Şəmkir, Şanxay, Şamxal

 

Çox sevdiyim Aleksandr Blokun şeirindəndir bu misra: “Mən yaşamadım, yadların içində azıb qaldım” ( Ya ne jil- blujdal sred çujix). Ara- sıra Şamxal Rüstəm yadıma düşəndə, böyük rus şairinin bu sözlərini xatırlayıram. Elə bil, bu sözlər otuz ildən çox tanıdığım Şamxalın keçdiyi ömür yolunun boyuna biçilib.

Ötən əsrin 70 -ci illərində ədəbi aləmə gələnlərin hamısı Şamxal Rüstəmi yaxşı tanıyır. Çünki Şamxal o sıranın önündə gedənlərdən idi. Əlbəttə, çox çap olunmağı ilə yox, şeirlərinin dəyəri, gözəlliyi ilə. İmzası iki-üç ildə bir dəfə görünərdi qəzet- jurnallarda. O yazıları da ən yaxın dostlarının xahiş- minnəti ilə aparardı redaksiyalara. Özünə qalsaydı, o şeirlər də indi yox idi. Onların içində “Uzaqlıq” adlı əzbər bildiyim bir şeir var. Şamxal Rüstəmi də elə bu şeirə görə sevdim:

 

Nə adla minmişdik bu qayığa biz,

Niyə düşünmədik bir azca qabaq.

Yenə dəli olub bu dəli dəniz-

O tay da uzaqdı, bu tay da uzaq!

 

Gedirik- gözlərdə yaş gilə- gilə,

Dönürük- arxada hər dalğa bir dağ.

Bəs, indi üz tutaq hansı sahliə?

O tay da uzaqdı, bu tay da uzaq!

 

Onsuz da yetişməz nə səda, nə ün,

Dostlara bir haray məktubu yazaq:

Amandır, biz gələn yerə gəlməyin,

O tay da uzaqdı, bu tay da uzaq!

 

Şamxal deyir ki, redaksiya əvvəlcə bu şeiri çap etməkdən imtina etdi: “o tay”, “bu tay”  nə deməkdir? Burda Şimali, Cənubi Azərbaycan məsələsi var, bu siyasi şeirdir. Axırda şeirin əvvəlinə” xilasedici” bir cümlə yazırlar: “Peşmançılıq keçirən bir qızın sevdiyi oğlana məktubundan.” Və şeiri bu cümlənin kürəyinə qoyub çap edirlər. Otuz beş il əvvəl yazılıb bu şeir. İndi özünüz baxın. Şamxal bu “sürət”lə davam etsəydi (poetika baxımından deyirəm),indi harda olardı. 

Bayaq dedim ki, bu gün ədəbi aləmdə olan yetmişincilərin hamısı Şamxalı yaxşı tanıyır və onların hər biri onun haqqında saatlarla danışa bilər. Düzü, məni bu yazını qaralamağa sövq edən Şamxal Rüstəmi daha çox indiki cavan yazarlara tanıtmaq arzusudur. Qoy onlar bilsinlər ki, otuz- qırx il əvvəl onların yaşında, yaz səhəri kimi gözəl, qəlbi işıqla dolu bir şair olub. Səmimiliyindən və istedadından başqa heç bir arxa- dayağı olmayan bu buruqsaçlı oğlanı dostları təkcə gözəl şeirlərinə görə sevmirdi.  O, söz üstündə ən titullu şair, yazıçı və jurnalistlərlə döş- döşə gəlirdi, sözü üzə deyirdi,  mərd idi.

Şamxalın jurnalistika fakültəsində oxuduğu vaxtlar olur. Bulvarda- “ Venetsiya”da bir neçə qələm əhli ilə yeyib- içirlər. Yaşca böyük, tanınmış yazarların biri ilə Şamxalın mübahisəsi düşür. Təbii ki, ədəbiyyatla bağlı. Tərəzinin Şamxal tərəfə əyildiyini görən yazar “qurşaqdan aşağı” zərbəyə keçir:

-  Sən bilirsən, kiminlə danışırsan?

