“Azərbaycanın
təhsil tarixi”: təhsil haqqında dəyərli salnamə
VIII YAZI
Bu günlərdə Azərbaycanın
təhsil naziri, tanınmış ziyalı, ictimai xadim,
professor Misir Mərdanovun “Azərbaycanın təhsil tarixi”
kitabının IV cildi çapdan çıxıb. Kitabın
IV cildində müstəqillik illərində ali təhsilin
inkişaf meyilləri, mövcud problemlər və onların həlli
istiqamətində həyata keçirilən işlər,
yüksəkixtisaslı kadrların hazırlanması sahəsində
əldə olunan nailiyyətlər və ali təhsil müəssisələrinin
təşəkkülündən bəhs edilir. Sürətli
dəyişikliklərin baş verdiyi hazırki dövrdə,
cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı
insan kapitalının formalaşmasında, davamlı
inkişafa zəmin yaradan bilik iqtisadiyyatının
qurulmasında ali təhsilin müstəsna rolu kitabda xüsusi
vurğulanıb.
Müstəqillik
illərində ali təhsil müəssisələrinin şəbəkəsinin
inkişafı, özəl təhsil müəssisələrinin
yaranması, Azərbaycan ali təhsil sisteminin dünya və
Avropa ali təhsil məkanına inteqrasiyası, Boloniya prosesinə
qoşulmaqla əlaqədar aparılan məzmun islahatları və
yeni standartların tətbiqi, keyfiyyətə nəzarətin
müasir mexanizmləri olan akkreditasiya, lisenziyalaşdırma təcrübəsindən
istifadə məsələləri bu cilddə öz əksini
tapıb. Ali təhsil sahəsində yeni normativ hüquqi
bazanın yaradılması, çoxpilləli sistemə
keçidlə əlaqədar həyata keçirilən tədbirlər
də kitabda yer alıb. Ali təhsildə keyfiyyəti təmin
etmək, mülkiyyət formasından asılı olmayaraq, ali
təhsil müəssisəsləri arasında sağlam rəqabət
mühitini yaratmaq məqsədilə universitetlərə
maliyyə müstəqilliyinin verilməsi və
adambaşına maliyyələşmə mexanizminin tətbiqi
də burada geniş şərh edilib. Kitabda, həmçinin
ali məktəb elmi, ali məktəblərə tələbə
qəbulu prosesi və nəticələr, əlavə təhsilin
əsas istiqamətləri olan ixtisasartırma, yenidənhazırlanma,
stajkeçmə və təkmilləşdirmə, təkrar
ali və orta ixtisas təhsili, dərəcələrin
artırılması, yaşlıların təhsili, əcnəbilərin
Azərbaycanda təhsili, xaricdə təhsil, ali təhsil sahəsində
beynəlxalq əlaqələr tədqiqat obyekti olub.
Misir Mərdanov
kitabın ön sözündə bildirib ki, “Azərbaycan təhsil
tarixi”çoxcildliyinin IV cildi müstəqillik illərində
Azərbaycanda ali təhsilin tarixinə həsr olunub. Kitabda
müstəqilliyin ilk illərində 2012-ci ilədək
bütövlükdə ölkənin ali təhsil sistemində
baş vermiş yeniliklər, ali məktəb elmi və əlavə
təhsilin inkişaf meyilləri, eyni zamanda ayrı-ayrı ali
təhsil müəssisələri haqqında ətraflı məlumatlar
öz əksini tapıb: “Sual edilə bilər ki, niyə ali təhsilin
tarixi ayrıca cild kimi nəzərdə tutulmuşdur. Bunun bir
sıra səbəbləri var. İlk növbədə Azərbaycan
Dövlət Universiteti - Bakı Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsində təhsil almışam,
aspiranturada oxumuşam, dissertasiya müdafiə edib müəllimlik
fəaliyyətinə başlamışam.
