Mehriban Ələkbərzadə:
"Televiziyanın indi məqbul sayılan variantı mənim
üçün qəbulolunmazdır"
Rejissor Mehriban Ələkbərzadə ilə onun
çalışdığı məkanda - Akademik Milli Dram
Teatrında görüşdük. Girişdə Mehriban
xanımın burda olmadığını dedilər. Amma
sonra məlum oldu ki, xanım rejissor teatrda səhnələşdiriləcək
yeni tamaşanın üzərində işləyir:
uzadılmış iş rejimiylə.
-
Günün bu saatına qədər burda heç kim qalmır, ona görə elə biliblər,
getmişəm.
- Mehriban
xanım, hansı tamaşanı hazırlayırsınız?
- Bu mənim
12 il əvvəl quruluş verdiyim “Qatil” tamaşasıdır.
Teatr tarixində də, ümumiyyətlə heç bir yerdə,
hələ heç
bir rejissor eyni tamaşaya ikinci dəfə
quruluş verməyib. Üstəlik eyni teatrda, eyni səhnədə.
Neçə ildən sonra mən öz tamaşama baxanda zamanın
təsirini, daxili sürətimlə uzlaşmayan məqamlar gördüm. Bu tamaşa bərpa deyil, tamamilə yeni bir
tamaşadır. Dekor, aktyor oyunu, rejissor
baxışı, hadisəyə baxış bucağı, bir
az da estetik rakurs anlamında fərqli təqdmat olacaq. Əsər
mükəmməl əsərdir, çünki on iki ildən
sonra onu oxuduqda başqa havada, başqa enerjidə hiss eləyirəmsə,
bu o deməkdir ki, əsər başqa bir quruluşa da
israrlıdır. Fərqli üslub və tamam fərqli
rakurs tələb edir. Mən də bunu
edirəm.
-
Oxuculardan biri belə fikir dedi ki, sizin tamaşalarınızda
sanki bir rəng var, amma publisistikanızda rənglər
çoxdur. Sizcə, bu fikir nədən
yaranır?
-
Maraqlıdır. Bilirsiniz, mən nə isə
yazıram, amma tamaşasını hazırladığım əsərlər
yazı olaraq daha mükəmməldir. Mən
yazar deyiləm ki, onlarla müqayisə olunacaq bir şey
yazım. Peşəkar yazıçı
kimi, özümü nə Elçinlə, nə Afaq Məsudla
yanaşı qoya bilmərəm. Klassikadan
danışanda isə, ümumiyyətlə ehtiyatlı olmaq
lazımdır. Bəhs etdiyiniz yazılar mənimdir. Tamaşanın isə, sonuc ideyası mənim rəngimdə
təqdim olunur. Əgər bir rənglidirsə, yəqin,
mən özüm birrəngliyəm (gülür) Düzdür,
belə fikirləşmirəm. Mənim tamaşalarımda mütləq parlaq
rəng və işıq çalarları olur, amma ətrafı
qapadıram. Seçdiyim fon məsələsi var. Əgər fon
çox tünddürsə, ağ işıq mütləqdir.
Yəqin ki, oxucu bu mənada deyib.
Ümumiyyətlə, bir işığın parlaq olması
üçün, mütləq, qara fon da
olmalıdır.
- Siz
medianın və incəsənətin müxtəlif sahələrində
olmusunuz: televiziya, mətbuat, kino, teatr. Bunlardan
hansı sizə daha doğmadır?
- Əslində, teatr daha doğma olmalı idi. Bir daha qeyd
edim ki, .mən jurnalist deyiləm, Rejissoram. İlkin təhsilim, peşəm teatr rejissorudur.
Televiziyada uzun müddət çalışmama
minnətdar olaraq, kinoya da gəldim. Amma
"televiziyada olduğum qədər, kinoda da peşəkaram"
deməyə cəsarətim yox. Çünki
işinə heyran olduğum, kumir saydığım
rejissorların işi ilə müqayisədə, bu, utanc olar.