Şamxalın belə mənasız sual- təhdidə cavab vermədiyini  görüb, yumruğunu sinəsinə döyür:

- Sən .......danışırsan!

Ədəbiyyata təzə- təzə qədəm qoyan, gözünə döndüyüm qəhrəmanım da eyni tonda cavab verir:

- Sən də Şamxal Rüstəmlə danışırsan!

Bəli, Şamxal belə Şamxal olub.

Yaxşıdır, pisdir, deyə bilmərəm: Şamxal Rüstəm şöhrətpərəstlikdən uzaq adamdır. Dediklərimi trafaret kimi qəbul etməyin. Bu günə kimi onun haqqında hansısa qəzet- jurnalda, yaxud radio- televiziyada bir yazıya, verilişə, kiçik bir video süjetə belə rast gəlməmişəm. Bir də ki, Şamxal özü haqqında yüz il qala, kiminsə nəsə yazmasına razı olmaz. İllah da ki, o yazıda tərif ola. Açıq danışaq: bu mətbuat bolluğunda, yazı- pozu adamlarının çox hörmət etdiyi Şamxal Rüstəm, guya özü haqqında bir yazı yazdıra bilməzdi? Axı, Sovet dövründən üzübəri bir çox istedadsız yazarlar bir- biri haqqında o qədər mənasız məqalələr, şit resenziyalar, parıltılı ön sözlər yazıb ki... Nə isə.

Hardasa, bir on  il əvvəl Şamxalla metronun “İçərişəhər” stansiyasının qarşısında rastlaşdım (onu təsadüfən üç- dörd ildə bir dəfə görürəm). Hal- əhval tutandan sonra az qala, yalvara- yalvara dedim ki, ay Şamxal, nə olar, o şeirlərini yığ, bir kitab çap elə də. Elə bil, üzünə bulud çökdü:- Danışmağa söz tapmırsan?- dedi. Və bununla da kitab söhbəti bağlandı. Bax belə, 60 yaşı bu gün- sabah haqlayacaq Şamxal Rüstəmin kitabı yoxdur hələ...

Onun hardasa, on mahnısı var. Və bu mahnıları R. Muradova, F. Kərimova, N.Qasımova, M. Bağırzadə kimi tanınmış sənətçilər oxuyub. Şamxal Rüstəmin təkcə “ Elə qəmli dayanma” mahnısını müxtəlif illərdə iyirmidən çox müğənni ifa edib. Hərdən fikirləşirəm ki, bu zalım, heç olmasa, mahnı yaradıcılığından bərk yapışaydı gərək. Tanınmaq, şöhrət qazanmaq baxımından deyirəm. Ancaq neyləyəsən? Şamxalın canında, bayaq dediyim kimi, şöhrət azarından əsər- əlamət yoxdur. 

Təkrar olsa da deyim: Şamxal çox səmimidir, köhnə kənd kişiləri demişkən, düz adamdır. Düz adamla gərək “salam”ın da düz ola. O, saxtakarlığın özü yox, xırda bir çalarından belə keçən deyil. Sözümün bu yerində qayıdıram yenə də cavanlıq günlərimə. Onda da dost- tanış çevrəsində, təbii ki, “çiy” adamlar da olurdu. Və Şamxal Rüstəm belələrinin, bizim kənddə deyildiyi kimi, “vayına otururdu”. Onun belə tiplər haqqında 30- 40 il əvvəl yazdığı  həcvlər indi də dostlarının dilində əzbərdir. Bəlkə də həcv yazmaq ustalığına görə, Şamxal Rüstəmi çox rahatca Q.B. Zakir, S.Ə. Şirvani və Ə. Vahidin varisi hesab etmək olar. Şamxalı tanıyan, onunla oturub- duran ən yaxın adam belə tam səmimi olmağa çalışırdı. Çünki sözün həqiqi mənasında, hamı ondan çəkinirdi. Xırda bir saxtakarlıq...və ertəsi gün Şamxalın yazdığı həcv dillərdə gəzirdi...

