Dəyərli bir kitab haqqında dost qeydləri

 

Bakıya gəldiyim günün səhəri orta məktəbdə bir sinifdə oxuduğumuz mehriban bir dostumu görmək arzusu ilə  Azərbaycan Yazıçılar Birliyinə üz tutdum. İkinci mərtəbədə bir nəfərdən Abbas Abdullanın hansı otaqda olduğunu soruşdum və o, mənə həmin otağı göstərdi. Birinci gedişim uğursuz oldu və əziz dostumu görə bilmədim.

Aradan bir neçə gün keçdi və onu öz otağında tapdım. Hər şeydən əvvəl divardakı lövhələrə fikir verdim. Bu otaq şair Fikrət Sadıq, şair Balaş Azəroğlu və Beynəlxalq ədəbi əlaqələr şöbəsinin müdiri şair Abbas Abdullanın idi.

İçəri girərkən şair Fikrət Sadığı və əziz dostum şair Abbas Abdullanı gördüm. Abbasla görüşdük, öpüşdük, bir az da köhnə xatirələri yada saldıq. Həmin anlarda mənim sevincimin həddi –hüdudu yox idi. Ən azı Abbası 15 ildən çox idi görmürdüm.

Və mən ayrılıb evə dönəndə Abbas müəllim mənə özünün 2007-ci ildə çapdan çıxmış türklük və Türk dünyasına şeirlərindən seçmələri özündə əhatə edən “Urum-Kırım arası” kitabını bağışladı.

Bu kitabda Abbas Abdulla haqqında böyük şəxsiyyətlərin müsbət fikirləri verilmişdir. Digər tərəfdən onlar çalışmışlar ki, canı ilə, Qanı ilə Böyük Türkçü olan Abbas Abdullanın daxilini açsınlar və buna da çox gözəl nail olublar. Nə artıq bir söz, nə də təmtaraqlı təriflər.

Bunlardan bir neçəsini ara –sıra verməyi özümə borc bildim.

Elçibəy: “ Nə yaxşı ki, bizim Türk dünyamızın Abbas Abdullası var”.

Anar: “Abbas Abdulla gerçəkdən türkçüdür, indi də türkçüdür, qırx il bundan qabaq da türkçü idi. Doğulub göz açdığı torpağın ab-havasında, körpəlikdən eşitdiyi dilin dadında –duzundadır bu türkçülük”. 

İndi isə istəyirəm bir oxucu kimi şeirlərdən aldığım ləzzəti öz biliyim əhatəsində təhlil edim.

1989-cu ildə yazılmış “Ankara” şeirinin dolğunluğuna fikir verin. Görün, şair Ankarada olduğuna və türkcə danışdığına və bunun Azərbaycan dili ilə eyni olduğuna görə nə sevinc hissləri keçirir:

 

Ankarada

1984 Aralıkda

 

Heç bir şey yoxdu ortalıqda.

Sevgi vardı

Sayqı vardı,

Bir –birimizə qayğı vardı.

Bir də eyni dildə qonuşmanın

Bəxtiyarlığı vardı.

Türkiyədə olan bütün şəhərlər Abbas Abdulla üçün doğmadır, əzizdir.

 

“İstanbul” şeirinin sonluğu çox maraqlıdır.

Çox gözəl tanıyıram bu şəhəri

cocuq ana-babasını tanıyan kimi.

 

Şeirdəki axıcılığa bax, şeirdəki gözəl bənzətməyə bax: uşaq ana-babasını tanıyan kimi.

Şair, izmirli şərqiçi Maraş Nacaroğluya həsr etdiyi “İzmir –1988” adlı şeirində bu şəhərə olan sevgisini isə belə bildirir:

 

Qucağında hər mutluluq,

Göy mutluluq, yer mutluluq.

Yaşamağın bir mutluluq,

Ölməyə də bu yer gözəl.

 

Adətən folklordan süzülüb gələn bayatılarımızda belə deyilir:

 

Əzizim Vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qürbət ölkə,

Ölməyə Vətən yaxşı.

 

Görürsünüzmü, şair İzmiri doğulduğu, boya-başa çatdığı Borçalının ən böyük kəndlərindən biri olan Kəpənəkçi kəndi ilə eyniləşdirir, hər ikisini özü üçün doğma Vətən sayır.

