Bahadır Fərmanın bahar ümidləri

 

Bahadır Fərman Gəncənin urvatlı, dəyərli şairlərindən biridir, çünki onun sözündə əxlaqı, tərbiyəsi görünür. Bahadır müəllimin şəxsiyyətinə və sözünə yaxından bələd olduğum üçün deyirəm. Bahadır Fərmanda ürək söhbət edir, hər şeyi ürək xatırlayır. Hətta epitetləri, təşbehləri də qafanın quraması deyil, ürəkdən gəlir. Ancaq ürəyi olan şairlər dağla, daşla, ağacla insan arasında fərq qoymur.

And içəndə “Qoşqar haqqı” deyən bir elin oğlu başqa cür ola bilməzdi. Üzünün qırışlarını dağ cığırlarına bənzədən bir şair başqa cür yaza bilməzdi.

Bahadır Fərmanın şeirlərini oxumaq da xeyirlidir, çünki şeirlərində bolluca işıq yuva salıbdır.

Və hərdən mənə elə gəlir ki, onun şeirlərində “gecələrin” içindən də işıq topası boylanır. İışıqla zülmətin kəskin qarşıdurması yoxdur. Bütün təbiət obyektləri, təbiət hadisələri işıq – od mahiyyətlidir. Ona görə də çıraq, çılçıraq, ulduz, şimşək, ocaq onun sevdiyi poetik obrazlardır.

 

Yandır işıqları, gülsün qəlbimiz,

Ay bahar ətirlim, tutum əlindən.

Sənin işığını gözləyirik biz,

Bir gecə, bir ürək, bir də, bir də mən.

 

Bəzən bütöv bir psixoloji durumu od obrazı ilə təqdim edir. Diqqət yetirin:

 

Hirsindən içindən şimşəkmi çaxdı,

Nifrəti canını yandırdı, yaxdı.

Ata ocağına yad kimi baxdı,

Odu ayaqladı, közdən yıxıldı.

 

Bahadır Fərman üçün Daşkəsənin işıq təcəssümü, nur məkanı olması da bu üzdəndir. 

 

Güney işıq,

quzey işıq.

dağlar nurla yaraqlanıb.

Bu şəhərin qotaz-qotaz işıqları

ulduzlara çataqlanıb.

Şair kənd axşamının təsvirində işığ”ın işarətlərini axtarır, işıq-od detallarını görmək istəyir.

 

Pozulmuş misra tək görünür cığır,

Yanır çəmənlərin böcək şamları.

Günəşi ötürüb kəndə qayıdır

Soğança qoxulu kənd axşamları.

 

Məhz içindəki işıqdan həmişə ümid cücərir. Ümid duyğusu onun ömür-gün məkanını işıqla doldurur. Bir insan ümidini bundan zərif necə ifadə etmək olar?!

 

Ümidim göyərdi, qəlbim göyərdi

Bahardan yapışan budaqlar kimi

 

Bahadır Fərmanda ümid-təsəlli kimi durumlar bahar mövsümü ilə əlaqədardır.

İnsana xas olan psixoloji durumunu, jest-mimikalarını təbiət üzərinə keçirməsi mifopoetik düşüncəsindən gəlir. Folklora, mifologiyaya az-çox bələd olan bir adam kimi deyə bilərəm ki, onun şeirləri ilə əcdadlarımızın metaforik dünyagörüşünü bərpa etmək olar:

 

Dəlisov küləklər batdı günaha,

Xəzəl tonqalını budaq görəcək.

Bir bağban dedi ki, ağaclar daha

Yuxuda nəğməli yarpaq görəcək.

 

Bu düşüncə tipi olmasaydı, poetik müşahidələrindəki heyrət duyğusu da qalmazdı. Çağdaş şeirimizdə uşaq saflığı olan şairlərin seyrəlməsi ürək ağrıdan hadisədir.

 

Hərdən qəzəblənib sənə daş atır

Kinli təpələrin gədası, dağlar

 

Yaxud 

 

Çoban tütəyinin səsində otlar

Yağışı süd olan bulud sürülər.

 

Təbiət varlıqlarının hadisələrinin mahiyyətini epitetlərlə verməsi, xüsusən feli sifət tərkibli epitetlərlə mənalandırması həmin dünyagörüşündən gəlir.

 

Öpdü çiçəkləri bozköynək duman,

Sel içən dərələr məhəbbət uman...

Körpə cüyürləri qorxutdu yaman

Od yeyən şimşəyin hədəsi, dağlar.

