Mətbuat
tariximizdə Rzaqulu Nəcəfov
imzası: keşməkeşli ömrün
səhifələri
Azərbaycan mətbuat tarixində Rzaqulu Nəcəfovun xüsusi yeri vardır. Naxçıvan,
Tiflis və Bakı ədəbi mühitində,
eləcə də ictimai-siyasi fəaliyyətində
fəallığı və
işgüzarlığı ilə seçilən Rzaqulu Nəcəfov Sovet hakimiyyəti illərində çox az xatırlanan şəxsiyyətlərdən biridir.
Bu ensiklopedik ziyalının göstərdiyi xidmətlərə
baxmayaraq, adı 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasına düşməmişdir. Onun
haqqında ancaq
professor Əziz Şərifin
gündəlikləri əsasında
yazdığı xatirələrdə
məlumat verilir. Bunun səbəbini bir az sonra
söyləyəcəyik. Əvvəlcə
istərdik, Rzaqulu Nəcəfovun avtobioqrafiyasından
bəzi məqamları
xatırlayaq. Yeri gəlmişkən bildirək
ki, bir çox
şəxsiyyətlər kimi,
Rzaqulu Nəcəfov haqqında da ilk ensiklopedik məlumat Naxçıvan Ensiklopediyasında
verilmişdir. Rzaqulu Məşədi Ələkbər
oğlu Nəcəfov
1884-cü ildə Naxçıvan
şəhərində anadan
olmuş və Naxçıvanda ibtidai təhsil almışdır.
Sonralar təhsilini İrəvanda və Tiflisdə davam etdirmiş, atasının
vəfatından sonra Naxçıvana qayıdıb
Culfa gömrükxanasında
işləmişdir. Nəcəfovlar
Culfada və Naxçıvanda ticarətlə
məşğul olsalar
da, onların elm öyrənməyə hədsiz
maraqları var idi. Rzaqulunun da atası, əmiləri, qardaşı
elmi dünyagörüşləri
yüksək olan insanlar idi. Rzaqulu
Nəcəfovun elmi dünyagörüşünün formalaşmasında qardaşı
şair Əliqulu Qəmküsarın xüsusi
rolu olmuşdur.
1912-ci ildə Tiflisə köçmüş, “Molla
Nəsrəddin” jurnalına
ikinci redaktor təyin edilmişdir. Əslində, o, jurnala redaktorluq edən Əliqulu Qəmküsarın
köməkçisi idi.
Həmin dövrdə
Tiflisdə çıxan
rusdilli qəzetlərdə
və məşhur “Molla Nəsrəddin” jurnalında maraqlı yazıları ilə tanınan Rzaqulu artıq oxucuların sevimlisinə çevrilmişdi.
Hələ Culfada yaşayarkən o, inqilabi fəaliyyətlə məşğul
olmuşdur. Tiflisdə
yaşadığı illərdə
də Rzaqulu inqilabi fəaliyyətini davam etdirmişdir. Ona görə də Rzaqulunu tez-tez həbs edir və sorğu-suala
tuturdular. Hətta ona bir dəfə
Kutaisi həbsxanasında işgəncə
vermişdilər. 1918-1920-ci illərdə Rzaqulu Nəcəfov Tiflisdə Azərbaycan hökumətinin
konsulu vəzifəsində
çalışmışdır. Sovet hakimiyyəti qurulduqdan sonra Rzaqulu Nəcəfov Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin
üzvü idi və məsul vəzifədə işləyirdi.
Qafqazda populyar olan “Yeni fikir”
qəzetinin redaktoru Rzaqulu Nəcəfov naxçıvanlı gənclərin
Tiflisdə təhsil almalarına yaxından maddi və mənəvi
köməklik göstərirdi.
Sonralar “Dan ulduzu” jurnalına da baş redaktorluq etmişdir.