Başqa bir şeirində – Əli Yavuz Akpınara həsr etdiyi “İzmir – mart 1990” adlı şeirində rus qoşunlarının Bakıda törətdikləri vəhşiliklərdən, günahsız cavanların ömürlərini şəhidliyə qurban vermələrindən təsirlənən şair, Əli Yavuz Akpinara müraciətlə deyir:

 

Bəxtimiz qaralandı,

Bakımız yaralandı.

Məzarlar sıralandı

Köksündə dağlar kimi.

 

Üstündən illər keçməsinə baxmayaraq, öz canlarını Vətənin azadlığı uğrunda qurban vermiş cavanlar yada düşür və adamı ağlamaq tutur. Abbas Abdulla sevilib- seçilən şairdir. O, yığcamlığı sevir, uzunçuluqdan qaçır, böyük məna kəsb edən kəsərli, tutarlı söz deməyi bacarır.

Türkmənistanlı şair və alim Nazar Güllayevə müraciətlə yazdığı “Türkmən dastanın”da onun Nəsimi türkmən şairidir və nə üçün ona sahib çıxırsınız? – sualından şair incimir, əksinə bizim hamımızın türksoylu olduğumuzu ona başa salır və kökü türk olan dahiləri sənin ya mənim deyə bölmür:

 

Parçalama Türkmənin soyunu,

Uzun sürür bu dünyanın oyunu,

Gəl bir içək bir bulağın suyunu

Çox sənindir, kəm mənimdir, nəm mənim.

 

Qulağında Nəsiminin səsimi?

Məhdumqulu mənim olsun bəsimmi?

Yabançılar yemimizi yesinmi?

Yem sənindir, yem mənimdir, yem mənim.

 

“Nəfəsim gəlir” şeirini də ürək ağrıları ilə oxumamaq mümkün deyildir:

 

Abbasam, yoluma göz dikib elim,

İraq düşmüşlərə yetməyir əlim.

Dodaq kilidlənib, quruyub dilim,

Çox da ki canlıyam, nəfəsim gəlir.

 

Ümumiyyətlə, bu kitabda yaxşı, ya da pis şeir sözü işlətmək insafsızlıqdır. 1995-ci ildə Türkiyənin Bayburt şəhərində “Dədə Qorqud” günləri keçirilərkən Abbas Abdullanın dediyi bir şeiri çox maraqlıdır. Şeirin ikinci bəndində belə deyilir:

 

Qarabağda bülbüllərim ötməz olub,

Millətimin çilələri bitməz olub,

Türk əsgəri türk yurduna getməz olub,

Vətən olsa dosta məzar, düşmənə yurt,

De sən nəsin, de sən nəsin, nəsin Bayburt!

 

Şair şeirin bu bəndində türkü Qarabağı düşmənlərdən azad etməyə çağırırsa, axırıncı bənddə gözəl bir sonluq verir və Ulu Tanrıdan arzu edir ki, Qarabağ öz gücümüzlə, qeyrətimizlə düşmənlərdən azad olunsun və Bayburt Qarabağda keçirilən zəfər bayramında iştirak etsin:

 

Hacaloğlu ozan Abbas Abdullahım,

Zəfər günü açılacaq hür sabahım,

Göstər bizə o günləri, ey Allahım,

Boy boylasın, soy soylasın Dədəm Qorqud.

Qarabağın şöləsinə getsin Bayburt.

 

Şübhəsiz ki, şair çox gözəl duyub. Böyük Allahın köməyi ilə özümüz qurtaracaq bu bəladan və zəfər bayrağını Şuşada açarkən bütün Türk dünyasını dəvət edəcəyik.

Bu kitabı oxumamışdan əvvəl mənə demişdilər ki, Abbas Abdulla bir neçə dəfə ürəkdən əməliyyat olunub. Fikrimdən nələr keçdi... Haqsızlıqlar, ədalətsizliklər dağ boyda, ürək isə yumruq boyda.

Elə ürək dedim, yadıma gürcü xalqının məşhur yazıçısı Nodar Dumbadzenin “Əbədiyyət qanunu” romanı düşdü. Bəlkə də bu romanı oxuyanların yadındadır: Respublikada sayılıb-seçilən qəzetlərin birində mafiozlar haqqında məqalə getməlidir. Bundan mafiozların xəbəri olur və redaktora təsir etməyə çalışırlar. Ona yarım milyon pul təklif edirlər, redaktoru öz sevimli qadını ilə restoranda təhqir edəyirlər və s. Bir sözlə, onu sındıra bilmirlər. Ancaq ürək bunlara dözə bilmir və redaktor xəstəxanaya düşür.