Uzun
müddət Bakı Dövlət Universitetində
çalışmışam, 1970-ci ildən 1989-cu ilə qədər
burada müəllimlik etmişəm. Sonra Təhsil Nazirliyinə
işləməyə dəvət olunmuşam. Müəyyən
müddət universitetdə prorektor və rektor vəzifələrində
işlədikdən sonra yenidən nazirliyə
qayıtmış, nazir vəzifəsinə təyin
olunmuşam. Bu baxımdan ölkənin ali təhsilinin
inkişafı tələbə olduğum 1964-cü ildən
indiyədək gözlərim önündə baş
vermişdir. Ali məktəb işçisi olduğumdan, təhsilin
bu pilləsi ilə yaxından tanışam, ölkədə
ali təhsilin təşəkkülü tarixini bilərək
onu ictimaiyyətə çatdırmağı mənəvi
borcum hesab etmişəm. Digər tərəfdən hər bir
ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun
uğurlu gələcəyi, inkişaf etmiş ölkələr
arasına daxil olması həmin ölkədə ali təhsilin
səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən
ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin
hərəkətverici qüvvəsi olan insan kapitalına
çevrilməsi ali təhsilin qarşısında duran
müstəsna əhəmiyyətə malik vəzifələrdəndir.
Daha vacib amil ondan ibarətdir ki, sürətli dəyişikliklərin
baş verdiyi hazırki dövrdə, cəmiyyətin
sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı
insan kapitalının formalaşmasında, davamlı
inkişafa zəmin yaradan bilik iqtisadiyyatının
qurulmasında ali təhsilin müstəsna rolu var. Ali təhsil
sadəcə yüksək səviyyəli mütəxəssis
yetişdirmir, o həm də ölkənin insan
kapitalını artırır. İnsan kapitalı dedikdə
isə insanın malik olduğu qabiliyyət,
qazandığı bilik, bacarıq, vərdiş və
motivasiya ehtiyatı başa düşülür. Bu
kapitalın xüsusiyyətləri kifayət qədər
özünəməxsusdur, o, bir insana məxsus olsa da, eyni
zamanda cəmiyyətin mülkiyyətidir.
Sübut
olunmuşdur ki, müasir dövrdə hər hansı bir
dövlətin inkişafını şərtləndirən əsas
amil onun təbii sərvətləri deyil, bu sərvətlərin
yüksək səviyyədə insan kapitalına çevrilməsidir.
Bu da bir həqiqətdir ki, öz maddi resurslarını ən
səmərəli üsulla və qısa müddətdə
insan kapitalına çevirməyə nail olan ölkələr
daha çox uğurlar qazanmışlar. Təsadüfi deyil
ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya və digər
ölkələr məhz insan kapitalından böyük gəlirlər
əldə etməklə bugünkü inkişaf səviyyəsinə
çatıblar.
Yüksək
təhsilli insanlar cəmiyyətdə nüfuzlu şəxslər
kimi qəbul olunduğundan onların digərlərinə təsir
imkanları daha çox olur. Belə insanlar ətrafdakılar
üçün təhsillənməyə, sağlam həyat
tərzi keçirməyə, milli-mənəvi dəyərlərə
yiyələnməyə, bir sözlə, inkişafa yönəlmək
baxımından nümunə rolunu oynayır. Obrazlı desək,
yüksək təhsilli insanlar tərbiyə məktəbidir,
onlar öz biliyi və davranışı ilə daha nümunəvi
həmkar, ailə üzvü, valideyn və sivil vətəndaşdırlar.
Təcrübə göstərir ki, təhsilin inkişafı
cəmiyyətdə siyası, sosial sabitliyin təmin edilməsində
mühüm rol oynayır. Yüksək təhsilli insanlar
siyasi həyatda daha sağlam, daha konstruktiv mövqe tutur,
asanlıqla consensus əldə etməklə münaqişələri
daha asan həll edirlər. Təhsilsiz və ya
aşağı təhsilli insanlar isə vətəndaş
mövqeyini dərindən dərk etmədiklərindən
asanlıqla ayrı-ayrı qrup maraqlarının alətinə
çevrilirlər”.
Təhsil
naziri qeyd edib ki, “Azərbaycan təhsil tarixi” kitabı iki fəsildən
ibarətdir. Birinci fəsildə ali təhsildə idarəetmənin
təşkili, ali təhsil şəbəkəsinin genişləndirilməsi,
məzmun islahatları, normativ-hüquqi bazanın
yaradılması, Boloniya prosesi, yeni maliyyələşmə
mexanizminin tətbiqi, ilkin müəllim
hazırlığı, özəl ali təhsil müəssisələrinin
yaranması, ali məktəb elmi, ali məktəblərə tələbə
qəbulu, dərslik siyasəti məsələləri
geniş şərh edilib.
