Moskvada Nizami təntənəsi
Moskvanın üzü nə qədər soyuq olsa da, Bakıdan gələn ziyalı qonaqlarına ev sahibliyi edəcək doğma insanları olan yerdir.
Buranı qürbət saymamağın ən başlıca arqumenti – Sovet İttifaqındakı birlikdəliyimizdən başqa, hətta başını qaldırıb azərbaycanlı adını daşıyan küçədən keçdiyin, Puşkini sənə doğma dilimizdə oxudan S. Vurğunun “xəyaliylə deyib-güldüyüm”üz yer olması fikrinin təsdiqində, hər bir azərbaycanlının iki dilin sintezindən bir dil yaradıb danışmasında (dilin təmizliyinə uyğun olmasa da), bugünkü ədəbiyyatımızda Moskva ədəbiyyat institutunun tələbələrinin sərkərdəliyində və sadalanacaq bir çox nüansları ilə bizdən bir parça olduğunu hiss etdirməsindədir.
Bəlkə paytaxt Bakının kiçik modeli saydığımız “Bakı” kinoteatrında, “Ocağ”ına toplaşdığımız “Şəhriyar” məclisində, “Dərviş”inin dolaşaraq yaydığı ədəbiyyatımızla birlikdə yürüməyimizdə əriyir qürbət.
Bəlkə də, bu dediklərim bizə qürbətdə olduğumuzu unutdurduğundandır ki, evimizdən ayri, elimizin bir parçası olan yerdə qəribsəmirik. Amma...
Qəribsədiyimiz məqamlar qonşular duyub narahat olmasın deyə ucadan dinləyə, bir ağac kölgəsində, bir açıq havadakı çayxanasında muğam sədalarına qulaq asa bilməmək həsrətidir. Bir balaca həsrət duyduğun yer isə təamına qürbət dadı qatır.
Adət etdiymiz, bəsləndiyimizlə qanımıza hopan dadla bərabər, həm də genimizdən gələn dada qatılan yad dadı hissetmə var bu həsrətdə. Bəlkə ona görə həm də oradan gələnlər sanki bir az başqa tam verən suyumuzu dəyişdirir, bizi qarışıqsız dadımıza qovuşdurur.
O görüşdə olmadım. Olammadım. Bəzən qismət deyiləni özümüz idarə edib əlimizlə yönünü dəyişməyə gücümüz çatdığını düşünsək də, yenə elə o qədər yolunu kəsib səndən güclu olduğunu göstərir. Qəfil xəstələnməyim belə əlamətdar bir görüşdə iştirak etməyimə mane oldu.
Olmadığım o görüşdən sadəcə eşitdiklərimi qələmə alıb, bir təəssüf hissi qatılmış təəssüratlarımı yazmağı diktə etdirəni yenə skeptik yanaşdığım qismətin ayağına yazmaqdan başqa çarəm qalmır.
Bakı ziyalı heyətinin iştirakı ilə Nizami Gəncəvinin 870 illik yubileyi çərçivəsində Azərbaycanın Moskvadakı səfirliyində keçirilən tədbirdə yuxarıda qeyd etdiyim muğamımızın səsi ilk dəfə bütün Moskva küçələrində əks-sədası duyulub. Tarzən Möhlət Müslümovun başçılığı ilə olan üçlüyün müşaiyəti ilə Mələkxanım Əyyubovanın Nizami Gəncəvinin heykəli olan parkda, açıq səma altında Bakı filarmoniya bağını xatırladan məclisdəki ifa etdiyi bir-birindən gözəl muğamlarımız və ifaçı xanımın şaqraq səsi bir müddət qulaqlarda səslənəcək.
Bir də diplomatik korpusun həyətində sərgilənən tədbirə ətrafdan keçənlərin ayaq saxlayıb tamaşaçı kəsilənlərin reaksiyası da təbii ki, keçirildiyi anın dəyərində olacaq. Bütün bunlar yaşanıb o gün mən olmadığım tədbirdə.