Yaxşı professorlar onu müalicə edirlər. Günlərin bir günü həkimlər redaktoru evə yazmalı olurlar. Professor redaktora yanaşıb necə müalicə olunduğunu soruşur. Redaktor öz razılığını bildirir və professora cavab verir ki, mən nəinki burada yaxşı müalicə aldım, eyni zamanda, burada bir qanun da icad etdim. Professor soruşduqda ki, sənin qanununun bir formulası varmı? Redaktor: – Var, – deyə cavab verir və bu qanunun formulasını ona başa salmağa çalışır, deyir: “Mən burada müəyyən etdim ki, insanın ürəyi, qəlbi onun bədəninin çəkisindən yüz dəfə ağırdır və bu ağırlığı gəzdirmək bir adamın işi deyildir. Odur ki, biz insanlar nə qədər ki, sağıq, bir-birimizə kömək etməliyik. Bir-birimizin ürəyini, qəlbini əbədiləşdirməli və ölümsüzlüyə aparmalıyıq. Mən sənin, sən onun, o başqasının və s. Yoxsa ölüm hər birimizi ayrılıqda tutub məhv edəcək”.

Elə ürəklə bağlı ikinci bir məsələ də yadıma düşdü. Mən, Sovetlər Birliyi dövründə Gürcüstan KP MK-nın nəzdində daim fəaliyyət göstərən kurslarda iştirak edirdim. Müxtəlif sahələrin məşhur alimləri bizə mühazirələr oxuyurdular. Bir professorun dediyi sözləri bu gün də yadımdadır. O, qəfil ölümdən söz saldı və dedi ki, mən bu terminin əleyhinəyəm. Bizi bir az iş yerində hirsləndirirlər, qəlbimizə dəyirlər. Avtobusda və digər nəqliyyat vasitəsi ilə evə qayıdarkən hansı kobudsa səni təhqir edir. Bir sözlə, evə gəlib çatırsan və düşünürsən ki, artıq dincəlmək olar və elə bu vaxt həyat yoldaşın əyər-əskiklərdən danışır, əvvəlkilərdən də bərk qanını qaraldır. Və hər dəfə stress keçirdikcə, insanın bədənində hormonlar əmələ gəlir və ürəyin tellərini yeyib dağıdır, onu məhv edir.

Bir də o adamların ürəyi tez sıradan çıxır ki, onlar qohumları, yaxınları, dostları çətinliyə düşərsə, o həyəcanı, onların keçirdiyi stressi o da keçirir. Sözün düzü, Abbas Abdullanı “təcili yardım”a bənzətmək olar. Türk dünyasında bir dara düşən varsa Abbas onun dərdini çəkir. Burada Qarabağın, orada Borçalının...

Abbas həmişə sülh tərəfdarıdır. İzmirdən Hüseyn Tüncər belə yazır: “... şeirlərində və yazılarında Azərbaycan türkçəsiylə Türkiyə türkçəsini birləşdirməyə çalışan şair doğmalaşdırma tərəfdarədar”.

Ağəddin Mansurzadənin fikirləri daha çox maraqlıdır. O yazır: “... Abbas bu gün bir Azərbaycana sığışmır. Və o, bütöv bir Türk dünyasının xəritəsini yaratmaq arzusu ilə yaşayır”.

İçərisində, ürəyində, qəlbində neçə-neçə hazır əsərlər yatan Abbas Abdulla hansı səbəbdənsə susmağı üstün sayır:

 

Dilim var, lal kimi susan olmuşam,

Dəryalar içində suzan olmuşam,

Dərd çəkib, qəm yeyib, ozan olmuşam

Bu dərdim, bu qəmim sazda deyilməz.

 

Şairin Vaqif Səmədoğluna məktublar silsiləsindən şeirlərində də pessimizm duyulur:

 

Gülmək istər güləməz,

Haqdan heç nə diləməz,

Ölmək istər öləməz

Bir gün ölməli qardaş.

 

Həmişə nikbin duyğularla yaşayan, öz duzlu –məzəli söhbətləri ilə adamı valeh edən Abbas Abdullanın neçə illər bundan əvvəlki şuxluğu yadıma düşür.