Məsələn, özümü Tarkovskiylə
müqayisə edə bilmərəm. Baxmayaraq
ki, şəxsiyyətləri müqayisə etmək
qüsurdur. Amma ayıq insan olaraq mən
rejissor kimi, qabilliyətimin, peşəkarlığımın
hansı səviyyədə olduğuna əminəm. Ona görə, özümü daha çox teatr
rejissoru sayıram. Bütün bunların
sintezinə qalanda, televiziya çox doğmadır. Televiziya məni yazmağa vadar elədi, yaxşı
mənada bədiilikdən uzaqlaşıb, sırf tarixi məcraya
- elmə yönəldim. Mən indi Elmlər
Akademiyasının Bakıxanov adına
Tarix İnstitutunun elmi işçisiyəm. Və hətta bədii
filmlər çəkəndə də, sənədli
araşdırmalara daha çox üstünlük verirəm.
- Əvvəllər
Lənkəran Dram Teatrında da işləmisiniz...
- Bəli,
təyinatla bağlı orda çalışmışam
- Sizcə,
əyalət tamaşaçısıyla paytaxt
tamaşaçası arasında fərqlər varmı?
- Sonucda,
mən sevgiylə dünyaya gətirdiyim filmlərimin və
tamaşalarımın taleyində özümün də sevmədiyim
bir münasibətim olur. Bu, tək qüsurumdur.
Mən filmi, tamaşanı təqdim edənə
qədər onunla yaşayıram. Dünyaya
gəlir, mənim missiyam bitir. Sonra onun
taleyi necə olur, onunla maraqlanmıram. Bu
filmlər üçün mənfi haldır, çünki
rejissor həmkarlarım adətən, filmi müəyyən
festivallara aparır. Yəni bu yolla
yaşadırlar. Mənsə onun
“dünyaya gəlişindən” sonrakı taleyi, yəni ki,
prodüsserlik etməyi bacarmıram.
Düşünürəm ki,bu artıq mənim
işim deyil. Yaxud, tamaşadan sonra kəşfiyyata
çıxım, tamaşaçıyla ünsiyyət qurum,
onun istədiyini verməyə çalışım. Ona maraqlı olan mövzuyla balans saxlayım,
tamaşaçının baxış bucağından səhnəyə
baxım- bunu heç vaxt etməmişəm.
- Bəs
teatrların fərqi nədədir, teatrların ruhunda
hansı fərqlər var?
- Bəzən
əyalət deyib keçdiyimiz teatrda o qədər
böyük aktyorlar olur ki, şəxsən mən Lənkəranda
fikirləşirdim ki, heç bu, baş teatrda, akademik teatrda
yoxdur. Hər teatrın özünün
bucaqları var, nə qədər desələr ki, mən bunu
burda yox, orda etsəm, daha nələr olardı, yox alınmaz.
Hərəsinin öz atmosferi,öz
gücü, öz enerjisi, öz təkraredilməz simaları
var. Lənkəranda bunun şahidi oldum. Amma mən
diplom işimi də Akademik Milli Dram Teatrda səhnələşdirmişəm.
Mənim tamaşamı nazirlik repertuara saldı
və bu artıq göstərici idi ki, mənim Akademik teatrda
qalıb işləməyim üçün bu şərt
idi. Mən isə, dolanbac yola
çıxdım. Lənkərandakı fəaliyyətimə
heç peşman deyiləm, çünki o zaman orda
güclü aktyor kollektivi vardı, mən istəklərimi
müəyyən dərəcədə reallaşdıra
bildim.
- Bildiyim
qədər, sizin Qarabağla bağlı filminiz
hazırlanırdı. Həmin filmin taleyi necə
oldu?
- Tale elə
gətirdi ki, mən
o filmdən imtina etməli oldum. Orda
ciddi anlaşılmazlıqlar var idi. Mən
isə dürüst adamam. Manevr etməyi də
sevmirəm. Tərslikdən isə, ətrafımda
elələri var idi ki, onlarla mənim məslək prinsipim
uyuşmadı. İndi mənim
qarşıda ALJİR-im (Akmolinskiy Laqer Jen İzmennikov
Rodinı) var. Məlum 1937 repressiyalarında sürgün
edilmiş xanımların taleyi ilə bağlı ssenaridir.
- Bəs Qarabağ haqqında çəkilən digər
filmə - “Xoca”ya baxmısınız?