Bütün dünyanın özününkü saydığı ulu Nizamimizin 870 illik yubiley tədbirini giriş sözü ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açıb. Sonra Yevgeni Sidorov, Alla Axundova şair, filosof, alim, mütəfəkkir Nizami haqqında maraqlı çıxışlar ediblər. Azərbaycanın və Rusiyanın əməkdar artisti Teymur Bədəlbəyli Nizami qəzəllərini rusca söyləyib.
Hələ 70 il əvvəl Böyük Vətən müharibəsinin ilk ilində Leninqradın (Sankt-Peterburq) blokadası vaxtı belə Nizaminin anılıb 800 illik yubileyinin qeyd edildiyini xatırladan olubmu o məclisdə, bilmirəm. Amma Nizaminin qanlı-qadalı illərdə belə anılıb sevildiyini bildiyimdən onun yubileyinə həsr olunmuş belə təmtəraqlı və açıq səma altında hamı üçün açıq olan tədbirinin ona məhəbbət nümayişi olduğunu bilirəm.
Və sonrakı gündə Azərbaycan Yazıçılar Birliyinin rəhbəri, Xalq yazıçısı Anarın başçılığı ilə Moskvada səfərdə olan ziyalı heyətinin “Bakı” kinoteatrında daha bir yaddaqalan görüşü keçirilib.
Ümumrusiya Azərbaycanlıları Konqresi və Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin təşəbbüsü ilə baş tutan görüşdə Rusiyada yayaşyıb-yaradan ədəbiyyat adamları çay süfrəsi arxasında bir araya gəliblər. Görüşü ÜAK-in icraçı direktoru Mikayıl Hüseynov açıb və gələn qonaqları salamlayıb.
Azərbaycan Yazıçılar Birliyi Rusiya şöbəsinin katibi, şair Nəsib Nəbioğlunun aparıcılığı ilə keçən görüşdə Anar, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu, şair-tərcüməçi Elxan Zal, şair İlqar Fəhmi Rusiyadakı ziyalılar qarşısında çıxış ediblər.
Rusiyada Azərbaycan ədəbiyyatını çiynində daşıyan şairlərimiz, ziyalılarımız, incəsənət və mədəniyyət xadimlərimiz də öz növbəsində Bakıdan gələn qonaqları çıxışları və şeirləri ilə heyrətdə qoyublar. Xüsusilə Əşrəf Hüseynlinin, gənc şairə Nilufər A. Şıxlının çıxışı yaddaqalan olub. “Dərviş” teatrının aktyoru Şirzad Pirallahinin Moskvada yazıb-yaradan qəzəlxan-şair Yavər Həsəndən söylədiyi qəzəllər isə görüşə öz gözəl ştrixini vurub. Şairin özü olmayan məclisdə onun ünvanına xoş sözlər isə yazıçı Anar və Rəşad Məciddən gəlib. Rəşad Məcid “belə bir şairin şeirlərini 525.az saytında çap etməkdən məmnun olacağını” söyləyib.
Olmadığım görüşdən mənə danışılanlar, içimdən keçirdiyim təəssüratlarım bu görüşdən böyük bir fərəhlə ayrılan Bakıdan gələn ziyalılarımızınkı ilə eynidir. Sonda yazıçı Anarın “Sevinirəm ki, Rusiyanın paytaxtı Moskvada Azərbaycan ədəbiyyatını yaşadan, yaradan, inkişaf etdirib təbliğ olunmasında bilavasitə rolu və əməyi olan belə bir ziyalı ordumuz var” – fikrinə şərik olaraq, burada həqiqətən Azərbaycan mədəni-ədəbi irsinin qayğısını təmənnasız çəkənlərə rəğbət və sevgilərimi bölüşmək istədim mən də. Təbii, o görüşdə iştirak edə bilməyib, belə gözəl anları yaşaya bilməmək təəssüfüm də başqadır. Amma Moskvada bizi görüşdürməyə vəsilə olacaq çox tədbirlərimizin olacağına inanıram. İnşallah, bir başqa səfərlərdə görüb yaşadığımdan yazmaq ümidiylə...
Tünzalə VƏLİQIZI
525-ci qəzet.- 2012.- 18 sentyabr.- S.7.