Görün Abbas Abdulla kimdir?

Şair, yazıçı, jurnalist, tərcüməçi, pedaqoq, ictimai xadim və s. Bu qədər titulu olan şəxs ancaq və ancaq sevinməlidir. O, nəinki Azərbaycanın, eləcə də Türkiyənin, Ukraynanın, Gürcüstanın və bütün Türk dünyasının şairidir. Bizim üçün böyük fəxrdir ki, Abbas Abdulla böyük türk şairi Nazim Hikmətin, böyük Azərbaycan şairi Rəsul Rzanın davamçısıdır. Heç təsadüfi deyildir ki, başının üstündə Nazim Hikmətin portreti asılmışdır.

1986-cı ildə bir tələbə yoldaşımın iş yerinə getmişdim. Onun idarəsi keçmiş Respublika Xalq nəzarəti Komitəsiylə üzbəüz binada yerləşirdi. Elə yenicə oturub tələbəlik illərindən xatirələri yada salırdıq, bu vaxt qapı açıldı və mənim kimi arıq, saçlarına dən düşmüş bir nəfər içəri girdi. Tələbə yoldaşım mədəniyyət xatirinə bizi tanış etdi. Mənim Gürcüstanlı olduğumu və onunsa ədəbiyyatımızın qartalı yazıçı Süleyman Rəhimovun oğlu yazıçı Şamo Arif olduğunu bildirdi. Mən də ədəbiyyata və ədəbiyyatçılara böyük sevgi bəslədiyimdən, onunla şirin söhbətə başladım və söz arası: “Bizim eloğlulardan nə deyə bilərsən? – sualını verdim. Eloğlular deyəndə kimi nəzərdə tutursunuz? – dedi. Mən də o vaxtlar keçmiş SSRİ məkanında Maksim Rilski adına mükafata layiq görülmüş Abbas Abdullanın adını çəkdim və dedim ki, bu mükafatla ikicə adam mükafatlanmışdır ki, onun da biri mənim dostum Abbasdır.

Şamo Arifin mənə cavabı belə oldu: “Əziz dost! Bir mükafat adı çəkdin, əsl insanı, əsl kişini mükafatla tanımazlar. O, mənim üçün əsas meyar deyildir. Amma qurban olum Abbasa. Analar oğul doğanda Abbas kimi oğullar doğa”.

Şamo Arifin bu qiyməti mənim üçün ən uca bir zirvəni fəth etməyə bərabər idi. Və bir daha başa düşdüm ki, hamı paxıl deyilmiş, insanlar arasında qədir –qiyməti verənlər var imiş.

Heç kitabın adından söz açmadım. Borçalı bölgəsində uşaqlıq vaxtından yadımdadır. Bir məşhur adamdan, yaxud yaxşı, xeyirxah adamdan söhbət gedəndə belə deyirdilər ki, flankəs çox məşhur adamdır və belə adam heç Urumda-Kırımda da yoxdur.

Abbas müəllim! Siz Böyük Türk dünyasının poeziya aləmində öz yeri, öz mövqeyi olan şəxssiniz. Siz Ukraynanın fəxri vətəndaşısınız. Özünüz dediyiniz kimi Urum-Kırım arasında məşhur adamsınız. Mən şair ya yazıçı olsaydım və mənə təklif etsəydilər ki, “xalq yazıçısı”, “xalq şairi” fəxri adımı seçərdin, yoxsa Urum-Kırım arasındakı hörməti, izzəti? Mən düşünmədən ikincini seçərdim.

Əziz dostum! Tanrım muradınızı versin, ilhamınız sönməsin, Sizdən neçə-neçə yeni əsər gözləyirik. Ruhdan düşmək olmaz. Çünki Siz milyonlarla ürəklərdə yaşayırsınız.

Özümün yazdığım, bəlkə də şeiriyyətdən uzaq olan bir şeirimlə öz fikirlərimi tamamlamaq istərdim.

 

Öz yazınla kitabları bəzə sən,

Dünyamızı qarış-qarış gəzəsən,

Çətinliyə, qardaş, gərək dözəsən,

Şan-şöhrətin, adın-sanın mübarək,

Söz mülkündə öz ünvanın mübarək! 

 

 

Rəsulzadə Tofiq

 

525-ci qəzet.- 2012.- 21 sentyabr.- S.6.