“Molla Nəsrəddin” jurnalı ilə mənəvi doğmalığı
hələ o, Naxçıvanda
yaşadığı illərdən
başlamışdı. Xatirələrində
yazır: “... Hələ
məcmuə çap
olunmamışdan bir neçə ay qabaq ətraf şəhərlərlə
– Naxçıvan, İrəvan,
Gəncə, Şəki,
Şirvan və Bakı ilə rabitə bağlayır.
Biz o vaxt Naxçıvandaydıq.
Mirzə öz oğulluğu
Heydər ağa
Şahtaxtinskini Naxçıvana
göndərmişdi, oradakı
dostlarına məcmuənin
çıxacağını xəbər verib material istəmişdi”.
Rzaqulu Nəcəfov
Cəlil Məmmədquluzadənin
yaxın silahdaşı
olduğundan “Molla Nəsrəddin” jurnalına
müxbirlik etməyi mənəvi borc bilir və bundan
qürur duyurdu. O, Tiflisdə yaradılmış
Yeni Əlifba Komitəsinin sədr müavini olmuş, Tiflis (Azərbaycan) Dövlət
Dram Teatrına direktorluq
etmiş və 1930-cu ildə obyektiv səbəblər üzündən
Bakıya köçmüş,
nəşriyyatda işə
düzəlmişdir. Həqiqət
naminə demək lazımdır ki, 1920-ci ildən sonra Rzaqulu Nəcəfovu açıq və gizlində izləyirdilər.
Gənclik və əməl dostlarının
bir çoxu həbs edilmiş, güllələnmiş, yaxud
da Sibirə sürgün edilmişdi. Hələ o, Tiflisdə yaşayanda sorğu-suala tutulmuşdu. Bu haqda azacıq da olsa, tədqiqatçı
alim Əziz Şərif “Keçmiş
günlərdən” (Bakı,
1983) kitabında məlumat
vermişdir. Əziz Şərif yazır:
“1927-ci ildə atamın
(Qurbanəli Şərifzadənin
– müəllif) vəfatından
on il keçirdi. O zaman məsul vəzifələr daşıyan
və uzun müddət “Yeni fikir” qəzetinin baş redaktoru olan Rzaqulu Nəcəfov
vaxtilə yaxşı
tanıdığı, dərin
hörmət bəslədiyi,
ictimai xidmətlərini
yüksək qiymətləndirdiyi
Qurbanəli Şərifzadəni
yada salıb ona “Hüznlü bir xatirə” başlıqlı məqalə
həsr etmişdi. Böyük qardaşı,
görkəmli şair
Əliqulu Qəmküsar,
İran inqilabının
iştirakçılarından olan əmisi oğlu Nəcəfqulu Nəcəfov və Naxçıvanın açıqfikirli
ziyalı gəncləri
kimi, Rzaqulu da Naxçıvan mühitində böyümüş,
ərsəyə çatmış
və Q.Şərifzadənin
təsiri ilə ictimai fəaliyyətə
başlamışdır...”
Rzaqulu Nəcəfovun maraqlı olan bu nekroloq
yazısı “Dan ulduzu”
jurnalının 1927-ci il
tarixli 12-ci nömrəsində
dərc edilmişdir. Əziz Şərifin yazdıqlarından məlum
olur ki, bu yazının çapından sonra Rzaqulu Nəcəfova qarşı kampaniya başlanmış və sonda ona rəsmi
xəbərdarlıq edilmişdir.
Rzaqulu Nəcəfovu zəiflik göstərməkdə,
sovet mətbuatından
və öz məsul mövqeyindən
sui-istifadə etməkdə
günahlandırırdılar. Bəhanələri də
bu imiş ki, guya Qurbanəli
Şərifzadə xatırlanmağa
layiq olan şəxsiyyət deyilmiş
və sair. Qeyd edək ki, Q.Şərifzadə haqqında yazılan elmi məqalələr, sanballı monoqrafiyalar həmin illərdə Rzaqulu Nəcəfova qərəzli kampaniya aparanların yalanlarını
üzə çıxarır
və ifşa edir. Əziz Şərifin yazdıqlarına
görə o, bu məsələdə Rzaquluya
köməklik edə
bilmir və işə böyük yazıçı Cəlil
Məmmədquluzadə qarışır.
