Minsk qrupu öz
missiyasını yerinə yetirə bilmir
MİLLİ MƏCLİSİN
İNSAN HÜQUQLARI KOMİTƏSİNİN SƏDRİ RƏBİYYƏT
ASLANOVA: HƏMSƏDRLƏRİ DƏ ETİRAF EDƏRLƏR
Kİ, MÜNAQİŞƏNİN HƏLLİ İSTİQAMƏTİNDƏ
HANSISA CİDDİ ADDIMLARI OLMAYIB
Rəbiyyət xanım, Macarıstanda həbsdə olan Azərbaycan zabiti Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı beynəlxalq ictimaiyyətin təzyiqlərinin artdığı bir məqamda hakim partiya rəsmiləri müxalifətlə bir masa arxasında əyləşdi. Niyə, bəs hakim partiya indiyə qədər bundan heç də az önəmli olmayan məsələlər, məsələn, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsindəki vəziyyət, çıxış yolu ilə bağlı müzakirələr üçün müxalifətlə bir araya gəlməyib?
Mənə elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı müxalifətlə hakimiyyət arasında prinsipial fikir ayrılığı yoxdur. Hakimiyyət və müxalifət bu münaqişənin danışıqlar yolu ilə həllini istəyir. Azərbaycan üçün milli məsələ olan bu mövzuda fərqli mövqe nümayiş etdirilməsi doğru olmazdı. Ramil Səfərovun azadlığa buraxılmasına edilən etirazlar da milli maraqlarımıza yad bir çağırışlar idi. Bu məsələdə də birgə mövqe ortaya qoyulması milli maraqlarımıza uyğun bir addım oldu.
Bu məsələdə də fikirlər birmənalı deyil. Bəzi müşahidəçilər hesab edir ki, əslində hakim partiya müxalifəti Dəyirmi masaya dəvət etməsi beynəlxalq ictimaiyyətin sərt tənqid hədəfinə tuş gələn Azərbaycan hakimiyyətini vəziyyətdən çıxarmağa hesablanıb...
Hələ
xarici medianı bir kənara qoyaq. Elə Azərbaycan
mətbuatının özündə də Ramil Səfərovla
bağlı fərqli mövqelər olub. Amma
İlham Əliyevin ölkə başçısı olaraq,
atdığı addım vətənpərvər bir addım
olub. Hər bir vətəndaşın da
bunu dəyərləndirməsi təbiidir. İlham Əliyev bu addımı atmaqla hansısa səhvə
yol verməyib. Əvvala, Azərbaycan
hüquqi dövlətdir. Bu məsələ
də hüquq müstəvisində həll edilib. Məsələsinin siyasi tərəfinə gəlincə,
burada ermənilərin hay-küy salması, özlərini məzlum
xalq kimi göstərmək istəyi ortaya çıxdı.
Amma dünya ictimaiyyəti ermənilərin
Xocalıda nələr etdiyini gözəl bilsə də, bu
ölkəyə qarşı ciddi tədbirlər
görülmür. Bu baxımdan Azərbaycan
prezidentinin qərarı xalqın və dövlətin
maraqlarına cavab verən bir qərar oldu. Müxalifətin də cənab prezidentin
addımını dəstəkləməsi vahid mövqeyimizi
ortaya qoydu. Beynəlxalq qurumlardan gələn
tənqidləri isə müvəqqəti hal hesab edirəm.
Amma belə
iddialar da var ki,
bu olay danışıqlar prosesində Ermənistanın
mövqeyini gücləndirdi...
Minsk
qrupu həmsədrləri vasitəçi olaraq, hansısa bir
nəticəyə gəlməmişdilər ki, Ramil Səfərovun
azadlığa buraxılması bu nəticəyə kölgə
salsın. İllərdir ki, vasitəçilər
öz üzərlərinə düşən missiyanı
yerinə yetirə bilmirlər. Onların
buna görə də bizi tənqid hədəfinə
çevirməsi yanlışdır. Minsk
qrupu həmsədrləri də etiraf edərlər ki,
münaqişənin həlli istiqamətində hansısa ciddi
adımları olmayıb. Azərbaycan
Prezidentinin bu deyilənlərə hüquqa söykənən
cavabı olub. Bəli, bunu kimlərsə qəbul
etməsə də, xalqımız Ramil Səfərovu qəhrəman
kimi qəbul edir. Münaqişənin həllinə
gəlincə, mövqeyimizə sadiq qalırıq. Biz qan tökülmədən, sülh şəraitində
münaqişənin həllinə tərəfdarıq. Minsk qrupu öz fəaliyyətsizliyinə bu kimi məsələlərlə
haqq qazandırmamalıdır. Ermənistanı
sülhə gətirmək üçün fəaliyyət
göstərməlidir.
