafqaz İslam ordunun ön səflərinin  tutduqları mövqelərdən bir neçə kilometr qərb istiqamətinə geri oturdulması mümkün olmasa, bu Bakı müdafiəçiləri üçün ciddi fəsadlar yaradacaqdı.

 

(Ardı var)

 

 

525-ci qəzet.- 2012.- 15 sentyabr.- S.18-19.