Kaş biz də
indiki xoşbəxt, sabit dövrdə doğulaydıq
FİKRƏT ŞİRİYEV:
YAŞADIĞIMIZ DÖVRDƏ ÇOX BÖYÜK PROSESLƏR
BAŞ VERDİYİNƏ GÖRƏ, BİZİM NƏSİL
ÇOX BÖYÜK NAİLİYYƏTLƏR ƏLDƏ EDƏ
BİLMƏDİ
Fikrət
Şiriyev... Üç sözlə ifadə etsək, xeyirxah,
enerjili və qədirbilən adam... Bütün universitet onu
belə tanıyır, elə bu cür də sevir. Bəzilərinin
zənnincə o, jurnalistlərdən yaxşı jurnalist, bəzilərinə
görə yaxşı şair, dilçi-alimdir. Ən əsası
isə odur ki, Fikrət müəllim gözəl insandır.
Hamının dərdinə şərik olan, halına yanan bir
insan. Fikrət müəllimlə bir çox layihələrdə,
işçi qruplarında olmuşuq, hər dəfə də
çətinə düşəndə qeydlərinə, məsləhətlərinə
ehtiyac duymuşuq. Bu dəfə isə hakimi-mütləq
bizik. ... Fikrət müəllimi 55 yaşın tamamında
söhbətə tutmağın da öz yeri var. Odur ki, Pərvanə
İbrahimova, Anzulə Əmirova, Kəramət
Böyükçöl və İlahə Dadaşovanın təqdimatı
ilə Bakı Dövlət Universitetinin Həmkarlar
İttifaqı Komitəsinin sədri, dosent Fikrət
Şiriyevlə tanış olmağa dəyər.
Fikrət
müəllim, biz sizi enerjili, insanları dinləməyi
bacaran, dar məqamda hamıya kömək edən biri kimi
tanımışam. Baxmayaraq ki, 55 yaşınız tamam olur,
hələ də bu missiyanızı uğurla davam etdirirsiniz.
Bəlkə izahata ehtiyac var?
Enerji
genetik xüsusiyyətdir və bu mənə irsən
keçib. 1 yaşı bu günlərdə tamam olan və
babamın adını daşıyan nəvəm Yunus da mənim
kimidir. Yəni, çox enerjilidir. Bu, insanın özündən
asılı deyil. Bilirsiniz, elə xüsusiyyətlər var
ki, insan özündə onu dəyişə
bilmir, amma müəyyən məcraya yönəltməyə
çalışa bilər. Qaldı ki, insanları dinləmək,
kömək etmək, həm ziyalı kimi, həm də vəzifəmin
əhatə dairəsi kimi borcumdur.
Gəlin,
Fikrət Şiriyev kimdir sualına cavab axtaraq. Amma qısa
bir arayış verim ki, bəziləri sizi jurnalistlərdən
də yaxşı jurnalist, bəziləri gözəl şair
hesab edir. Dilçi-alim də öz yerində.
Maraqlıdır, özünüz bu sualı necə
cavablandırmaq istərdiniz. Və ya Fikrət Şiriyev
özü-özünü oxuculara necə təqdim edər?
Rastlaşdığım ən çətin sualdır.
Çünki birmənalı cavab vermək çətindir. Bəlkə
də bəxti gətirən adam kimi təqdim etsəm daha
doğru olar. Mənim şansım rastıma
çıxanların böyüklüyündə olub.
3-cü sinifdə oxuyandan atam şeirə olan həvəsimi
görüb və məni indiki Tofiq İsmayılov adına məktəblilər
sarayında ədəbiyyat dərnəyinə yazdırıb.
Məktəbi bitirənədək ora getmişəm və dərnəyin
rəhbəri, gözəl insan və şair olan Teyyub
Qurbandan dərs almışam. O, deyərdi ki, insan gərək
yaxşılıq etməyi bacarsın və heç vaxt onun
qarşılığı barədə düşünməsin.
Bu fikirlər uşaqlıqdan yaddaşıma əbədi həkk
olunub və həyat amalıma çevrilib. Universitetdə
oxuduğum müddətdə Bəxtiyar Vahabzadə,
Ağamusa Axundov, Ağa Laçınlı, Şahməddin Xəlilov,
Xalid Əlimirzəyev, Fərhad Zeynalov kimi insanlarla
qarşılaşmışam və onların hər biri
idealıma çevriliblər. Bir müddət sonra isə Abel
Məhərrəmovla tanış olmuşam. O, BDU-nun tədris
hissəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.