(Bağışlayın ki, Şamxalın yadımda qalan həcvlərindən burda verə bilmirəm, çünki onların heç biri qəzetlik deyil).

Onun adı gələndə dost- tanışın üzünə o dəqiqə təbəssüm qonur.  Şamxalla bağlı saysız- hesabsız macəralar var. Və bu macəralar həmişə Şamxalın düzlüyü, qəlbinin təmizliyi ilə tamamlanır. Mən demirəm ki, o, idealdır. Yox, dostumun çatışmayan cəhətləri çoxdur. Məsələn, zəng eləyib saat ikidə görüş təyin edər, ancaq saat dördə- beşə gəlib çıxar, ya da heç gəlməz. Yaxud deyər ki, sabah rayona gedirəm, üç günə qayıdıram, lakin bir aya da gəlib çıxmaz, görərsən ki, sorağı Moskvadan gəlir. Bu cür işlər Şamxalın təmizliyinə, düzlüyünə toz qondurmaz, ondan heç kim inciməz...

Onda- 80- ci illərdə Şamxal Azərbaycan radiosunda işləyirdi- “Gənclik” redaksiyasında. Bir gün dedi ki, sabah axşam Zaqatalaya ezamiyyətə gedirəm. Mənə bir “diplomat” sumka lazımdır. Gəldik bizə- daha doğrusu, kirayədə qaldığım evə. Sumkanı verdim. Və “diplomat” o gedən oldu. Bir xeyli keçəndən sonra dostlardan biri dedi ki, 60 manatlıq (əslində qiyməti 25 manat idi, əldən 60- a alırdıq) sumkadır, sənin bir aylıq kirəpulundur, al da onu Şamxaldan.

Dinmədim, dostum bir az da həvəsləndi:

- Mən aparsaydım, indi sumkanı çoxdan istəmişdin məndən.

- Bəli, səndən istəyərdim sumkanı, ancaq Şamxaldan yox.

Axı, nəinki dostların, heç adamın doğma övladlarının da ürəkdə yeri eyni olmur. Mən bilirdim ki, o “diplomat” Şamxalda yoxdur. Bilirdim ki, hardasa dost- tanışlardan kimsə o sumkanı istəyib, Şamxal da onu bağışlayıb həmin adama. Ya da pulu qurtarıb, dəyər- dəyməzinə satıb. Bilirdim ki, Şamxalın qızıl ürəyi var, elə indi də belə düşünürəm. Guya, Şamxal mənim yerimə olsaydı,  neynərdi? Yəqin, cavab aydındır.

Şamxal cavanlığından yeyib- içməyə meyllidir. Nədənsə, bizdə söz- sənət adamları ilə bağlı yazılarda “yemək- içmək” məsələsindən yan keçirlər. Ancaq bir həqiqət var ki, elm, ədəbiyyat, mədəniyyət aləmində istedadları ilə tarixdə iz qoyanların içində içkiyə aludə olanlar çox olsa da, bu cəhət onların işıqlı adına heç vaxt kölgə sala bilməyib. Bu haqda dünyanın neçə- neçə nəhənginin həyatını misal çəkmək olar. Uzağa getməyək, Ə.Vahidin sərməst həyatı, yaradıcılığının parlaqlığını bir zərrə də azaltmadı, əksinə, onu xalqa daha da doğmalaşdırdı. Yeseninin həlim şeirlərindən indi də gözəl məşuqələrin və şərabın qoxusu gəlir, ancaq hamı onu sevir. Yaşadığı laübali, abdal həyatına görə heç kim onu qınamır...

