Aldanmış
ulduzlar (İkinci yazı)
“Ulduz” jurnalının 2012-ci il
iyul sayı və ümumən gənc ədəbi
ulduzlarımız haqqında qeydlər
İkinci yazı
Yazının birinci hissəsi dərc
olunandan sonra Aysel xanım bir dəstə cavanı da başına
yığıb banket keçirdi və bununla da, yüksək
səviyyəli bir jurnal buraxdığını restoran səviyyəsində
“təsdiq etdi.” Yaxşı elədi, yeyib-içmək, şənlənmək
insana, xüsusən də cavanlığa çox
yaraşır. Amma bir aydan bəri Ayselin “Ulduz”u və
“ulduzları” ilə məşğul olan, jurnalın məlum
nömrəsi ilə bağlı az qala ümummilli müzakirələrə
əvvəlcə impuls, sonra da ton verən birisi kimi mən niyə
o banketə dəvətlilər sırasında olmadım, bunu
anlamadım. Yəqin ki, tənqidlərimdən narazı
qaldılar. Və bununla da, söz azadlığından,
tolerantlıqdan, bir sözlə, Avropa dəyərlərindən
danışan bu cavanlar bəyənmədikləri Şərqin
yavruları olduqlarını, demokratik dəyər
anlayışının isə onlar üçün avtobusda
özündən böyüklərə yer verib-verməmək
məsələsindən o yana keçmədiyini bir daha təsdiqlədilər.
Amma yazımın birinci hissəsinə
münasibətin antiqütbü də oldu. Deyənlər oldu
ki, obyektivsən, hətta yumşaq yazmısan, amma ilk qələm
məşqləri edən gənclərə bu qədər
vaxt ayırmağa, onları uzun-uzadı antireklam etməyə nə lüzum var ki? Yazının
birinci hissəsi fikrinin ifadəsi üçün yetərlidir.
Tanınmış yazıçı Kamil Əfsəroğlu
bu haqda fikirlərinin hətta mətbuatda
açıqlanmasına belə etiraz etmədi.
Amma bu
yazıda söhbət sadəcə olaraq A.Əlizadə və
onun dərc etdiyi gənclərdən yox, insanın iddiası
ilə imkanı arasındakı uçurumdan gedir. Biz bəzən
“gənclik, gənclik” deyə-deyə cavanları layiq
olduqlarından (və lazım olduğundan!) artıq dəyərləndirir
və bununla da onlara ziyan vurmuruqmu? Əgər ədəbi gəncliyimiz
avtobusda böyüklərə yer verməyi gerizəkalılıq
sayan aysellərdən, “Freydin, Borxesin, Mopassanın
zatının ağzını” o söz eləyən (Allah, sən
saxla!) nahidlərdən, ilk ala-babat uğurundan sonra “eyni vaxtda
iyirmi qızla yatmaqdan” danışan qaraqanlardan, istedadı
ancaq özünü güldürən anekdotlar
düzüb-qoşmağa yetən ayxanlardan və daha
neçə-neçə belə qızlardan, oğlanlardan...
ibarətdirsə, ədəbiyyatımızın sabahı necə
görünür? “Ulduz” jurnalının 2012-ci il iyul
sayını vəsilə edərək mən bu suallara cavab
axtarmağa çalışmışam və hesab edirəm
ki, bunlar heç də önəmsiz məsələlər
deyil. İndi isə icazənizlə, konkret mətləbə
qayıdaq, görək cavanlar özləri nə deyir.
lll
Elxan
Yurdoğlunun Eynəli bəy Sultanovdan təqdim etdiyi “Zəmanə
ədiblərindən nələr tələb etmək
lazımdır” yazısı gənclik dərgisindən daha
çox Akademiyanın Ədəbiyyat İnstitutunun toplusu
üçün yararlı ola bilərdi. Bu, Elxan
üçün bir aspirant kimi yəqin ki, maraqlıdır, Ədəbiyyat
İnstitutunun müvafiq dövrlə bağlı
araşdırmalar aparan işçiləri üçün də
müəyyən önəmi ola bilər. Amma,
doğrudanmı, “Ulduz” jurnalı oxucuları üçün
də eyni dərəcədə diqqətçəkəndir?
Məncə, yox. İnanıram ki, bu yazını Elxanın
özündən, məndən, bir də ola bilsin, Ayseldən
başqa heç kim oxumayıb. Ona görə “ola bilsin” deyirəm
ki, jurnalın başdan-başa
redaktə və korrektə səhvləri ilə dolu olması
materialların redaktor süzgəcindən keçməsinə
şübhə oyadır.
Redaktorun
seçim qabiliyyəti olmalıdır ki, müəlliflərin
arzusunu bir kənara qoyub, onlarla materialın arasından ən
vacibini seçsin. Əgər jurnalı sənə bir redaktor
olaraq sınaq kimi veriblərsə, seçim işinin məsuliyyəti
də ikiqat artmalıdır. Təəssüf ki, Aysel
xanım nə kvadrata yüksəltmə əməliyyatı
(ikiqat!), nə də feilin vacib formasına (artmalıdır!)
o qədər də önəm vermir.