M.Mərdanov
yazıb ki, müstəqilliyin ilk illəri Azərbaycanın
ictimai-siyasi həyatının bütün sahələri
kimi, ali təhsil sistemi üçün də çox
ağır bir dövr idi. Ermənistanın Azərbaycana
heç bir əsası olmayan torpaq iddeyalarına görə
başlanan münaqişə ölkədə ali təhsil sahəsinə
də çox ağır ziyan vurub. Bu münaqişə nəticəsində
bir ali məktəb, üç ali məktəb filialı
dağıdılıb və “məcburi köçkün”ə
çevrilmişdi. Ölkədə ictimai-siyasi durumun
qeyri-sabitliyi, dağıdıcı meyillərin baş
alıb getməsi bütün sahələrdə olduğu
kimi, ali təhsil müəssisələrinin
binalarının, ərazilərinin və
avadanlığının mənimsənilməsi və
başqa məqsədlər üçün istifadəsinə,
maddi-texniki bazanın dağıdılmasına, bu kimi digər
neqativ halların baş verməsinə səbəb oldu.
Ölkədə hökm sürən xaos təhsil, elm, savad
kimi ümumbəşəri dəyərlərə zərbə
vurdu, nəticədə vaxtilə cəmiyyətdə
böyük hörmət və nüfuza malik olan ali məktəbə,
müəllimə, ziyalıya hörmət, təhsilə
maraq azaldı. Həmin dövrdə ali məktəb müəllimlərinin
sosial ehtiyaclarını ödəmək məqsədilə
kütləvi şəkildə İrana, Türkiyəyə,
Rusiyaya getməsi ali təhsilin inkişafına öz mənfi
təsirini göstərdi”.
Təhsil
naziri vurğulayıb ki, ötən əsrin 90-cı illərinin
əvvələrindən başlayaraq Azərbaycanın təhsil
sistemində islahatlar haqqında müzakirələr getsə
də, islahatın konsepsiyası, həyata keçirilmə
mexanizmi olmadığından bu istiqamətdə işlər
sistematik, planlı şəkildə aparılmayıb. Ölkədə
ictimai-siyası və iqtisadi vəziyyətin sabit olmaması,
islahatın aydın proqramlı konsepsiyası, həyata
keçirilmə mexanizmi olmadığından bu istiqamətdə
işlər sistematik, planlı şəkildə
aparılmamış, epizodik xarakter
daşımışdır. Ona görə də təhsilin məzmunu
və strukturu ilə bağlı tətbiq olunan yeniliklər
gözlənilən səmərəni verməmişdi.
Yalnız 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil
sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra
bütün təhsil sistemində, o cümlədən ali təhsil
pilləsində islahatlar məqsədyönlü şəkildə
aparılmağa başlayıb. Həmin Proqrama müvafiq
olaraq digər pillələrdə olduğu kimi, ali təhsildə
də struktur dəyişiklikləri aparılıb, müəssisələrin
şəbəkəsi optimallaşdırılıb, mütəxəssis
hazırlığının strukturuna yeni ixtisaslar əlavə
olunub. Təhsil sahəsində islahat proqramının əsas
məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən
sonrakı peşə və ona uyğun əlavə təhsil
pillələrində toplanmış potensialı saxlamaq və
inkişaf etdirmək, təhsil sistemini tənzimləyən
müvafiq normativ hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan
Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri,
siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə
əsaslanan dövlət siyasətini həyata keçirməkdən
ibarətdir. Göstərilən tələblərə cavab
verən təhsil sisteminin strukturunun, məzmununun, kadr
hazırlığı və təminatının, tədris,
elmi-metodiki və informasiya təminatının idarə
olunmasının, maddi-texniki bazasının və
iqtisadiyyatının islahatı müstəqil Azərbaycanın
gələcəyi üçün təhsil sisteminin
üstün inkişaf etdirilməli sahə olduğunu təsbit
etməyə imkan verən etibarlı bazanın
yaradılmasını təmin edir. Ölkədə elmin və
mədəniyyətin inkişafı, demokratik vətəndaş
cəmiyyətinin qurulması, modernləşdirilmiş
istehsalat-mülkiyyət sistemi əsasında sabit iqtisadi
artıma nail olunsun. Aşağıdakı prinsipləri əhatə