Deyəsən, 80- ci ilin yazı idi. Şair Oqtay Şamillə Şamxalgilə getmişdik- Şəmkirə. Onların Dəllərdəki ata evində çox dostları qonaq olub. Həyətə girəndə, qapısı yerlə bərabər, uzunsov, damı şifer də yox, toldan olan, çox kasıb görkəmli evlərinin qabağında beş- altı qadın gördük. Məlum oldu ki, Şamxalın təzəcə bir qızı dünyaya gəlib. Atası İslam kişi bizə “xoşgəldin” elədi. Onunla tez doğmalaşdıq. Həyətin darvaza tərəfində ikiotaqlı, yığcam, kürsülü bir ev qaralırdı. Bu yarımçıq evin təkcə barısı qaldırılmışdı. Çaydaşından tikilmiş barının iç tərəfi quş yuvaları ilə dolu idi. Bilinirdi ki, bu tikili ən azı on ildir belə yarımçıq qalıb. İslam kişi evə baxdığımı görüb,- a bala, Şamxal içməyindən əl çəksəydi, bu evi çoxdan tikmişdik, - dedi.

Burda bir haşiyə çıxım: 80- ci illərdə, istər Bakıda, istərsə də rayonlarda həm leqal, həm də qeyri- leqal futbol lotoreyası çox geniş yayılmışdı. Şamxal ikinci varianta üstünlük verirdi və həmişə də böyük məbləğdə pul udurdu. Onun intuisiyası çox güclü idi. Yüz ilin futbol  azarkeşlərinin əlinə, necə deyərlər, çöp verərdi. Yəni Şamxalın futbol matçlarının nəticələri ilə bağlı təxmin etdiyi proqnozlar çox vaxt düz çıxırdı. Bir dəfə, hətta, ən yuxarı məbləğdə- 25 min rubl udmuşdu. Belə vaxtlarda onu Bakıda tapmaq olmazdı. O pulların çoxunu Moskva və Leninqradda xərcləyirdi. Əlbəttə, belə vaxtlarda ara- sıra Şəmkirə- evə də gedərdi. Amma bu gediş çox təmtəraqlı olardı- hansısa dostunun təzə “Volqa”sı, əynində hələm- hələm oğlanın geyə bilmədiyi son dəb kostyum, xarici ayaqqabı, təbii ki, “Marlboro” siqareti (qutusu əldə beş manat idi, hər oğul çəkə bilməzdi), ev üçün yaxşı bir bazarlıq, bahalı içkilər, qonum- qonşudakı uşaqların hərəsinə bir üçlükdən, beşlikdən bağışlamaq...bütün bunlar Şamxalın Dəllərə- evlərinə getdiyi o az- az, lakin parlaq günlərin xırda- para detalları idi. Ancaq onda qıraqdan baxanların gözündə çox xoşbəxt görünən Şamxal bu şeiri elə o uzaq illərdə yazıb:

 

Adını anmadığım babamın, nənəminmi,

Oduna yanmadığım qonşu qız

Sənəminmi...

Eh, qəlbini qırdığım nə bilim,

yüzmü, minmi,

Bircə biləydim məni

kimin qarğışı tutdu.

           

Yetməmişəm çətində

çox doğmamın dadına,

Çoxunu unutmuşam, çoxu gəlmir yadıma.

Bir quzu kəsilibmiş doğulanda a dıma,

Bircə biləydim məni kimin qarğışı tutdu.

 

Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,

Xata hər ömrü tutmaz,

bəla hər başı tutmaz. 

Süd əmmişəm döşündən,

ana qarğışı tutmaz,

Bircə biləydim məni kimin

qarğışı tutdu.

 

Onun tək bu yox, o illərin yadigarı olan başqa şeirlərində də, zahiri parıltısı göz qamaşdıran o həyatdan xırda bir nişanə belə yoxdu. Yəni, qonum- qonşunun, bəzi tanış- bilişin tanıdığı o buruqsaçlı, kefcil oğlan Şamxal deyildi. Əsl Şamxal ara- sıra yazdığı, ürək kövrəldən şeirlərindən görünən Şamxal idi. 