“Bu mənim
dostum, o mənim qohumumdur” yox, redaktorun bir prinsipi
olmalıdır: “Jurnal oxunmalıdır!” Və təbii ki,
indi çox dəbdə olan şou-biznes qalmaqallarına,
“Azadliqradiosu” saytının keçirdiyi müzakirələr
sayağı dopinq vurulmuş polemikalara, vulqar jestlərə,
bulvar mətbuatı elementlərinə yol vermədən...
Seçim məsələsi ilə
bağlı bir yazının - yazıçı-tərcüməçi
Kamran Nəzirli ilə müsahibənin üzərində
özəl olaraq dayanmaq istəyirəm. Müsahibə
söhbət, yəni ekspromt olaraq yaranan, şifahi janrdır.
Ayselin hər cür dinamikadan, canlı söhbət aurası,
qarşıdurma enerjisi, bir sözlə, dramaturgiyadan məhrum
“müsahibəsi” isə
yazılı surətdə verilmiş suallara yazılı
cavabları xatırladır.
Ciddi qələm adamı kimi
tanıdığımız Kamran bəyin bədii tərcümə
sənəti sahəsindəki fəaliyyətinin önəmini
danmırıq. Məsələn, yazıçının
ötən il C.Qolsuorsidən, bu il isə O.Uaylddan elədiyi və
hər ikisi “Azərbaycan” jurnalında işıq üzü
görən “Alma ağacı” və “Dorian Qreyin portreti”
romanları son illərin uğurlu bədii çevirmələrindəndir.
Onun O.Uaylddan elədiyi və Aysel xanımın da dərc
etdiyi, müəyyən leksik, qrammatik, sintaktik xətalardan
xali olmayan tərcüməçi də (“Xoşbəxt
şahzadə” nağılı) formaca əsasən
uğurludur. Və məzmunca da aktualdır - xalq acından
qırılır, bunlar qızıldan heykəl yapırlar.
Bütün bunlarla yanaşı,
müsahibədə elə bir məqam var ki,
çağdaş Azərbaycan ədəbi-bədii prosesinə
az-çox bələd olan hər kəs, yəqin ki, bunun
üstündən sükutla keçə bilməzdi.
Sözü Aysel xanım və Kamran bəyə verək:
“A.Əlizadə: Dünya ədəbiyyatının
ən böyük yazıçısı kimdi sizə görə?
Və nədən?
K.Nəzirli: Biz içi
yazıçı və şairlər qarışıq, ta
inqilabdan bu yana öyrəşmişik boğazdan yuxarı
ibarələrə və yalançı təriflərə.
Bir də görürsən ki, biri durub deyir ki, Dostoyevski bilirsən
nədir, dahi! ... Amma nə üçün dahidir, izah edə
bilmir. Sən düz sual verirsən ki, “dünya ədəbiyyatının
böyük yazıçısı kimdi?”. Mən də cavab
verirəm ki, böyük yazıçılar bizim aramızda
da var, dünən də olub, sabah da olacaq. İndi səni
oxuyuram. Heyrətamizdi. Səninlə yanaşı oxuduğum
indiki cavan yazarlardan Fərid Hüseyn, Qismət, Günel, elə
Aqşinin özü, onu da oxuyuram. Maraqlı yazarlardır...
Böyük yazıçıların... xırda
yazıçılardan fərqi bircə şeydədir -
mövzunun bədii həllini vermək
bacarığında...”.
Vəssəlam, sitat tamam! İndi
keçək şərhə! Əvvəla, sualın
qoyuluşu doğru deyil - ədəbiyyatın nə
olduğunu bilən adam nə belə primitiv sual (“Dünya ədəbiyyatının
ən böyük yazıçısı kimdir?”) verər, nə
də ona cavab axtarar. Bu, uşaq sualıdır! Bu qəbil çözümsüz sual bir yana, hətta neçə əsrdir
ki, ədəbiyyatşünaslar “Firdovsi böyükdür,
yoxsa Nizami?” kimi konkret suala belə
cavab tapa bilməyib, axır ki, hind ədəbiyyatşünası
Ş.Nemaninin aşağıdakı
barışdırıcı mövqeyi üstündə durmaq
zorunda qaldılar: “Firdovsi Firdovsidir, Nizami də Nizami”.
İkincisi, Aysel və adıkeçən
digər cavanları, nəinki Azərbaycan, hətta
dünyanın böyük yazarları (?!) elan edən K.Nəzirli
bu “böyüklüyü” onun özünün təbiri ilə
desək, görəsən, nə ilə izah edərdi? Kamran bəyin
məntiqi ilə desək, Aysel xanımın həcmcə ən
iri yazısı olan “Erkəklər”ində, yaxud Aqşinin
“Gölə qarğısancan”ında “mövzunun bədii həlli
çoxmu bacarıqla” verilib? Cavab birmənalıdır: yox,
yox və yenə də yox! Bəs, yenə də Kamran bəyin
təbiri ilə desək, bu “boğazdan yuxarı ibarələrə
və yalançı təriflərə” nə ehtiyac var ki?
