Səma həsrəti

 

Qafqaz qədim xalqların muzeyidi desək, yanılmarıq. Zamanın keşməkeşlərində keçilməz dağ gədiklərinə, qaya gündöyənlərinə qısnadılmış müxtəlif xalqların qalıqları minilliklərlə yanaşı yaşasalar da öz dillərini, adət-ənənələrini qoruyub saxlayıblar. Tapındıqları torpağın  da suyuna, havasına sadiq qalıblar. Odur ki, milliyyətindən asılı olmayaraq “qafqazlı mayasını” harda görsən səhv salmazsan. Rəssam Arzu Rzayevin əsərlərində ilk baxışdan adamı cəlb edən də məhz bu “tanış” insanların obrazlarının dəqiqliyidi. Sərtliyini sal qayalardan götürmüş, möhtəşəm təbiətlə təmasda qəlbini cilalayıb, mənliyini yapmış bu obrazlar (“Üç nəfər küləkli havada”, “Pıçıldaşanlar”, “Yeməkxanada  pişiyə baxanlar” və s.) göründükləri qədər də birmənalı deyillər. Bu monumental, tirboyun adamların daxilində nə isə kövrək, zərif bir duyğu var. Xüsusilə bu hissÜç nəfər küləkli havada” əsərində sol tərəfdəki gəncin təsvirində özünü büruzə verir. Portret oxşarlığı olmasa da bu obrazda rəssamın avtoportretini görürsənmiş kimi doğmalıq, tanışlıq duyursan. “Arzulara dalmış” tablosunda da sanki Arzu Rzayevin özü kətan səthində bərqərar olur. Halbuki zahiri görüntü tamamilə fərqlidi.

Arzu Rzayevin rənglərindən doğulan insanlar tam tənhadılar. Lakin bu tənhalıq onları əzmir, əymir. Əksinə bir atlant qüdrəti, mərdlik, mətanət aşılayır. Rəssamın  (“Tənha”, “Ağlayan kişi”, “Yuxuya gedən” əsərləri belə tablo qəhrəmanlarının müdafiəsiz anlarını əks etdirsə də onların mərdliyinə, mətanətinə xələl gətirmir. Həyat bu əsər qəhrəmanlarının üstündən ən çətin anlarında belə traktor kimi keçib gedə bilməz. Ən zəif məqamlarında belə onlar özlərində amansız mühitə, əhatəyə qarşı dura biləcək mənəvi güc tapmağa qadirdilər. Hətta qol -budağı hər tərəfdən kəsilib-doğranmış ağac kötüyü də (“Kəsilmiş ağac”) daxilində elə bir enerji qoruyur ki, hər an pöhrə verməyə hazırdı.

Rzayevin fırçası kətan səthini lay budaqlara, iri kompozisiya detallarına parçalamaqla olduqca həcmli formalar yaradır. Sanki tablonu rəngkar fırçası deyil, heykəltəraş tişəsi yaradıb. Kətan səthini qılıncla doğrayıb məkanı genişləndirərək obrazları atmosfer sıxlığına yerləşdirib. Odur ki, tablolar bir ağrı, ağırlıqla yüklənir. Tabloların ölçüləri iri olmasa belə kompozisiya yerliyinin lakonik boşluğu, xırda detallardan təcrid olunması monumentallığı artırır. ( “Parkda oturan qadın”, “Kölgəsi ilə gedən adam”,  Sükut”). 1992-ci ildə Qarabağ müharibəsində kütləvi şəkildə qətlə yetirilən əsgərlərin xatirəsinə həsr edilmişSükut” əsərində boşluq rekviyem kimi səslənir.

Arzu Rzayevin əsərlərinin obrazları major qammalarla oxunan fon, yerlikdə Yer atmosferinin sıxlığına pərçimlənmiş ayrı aləmin varlıqları kimi baxılır. Tablolardakı gərginlik də sanki bu təzaddan doğulur.

Yer planetinin dualist dünyasına ürcah olmuş Arzu Rzayevin obrazları-istər  insanlar, istərsə də ağaclar inadkarlıqla öz daxili aləmlərini qoruyur. Lakin onlar dünya ilə təmasa da hazırdı. (“Tində duranlar”, “Yeməkxanada pişiyə baxanlar” və s.).

Ovçu” əsərində isə tüfəngli adam az qala çölün, meşənin ixtiyar sahibi, ruhudu. Yer-göylə qovuşmuş bu obraz mifik bir varlıqdı. Amma üzündəki ifadə, dodağının azacıq qaçması onu sanki bir bilik yiyəsinə, sirr dağarcığına döndərir. “Quş dili” bilən Süleyman peyğəmbər timsalında psixoloji ovqatla yükləyir.