Mən də universiteti yenicə bitirmişdim.O vaxt onun cəmi
29 yaşı var imiş, mən isə elə bilirdim ki, 50-60
yaşlarındadır, əsl yaşını əlbəttə,
bilirdim, ancaq gənc ikən belə müdrik, ağsaqqal, adamlara
örnək olmağı bacarmaq xüsusiyyəti görüb
öyrənmək istədiyim ilk arzum idi. Abel Məhərrəmovun
xarakterində olan zəhmətsevərlik, yorulmazlıq, ruhdan
düşməmək, sonadək mübarizə aparmaq
bacarığı, təslim olmamaq xüsusiyyəti məni cəlb
etmişdi və mən də həmişə bu keyfiyyətləri
də özümdə tərbiyə etməyə
çalışmışam.
Siz Abel
müəllimlə bağlı mətbu
yazılarınızda onun portretini kifayət qədər
açmısınız. Həm də universitetdə işlədiyiniz
32 il müddətində bir neçə rektorla işləmisiniz.
Sizə görə, Abel Məhərrəmovun fərqli
xüsusiyyətləri hansılardır?
Rektor
Abel Məhərrəmovun fərqli cəhətləri olduqca
çoxdur. Dediyiniz məqalələrdə, çox vaxt bu
barədə yazmışam. Əsas xüsusiyyətləri
haqda danışsaq deyərdim ki, o, çox sədaqətli
adamdır. Təkcə dostlarına, qohumlarına, vətəninə
yox, həm də elmə, təhsilə, universitetə fanatikcəsinə
bağlı adamdır. Universitetin ən ağır illərində
bir çoxları kimi o da qazanc dalınca xarici ölkələrə
gedə bilərdi,mən yaxşı bilirəm, gözəl
şansları var idi, bir çox haqsızlıqlarla
qarşılaşırdı, ancaq universiteti heç nəyə
dəyişmədi, mübarizədən çəkinmədi,
sona qədər çalışdı. Bu gün bütün
etimadları doğruldaraq hamının sevimli rektoru ola bilib. Təkrar
edirəm, elmə, təhsilə, universitetə sədaqət
Abel müəllimin əsas xüsusiyyətlərindən
biridir və bu gün həmin cəhət xalqın xeyrinə
işləyir.
Ümumiləşdirsək, Abel müəllimi bir neçə
sözlə necə ifadə edərsiniz?
İradəli,
sədaqətli və müdrik...
Fikrət
müəllim, gəlin Sizi Masallıya qaytaraq... Orada
doğuldunuz, məktəbi Bakıda bitirdiniz...
Bəli.
Atamın işi ilə əlaqədar altı yaşımdan
ailəlikcə Bakıda yaşamışıq. 7
yaşım olanda Nərimanov rayonundakı 36 saylı məktəbə
getmişəm. Evimizi dəyişməyimizlə əlaqədar
olaraq Əhmədlidə yaşamışıq, 6-cı sinifdən
Bakının ən qocaman məktəblərindən olan 56
saylı məktəbdə təhsilimi davam etdirmişəm. Fəxr
edirəm ki, bu gün məni həmin məktəbin ən
yaxşı on məzunundan biri hesab edirlər.
İş rejiminiz gərgindir. Bu baxımdan səmimi cavab
verin, sonuncu dəfə nə vaxt bədii əsər
oxumusunuz?
Səmimiyyətimə
şübhə etməyin, oxumağa iş rejiminin
aidiyyatı yoxdur. Vaxtın azlığından vaxtı
düzgün bölüşdürə bilməyənlər
narazılıq edirlər. Hər halda böyük uğurlara
imza atanların da günləri
24 saatdan ibarətdir. Məsələn, Sabir Rüstəmxanlı
həm deputatdır, həm də məhsuldar
yaradıcılığı var. Bəxtiyar Vahabzadə vaxtilə
universitetdə dərs deməklə yanaşı, gözəl
əsərlər yaradıb. Çingiz Abdullayevin məsuliyyətli
vəzifəsi var, amma əlli yaşında çoxsaylı
romanları ilə dünyanın tanınmış
adamlarından birinə çevrilib. Bu kimi yüzlərlə
nümunələr gətirmək olar. Ancaq elə adamlar da var
ki, 100 ildir yaşayır, amma heç bir şeyə nail
olmurlar. Deməli, vaxtı düz bölsək, hər bir
işin öhdəsindən gələ bilərik. Bu
baxımdan mən mütaliə etməyə həmişə
vaxt tapıram.