Mirzə Cəlil Zaqafqaziya Ölkə Partiya Komitəsində məsul vəzifədə
olan dostu Teymur Hüseynova müraciət edir və Rzaqulu Nəcəfova qarşı
olan kampaniya dayandırılır. Əlbəttə,
Əziz Şərif Sovet hakimiyyəti illərində bu hadisələr haqqında
hərtərəfli və
açıq yaza bilməzdi. Həmin illərin sənədləri
Tiflisin xüsusi arxiv fondlarında tədqiqatçıların yolunu
gözləməkdədir...
Bu kampaniyanı aparanlar
1937-ci ildə yenidən
Nəcəfovlara qarşı
hücuma keçdilər.
Bolşeviklər 1937-ci ildə
Bakıda və Naxçıvanda xalqın
etimadını qazanan
Nəcəfovları həbs
edir, amansızlıqla
qətlə yetirir, ailələrini isə sürgünə göndərirdilər.
Bu istiqamətdə axtarışlarımız
hələ davam etdiyindən mətləbimizə
qayıdaq. Şair Əliqulu Qəmküsarın
qızı Qəmər
Salamzadənin yazdığı
xatirələrdən (“Kiçik
pəncərədən görünən
dünya” Bakı,
1990) məlum olur ki, Rzaqulu Nəcəfov
iki dəfə ailə qurmuşdur. Tiflisli Məsumə Fərəcullayeva ilə nikahından Akif və Orxan adlı
oğlanları olmuşdur.
Məsumə xanım
cavankən vəfat etdiyindən Rzaqulu ikinci dəfə Rza xanın qızı Bilqeyis xanım Talışinskaya
ilə ailə qurur. Əvvəlki yazılarımızda Akiflə
Orxanın kədərli
həyatından yazmışdıq.
O yazıda qeyd etmişdik ki, Akif və Orxanla
bağlı axtarışlarımız
davam edir. Bu axtarışlarda bizə Nəcəfqulu Nəcəfovun
və Nazlı xanım Tahirovanın oğul nəvəsi Anar Nəcəfzadə köməklik göstərdi.
O, Azərbaycandan uzaqlarda – Qətərdə yaşasa
da, ata yurdu
Naxçıvana bağlı
olan ziyalı bir insandır. Mətbuatda
dərc olunan yazılarımızı oxuduqdan sonra
özünün topladığı sənədlərin surətini
bizə göndərmişdir. Aydın olmuşdur ki, Akif
Rzaqulu oğlu Nəcəfov 8 oktyabr 1921-ci ildə Tiflisdə
doğulmuşdur. Əvvəlcə Tiflisdə, sonralar isə
Bakıda alman məktəbində təhsil
almışdır. İkinci Dünya müharibəsi illərində
əvvəl polk, sonra isə ordu kəşfiyyatçısı
kimi hərbi xidmət keçmişdir. Akif alman dilini mükəmməl
bildiyindən bacarıqlı bir kəşfiyyatçı kimi
ad qazanıbmış. Müharibədən sonra SSRİ
Müdafiə Nazirliyinin əməkdaşı kimi iki il Berlində
və Almaniyanın bir sıra başqa şəhərlərində
hərbi xidmətdə olmuşdur. Cəbhədən
qayıtdıqdan sonra o, Leninqrad Dövlət Universitetinə
(indiki Sankt-Peterburq) daxil olur. Hələ birinci kursda ikən, yəni
1947-ci ildə universitetin həmkarlar ittifaqına sədrlik
edir.
Üçüncü
kursda oxuyarkən Stalin təqaüdünə layiq
görülən Akifin uğurlarına sevinməyənlər
də tapılır. Xəfiyyələr öz işlərini
görürlər. 1949-cu ildə iki nəfər təxribatçının
şahidliyi ilə antisovet təbliğatında təqsirli
bilinib on il müddətinə sürgün edilir.