Oqtay Şamil və Şamxal bizdən aralıda, ağac altında söhbət edirdilər. Mən Şamxala haqq qazandırmaqla məşğul idim. Kişi razılaşmırdı: - yemək - içməyin də bir təhəri olar da. - İlk dəfə gördüyüm İslam kişinin mənimlə belə doğma və məhrəm bir adam kimi danışmasından kövrəlmişdim. O, sanki ailəsinin ən yaxın adamı ilə dərdləşirdi:

- Heç bir zalım qızı onda oturmaz. Əmisi qızı olduğu üçün onunla yola gedir...

Oğlunun- yeganə övladının əlinə arabir pul düşdüyünü İslam kişi bilirdi. Şamxalın hərdən ingilis şahzadəsi kimi gün keçirməsi, təbii ki, atasında bir umu- küsü yaradırdı. İslam kişi sonra, elə bil, sıxılan kimi oldu:

-  Bilirəm, arada əlinə beş- üç manat düşür, amma çox bədxərcdir,- sonra da özünə haqq qazandırırmış kimi işləməkdən cadar- cadar olan əllərini irəli uzatdı,- Vallah gücüm çatmır,- dedi. Bir qədər susdu, sonra da əlavə etdi- ay oğul, belə danışmağıma baxma, bunları hələ indiyə kimi onun üzünə çəkməmişəm. 

Şamxalın əlinə yaxşı bəhanə düşmüşdü. Bu hadisəni “yumaq” üçün rayon mərkəzinə yollandıq. Məclisimizin sonunda Şamxalın təzə dünyaya gələn qızına ad seçdik- Sevinc...

Hardasa, Şəmkir səfərimizdən 10- 12 il keçmişdi. Bakıda avtobus dayanacağında təsadüfən Şamxalı gördüm. Söhbət əsnasında:-

Sevinc artıq böyük qız olar, yəqin,- deyə soruşdum. - Şamxal təəccüblə üzümə baxdı:- nə Sevinc?- Ona neçə il əvvəl Şəmkirə getdiyimiz günü xatırlatdım. Şamxal şirin- şirin güldü:- Sevinc nədir? Elə ad olar? Adını Əsmər yazdırdım.

Gördüm ki, həmin Şamxaldı. Yalan- palan etiketlərlə, komplekslərlə, ağılla yox, ürəyinin səsi ilə yaşayan Şamxal.

Sözümə qüvvət olaraq bu yerdə Şamxal Rüstəmin bir şeirini də vermək istəyirəm:

 

Vaxtında gəlibdi ürəyə ağrı,

Saçımın dəni də vaxtına düşüb.

Dünyada heç nədən gileylənmərəm,

Dünyaya gəlişim ağ günə düşüb-

Siz məni heç nəyə tələsdirməyin.

 

Vaxtında boşalar hər dolan bulud,

Şimşəklər nə bilər çaxmaqdan özgə.

İnsan sevincinə gecikmək olar,

İnsan harayına çatmaqdan özgə-

Siz məni heç nəyə tələsdirməyin.

    

Şöhrət tamarzısı deyiləm axı,

Axı nə yazmışam, axı nəyim var?

Dağ yüklü bir ömrün enişindəyəm,

Hələ zirvələrlə döyüşməyim var-

Siz məni heç nəyə tələsdirməyin.

 

Vaxtında gəlibdi ürəyə ağrı,

Saçımın dəni də vaxtına düşüb.

Taledən hərəyə bir pay düşəndə,

Mənim də gecikmək baxtıma düşüb-

Siz məni heç nəyə tələsdirməyin.

Bir dəfə yenə metroda gördüm onu. Qırımı xoşuma gəlmədi. Ordan- burdan danışıb deyəcəyim əsas sözün üstünə gəldim:

- Sən Allah, Şamxal, içmə!