Adlarını çəkdikləriniz insanların hər biri
bizə dəyərli töhfələr verib. Siz 55 yaşa
kimi nə etmisiniz?
Mən
həyatım boyu gördüyüm işləri
qabartmamışam. Sadəcə
çalışmışam, insanların işinə
yarayım. Məsələn, universitetdə demək olar ki,
heç kəs bilmir ki, məzun gününün ssenarisini də
mən yazıram, rejissorluğunu da özüm edirəm, yaxud
mart soyqırımı, Xocalı faciəsi, 20 Yanvar hadisəsi
və digər əlamətdar hadisələrlə əlaqədar
universitetdə keçirilən möhtəşəm tədbirləri
mən hazırlayıram. Ən kiçik işlərdən,
deyək ki, BDU-nun telefon kitabçasının sıfır vəziyyətindən
hazırlanmasından, BDU ilə əlaqədar çəkilən
filmlərin ( məs.,Dünya şöhrətli məzun
filminin ssenari müəllifiyəm), yaxud yeni tədris korpusunun
arxasındakı parkın salınmasına qədər, nə
eləmişəmsə, çalışmışam,
heç kəs bilməsin.Yeri gəlmişkən, həmin
parkın yerində stadiondan tennis kortuna kimi neçə-neçə
layihə hazırlanmışdı, mən böyük zəka
sahibi olan Abel müəllimi əmin edə bildim ki, parkı
çatdırarıq və bu, daha praqmatik variant olar. 20
günün ərzində layihə də hazırlandı,
2000 nəfər əməkdaşımız iməciliyə
çıxdı və çoxunun yaxşı
xatırladığı zibilliyin yerində o gözəl park
salındı.(gülür) Bax, məni
danışdırdınız, bunları dedim, yoxsa heş kəs
bilmirdi. Qaldı ki, elmi işlərimə, xeyli vaxtdır ki, əhəmiyyətli
bir mövzuda namizədlik dissertasiyasını müdafiə
etmişəm və doktorluq işimlə bağlı da
maraqlı, yeni fikirlərim var.
Fikrət
müəllim, maraqlıdır, elm sahəsində həyata
keçirmək istədiyiniz ən böyük xəyalınız
və hədəfiniz nədir?
Nitq mədəniyyəti
ilə bağlı bir sıra kitablar olsa da, bu sahədə
boşluqların olduğu qənaətindəyəm. Bunu
aradan qaldırmaq məqsədilə, kitab
hazırlamışam. Yaxın müddətdə oxucuların
ixtiyarına verməyi düşünürəm. Bu kitab
söz yığını olmayan, praktiki vərdişlərə
söykənən, bilavasitə tariximizdə olan peşəkar
natiqlərin mənbələrindən istifadə edilərək
hazırlanıb.
Bəs
özünüzü əsl
müəllim hesab edirsinizmi?
Hər
halda tələbələrim məni fərqləndirir, məzun
vinetkalarında müəllim kimi şəklimi qoyurlar. N.Gəncəvi
doğru deyib ki, Kamil bir palançı olsa da insan,
yaxşıdır
yarımçıq papaqçılıqdan. Belə
olmağını istəsəm də, tale elə gətirib
ki, həmişə çoxşaxəli fəaliyyət
göstərməli olmuşam.
Fikrət
müəllim, tələbəlik illərinizin çox mənalı
keçdiyini deyirsiniz. Bəs universitet sizi real həyata
hazırlaya bildimi?
Düşünürəm ki, hazırlaya bildi. Mənə dərs
deyən müəllimlərin hərəsi bir universitet idi. Nəzəri
biliklərlə yanaşı, biz onların şəxsiyyətindən,
yerişindən, rəftarından, söhbətlərindən
nəsə öyrənirdik. Hazırda universitetdə təhsil
təşkilatçılarından hesab olunuram, bilirəm ki,
bu gün BDU Harvard və ya Kembric səviyyəsində deyil,
ancaq burada canlı universitlər çox dəyərli
insanlar, müəllimlər çalışır.