etməlidir, demokratikləşdirilmə, humanistləşdirilmə,
inteqrasiya, differensiallaşdırma, fərdiləşdirilmə,
humanitarlaşdırılma prinsiplərinə əsaslanaraq, təhsil
alanın şəxsiyyət kimi
formalaşdırılmasını, onun təlim-tərbiyə
prosesinin əsas subyektinə çevrilməsini başlıca
vəzifə hesab edən, milli zəminə, bəşəri
dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini
təhsil alanın mənafeyinə xidmət etmək məqsədi
ətrafında birləşdirən yeni təhsil sisteminin
yaradılmasıdır. İslahatın humanitar xarakterli
olması, onun insanların yaradıcı və keyfiyyətli fəaliyyətinin
hərtərəfli açılmasına yönəldilməsi,
islahatda şəxsiyyətin hüquq və
azadlıqlarının təmin edilməsi, islahatın praktiki
yönümlülüyü - dövlətin və cəmiyyətin
malik olduğu vəsaitlə təmin oluna bilən məqsəd
və tədbirlərin, yenilik və dəyişikliklərin həyata
keçirilməsinə yönəldilməsi, təhsil
sisteminin mütənasib inkişafının təmin edilməsi,
mövcud təhsil sistemində toplanmış təcrübənin
mütərəqqi əsaslarını saxlamaqla müstəqil
Azərbaycanın strateji məqsədlərini həyata
keçirməyə qadir olan intellektual potensialın
formalaşdırılmasında inkişaf etmiş ölkələrin
özünü doğrultmuş və mövcud elmi-pedaqoji
ictimaiyyətin qəbul etdiyi təcrübəsindən istifadə
olunması əsas məqsədlrədəndir: “Ali məktəblərdə
tələbələrin biliyinin qiymətləndirilməsində
mövcud nəzarət mexanizmi və əksər xarici ölkələrin
artıq imtina etdiyi 5 ballı sistem özünü
doğrultmurdu. Bu sistem tələbələrin biliyinin obyektiv
qiymətləndirilməsinə imkan vermirdi. Bütün
bunları nəzərə alaraq, 1999-cu ildə Təhsil Nazirliyi
tələbələrin biliyinin qiymətləndirilməsinin
yeni mexanizminin yaradılmasını bir məqsəd kimi
qarşıya qoydu, bununla bağlı bir sıra qabaqcıl
ölkələrin təcrübəsi nəzərdən
keçirildi. Belə qənaətə gəlindi ki, tələbələrin
biliyinin qiymətləndirilməsində ən obyektiv və səmərəli
üsullardan biri çoxballı sistemdir. Bu sistemin
üstünlükləri nəzərə alınaraq, Təhsil
Nazirliyi tərəfindən “Tələbələrin biliyinin
qiymətləndirilməsinin çoxballı sistemi haqqında
müvəqqəti əsasnamə” təsdiq olundu. Çoxballı sistem tələbələrin
bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsinin
movcud sistemini təkmilləşdirmək, onun səmərəliliyini
artırmaq məqsədi daşıyır və hər bir tələbəyə
fərdi yanaşmanı təmin etməklə tədris
prosesinin əsas sahələrini əhatə edir. Bu sahələr
mühazirə, seminar (məşğələ), laboratoriya dərslərində
və sair iştirakı, laboratoriya və seminarların (məşğələlərin)
nəticələrinə görə bilik səviyyəsinin
qiymətləndirilməsi, əsas və əlavə ədəbiyyatlarla
müstəqil işi, tədris üçün zəruri olan
mətnlərin tərtibi, yoxlama işlərinin və sərbəst
tapşırıqların icrası, kurs layihələrinin
(işlərinin) və referatların yazılması və
onların müdafiəsi. Tələbənin bir semestr (tədris
ili) ərzində hər hansı fənn üzrə toplaya biləcəyi
maksimum balın miqdarı 100-ə bərabərdir. Bunun yarısı
semestr (tədris ili) ərzindəki fəaliyyətə, digər
yarısı isə imtahanın nəticələrinə
görə toplanır. İmtahan sessiyası tələbələrin
biliyinin qiymətləndirilməsi və nəzarəti
forması olub, tədris ili ərzində iki dəfə
keçirilir. İmtahanların cədvəli dekanlıq tərəfindən
tərtib olunur və rektor (tədris işləri üzrə
prorektor) tərəfindən təsdiq edilir. Sessiyanın
başlanğıcına qədər hər bir fənn və
ya fənlər qrupu üzrə imtahan və münaqişə
komissiyalarının tərkibi də təsdiq edilir.