- Bu sözü mənə evdə deyirlər, heç olmasa, sən demə.

Dediyimdən peşman oldum, hətta bu cür “Dədə Qorqud”luq etdiyimə görə bir az da utandım. Bir sözlə, Məşədi İbadın “həna” məsələsi. Nə isə.

Bayaq dediyim kimi, Şamxalın çox macəraları olub. Bəlkə də onların içində improvizə olunanları da var, deyə bilmərəm. Hər halda, onlar Şamxalın adı ilə bağlıdır. O, bu macəralarda bütün koloriti ilə göründüyü üçün bir - ikisini dilə gətirməliyəm.

Şamxal tez- tez işdən qaçaq düşürdü. Bir gün yenə də qeybə çəkilir. İş yoldaşları tanış- bilişdən soraqlaşırlar, amma nəticəsi olmur. Hardasa, bir həftədən sonra redaksiyanın telefonuna Şamxaldan zəng gəlir. Dəstəyi qaldıran iş yoldaşı Dəmir Gədəbəyli tez soruşur:

- Bir həftədir harda itib- batmısan?

- Moskvadayam.

- Moskvada nə itin azıb?

- Moskvaya getməmişəm, burdayam. Pəncərəni aç, çölə bax, məni görəcəksən.

Dəmir Gədəbəyli beşinci mərtəbədəki otaqlarının pəncərəsini açır... və üzbəüz “Moskva” mehmanxanasının eyvanından ona əl eləyən Şamxalı görür. Demə, Şamxalın əlinə babat pul düşübmüş. Gedib o vaxtın “bərkgedən” mehmanxanasında bir lüks otaq kirəliyib, bala- bala dincəlirmiş.

Düşünürəm ki, bir də Şamxal haqda yazı yazası deyiləm, qoy onun işdəklərindən birini də deyim. Bir gün Şamxal dostlarından biri ilə yaxşı yeyib- içir. Və o dövrün dili ilə desək, ictimai asayişi pozurlar. Onları tutub polis bölməsinə gətirirlər. Polis serjantı bölmə rəisinə məruzə eləməyə gedir. Şamxalgil də gözləmə otağında oturub gözləyirlər.Şamxal ilk dəfə dəniz görən uşaq marağı ilə dostundan soruşur:

- İndi bizi neyləyəcəklər?- Bu söz ağzından çıxar- çıxmaz meşin qapı açılır. Şamxalı görən bölmə rəisi qışqırır:

- Ə, sən nə abırsız adamsan!  Keçən həftə getmədin burdan?

Şamxal Rüstəm portretinə güzgü tutan bir əhvalatı da deyim, bəsdi. Çünki  Şamxalın həcv yazmaq üçün göynəyən qələmindən qorxuram.

Şamxal “Elmi kommunizm” fənnindən dövlət imtahanı verməlidir. Hamı bilir ki, diplomun taleyi bu imtahandan asılıdır. İmtahana  üç gün qaldığı və qrup yoldaşlarının  gecə- gündüz, ürəyi əsə- əsə imtahana hazırlaşdığı bir vaxtda Şamxal dostu Baba Vəziroğlunu da götürüb arın-arxayın şəkildə Şəmkirə gedir... və bir həftədən sonra qayıdırlar. Şamxal diplomu on ildən sonra alır, ancaq “Elmi kommunizm”dən imtahan verib- vermədiyini deyə bilmərəm...    

