Elmira
Süleymanova: “Biz gələcəyə inamla
baxırıq"
Hər il avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə
İnsan Hüquqları üzrə Müvəkkil Elmira
Süleymanovanın təşəbbüsüylə “Sülh
aylığı” keçirilir. Elmira
Süleymanova ilə söhbətimizə də elə bu
mövzu ilə başladıq. İlk
sualımız “Sülh aylığı” təşəbbüsünün
haradan qaynaqlanması ilə bağlı oldu.
– 1981-ci ildən BMT-nin qərarına
əsasən, 21 sentyabr “Beynəlxalq Sülh Günü” elan
olunub. Bu əlamətdar günü biz artıq
neçə illərdir ki, müxtəlif səpkili tədbirlərlə
qeyd edirik. Artıq bir ənənə olaraq, hər il
avqust ayının 21-dən sentyabr ayının 21-dək olan
dövrü ölkəmizdə təşəbbüsümüzlə
“Sülh aylığı” kimi elan edirik, müvafiq mərkəzi
və yerli icra hakimiyyəti orqanlarına, QHT-lərə,
icmalara müraciətlər ünvanlayırıq, müxtəlif
silsilə tədbirlərin keçirilməsini tövsiyə
edirik. Bu da özlüyündə sülh mədəniyyətinin
təbliğinə, insanların sülh diləyinin təcəssümünə,
bu istiqamətdə əməkdaşlığa mühüm
töhfələr verir. Bu baxımdan ölkəmizin
rayon və şəhərlərində, qəsəbə və
kəndlərdə keçirilən “Sülh
aylığı” insanlar arasında hüquq mədəniyyəti
ilə yanaşı, sülh mədəniyyətini təbliğ
etməklə Minilliyin İnkişaf Məqsədlərinə
xidmət edir.
“Sülh
aylığı” çərçivəsində Silahlı Qüvvələrin
hərbi birləşmələrində, cəzaçəkmə
müəssisələrində, uşaq evləri və
internat müəssisələrində, orta və ali təhsil
ocaqlarında, icmalarda, müxtəlif dövlət
qurumlarının, hüquq mühafizə orqanlarının
akademiyalarında insan hüquqları və sülh mədəniyyətini
təbliğ edən seminarlar və treninqlər təşkil
olunur, mətbu orqanlarda, qəzet
və jurnallarda məqalələr dərc edilir. Düşünürəm ki,
atdığımız bu addımlar insan hüquqları və
sülh mədəniyyətinin təbliğinə
mühüm töhfə verir.
– Bu
gün Azərbaycan terroru dövlət səviyyəsində tətbiq
edən və həyata keçirən Ermənistanla
müharibə şəraitindədir. Sizcə,
qarşılıqlı sülhü təmin etmək
üçün bizim üzərimizə daha ağır
yük düşmürmü?
– Ermənistanla
sülhə nail olmaq üçün biz əlimizdən gələni
edirik və etməliyik. Lakin Ermənistanın
cinayətkar əməlləri çoxdan insanlıq məcrasından
çıxıb. Son illərdə Avropa Şurası, BMT, ATƏT,
NATO və başqa nüfuzlu beynəlxalq qurumlar tərəfindən
dəfələrlə artıq bu münaqişənin
sülh yolu ilə həllinin sürətləndirilməsi zəruriliyi
vurğulanıb. 1993-cü ildə BMT-nin Təhlükəsizlik
Şurası tərəfindən Dağlıq Qarabağın
Azərbaycanın ayrılmaz hissəsi olması, regionda
sülhə və davamlı inkişafa təhlükə
yaradan münaqişənin sülh yolu ilə həll
olunması, atəşkəsin əldə edilməsi,
işğalçı erməni silahlı qüvvələrini
qeyd-şərtsiz Azərbaycan torpaqlarından
çıxarılması haqqında məlum 4 qətnamə
qəbul edilib. Beynəlxalq normalara hörmətlə
yanaşan ölkəmizin təşəbbüsü ilə
1994-cü il mayın 12-də atəşkəs
haqqında müqavilə imzalanıb. Lakin erməni tərəfi
hələ də beynəlxalq qurumların rəyi, qətnamələri,
qərarları ilə hesablaşmır, Azərbaycana və azərbaycanlılara
qarşı düşmənçilik mövqeyi
nümayiş etdirir, atəşkəsi müntəzəm
olaraq pozaraq terror siyasəti həyata keçirir və bu cinayətkar
əməllər dünya birliyi tərəfindən
sükutla, cəzasızlıqla, hərəkətsizliklə
qarşılandığından zaman-zaman məkrli siyasətini
daha da gücləndirir, bunun üçün süni bəhanələr
tapır və beynəlxalq ictimai rəyi
çaşdırmaq, saxtalaşdırmaq məqsədilə
heç bir fürsəti əldən buraxmır. Biz bu gün də şahidik ki, beynəlxalq təşkilatların
həmin problemin həllində vasitəçilik missiyası
hələ də bir nəticə vermir. Bu
gün dünyada daha bir maraqlı hal müşahidə olunur.
Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən
bir nəfər terrorçunun tapılmasına və cəzalandırılmasına
külli miqdarda vəsait sərf edildiyi halda, öz
açıq terrorçuluq siyasəti ilə tüğyan edən
ASALA erməni terror təşkilatına qarşı heç
bir tədbir görülmür. Ancaq bu
zaman yaddan çıxarılır ki, cəzasızlıq
bütün bəşəriyyət üçün təhlükədir.
Biz istəyirik ki, insan hüquq və
azadlıqlarını təşviq edən, öz
bayrağında diskriminasiya və ayrı-seçkiliyi
qadağan edən BMT üzvlüyə qəbul etdiyi Ermənistanın
özbaşınalığına göz yummağa son qoysun.
BMT-nin Baş katibi Ban Ki Mun bu il Beynəlxalq
Sülh Günü münasibətilə etdiyi müraciətində
də dünyada insanları “Sabit gələcək naminə
davamlı sülh”ə, xalqlar və millətlər arasında
harmoniyanın əldə olunması istiqamətində əməkdaşlığa
səsləyib. Əgər belə beynəlxalq
təşkilatlar öz Nizamnamələrində təsbit
olunmuş sülh, bərabərlik və təhlükəsizlik
naminə fəaliyyətlərini həyata keçirməyə
qadir deyillərsə, onda nəyə lazımdır bu
çoxsaylı konfranslar, tədbirlər, müraciətlər?
Belə beynəlxalq tədbirlərdə erməni təcavüzündən,
törədilən işgəncə və qəddarlıqların
cəzasızlığından danışdıqda bu fikirlərimiz
“siyasi məsələ” adlandırılaraq, mövqeyimizin
açıqlanmasına imkan yaradılmır, bununla da erməni
terroruna rəvac verilir.
Lakin biz gələcəyə inamla baxırıq və
inanırıq ki, Azərbaycanın ərazi
bütövlüyü bərpa olunacaq, qaçqın və
köçkünlərimiz məcburi tərk etdikləri
torpaqlarına qayıdacaq, bərpa olunmuş şəhərlərdə,
kəndlərdə yenidənqurma və inkişaf proseslərinə
qatılaraq həyat sürəcəklər. Bu inamın
ciddi əsasları var. Ən əvvəl, tarixən qısa
ya uzun çəkən münaqişələr, müharibələr
hər zaman güclü liderlərin sarsılmaz iradəsi nəticəsində
sülhlə nəticələnib.
Başqa
bir tərəfdən, ölkə prezidentinin sülhməramlı
siyasəti, ən yüksək kürsülərdən Azərbaycan
torpaqlarının müzakirə predmeti ola
bilməyəcəyini və “Bir qarış
torpağımızı heç kəsə verməyəcəyik
və ölkəmizin ərazi bütövlüyünün bərpasına
nail olacağımızı” bəyan etməsi dünya
birliyində respublikamızın demokratik hüquqi dövlət
quruculuğunda nailiyyətləri, beynəlxalq aləmdə
nüfuzunun artması bu proseslərə daha etibarlı zəmin
yaradır. Bu gün ölkəmiz beynəlxalq
arenada münaqişələrin həll olunması
üçün öz töhfəsini verməklə,
sülhməramlı qüvvələrini müharibə ocaqlarında
atəşkəsin, əmin-əmanlığın təmin
olunması üçün səfərbər edərək
sülhə nail olmaq üçün güclü ordu
formalaşdırıb. Ermənistanın nə
qədər maneə yaratmasına baxmayaraq, biz sülh naminə
qürurlu, daha da mütəşəkkil və əzmli fəaliyyət
göstərməliyik. Biz səsimizi, sülh
çağırışımızı daş ürəklərə,
beynəlxalq qurumlara, dövlətlərə
çatdırmalıyıq ki,
onlar ədalətli sülh yolunda olan Azərbaycanın
haqq işinə, işğal olunmuş əzəli
torpaqlarının geri qaytarılmasına, 1 milyondan çox
qaçqın və məcburi köçkünün öz
doğma yurd-yuvalarına qovuşmasına
çalışsın. 90-dək milli azlıq və etnik
qrupun da təmsil olunduğu Azərbaycan xalqına sözlə
yox, qətiyyətli tədbirlərlə dəstək verərək,
erməni terrorunun və qəddarlığının
qarşısı alınmaqla, yeganə monoetnik dövlət
quran ermənilərin ümumbəşəri dəyərlərə
nifrət, həqarət əməllərinə son qoyulsun,
regionda sülh bərqərar olsun.
– “Sülh aylığı” hansı tədbirlərlə
yadda qaldı?