Sizin
adaşınız şair Fikrət Sadığın bir
şeiri var: Əyri adamı divara dirədilər güllə
əyri, düz adamı divara dirədilər güllə
düz getdi. 55 yaşınız oldu. 54 olsa deyərdim ki, həyat
sizə 5:4 qalib gəlib, amma indi həyatla bərabərsiniz.
Siz özünüzə hesabat vermisinizmi ki, səhv
yaşadınız, ya düz?
Maraqlı sualdır. Ancaq belə çıxmırmı
ki,keçən il əyri olmuşam, bu il düzəlmişəm,
gələn il yenə ...(gülür...) Məncə hamı
hər gün, hər ilin başında, xüsusən yubileylərdə
özünə hesabat verir. Birmənalı şəkildə
həyata qiymət vermək isə təbii ki, çox çətindir.
Hər bir kəsin öz ömrünə bəraəti var, hətta
ən ağır cinayətkar da, özünə bəraət
qazandırır...
Bəraət elə yaşam deməkdir...
Mənim
üçün psixoloji məqam maraqlıdır və
insanları müşahidə etməyi xoşlayıram. Bir
müddət psixolinqvistika ilə məşğul olmuşam,
bu məsələlərin məğzi, nəzəriyyəsi
ilə maraqlanmışam. Bəzən həyatda elə insanlarla
rastlaşmışam ki, o, çox yaramaz, cəmiyyətin qəbul
etmədiyi birisi olsa da, özünə haqq qazandırmağa
çalışır.
Bir dəfə
mən sizinlə siz auditoriyadan çıxan zaman
qarşılaşdım. Həmin gün çox təsirlənmişdiniz
ki, tələbələrdən birinə primitiv sual versəniz
də cavab ala bilməmişdiniz...
Mən
dilçilikdən dərs desəm də, tələbələrimi
hərtərəfli, intellektual səviyyəli görmək
istəmişəm. Hər bir tələbə Azərbaycanın
tarixi barədə mükəmməl biliklərə malik
olmalıdır. Bəzən Azərbaycanın nə vaxt
dövlət müstəqilliyini qazandığını,
himnimizin müəllifini, işğal olunmuş ərazilərimizin
adlarını bilməyənlərlə də
qarşılaşmalı olursan. Bunlar ali məktəbdə
yox, orta məktəbdə tədris olunmalı, uşaqlarda vətənə,
dövlətə, xalqa laqeydlik, biganəlik əmələ gəlməməsi
üçün orta məktəblərdə, məktəbəqədər
tədris müəssisələrində onlara vətənə
məhəbbət hisslərini aşılamaq lazımdır.
Fikrət
müəllim, biz hələ cavan olmağımıza
baxmayaraq, universiteti ikinci evimiz kimi qəbul etmişik. Yəqin
ki, siz də belə düşünürsüz...
32 ildir
ki, bu ali təhsil ocağındayam və bir çox hallarda
universitet mənim ikinci yox, birinci evim olub. Həyat
yoldaşım, övladlarım günlərlə mənə
həsrət qalıblar. Rektor köməkçisi işləyəndə
gecə saat 12-dək işlədiyim, səhər saat 8-də
işdə olduğum aylar olub. Universitet mənim
üçün çox qiymətli dəyərdir. Cəsarətlə
deyərdim ki, universitet mənim ailəmdir, həyatımdır,
vətənimdir. Burada mən 3000 nəfər əməkdaşın,
demək olar ki, hamısını adbaad, əksəriyyətini
soyadı, təvəllüd tarixi, xarakteri ilə yaxından
tanıyıram. Bu, doğmalığın göstəricisidir.
Və deyim ki, universitet mənim cəmiyyəti
tanımağıma və tanınmağıma birbaşa təsir
edib.
Universitetdə çalışdığınız uzun zaman
kəsiyində sizin üçün ən xoş və ən
kədərli hadisəni necə xatırlayırsınız?
