“Hər il Azərbaycanda 9-10 min cütlük nikaha girir onların təxminən 13 faizinin övladı olmur”
MİLLİ MƏCLİSİN (MM) SOSİAL SİYASƏT
KOMİTƏSİNİN SƏDRİ HADİ RƏCƏBLİ:
“ÇİNDƏ SON 10 İLDƏ İNSANLARIN BOYU 8 SANTİMETRƏDƏK
ARTIB. BU NECƏ BAŞ VERİB? UNA CÜZİ MİQDARDA
MÜƏYYƏN MADDƏ QATMAQ HESABINA BU NƏTİCƏ ƏLDƏ
EDİLİB”
– Hadi müəllim, yaxın günlərdə
Milli Məclisin (MM) payız sessiyası öz işinə başlayacaq. Parlamentin Sosial siyasət
komitəsi sessiyaya hansı qanun layihələrini təqdim
etməyi nəzərdə
tutur?
– Payız sessiyası üçün bir sıra sənədləri
müzakirəyə təqdim
etməyə hazırlaşırıq.
Bilirsiniz
ki, sentyabrın 13-də
komitəmizin iclası
keçirildi və müzakirə olunan sənədlərin parlamentə
çıxarılması qərara
alındı. İclasda ilk olaraq “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər
edilməsi məsələsi
müzakirə olunub.
Sənəd qanunvericilik təşəbbüsü
subyekti – ölkə Prezidenti tərəfindən
parlamentə göndərilib.
Son illərə kimi mövcud qanunvericilikdə Böyük
Vətən Müharibəsi
əlilləri ilə
bu müharibənin iştirakçıları ayrı-ayrı
bölmələrdə verilirdilər.
Ancaq dövlət başçısının
imzası ilə parlamentə göndərilən
qanun layihəsində
qeyd olunur ki, Böyük Vətən Müharibəsi
əlilləri ilə
iştirakçıları eyni qrupda, eyni
bölmədə birləşdirilsinlər.
Daha doğrusu, 3-cü qrup Böyük Vətən Müharibəsi əlilləri
ilə sözügedən
müharibənin iştirakçısı
olan, lakin əlil olmayan şəxslərin imtiyazları
eyniləşdirilir. Bu
günə kimi əgər onların pensiyalarının baza hissəsi 50 faiz nəzərdə tutulurdusa,
bu dəyişiklikdən
sonra həmin rəqəm 50-dən 90-a qaldırılacaq.
Bunun özü də hesab edirəm ki, çox önəmli və əhəmiyyətli bir addımdır.
“Ailə planlaşdırılması
və reproduktiv sağlamlıq haqqında”
qanun layihəsi də bizim gündəliyimizdədir. Hər il ölkəmizdə
9-10 min cütlük nikaha
girir, onların təxminən 13 faizinin övladı olmur. Hər bir ailənin arzusu övladdır.
Ona görə də, bu qanunun qəbul
edilməsi vacibdir.
Milli Məclisin qarşıdan gələn
payız sessiyası zamanı bu sənədi müzakirəyə
çıxarmağı düşünürük,
amma ola
bilsin ki, onun adı dəyişdirilsin.
Qanun layihəsi “Demoqrafik təhlükəsizlik haqqında”
və ya “Ailə tənzimlənməsi
haqqında” adlana bilər. Hazırda komitəmizin üzvləri
ilə bu məsələnin üzərində
işləyirik. Çünki bu sənəd hələ parlamentin üçüncü çağırışı
zamanı ciddi müzakirələrə səbəb
olub və birinci oxunuşdan geri qaytarılıb.
Bu baxımdan, qanun layihəsi daha təkmil formada hazırlanaraq, müvafiq adla parlamentin payız sessiyasında ən azı komitə səviyyəsində müzakirəsinə
çıxarılacaq.
Bundan əlavə,
“Əhalinin sağlamlığının
qorunması haqqında”
qanuna vacib dəyişikliyin edilməsi
nəzərdə tutulur. Bu dəyişiklik də ondan ibarətdir ki, dünyanın əksər ölkələrində
olduğu kimi, Azərbaycanda da ərzaq məhsullarının
bir sıra vacib maddələr hesabına zənginləşdirilməsi
ehtiyacı var. Bu gün
dünyada ərzaq təhlükəsizliyi məsələsi
ən vacib və aktual məsələlərdən biri
kimi öndə dayanır. Ərzaq təhlükəsizliyinin təmin olunmasının bir mühüm elementi də ərzaq məhsullarının
bir sıra vacib maddələr hesabına zənginləşdirilməsidir.