- Yox,
baxmamışam. Eşitdiyimə görə, “Xoca” uğurlu
filmdir. Çünki bu filmin müəllifləri
odun-alovun içindən keçənlərdir, buqələmunlar
deyil.
-
Ümumilikdə, Azərbaycan kinosunun son dövrünü necə
qiymətləndirirsiz?
- Müəyyən
cəhdlər var. İstər-istəməz inkişaf baş
verməlidir. Sadəcə olaraq, kaş bunu bir az
ağıla etsinlər. Kino teatrdan daha kollektiv, daha texniki iş prosesinə
malikdir. Rejissorun nəsə demək istəyi
operatorun bir rakursuna görə alt-üst olur. Sən tamaşaçıya izah edə bilməzsən
ki, nə səbəbdən bu insanların biri yetərli səy
edə bilmədi. Bir qatarın nə zaman
keçəcəyini öyrənib, ona görə film çəkməzlər
axı. Qatarı filmə görə gətirərlər.
Biz isə əksinə edirdik.
Düşünürəm ki, Azərbaycan kimi ölkədə
ildə 6-7 deyil, lap bir film çəkilsin, amma ona
bütün imkanlar yaradılsın. Amma bizdə
hərə öz qabağına çəkir. Sonuc deyil, daha başqa maraqlar mübarizəsi
başlayır. Düzdür, digər sənət
növlərində də belə faktlar var. Onun
üçün təfəkkür və beyinlər dəyişməlidir.
-
Müsahibələrinizin birində demisiniz: “Əsl layiq
olduğum yeri layiqsiz insanlar tutublar”...
- Bir zaman belə bir qəzəb
var idı. İndi
isə, nəinki o yerin, heç bir yerin marağında deyiləm
(gülür).
-
Televiziyanı nəzərdə tutmuşdunuz?
- Fərqi
yoxdur artıq, çoxdan keçib. Əslində
belə haqsızlıqlar yenə də davam davam edir.
Eh... mənə qarşı haqsızlıq bitmir ki.
-
Televiziyalarla münasibətiniz nə yerdədir?
- Mənim
münasibətim normaldır, onların mənə münasibətini
bilmirəm. Nədənsə bir qədər fərqli
mövqelər var. Əvvəllər maraqlanırdım ki, bu
niyə elədir. İndi isə maraqlı
deyil. Çünki mən adımı,
şöhrətimi, müəyyən imicimi televiziyada
qazanmışdım. Yaradıcı
düşüncəmə, peşəkarlığıma və
qüruruma xəyanət etmədən öz xəttimi orda
qoymuşam. Bacardığımı etdim.
Aldığım qarşılıqdan sonra daha
bir də ora qayıtmaq fikrim yoxdur. Bəzi
televiziyalarda, çox nadir hallarda, filmlərim nümayiş
olunur. Son filmim “Mart hadisələri və
ya qara oyunlar” üçseriyalı sənədli-bədii
filmdi.
- İndiki teleməkanda
olan qeyri-peşəkarlıq sizin işlədiyiniz zamanlarda
vardımı?
-
Çox çətin idi. Amma mən TV-dən
imtina edəndə, əmin olmuşdum ki, bu vəziyyət məni
qane etmir. Anlayırdım ki, belə
olmamalıdır. Amma nə etmək
olardı. Televiziyanın bu qədər
qorxulu vəziyyətə düşməsi mənim
formalaşmış peşəkarlığıma toxunurdu.
Elə hadisələr baş verirdi ki, mən onları saxlamaq
iqtidarında deyiləm.
TV-nin indi məqbul sayılan variantı mənim
üçün qəbulolunmazdır. Mən
TV-də əsasən peşəkarlar olduğu zaman çox həvəslə
çalışmışam. Bu qədər
yetər.
- Sosial
şəbəkələrdə aktivsiniz, virtual aləm nə
qədər əhəmiyyətlidir sizin üçün?
- Real cəmiyyətdə
mənim ünsiyyətim çox azdır. İnsanlarla
təmasım, ancaq müxtəlif elektron
çıxışlarladır. Məsələn,
elə facebookdadır. Mənim ictimaiyyətə
çıxışım da, elə sosial şəbəkələrdəki
paylaşımlardır. Hərdən
yazılarımı da verirəm, hərçənd ki, həmin
yazıları harasa verib çap elətdirə bilərəm.