İmtahanlar yazılı formada aparılır.
İmtahanların aparılmasında nizam-intizama və eləcə
də imtahanların gedişinə nəzarət etmək məqsədilə
müvafiq dekanlıqla birlikdə həmin fənn üzrə
mütəxəssis olmayan iki nəfər müəllim
koordinator təyin edilir. 1999-cu ildə eksperimental tədris
planları və çoxballı sistem haqqında əsasnamə
müvafiq ali məktəblərin 41qrupunda tətbiq
olunmağa başlandı”.
M.Mərdanov
qeyd edib ki, 1991-ci ildən başlayaraq ölkənin
ayı-ayrı bölgələrində kadrlara olan tələbatı
nəzərə alaraq, nüfuzlu ali məktəblərin
filiallarının yaradılmasına diqqət
artırıldı. Bakı Dövlət Universitetinin Lənkəranda,
Şəkidə, Gəncə Dövlət Pedaqoji
İnstitutunun Laçında filialları yaradıldı.
Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Azərbaycan
Polis Akademiyası, “Azərbaycan Hava Yolları” Dövlət
Konserninin tədris-təlim mərkəzinin əsasında
Milli Aviasiya Mərkəzi, Azərbaycan Dövlət Neft
Akademiyasının Mingəçevir filialının
bazasında Mingəçevir Energetika İnstitutu, Azərbaycan
Dövlət İqtisad Universitetinin Dərbənd
filialının yaranması müstəqilliyimizin ilk illərinə
təsadüf edir: “Müasir tələblərə cavab verən,
dərin təfəkkürə, pedoqoji və metodik
ustalığa malik olan müəllim kadrların
hazırlığı daim diqqət mərkəzində olub.
Bu işin təkmilləşdirilməsi istiqamətində
müəyyən tədbirlər görülüb. Belə
ki, müəllim kompetensiyasını müəyyənləşdirən
professioqram hazırlanıb, ucqar rayonların məktəblərini
müəllim kadrları ilə təmin etmək məqsədilə
mövcud ixtisas siyahısına (klassifikatora) qoşa ixtisaslar
daxil edilib, pedaqoji təcrübə haqqında qaydalar
hazırlanıb.
Təhsil
Nazirliyi Dünya Bankı ilə birgə Təhsil Sektorunun
İnkişafı Layihəsi çərçivəsində
“Müəlllim hazırlığı” alt komponenti üzrə
“Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və
müəllim hazırlığının konsepsiya və
strategiyası”nı, ibtidai sinif müəllimi hazırlığını
təmin edən məzmunca tamamilə yeni kurikulum
hazırlayıb və həmin sənədlər təsdiq
olunub. Eyni zamanda, “Təhsilin əsasları” fənninin dərsliyi
tərtib edilib. İbtidai sinif müəllimi
hazırlığı üzrə kurikulumun 3 pilot ali məktəbdə
(Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan
Müəllimlər İnstitutu, Gəncə Dövlət
Universiteti) tətbiqinə başlanılıb. Müasir
dövrdə Avropa ölkələri təhsil sistemlərinin
inteqrasiyası və ümumavropa ali təhsil məkanının
formalaşdırılması xüsusi aktuallıq kəsb
edir. Bu baxımdan həyata keçirilən tədbirlər
arasında Boloniya prosesi önəmli yer tutur. Azərbaycan
2005-ci ildə Boloniya prosesinə qoşulub və bununla da
faktiki olaraq ali təhsildə aparılacaq islahatların
konturları müəyyənləşdirilib. Boloniya Bəyannaməsinin
müddəalarını həyata keçirmək
üçün 2006-2010-cu illəri əhatə edən
müvafiq tədbirlər planına uyğun olaraq, “Bakalavr
hazırlığının məzmununa və səviyyəsinə
qoyulan minimum dövlət tələblərinin strukturu” təsdiq
edilib və müvafiq istiqamətlər üzrə yeni nəsil
dövlət təhsil standartları hazırlanıb. Azərbaycanın
Boloniya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə
kredit sisteminin tətbiqinə zərurət yaranıb. Bu
sistemin tətbiqi ilə bağlı hüquqi-normativ
bazanın yaradılması istiqamətində bir çox
xarici ölkələrin təcrübəsi öyrənilib,
“Ali təhsil müəsissələrində kredit sistemi ilə