Yeri gəlmişkən,
Azərbaycan üçün yeni bir siyasi mərhələ-prezident
seçkiləri mərhələsi başlayır. Azərbaycan hakimiyyəti seçkilərə necə
və hansı şəkildə gedəcək? Beynəlxalq mediada hakimiyyətin
islahatlara getməyəcəyi təqdirdə, ərəb
baharının bizə
çatacağı barədə də iddialar səslənir...
Azərbaycanı
tənqid edənlər hələ də fərqinə
varmır ki, bizim ölkəmizdə demokratik dövlət
qurulub. Bu sahədə uğurlarımız ildən-ilə
artır. Azərbaycanda demokratik islahatlar
aparılıb və aparılır. Ölkə
başçısının qərarları, qəbul olunan
dövlət proqramları, parlamentin yaratdığı
qanunverici baza, bəs nədir?
Eyni zamanda, Azərbaycanda keçirilən hər bir
seçki xalqın iradəsini ifadə edib. Bizim ölkədə
qanun çərçivəsində seçkilər olur.
Xalqın iradəsi də bu seçkilərdə
ifadə olunur. Ayrı-ayrı beynəlxalq
qurumların fikirləri bizim üçün önəm
daşımır. Biz hansısa beynəlxalq
qurum üçün deyil, xalqımızın gələcəyi
üçün bunu edirik. Azərbaycanda hələ
seçkinin birinci mərhələsi olmayıb, artıq nəticələr
barədə danışılır. Ərəb
baharı barədə deyilənlərə gəlincə,
zaman göstərdi ki, bəzi ölkələrdə
demokratikləşmə adı ilə gündəmə gələn
proseslərin arxasında nələr dururmuş. Bir məsələni də vurğulayım ki,
heç də Azərbaycandakı seçkilərin nəticələrindən
beynəlxalq qurumların narazı qalması barədə
fikirlər doğru deyil. Bir çox qurumlar bizdə
keçirilən seçkilərin nəticələri barədə
müsbət fikirlərdə olublar...
O da var
ki, ATƏT-in Müşahidə Missiyası isə hər zaman
Azərbaycandakı seçkiləri sərt tənqid edib...
Bunu bəlkə də
şişirdirlər. Mən ATƏT-in Parlament
Assambleyasındakı müzakirələrdə oluram. Azərbaycan iddia etmir ki, ideal seçki
keçiririk. Nöqsanlar olur. Amma bu nöqsanlar seçkilərin nəticələrinə
təsir edəcək səviyyədə olmur. Azərbaycanda bu nöqsanların
araşdırılması ənənəsi də
yaradılıb. Bir şey idə
vurğulamaq istəyirəm. Nədənsə,
Azərbaycanda beynəlxalq təşkilatların dedikləri əsas
fikir kimi cəmiyyətə təqdim olunur. Hansısa bir xarici təşkilatın dediyi fikir nəyə
görə, mənim ölkəmdə hakim fikir
olmalıdır? Bu məsələdə mətbuatın
da üzərinə böyük məsuliyyət
düşür. Beynəlxalq qurum və
hansısa ölkə bizim daxili işimizə qarışa
bilməz. Müşahidəçi kimi
fikir bildirə və tövsiyə ilə
çıxış edə bilər. Amma
bizimlə ultimatum dilində danışmaq yersizdir.
Demokratiya, insan hüquqları bir
ölkənin daxili işi olmaqdan çıxıb. Bəlkə, hakimiyyət beynəlxalq ictimaiyyətin
mövqeyi ilə razılaşsa, uğurlar daha çox olar?
Mən
razıyam ki, insan hüquqları daxili məsələ deyil. Amma bizimlə hakim dilində danışmağı
qəbul etmirik. ABŞ-da keçirilən
seçkiləri o qədər də çoxsaylı beynəxalq
müşahidəçilər izləmir. Eyni fikirləri Böyük Britaniya ilə
bağlı da demək olar.
