Nurəngiz GÜN (Şeirlər)
Sentyabrın 21-i Azərbaycanın
tanınmış şairəsi Nurəngiz Günün
doğum günüdür.
Şairə 1938-ci ildə Bakıda
ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Teatr İnstitutunun məzunu
olan Nurəngiz Gün
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində
çalışıb. Azərbaycan
Dövlət İncəsənət Universitetində səhnə
danışığı və nitq mədəniyyəti
kafedrasında müəllim işləyib.
Ədəbiyyata
“Tanrı” povesti ilə gələn
şairə “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə
dua”, “Yol gedirəm”,
“Xocalı simfoniyası” və başqa
kitabların müəllifidir. Nurəngiz Günün
şeirləri bir çox
xarici ölkələrdə - Türkiyədə,
Estoniyada, Özbəkistanda, İranda, İraqda, keçmiş Yuqoslaviyada çap olunub. Şairə
müxtəlif vaxtlarda xarici
ölkələrin ədəbi mükafatlarına layiq görülüb. Öz əsrarəngiz şeirləri ilə ilğımlı sevgiləri
xatırladan, poeziyası azadlıq, ümid,
kədər və məhəbbət ətrinə bələnən
Nurəngiz Günü ömrünün
74-cü payızı münasibətilə təbrik edir, şairəyə payız bərəkətli
uzun yaradıcılıq ömrü
və cansağlığı arzulayırıq.
“525-ci qəzet”in
oxucularına şairənin poeziya
bağçasından seçilən əlvan çələngi
təqdim edirik.
Nurəngiz GÜN
Yol gedirəm
Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə
ümid və qürur,
İçimdə
ağlamaq ehtiyacı...
Yol gedirəm,
yorulanadək.
Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm,
saplağından qırılanadək.
Saçlarımda rüzgarım,
Ruhumda ana
laylası,
Başımda məğlub eşqim
Yol gedirəm,
sinəm qaralanadək.
Önümdə silsilə dağlar,
Sərt qayalar,
soyuq dəniz
Qərib canla,
bu tək cana, qürub çağı
Yol gedirəm,
öləziyib saralanadək.
Arxamda sarp
enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim...
Yol gedirəm,
yol olanadək.
1984
Ağlama, Zaur, ağlama
(Əvəzsiz sənətkarımız, respublikanın
Xalq artisti Fuad Poladova, “Təhminə və Zaur” pyesindən aldığım təəssüratla)
... Firəngiz neyləsin?
Gümüş tabut kimi ömür
edir, gümüş pillələr.
Firəngizin dünyası
məlum -
Zəncir hasar
arxasında gümüş
yuxular.
Zaurun başında
başqa qayğı var...
Firəngizin əlləri
çatmaz,
yatır ürəyində
ölü qorxular;
Gözəl Zaur
- özgə tikəsi!
Zaur daş
pillələrdə əsrin
müti məlaikəsi!
Zaur birdən
daş qapını aça bilər,
Zaur birdən
baş götürüb
yol uzunu,
yollar boyu
qaça bilər.
Zaurun çəpəri
çarpaz çəkilib.
Bu sədd qayım olmalı.
Əsir düşmüş
Zaur bu gün.
O qız sayıq olmalı!
Zaurun qandalı
əllərindədir -
Zaurun ürəyini
budağından üzəcəkdir.
Tapıbdır haqqın yolunu. “Hə. Yox. Yaxşı.”
Zor məsələ.
Zaur buna alışacaq, dözəcəkdir!
Zaur bu
göl, bu ölü sular… içrə su zambağı!
Büllur ləçəkləri
çirklənəcək.
Zaur dev yuxusunda. Bir gecə...
Yuxuları çiliklənəcək.
Ayılınca,
O sahilə bir daha harayı
yetməyəcək!..
Gölün üstü
örtülüdür. Bu tərəfdə,
Günahlar örtük
altında. Bilinməyəcək.
Gizli-gizli, hər
şey gizli.
Ah, yazıq Təhminə!
Təkcə sənin
tüstün... bəlli!
-
Qorxdu, çəkildi
Zaur -
Aydan arı,
sudan duru “bəyazları”...
Zəhərləyə bilərdi, Təhminənin
tüstüsü,
O gölün çirkablarını
Ləkələyə bilərdi, Təhminə qüssələri!..
Mərhəmətlər içindəymiş Təhminə.
Mərhəmətlər dünyasından qəfil qopdu Təhminə.
Qeyb oldu,
qəfil uçdu, qəfil köçdü,
Bulud oldu,
su oldu,
buludlara hopdu
Təhminə! Zaur!..
...Təhminənin rəsmi göy üzündədi.
Ala gözlər alacalanıb.
Baxır, baxır,
hey baxır, yer üzünü seçə
bilməyir.
Kirpikləri teyxa
qarmış!.. Göy
üzü hüzündədi...
Göy üzü
qəlbidi. Göy bizdən hündürdədi!
Endir Zaur,
endir qolların göydən aşağı,
Ağlama daha,
ağlama!
Çayxana müdiri
fin aboyu gətirdi,
Sənin kədərini
anlamayacaq. Fərqində
deyil.
Fərqində deyil
Nə ellər,
nə də sellər! -
Təkcə Təhminə üşüyür!..
Bax, yaxşı bax,
uçur mərtəbəsinə,
Qanadında sənin
inci yaşların... Uçur qübbəyə
sarı.
Qanadını eşq yandırır, sinəsində ağrı
vardır.
Bax, yaxşı
bax, saçları sozalıb, ayaz vurub, don vurub,
rəngi ağappaq
ağarmış...
Alıb heysiz
qanadlarına, aman
Allah, səni də...
Səni də
aparırmış!..
Ağlama, Zaur
bala... ağlama daha, ağlama!
1985
Döydüm qapını
Şəngülümsüz, Şüngülümsüz
bir Məngülüm
var, bir bəmbəyaz gülüm
var.
Qürbətdən gəlirdim.
Döydüm qapını,
utana-utana.
Oxudum mahnımı,
mən yana-yana:
- Məngülüm! Aç qapını, mən gəlim.
Döşümdə ağrı gətirmişəm,
başımda təzyiq...
Buynuzlarım ki,
yoxdur?
Olsaydı, ot
yox,
At gətirdim, həyat gətirərdim,
At ucalıqdır, həyat - qanadlı bir nağıl!..
At gətirərdim, həyat gətirərdim.
1978
Boşluq
Bomboş bir
səssizlik,
bomboş...
Boşluqda nə
sevgi, nə nifrət, nə səadət,
nə hiss, nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə
qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm
bu boşluğu!
525-ci qəzet.- 2012.- 22 sentyabr.-
S.29.