Odur ki, ərzaq təhlükəsizliyi məsələsini
daim gündəmə
gətirən və onu öndə tutan Azərbaycanda da ərzağın bir sıra maddələr
hesabına zənginləşdirilməsinə
ehtiyac var.
Bu baxımdan da,
“Əhalinin sağlamlığının
qorunması haqqında”
qanuna bu məsələ ilə bağlı bir düzəlişin edilməsi
nəzərdə tutulur
ki, bu da
çox güman parlamentin qarşıdan gələn payız sessiyasında müzakirəyə
çıxarılacaq. Bir misal
göstərmək istəyirəm,
Çində son 10 ildə
insanların boyu 8 santimetrədək artıb.
Bu necə baş verdi? Una cüzi
miqdarda müəyyən
maddə qatmaq hesabına bu nəticə əldə edilib. Amerika və Kanadada isə insanların qan azlığı problemini aradan qaldırmaq üçün
una dəmir maddəsi qatırlar və insanlar onu çörək kimi qəbul edərkən heç nə hiss etmirlər. Çünki həmin maddələr çox cüzi olur və insanın orqanizminə heç bir mənfi təsiri olmur...
–Bəs, Ailə Məcəlləsinə necə,
dəyişiklik nəzərdə
tutulmur?
–Təbii ki, Ailə Məcəlləsinə
də müvafiq dəyişikliyin edilməsi
gözlənilir. Bu dəyişiklik də ondan ibarətdir ki, nikaha girən
şəxslər evlənməmişdən
öncə bir-birilərinin
sağlamlıqları haqqında
tibbi arayış təqdim etməlidirlər.
Bildiyiniz
kimi, bu məsələ hələ
ötən sessiyaların
birində komitəmizin
müzakirəsinə çıxarılmış
və parlamentin plenar iclasına tövsiyə olunmuşdu.
Ancaq müəyyən səbəblərdən
həmin dəyişikliyin
bütövlükdə parlament
tərəfindən müzakirəsi
bir qədər yubanmışdı. Ona görə
çox güman ki, payız sessiyasında bu məsələ də öz müsbət həllini tapa bilər.
– Yeri gəlmişkən, Azərbaycanda turizmin inkişafı istiqamətində
də vacib addımlar atılır. Bu sahənin gələcək
perspektivlərini necə
görürsünüz?
– Azərbaycanda bu sahəyə olan diqqət heç şübhəsiz, ölkəmizdə
turizmin inkişafında
mühüm nəticələr
əldə olunmasına,
əlverişli coğrafi
mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili
sabitliyi, gözəl təbiəti olan ölkəmizin tezliklə
dünyanın turizm mərkəzlərinin birinə
çevrilməsinə öz
töhfəsini verəcək.
Belə ki, Azərbaycan iki dünya sivilizasiyanın qovuşuğunda, Transqafqaz
nəqliyyat dəhlizinin
ortasında yerləşir
ki, bütün infrastrukturlar – Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral
avtomobil və dəmir yolları burada cəmlənib. Odur ki, turizmin inkişafı
ölkəmizdə dövlət
siyasətinin ayrılmaz
tərkib hissəsinə
çevrilməklə iqtisadi
tərəqqi və yüksəlişin mühüm
amili kimi nəzərdən keçirilir.
Azərbaycanın Şərqlə Qərbi
birləşdirən əlverişli
coğrafi məkanda yerləşməsi, fərqli
mədəniyyətləri və dünyagörüşlərini
bir araya gətirən tolerant dövlət
kimi tanınması,
800 kilometrdən artıq
məsafədə dənizsahili
zonaya, 12 iqlim qurşağından 9-na malik
olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri,
zəngin folklor nümunələri respublikamızın
böyük turizm potensialından xəbər
verir.