Amma mənim üçün bu elə də
önəm daşımır. Əsas olan
fikrini yazmaq və ruhu sənə nisbətən yaxın
olanlarla paylaşmaqdır.
Deyim ki, orda müxtəlif peşə
sahibləriylə real həyatdakı
tanışlığın davamını
sürdürürük. Məşhur və
tanınmış insanlar da var, yeni nəsil də. Əsas odur ki, orda sənə qarşı
riyakarlıq, bədxahlıq etmək
mümkünsüzdür. Əks halda, onu
ləğv edirsən.
-
Seriallarla bağlı sizə təklif olubmu?
- Mən
serial rejissoru deyiləm. Düzü, elə bir təklif
də olmayıb. Mənim üçün
bitkin fikir var. Serial da ciddi işdir, amma hər gün müəyyən
metraj üçün onun dalınca qaça bilmərəm.
Amma yenə deyirəm, baxır hansı mövzu! Çox vaxt tamaşaçılar seriallarla vaxt
öldürürlər. Amma “Möhtəşəm
yüzyıl”da vaxt ölmür axı, əksinə udursan.
Bəzən deyirlər ki, bu serialda tarixi təhriflər
var, hərəmxanalar niyə daha çox qabardılır.
Mənsə düşünürəm ki, bu əslində
Osmanlı İmperiyasının süqutunun səbəbləridir.
Orda göstərilir ki, Osmanlını kimlər
idarə edəcək. Hamısı özgə
qanlar, yad dinlər, bu etnikə yad olan insanlardırlar. Nə zaman böyük millətlər iflasa
uğrayır? Onların qanları dəyişəndə,
genetik kodları dəyişəndə. Lord
Kerzon deyirdi ki, Qafqazdakı türklərlə Anadolu türkləri
arasında böyük bir zolaq salmaq lazımdır. Bu
yunanlar və yaxud ermənilər ola bilər.
“Muhteşem yüzyıl”da
göründüyü kimi isə bu “zolaq” Osmanlıda
sarayın içindən salındı.
- Son
dövrlərdə Şah İsmayıl Xətaiylə
bağlı bəzi kitablar yazılaraq onun etnik kimliyi
haqqında müxtəlif versiyalar söyləyirlər. Bir tarixçi kimi bu haqda nə deyə bilərsiz?
- Hər
kəsin öz fikri var. Kim necə düşünürsə
düşünsün. Mən elə fikirləşmirəm.
Bu fərziyyəni bölüşmürəm.
Şah İsmayıl təpədən-dırnağa
türk idi. Böyük və güclü
şəxsiyyətlərimizi həmişə digər millətə,
digər xalqa, etnik qrupa aid eləmək də bədxahlarımızın
bicliyidir. Eləcə də Nizami Gəncəvi
haqqında bu cür iddialar vardı. Amma
insanın doğma yurd faktoru onun şəxsiyyətində
çox vacib amildir. Böyük
dühaları həmişə mənimsəməyə
çalışırlar. Nizami də elə
bir dühadır.
-
Ümumiyyətlə bu kiçik mübahisələr nə dərəcədə
lazımlıdır?
- Zaman da,
müstəvi də dəyişib. Artıq
itirilmiş prosesden sonra dava eləməyin nə mənası
var, anlamıram. Bir də axı bu gün bir
güclü birindən bir şey alırsa, sabah
o biri güclü də gəlib onun əlindən alacaq. Cəngəllik qanunudur. Amma bu da əbədi deyil axı. Mən bir ideya qoyuramsa, siz digər bir ideyanı onun
yanında qoyursuz. Kor-kor,gör
-gördür. Xətti pozmaq lazım deyil, onunla
yanaşı daha bir xətt çəkmək lazımdır.
İstər “Sarı gəlin”, Nizami, Füzuli
olsun, bunları anlayıb, onlara sahib
çıxdığımız anda onlar bizim olacaq.
Pərviz SADIQOV
525-ci qəzet.-
2012.- 22 sentyabr.- S.32.