 

Bahadır Fərman şeirlərinin süjeti görüş situasiyaları üstündə qurulur. O, xəyalında canlandırdığı, fikrində tutduğu, yaddaşında əzizlədiyi görüşlərin gerçəkliyinə inanır. Ancaq bu cür şair müharibə veteranı Asqol Muradın görüşünə gələnlərin sayını (beş qoca kişi, 150 arvad) xatırlamaq olar, şəhid balaların ruhlarını salamlamaq olar. (“Xoş gördük, Səbuhi! Xoş gördük, Vaqif!”)

Bir şeiri var – “Uşaqlıq sevincimadlanır. Atası cəbhəyə gedəndə onunla görüşə bilməyən illərboyu bunun çəkdiyi əzabını çəkən insanın ifadəsidir. Əlbəttə, bir ilk eşqin, ilk görüşün xatirə həzinliyi tez-tez ürəkdə ya da düşür.

 

Arabir gül gətir görüş yerinə

Burda dəfn olunan eşqi xatırla.

 

Ürəyinin döyünmə ritmi görüş məqamlarını xatırlama tezliyindən asılı olur. O, həmişə doğma yerlərlə görüşün həsrətini, görüşün mutluluğunu yaşayır. Bir-iki il bundan öncə Gəncədə dostlarımla (M.Dəmirçioğlu, İ.İsaq, B.Fərman, Saleh müəllim) Daşkəsən dağlarına getmək qərarına gəldik. Onda Bahadır müəllimin bu görüşə necə həyacanla getdiyi indi gözümün qabağındadır. Bəlkə onda ürəyində pıçıldayırmış: 

 

Ulu Qoşqar, ulu dağım, xoş gördük.

Dağ inamım, dağ ümidim, gərəyim.

Yalçın qaya, tənha palıd, sərt yoxuş,

Dağ keçisi, körpə əlik-göyçəyim.

 

Bahadır Fərmanda ürək sadəcə ontoloji kateqoriya, yaxud vacib fizioloji orqan deyil, ömrün kədərlə, sevinclə yazılmış salnaməsidir, ən etibarlı yaddaşın adıdır. Onda yaddaş ağrısı ilə ürək ağrısı var.

Yurd yeri ilə, uşaqlığı ilə görüş həmişə ürəyi ilə görüşə çevrilir. Bu görüşlərin bircə iştirakçısı varürək. 

 

Məni görüb düz üstümə yüyürdü

Ötən ildən burda qalan ürəyim. 

 

Onun xatirə yaşantıları ürəkdə yerləşir. Uşaqlıqdan uzaqlaşdıqca keçən günün kədəri ilə ürəyi daha çox yüklənir. Bu qədər xatirə ağırlığına obrazlara ancaq şair ürəyi tab gətirə bilərdi. 

 

Bulaq həzin-həzin ağlar içində

Mamırlı dağları yalayıb gedər.

Bu nisgil, bu ağrı biçimdə

Kövrək ürəkləri dalayıb gedər.

 

Bahadır Fərmanın poeziyası o qədər təmənnasız, səmimi təmizdir ki, ruhunun içini görə bilirsən. Şübhəsiz, bu təmənnasızlıq, canıyananlıq, xoşgörü obrazların zərifliyinə deyimin istiqanlılığına da təsir edibdir. 

 

Bənövşə qoynunda gördüyünü damla

Sənsiz ağlamışam, gözümdən düşüb

 

Yaxud

 

Dəli şəlaləyə düşüb islanır

Mamırlı qayanın şirin yuxusu. 

 

Uşaqlığın xəritəsini doğma, unudulmaz landşaft obrazlarının təbiət obyektlərinin adları ilə bərpa edilir. O, bu adları itirə biləcək varlıqlar kimi elə əzizləyir, elə oxşayır ki...

Səmimiyyətlə boynuma alıram: xalqımızın inanc düşüncəsində, mifoloji dünyagörüşündə bulağın qutsal olması, ziyarətpir yeri olmasını ilk dəfə Bahadır Fərmanın şeirindən bildim. Kəndindəki Pir bulağı müqəddəs yer kimi xatırlayır.

 

Pir bulağım, pirim mənim,

A dupdurum, birim mənim...

... “A billurum, bulanmağım

Varlığımı əzir”, – dedim

Durult məni, ağrı dolu

Ürəyimi nəzir dedim.  

 

Bahadır Fərman kimi şairlərin hesabına millətimizin coğrafi yaddaşı qorunub saxlanılıb.

Bahadır Fərmanın bu dünyada qoruya biləcəyi daha bir dəyər varürəyinin işığı. Ondan muğayat olsun. Çünki qabaqda həmişə bahar var.

 

 

 Rüstəm Kamal

 

525-ci qəzet.- 2012.- 19 sentyabr.- S.7.