Digər tərəfdən, turizm üçün ən
önəmli cəhətlərdən biri yalnız təbiətin
gözəlliyi, havası, suyu deyil, onun baxmalı, görməli,
tarixi-mədəni abidələridir. Bu baxımdan da Azərbaycanın
hansı tərəfinə üz tutursansa, orada zəngin
tarixi-mədəni irs mövcuddur. Naxçıvana gedəcəksən, orada orta əsrlərin
yadigarı olan abidələri var, Qəbələyə gedəcəksən,
erkən orta əsrlərdən, eradan əvvəl tutmuş
19-cu yüz ilə qədər ən müxtəlif
dövrün tarixi-mədəni abidələrini görəcəksən.
Şəkisi elə, Şirvanı elə, Lənkəranı
elə, digər bölgələri elə. Bu cəhətdən Azərbaycanın ərazisi mədəni-ədəbi-tarixi
sərvətlər nöqteyi-nəzərindən də turizm
üçün geniş meydan açır. Başqa bir amil də ondan ibarətdir ki, ölkədə
turizmlə güclü əlaqədar infrastruktur
yaranmalıdır ki, Azərbaycanda da bu istiqamətdə
çox böyük işlər görülür.
İndi Azərbaycanın ən müxtəlif guşələrində,
bölgələrində beynəlxalq aeroportlar fəaliyyət
göstərir, gözəl yollar, magistrallar salınır,
mehmanxanalar, istirahət mərkəzləri yaradılır.
Bir sözlə, ölkəmizdə turizmin
əksər növlərinin (kənd, müalicə-sağlamlıq,
ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb
edən və s.) inkişafı üçün geniş
imkanlar mövcuddur.
– Turizm
sektorunun inkişafı bu sahə ilə bağlı kadr
potensialının da formalaşmasını zəruri edir. Sizcə, hazırda kadrların yetişdirilməsi məsələləri
hansı səviyyədədir?
– Əlbəttə, turizmin inkişafından və
perspektivlərindən danışarkən bu sahədə
yüksək səviyyəli xidmətin təşkili məsələsinə
də toxunmalıyıq. Ölkəmizdə turizmin çiçəklənməsi
bu sahədə ixtisaslı kadr hazırlığını da
aktual məsələyə çevirir. Ölkəmizdə
turizm xidmət sahəsinin yüksək standartlara tam cavab vermədiyi
açıq etiraf olunmalıdır. Müasir
turist rahatlıq və komfort, yüksək xidmət barədə
daha çox düşünür. Ona
görə turizm obyektinin sahibkarı daima öz üzərində
çalışmalı, obyektindəki işçilərin
peşə hazırlığı səviyyəsinin
artırılmasına, savadlı, qonaqpərvər, xidmətin
yüksək səviyyədə göstərilməsinə
müvəffəq olmalıdır. Azərbaycanda
turizm işini çox yüksək səviyyədə qura
bilmək üçün xidmət, servis mədəniyyətini
yaratmaq lazımdır. Ola bilər ki, sənin
çox gözəl mehmanxanan olsun, çox gözəl
restoranların olsun, amma o xidməti sən yüksək səviyyədə
qura bilməyəsən.
Qardaş Türkiyənin bu sahədə çox zəngin
təcrübəsi var və deyərdim ki, Türkiyənin
turist qəbul etmək, qonaq qarşılayıb, yola salmaq və
xidmət göstərmək sahəsindəki mədəniyyəti,
nailiyyəti Avropanın bir çox ölkələrini arxada
qoyur. Bunu Avropanın özü də etiraf edir. Bu baxımdan,
respublikamızda turizm sahəsində çalışacaq
kadrların yetişdirilməsi ilə məşğul olan
Turizm İnstitutunun yaradılması son dərəcə təqdirəlayiqdir.
Azərbaycanın bir çox universitetlərində
də turizm işini, hotelçiliyi tədris edən fakültələr
var.
Bunlar daha müasir səviyyədə qurulmalıdır
və hesab edirəm ki, ən çox bu istiqamətə fikir
verməliyik.
Bununla belə, kadr məsələlərini həll
etmək üçün peşə məktəbləri də
yaradılmalıdır.
KAMİL
525-ci qəzet.-
2012.- 20 sentyabr.- S.5.