tədrisin təşkili barədə nümunəvi Əsasnamə”
təsdiq olunub, ilkin mərhələdə bir neçə
ali məktəbdə eksperiment şəklində kredit
sisteminin tətbiqi qərara alınıb. 2006-2007-ci tədris
ilində 10 ali məktəbdə başlanan eksperiment
2009-2010-cu tədris ilindən 27 dövlət ali məktəbinin
bütün ixtisaslarını əhatə edir. Bundan əlavə,
xarici ölkələrdə təhsil alanların
diplomlarının Azərbaycanda tanınması üzrə
müvafiq tədbirlər həyata keçirilib. Belə ki,
Nazirlər Kabinetinin qərarı ilə “Xarici dövlətlərin
ali təhsil sahəsində ixtisaslarının
tanınması və ekvivalentliyinin müəyyən edilməsi
(nostrifikasiyası) qaydaları”na uyğun olaraq Təhsil
Nazirliyində Daimi Komissiya və sektor yaradılıb.
Boloniya
prosesi çərçivəsində diqqəti cəlb edən
məqamlardan biri diplomların ekvivalentliyi və
qarşılıqlı tanınmasında mühüm əhəmiyyət
kəsb edən diploma əlavənin hazırlanmasıdır.
Diploma əlavənin vahid modeli (nümunəsi) Avropa
Komissiyası, Avropa Şurası və YUNESKO-nun ekspertlərinin
də daxil olduğu birgə işçi qrupu tərəfindən
işlənib hazırlanıb. Həmin model üzrə
hazırlanan diploma əlavə məzunların akademik
mobilliyini və onların əmək bazarında fəaliyyətə
başlamasını asanlaşdırır. Bütün
bunları nəzərə alaraq ölkəmizdə də
müvafiq nümunəyə (modelə) uyğun “Diploma əlavə”
hazırlanıb və Təhsil Nazirliyinin əmri ilə təsdiq
olunaraq bütün ali məktəblərə göndərilib.
Ölkəmizdə
təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil
müəssisələrinin Avropa ali təhsil məkanına
inteqrasiyası prosesini və Boloniya Bəyannaməsinin tələblərinin
yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək
məqsədilə Prezident İlham Əliyev tərəfindən
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı bəzi tədbirlər haqqında” sərəncam
imzalanıb. Həmin sərəncamın birinci bəndinə əsasən
“2008-2012-ci illərdə Azərbaycanın ali təhsil
sistemində islahatlar üzrə Dövlət Proqramı”
hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq
edilib. Dövlət Proqramının icrasını təmin
etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən
fəaliyyət planı hazırlanıb”.
Nazir
vurğulayıb ki, cüçlü maddi-texniki bazaya və
yüksək səviyyəli professor-müəllim
potensialına malik olan Azərbaycanın ali məktəbləri
ötən əsrin 60-cı illərindən başlayaraq
xarici ölkələr üçün müxtəlif
ixtisaslar üzrə kadr hazırlığı sahəsində
ilk addımlar atıb. Həmin dövrdə Azərbaycandakı
bir sıra təhsil müəssisələrində xaricilər,
daha çox Asiya, Afrika və Latın Amerikası ölkələrindən
olan tələbələr müxtəlif ixtisaslara yiyələniblər:
“Müstəqilliyin ilk illərində keçmiş Sovet
İttifaqı məkanında yalnız Azərbaycan əcnəbi
tələbələrə yarımçıq qalan təhsillərini
SSRİ-nin üzərinə götürdüyü öhdəlıklər
əsasında dövlət hesabına başa
çatdırmaq imkanı yaratmışdır. O vaxt bu hadisə
beynəlxalq aləmdə ən yüksək səviyyələrdə
müsbət hal kimi qiymətləndirildi. Hazırda ölkənin
15 ali məktəbində əcnəbi vətəndaşları
ali təhsilə hazırlayan strukturlar mövcuddur. 1999-2000-ci
tədris ilində ölkədə dünyanın 18 ölkəsindən
1580 əcnəbi tələbə təhsil aldığı
halda, 2010-11-ci tədris ilinə olan məlumata görə, Azərbaycanın
ali məktəblərində 50-ə yaxın ölkədən,
o cümlədən Türkiyə, Almaniya, İsrail, Misir, Cənubi
Koreya, Pakistan, Hindistan və digər ölkələrədən
6254 tələbə təhsil alır”.