Heç görmüsünüz yaz köhnələ? Çəpərin dibindən cincilim yığan bir kənd uşağı üçün də, min ilin dam-daşına söykənib, gözü yol çəkən qoca üçün də yaz həmişə təzədir. Şamxal Rüstəm də bütün “kələ- kötür” işlərinə baxmayaraq, elə bil, bir yaz ovqatı gəzdirir özündə. Təbəssümü, gülüşü, zarafatı, səsi qulağına dəyəndə, əhvalın yaxşılaşır. Bizim kənddə belədə deyirlər:- elə bil, yağışdan sonra Gün çıxıb.  Yaşadığı çətin həyatın içində bu cür işıqlı qalmağın, görünür,  ayrı sirri var. Yazımın bu yerində, bir vaxtlar Şamxalın öz həyatı ilə bağlı danışdığı bir məqam yadıma düşdü:

- 50- ci illərin əvvəllərində atamı dəmiryolçu kimi Ağstafanın Muğanlı kəndinə işləməyə göndərirlər. Bura köçəndən bir həftə sonra mən anadan olmuşam. Doğulan uşaq ailəmizə sevinc yox, kədər gətirirdi. Çünki məndən əvvəl doğulanların heç biri iki aydan çox yaşamayıb. Vəziyyəti bilən qonşuluqdakı gürcü gəlin (Muğanlı Gürcüstanın sərhəddində yerləşir) anama məsləhət görür ki, uşağa başqa millətə məxsus, yaxud qeyri-adi bir ad qoysa, şər qüvvələri azdırar və uşaq sağ qalar. Və gürcü gəlinin təklifi ilə uşağa “Şanxay” adını qoyurlar. (ilk şeiri çap olunana kimi o, bu adla yaşayır). Bəlkə də, o şər qüvvələri qovan işığın- ilahi gücün nəzəri yenə də Şamxalın üstündədir. Bəlkə də Şamxalın işıqlı aurası daha çox ondan qaynaqlanır? Bilmirəm. Bircə onu bilirəm ki, Şamxalla görüşəndə ürəyim işıqlanır...

Bu yazını qaralayıb qurtarandan sonra Şamxala zəng edib bir cavanlıq şəklini istədim və ondan gözlədiyim cavabı aldım: yoxdur.

- Necə yoxdur?

- Hamısı orda- burda, kirədə qaldığım evlərdə itib- getdi.

Sonra Azərbaycan radiosunda 10 ilə qədər bir yerdə işlədiyi jurnalist Aybəniz Məmmədəliyevaya zəng elədim. Sualımı eşidən kimi:

- Ay Qorxmaz, Şamxal heç işə gəlirdi ki, şəkil də çəkdirə?- dedi,- bəlkə Şəlalə Əlibəylidə olar, o da uzun müddət bizimlə işləyib...

Daha sizi yormaq istəmirəm. Gördüyünüz bu şəkli bir aya- Baba Vəziroğludan tapdım. Bəli, Şamxalın şəkli belə tapılmalıydı - əziyyətlə.

 

lll

 

Şamxalı sonuncu dəfə yenə də təsadüfən, bu ilin iyulunda gördüm- axırıncı görüşümüzdən təxminən bir il sonra. Bilirdim ki, Şamxalgilin Dəllərdəki evlərində təkcə atası qalır, anası dünyasını çoxdan dəyişib.

Şamxal çox çalışsa da, atası Bakıya gəlmir. Ona görə də o, az qala, hər həftənin sonu Şəmkirə gedir. Bütün bunları Şamxal bir il əvvəlki  görüşümüzdə danışmışdı. Ancaq mənə elə gəlirdi ki, o görüşdən cəmi iki- üç həftə keçib. Ona görə də çox sakitcə:

- Atan necədir?- deyə soruşdum.

- Bu ilin martında rəhmətə getdi. Doxsan dörd yaşında.

 İslam kişinin səsini eşitdim. Onun cadar- cadar əllərini gördüm. O yarımçıq, barısı quş yuvaları ilə dolu ev gəlib durdu gözümün qabağında.

-O yarımçıq evi tikdimi?

Şamxal doluxsundu:- yox- dedi.

 

Avqust,  2012- ci il

 

 

Qorxmaz ŞIXALIOĞLU

 

525-ci qəzet.- 2012.- 22 sentyabr.- S.26-27.