Yuxarıda hakimiyyətin
seçkini xalqın firavan gələcəyi
üçün keçirdiyini bildirirsiniz. O zaman niyə
ictimai etimada əsaslanan seçki komissiyaları
yaradılmır ki, heç kəsin də nəticələrə
şübhəsi qalmasın?
Sizinlə
razılaşa bilmərəm. Azərbaycanın
Seçki Məcəlləsi mütərəqqi bir sənəddir.
Seçki komissiyaları da tam ictimai etimada əsaslanaraq,
formalaşıb.
Amma
ölkənin real aparıcı siyasi qüvvələri AXCP
və Müsavat bu komissiyalarda yoxdur...
Bu,
qanunun tətbiqi ilə bağlı məsələdir. Bir partiyanın nümayəndəsi komissiyada
yoxdursa, başqa bir partiyanın nümayəndəsi orada təmsil
olunur.
Seçkilər ilində bu məsələyə baxıla
bilərmi?
Məncə
buna ehtiyac yoxdur. Hər seçkidən-seçkiyə
məcəlləni dəyişmək də doğru deyil.
Mövcud qanunvericiliklə ədalətli
seçkilərə tam təminat var.
Məqamı
düşmüşkən, ölkədə vətəndaşların
sərbəst toplaşmaq azadlığı
tanınırmı?
Niyə tanınmır, tanınır. Azərbaycanda Sərbəst toplaşmaq azadlığı haqqında qanun qəbul edilib. Həmin qanuna uyğun olaraq da bu məsələ tənzimlənir. Kimlərsə, ayrılan yerlərdən narazılı qalırsa, oraya getmirsə, bu artıq başqa məsələdir. Səbail rayonu Bakının mərkəzi rayonlarından biridir. Müxalifətə həmin rayonun ərazisində yer ayrılıb. İki dəfə getdilər, gördülər ki, istədikləri nəticə yoxdur və imtina etdilər. Əgər sənin sözünün qüdrəti varsa, sözün eşidilirsə, onu dinləmək istəyən hara desən gələcək. İndi biz neynəyək ki, müxalifətin arxasınca gələnlər olmur?
Mövcud qanuna istinad etdiniz, elə isə niyə Bakının hər bir rayonunda bu yerlər ayırılmır?
Bu gün Bakıda böyük abadlıq-tikinti işləri gedir. Əlbəttə ki, qarşıdakı dövr ərzində hər bir bölgədə, şəhərdə müvafiq yerlər ayrılacaq. Necə ki, bu, ötən seçkilərdə də olub. Amma yenə deyirəm, müxalifət ictimai dəstəyə arxayındırsa, Bayıla gedə bilər. Bu gün YAP da öz tədbirlərini həmin ərazidə keçirir.
Azərbaycanda mülkiyyət hüquqları sahəsində vəziyyət göz önündədir. Bu gün yüz minlərlə insan Bakı və ətraf ərazilərdə yaşadıqları evlərində mülkiyyət hüquqlarına sahib çıxa bilmir. Bu sahədəki vəziyyət necə, dəyişəcəkmi?
Bu məsələ ilə bağlı çox müzakirələr aparılır. Vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması vacib şərtlərdən biridir. Bu məsələ elə bir məsələdir ki, cənab prezidentin də diqqətindədir. Bilirsiniz ki, prezidentin sərəncamı ilə müvafiq komissiya yaradılıb və bu sahədəki vəziyyəti öyrənir. Mən əminəm ki, qarşıdakı dövr ərzində bu komissiya lazımı araşdırmalarını başa çatdırıb, bir nəticəyə gələcək. Ancaq burada hər şeyi dövlətin üzərinə atmaq da doğru deyil. Vətəndaşlar da fərqində olmalıydılar ki, evi harada tikirlər, bu evi tikməyə hüquqları varmı... Təəssüflər olsun ki, bu sahədə vəziyyət heç də asan deyil. Bu gün elə yerlərdə evlər tikilib ki, orada yaşayan vətəndaş ünvanını belə bilmir.
KAMİL
525-ci qəzet.-
2012.- 21 sentyabr.- S.4.