M.Mərdanov
yazıb ki, müasir dövrdə ölkələrin
inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm
də onun təhsil sistemindəki vəziyyət və
mövcud kadr potensialı ilə də
ölçülür. Bu da təsadüfi deyil.
Çünki hər bir ölkədə gedən bütün
mənfi və müsbət proseslər insan amili ilə
sıx əlaqədardır. Hərtərəfli və
davamlı inkişafın etibarlı yolu elm və təhsilə
daha çox diqqət və qayğı göstərilməsindən
və onun müasir dünya standartlarına uyğun təşkilindən
keçir. Məhz buna görə də qərb və yer
kürəsinin digər qabaqcıl dövlətləri özlərinin
inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə
doğru irəliləmək üçün bu sahəyə
birinci dərəcəli əhəmiyyət verirlər: “Həmyerlilərimiz
pərakəndə şəkildə tarixinin müxtəlif
çağlarında xaricdə təhsil almışlar.
Planlı və məqsədyönlü şəkildə,
dövlət səviyyəsində təhsil isə XX əsrin
əvvəllərində, yəni Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin qərarı ilə 1919-cu ildə 100 nəfərdən
çox azərbaycanlı gəncin xaricə ali təhsil
almağa göndərilməsi ilə
başlanmışdır. Bundan sonrakı illərdə də
respublikadan kənarda təhsil almaq təcrübəsi
mövcud olmuş, lakin bu, həm məzmun, həm də miqyas
baxımından əhəmiyyət kəsb etməmişdir.
Yalnız ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev
1969-cu ildə Azərbaycana rəhbərlik etməyə
başlayandan sonra bu sahədə, sözün əsl mənasında,
dirçəliş başladı. Təsadüfi deyil ki,
1970-ci ildə respublikadan kənarda təhsil almağa göndərilən
gənclərin sayı 70 nəfər idisə, 70-ci illərin
sonunda 900 nəfər, 80-ci illərin əvvəllərində
isə ildə 1000-1400 nəfər olmuşdur. Həmin
dövrdə, ümumilikdə, 15 mindən çox gənc Sovetlər
Birliyinin nüfuzlu ali məktəblərində müxtəlif
ixtisaslar üzrə təhsil aldıqdan sonra Vətənə
qayıdaraq, ölkəmizin iqtisadi, mədəni və elmi
potensialının gücləndirilməsinə öz layiqli
töhfələrini verdilər. Azərbaycan dövlət
müstəqilliyini əldə etdikdən sonra da bu məsələ
yenidən diqqət mərkəzində olmuşdur. Elm və təhsil
sahələrində tədqiqatçı, müəllim və
tələbələrin mübadiləsi geniş vüsət
almışdır. Bu proseslərin bir qismi dövlət
sazişləri çərçivəsində tənzimlənir.
Xarici ölkələrdə kadr hazırlığı məhz,
azərbaycanın xarici dilləri mükəmməl bilən,
informasiya-kommunikasiya texnologiyalarından əla istifadə
bacarıqlarına yiyələnən və beynəlxalq təcrübəni
yaxşı mənimsəyən yüksək
hazırlıqlı mütəxəssislərə olan
ehtiyacının qarşılanmasına xidmət edir. Xaricdə
təhsilə olan ümummilli lider qayğısı bu gün
də ölkə başçısı İlham Əliyev tərəfindən
layiqli şəkildə davam etdirilir. Belə ki, Azərbaycanlı
gənclərin ölkə üçün zəruri ixtisaslar
üzrə xaricdə təhsil almalarını və ölkənin
inkişafının mühüm amilinə çevrilmələrini
təmin etmək məqsədilə “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-cı
il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı
imzalanmışdır. Prezidentin bu sərəncamına beynəlxalq
miqyasda da böyük rəğbət var”.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2012.- 15 sentyabr.- S.14-15.