Əlbəttə, böyük universitetdir,hər gün yüzlərlə hadisə olur. Mənim üçün çox xoş olan bir hadisəni danışa bilərəm. Universitetin 90 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən bir qrup əməkdaşa fəxri adlar verilmişdi. Mən də xoşbəxt idim ki, Tərəqqi medalı alanlar sırasında idim. Bununla əlaqədar universitetdə keçirilən rəsmi tədbirdə adları mən elan edirdim. Əlifbaya görə sonda mənim adım yazılmışdı. Hamının adını oxudum və ən sonda elan etdim: Nəhayət Fikrət Şiriyev. Bunu deməyim zalda əyləşib artıq yorulan insanlar üçün bir cür, nəhayət mənim əməyimə qiymət verildiyini görən dostlarım üçün başqa cür maraqlı və xoş oldu. Ən kədərli hadisəni də ayırmaq çətindir.Elə insanları bu möhtəşəm ocaqdan son mənzilə yola salmışıq ki, indi də yadıma düşəndə qəhərlənirəm...Bəxtiyar Vahabzadə,Yəhya Məmmədov, Fuad Qasımzadə, Mirabbas Qasımov, Sübhi Bektaşi və başqa adını çəkə bilmədiyim onlarla dünya şöhrətli şəxsiyyət... Lakin məni daha çox təsirləndirən bir neçə il əvvəl bir tələbəmizin avtomobil qəzasında həlak olması olub. İmkansız bir ailənin uşağı olan zavallı ucuz başa gəlsin deyə 6-cı mikrorayonda kirayənişin qalırdı,artıq pul xərcləməmək üçün 10 kilometrə yaxın yolu piyada gəlib-gedirdi. Bu üzücü səfərlərin birində beyniqanlının biri maşınıyla onu vurub öldürdü. Ona görə bu hadisə yadımdan çıxmır ki, özümü həmkarların sədri kimi bu məsələdə müəyyən qədər günahkar hesab edirəm. Əgər bizim yataqxanalarımız olsaydı, bu yazıq uşaq orda yaşayardı, yolu da yaxın olardı, xərci-əziyyəti də az olardı,belə faciə də baş verməzdi.
Çörçil deyib ki, həyatda ən böyük uğurum həyat yoldaşımla ailə qurmağımdır. Bu deyimdən yanaşsaq sizin üçün də beləmi olub?
Bəli, belə demək olar.ABŞ-ın prezidenti olan zaman Bill Klinton həyat yoldaşı Hillari Klintonla benzin doldurma məntəqəsinə yaxınlaşırlar. Maşına benzin vuran adamı göstərən Hillari Klinton deyib ki, bu oğlanı tanıdın? O, vaxtilə məni sevirdi. Klinton zarafatla deyib ki, yaxşı ki ona ərə getməmisən, yoxsa benzin dolduranın arvadı olacaqdın,amma indi prezidentin xanımısan. Xanım Klinton isə cavab verib ki, xeyr, əgər mən onun arvadı olsaydım, Amerikanın prezidenti o olacaqdı. Doğrudan da, hər bir uğurlu kişinin arxasında ağıllı qadın dayanır. Mənim də taleyimdə Rəna xanımın çox böyük rolu var.
Sizcə qadın necə olmalıdır? Cəsarətli,
dəyanətli yoxsa...
Qadın incə, kövrək, gözəl, elə qadın
kimi olmalıdır.
Xasiyyətinizdə nəyi dəyişmək istərdiniz?
İstərdim ki, təmkinli olum. Bəzən təmkinli adamlara qibtə edirəm. Düşünürəm ki, bunun olmaması mənə çox çətinliklər yaşadır. Bir çox hallarda hadisəyə tez reaksiya verirəm.
Fikrət müəllim, 55 ildə Kaş ki... dediyiniz məqamlar olubmu? Yəni yaşamadığınız, daha doğrusu, yaşaya bilmədiyiniz nələr üçün peşmançılıq çəkirsiniz?
Yaşadığımız dövrdə çox böyük proseslər baş verdiyinə görə, bizim nəsil çox böyük nailiyyətlər əldə edə bilmədi. Bu dövrdə infilyasiyalar, dövlət çevrilişləri, vətəndaş qarşıdurmaları, müharibələr, aclıq, yenidənqurma, inqilablar, qaçqınlıq, Qarabağ hadisələri oldu. Bu hadisələr bizə mənfi təsir etdi. Etmək istədiklərimizi həyata keçirə bilmədik. Kaş biz də indiki xoşbəxt, sabit dövrdə doğulaydıq.
525-ci qəzet.-
2012.- 20 sentyabr.- S.4.