– Ölkəmizin
rayon və şəhərlərində, qəsəbə və
kəndlərində keçirilən “Sülh
aylığı” insanlar arasında hüquq mədəniyyəti
ilə yanaşı, sülh mədəniyyətini təbliğ
etməklə Minilliyin İnkişaf Məqsədlərinə
xidmət edir.
Bu baxımdan “Sülh aylığı” insan
hüquqları və sülh mədəniyyətinin təbliğinə
dair yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
keçirilən çoxsaylı və maraqlı tədbirlərlə
yadda qaldı.
Bu sıradan hüquqi maarifləndirmə məqsədi
daşıyan bir çox tədbirlər keçirildi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi ilə əməkdaşlıqda həyata
keçirilmiş “Azərbaycan-doğma diyarımdır”
adlı tədbir isə Millət vəkilləri, dövlət
qurumlarının, QHT və KİV-lərin, icmaların, milli
azlıqları təmsil edən, müxtəlif regionlardan gəlmiş
ailələrin iştirakı ilə yadda qaldı.
Bunlarla
yanaşı, “Biz sülhə səs veririk”, “Mən sülhə
çağırıram” və sülhü təbliğ edən
digər mövzularda rəsm müsabiqələri, Bakı
şəhərində və respublikamızın
regionlarında yerləşən orta və ali təhsil
ocaqlarında, ali təhsil müəssisələrinin
filiallarında “Beynəlxalq Sülh Günü”nə həsr
olunmuş dəyirmi masalar və konfranslar keçirilib. QHT
və KİV-in də qoşulduğu “Sülh
aylığı” insanlarda hörmət hissinin, sülh və
dözümlülük mədəniyyətinin
aşılanması baxımından əhəmiyyətli olub.
“Sülh aylığı” çərçivəsində
Ombudsmanın Aparatının və Müvəkkilin Gəncə,
Şəki, Quba və Cəlilabadda yerləşən regional
mərkəzləri əməkdaşlarının
iştirakı ilə silsilə tədbirlər davam etdirilib,
insan hüquqlarına dair müxtəlif mövzularda məruzələr
dinlənilib. Əhalinin müxtəlif
qrupları – uşaqlar, əlillər, qadınlar, ahıllar, hərbi
qulluqçular, məhkumlar və müxtəlif qapalı
müəssisələrdə saxlanılan şəxslərlə
görüşlər keçirilib, onların vəziyyəti
öyrənilmiş, müraciətləri qəbul edilib.
Mütəmadi olaraq minlərlə üzvünün
faydalandığı, Ombudsmanın uşaq hüquqları
üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və
Gənclərin Sülh Şəbəkəsi üzvlərinin
iştirakı ilə silsilə tədbirlər davam etdirilib.
– Daha
hansı işləri görməyi
planlaşdırırsınız?
– Qarşıda hələ görüləcək çox işlər var. Gələcəkdə bölgələrdə, sərhədyanı rayonlarda, qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə Milli Fəaliyyət Proqramının icrası üzrə fəaliyyətin təşkilində birgə təşəbbüsləri daha da artırmaq, sülh hərəkatının formalaşmasında səyləri genişləndirmək məqsədilə sülh mədəniyyətinin, sülh və tolerantlığın təbliği və maarifləndirmə işinin təşkili, gənclərin təmsilçiliyinin artırılması, beynəlxalq tədbirlərdə iştirak etmək və beynəlxalq təcrübəni öyrənmək, beynəlxalq təşkilatlarla əlaqələri və əməkdaşlığı gücləndirmək, BMT, YUNESKO, Beynəlxalq Sülh Bürosunun sənədlərini, qətnamələrini dilimizə tərcümə etmək və əhali arasında yaymaq qarşıda duran vəzifələrimizə daxildir.
Ombudsman Aparatı olaraq, “Sülh” mövzusunda ədəbiyyat resurslarını artırmağı, sülh mədəniyyəti təhsilini effektiv tədris modulları əsasında inkişaf etdirməyi, orta və ali məktəblərdə müvafiq fənlərin tədrisini təşkil etməyi, dövlət qurumları, ictimai təşkilatlar, KİV-lər və icmaların iştirakı ilə birgə proqramlar həyata keçirməyi, “Dinlər Sülh körpüsü kimi” sülh dəyərlərini inkişaf etdirmək və dini liderlərin dəstəyindən yararlanmaq, habelə gender və sülh mədəniyyəti təhsilinin formalaşdırılması gələcək üçün nəzərdə tutulan planlarımız sırasındadır. Bundan başqa, vasitəçilik institutunu inkişaf etdirməyi, ailədə baş verən zorakılıq hallarını aradan qaldırmaq məqsədilə proqramlar hazırlamağı, sülhü təbliğ edən mövzularda treninq-seminarların keçirilməsini, təlimçilər və ekspertlərin hazırlanmasını, bu proseslərdə gənclərin iştirakının təmin edilməsini planlaşdırırıq.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2012.- 21 sentyabr.- S.5.