Eləcə də “Küləyə qarşı gedən” tablosundakı kişi obrazı. Bir məkandan digər məkana nə isə aparırmış kimi daxilində pərsəngi var. Onun küləyə tab gətirməsinin səbəbi də bəlkə bizə məlum olmayan bu bilik pərsəngidi. Ümumiyyətlə, Arzu Rzayevin kompozisiyalarının psixoloji ovqatı bağlı boğçanı xatırladır. Sanki rəssam hər işinin içərisində bir dünya yaradaraq ağzını bağlayıb gedir. Və bu bağlı dünyadan sezilən sirr, azacıq işarə sənə bəs edir ki, əsərə marağından mat qalasan.

“Gecə gülən adam” əsərindən aldığın ikili təəssürat kimi bir məchullu, dərk olunmazlıq girdabına düşəsən.

Klassiklərin fırçasından çıxmış əsəri xatırladan “Gecə gülən adam” kompozisiyasının rəngləri qızıl parlaqlığı ilə sanballı -sağanaqlı baxılır.

Rəssamın “Səma həsrəti” əsəri isə sanki insanın yaxını görməyib istədiyini uzaqda, dolanbac yollarda aza-aza axtardığına çatmaq həvəsini ifadə edir. Obraz həsrətini çəkdiyi işığın, aydınlığın onu büsbütün bürüməsinə baxmayaraq, başını qaldırıb göyə baxmaqla bu ziyanı qəlbinə yığa biləcəyi halda inadla qabağındakı bir parça kağıza, yazıya gözünü dirəyib durur. Nəticədə yetişməmiş kal meyvəni xatırladır.

Qloballaşma, standartlaşma ideallarının insanları maşına, vintə döndərməsini əks etdirən “Şirkətdə” kompozisiyanın diaqonal üzrə qurulması əsərin ideyasını qüvvətləndirir. Yanlış yol tək uzanan masa arxasındakı insanların bir qəlibdən, eyni təzyiq altında yontalanmış detala çevrilməsini ifadə edir. İstər-istəməz Çarli Çaplinin keçən əsrin əvvəlində sənayeləşmə modelini cavablandıran estetikası yada düşür.

Arzu Rzayevin əsərlərinin obrazları sanki başqa planetdən gəlmiş insanlardı. Onlar Qafqaz dağlarının sərtliyini, bucaq altında parçalanmış möhtəşəmliyini ifadə edirlərmiş kimi monumentallığa malikdir. Eyni zamanda bir uşaq sadəlövhlüyü, təmizliyi ilə baxanı ram edir. Dağ adamlarının dəyanəti, dönməzliyi ilə riqqətə gətirirlər. Sanki bu dünyanın xırdalıqlarında tıncıxırlar. (“Yatmış adam”, “Kölgəsiylə gedən adam”, “Səmaya baxan” və s.)

Arzu Rzayev atalı-analı günlərinin ovuntusunu belə onları təsvir etmədən adi interyerlə verməyi bacarır. “Uşaqlıq xatirələri” tablosunda atanın özünü görməsək də asılqandan asılmış şlyapapaltonun evə düşən kölgəsi bəs eləyir ki, kişi zəhmi, ata hənirini duyaq. “Anam ilə səhər” əsərində isə açıq pəncərədən görünən səmanın sakitliyi, rəvanlığı ana nəvazişinin rayihəsini, bu dünyada ilk evimiz olan ana bətninin rahatlığını, ahəngini, etibarlılığını aşılayır.

Ümumiyyətlə, Arzu Rzayevin əsərlərindən aldığın təəssürat sənə uşaqlıq dünyanı xatırladır. O dünyanın kı, onda ağaclar olduğundan böyük idilər, daxilindəkilər o qədər saf, sonsuz idi ki, yerdəkilər də sənə intəhasız, işıqlı görünürdülər.

Əgər rəngkarlığı elektrik işığından qabaqkına və elektrik kəşf olunandan sonrakı dövrə ayırmış olsaq Arzu Rzayevin rəngkarlıq tablolarını heç birinə aid etmək olmaz. Çünki Arzu Rzayevin əsərlərindəki işıq sanki bu planetin işığı deyil. Mütləq mövcudluğun işığıdır ki, “Ağdamda axırıncı səhər”, “Bəxtiyara həsr olunur”, “Tənha” tablolarında olduğu kimi özündə kölgədən çox sirr gizlədir. Yaxud “İsmayıllıya yol” əsərindəki kimi Yerə düşüb  kompozisiyanı əlvan xalçaya döndərir.

 

 

Sara Oğuz NƏZİROVA

 

525-ci qəzet.- 2012.- 15  sentyabr.- S.16.