Sürgün illərindən sonra Akifə Azərbaycana gəlməyə
icazə verilmir. Buna görə də Tacikistanın
paytaxtı Düşənbədə yaşayır. Akif Nəcəfov
1964-cü ildə Tacikistan Dövlət Universitetinin tarix
ixtisasına qəbul olunur. Universiteti bitirdikdən sonra həmin
ali məktəbdə “İncəsənət tarixi” fənnini
tədris etmişdir. 1965-ci ildə SSRİ Rəssamlar
İttifaqının üzvü seçilmişdir. Tacikistanın
təsviri sənəti və musiqisi barədə
çoxsaylı məqalələrin müəllifidir. Akif Nəcəfov
Vətən həsrəti ilə 21 yanvar 1989-cu ildə
dünyasını dəyişmişdir. Üç
qızı vardır: Leyla, Osanna və Stella. Hər
üçü Sankt-Peterburqda yaşayırlar və “Nəcəfov”
soyadını daşıyırlar.
Arzuları
babalarının Vətəni Naxçıvanı görməkdir.
Orxanın isə İkinci Dünya müharibəsində həlak
olduğunu deyənlər olsa da, bunula bağlı rəsmi sənədlər
tapılmamışdır. Nəcəfqulu
Nəcəfovun Ankaradakı Sovet səfirliyində fəaliyyətindən
məlumat vermişik. Rzaqulu Nəcəfov isə Azərbaycan
Xalq Cümhuriyyətinin dövründə Tiflisdə konsul vəzifəsini
layiqincə yerinə yetirmişdir. Yenə də Qəmər
xanımın xatirələrindən: “İbrahim Əbilov
tanıdığı, etibar etdiyi adamlarla Ankaraya yola
düşdü. Bu adamların içində bizim ailənin
yaxın tanışları və qohumları da vardı:
Naxçıvandan Əliqulu və Rzaqulu Nəcəfovların
əmisi oğlu Nəcəfqulu Nəcəfov, Rza Təhmasib,
Musa Həsən oğlu”. Yəqin ki, Nəcəfovların
diplomatik fəaliyyətləri ilə bağlı sənədlər
Moskvada Rusiya Xarici İşlər Nazirliyinin arxivində və
Tiflis arxivlərində saxlanılır.
Çalışacağıq ki, bu istiqamətdə
axtarışlarımızı davam etdirək.
Rəsmi
sənədlərdə Rzaqulu Nəcəfovun ölüm
tarixi 1938-ci il kimi qeyd edilir. Lakin NKVD-yə məxsus sənədlərdə
1937-ci ildə güllələnənlərin siyahısında
Nəcəfov Rzaqulu Ələkbər oğlunun da adı var:
(1885, Naxçıvan – 29.10.1937, 52 yaş). Onun həbs
olunduğu tarix belə qeyd edilmişdir: 27.9.1937. Bu siyahıda
əmisi oğlu Nəcəfqulu Nəcəfovun da adı
vardır. Qəribə bir tale: hər iki əmioğlu
oktyabrın 29-da güllələnmişdir. Bütün həyatlarını
elmə, maarifə, siyasi-ictimai fəaliyyətə həsr
etmiş Nəcəfovlar təpədən-dırnağa
azadlıq mücahidləridir, – desək, heç də
yanılmarıq. Hələ yeni sənədlər aşkar
edildikcə Nəcəfovların, o cümlədən
haqqında söhbət açdığımız Rzaqulu Nəcəfovun
Vətən qarşısında xidmətlərinin
böyüklüyünün bir daha şahidi olacağıq.
Həyatını Azərbaycanın azadlığı və
milli dövlətçiliyimiz uğrunda qurban verən Rzaqulu Nəcəfov
tarixdə yaşayacaq böyük şəxsiyyətlərdən
biridir.
Musa QULİYEV,
AMEA
Naxçıvan Bölməsinin
əməkdaşı
525-ci qəzet.- 2012.- 18 sentyabr.- S.6.