Ritorik sualların cavabı olmur və mən burda Kamran bəydən
dördüncü dəfə sitat çəkməklə
axır ki, onunla “razılaşacam”: doğrudan da, “heyrətamizdir”.
Üçüncüsü, məsələnin
etik tərəfi ilə bağlıdır. Tutaq ki, müsahib
nəzakət xatirinə (ya da elə doğrudan-doğruya, səmimi
qəlbdən) sənin haqqında ifrata varıb, amma doğrudanmı, sən
bütün təvazö etiketini pozaraq bu fikri mətndə
hökmən saxlamalısan? Bəyəm bilmirsən ki, nəinki
dünyanın böyük, heç Azərbaycanın
kiçik yazıçısı da deyilsən? Yox, əgər
sən də müsahibin kimi düşünürsənsə,
artıq tənqidçi yox, psixoterapevt sözünə
ehtiyacın var.
Dördüncüsü, son iyrmi ildə
ədəbi gəncliyin bir neçə dalğasını
şəxsən görən bir adam kimi, Misir fironundan
üzü bəri çoxlarının çoxdan elədiyi
bir “kəşfi” mən də eləmişəm: gənclərin
böyük əksəriyyəti nəinki tənqid, hətta
tərifə də psixoloji cəhətdən hazır
(dözümlü!) deyil. Onları layiq olduqları dərəcədə
(nə az, nə də çox) qiymətləndirmək,
şübhəsiz ki, lazımdır. Amma hiperbolik,
mübaliğəli, əsassız təriflər gəncləri
ancaq çaşdırmaq və nəticə etibarilə onlara
ziyan vurmaqdan başqa bir şeyə gətirib
çıxarmır. Hər şey bir yana, bu, ən azı
pedaqoji baxımdan düz deyil.
lll
Ədəbiyyatın ən böyük
təsir mənbəyi həyatın özü, istedadın
ilkin əlaməti orijinallıqdır. Aysel xanım “seçmə
mətnləri” dərc etdiyini iddia edir. Bəs onun
“seçdiyi” mətnlər nə deyir? Elxan Yurdoğlunun 3-4
misrasını oxuyan kimi R. Rzanı eşidirsən. Ramil
Colavdarlının şeirlərindən XVI əsr
aşıqlarının səsi gəlir.
Ruslan Mollayevin bir “üstünlüyü”
var. Onun orijinaldan daha çox uğursuz tərcümələri,
şeirdən daha çox cansız nəzm
parçalarını xatırladan şeirlərində
artıq rus, yaxud Avropa şairlərinin aksenti duyulur,
epiqonçuluq milli şeir sərhədlərini aşır.
Nə Aşıq Veysələ şeir həsr etməsi, nə
də S.Babullaoğlunun uğurlu yol qəbilindən olan səhifə
yarımlıq tərifi bu effekti yuyub apara bilmir.
“Uşaqlığın son gecəsi” filmində baş mühəndisin
tikintiyə təzə göndərilmiş gənc mühəndisə
dediyi sözlər yada düşür: “Elə hey göndərirlər,
göndərirlər. Deyən də yoxdur ki, axı bunları
niyə göndərirsiniz, hara göndərirsiniz?”.
Mən Ruslanı görməmişəm,
ola bilsin ki, Səlimin diliylə desək, “onun bütün
antropologiyasından”, doğrudan da, “istedad və hüzn
yağır”. Amma “Ulduz”da dərc olunmuş, bəzən nə
linqvistik, nə də poetik məntiqlə çözülə
bilməyən şeirlərindən istedad
yağmadığını (“hüzn” məsələsində
Səlimlə razılaşmaq olar”) əminliklə deyə bilərəm:
Kilsə divarında Quran ayəsi
Keşiş yuxusunu yuxuda yozur,
Şamları söndürüb oturur diz
üstə
Durub azan səsinə yozumun pozur.
Bir qurtum su içir, əlləri əsir,
Şüşəli lampada yandırır
şamı,
Çardağından çıxıb
kilsəyə gedir,
Şəkk-şübhə doğurur haqqa
inamı
Çovğun, yağış, leysan,
yuyur şəhəri
İldırım səsi də
başqacür sanki
Yol boyu qocanın gözündən getmir
Divarda yazılar gördüyü an ki...
Hər şey bir yana, sonuncu misranın
axırında qafiyə xatirinə işlənmiş “an ki” nə
deməkdir? Bəyəm, bu, Azərbaycan dilidir? Səlimin
bütün təriflərinə, Ayselin “seçmə mətn”
adıyla təqdiminə rəğmən, Ruslanın təkcə
“Ayasofya” şeirindən sitat gətirdiymiz bu parça yox, istənilən
bir şeiri nəinki tərifə, hətta tənqidə belə
gəlmir.
Elmar Şahmar isə epiqonçuluq məsələsində
yaşıdlarını əməlli-başlı toza
basır. Elə bu zərbəçiliyinə və daha bir
neçə səbəbə görə Elmarın şeirləri
üzərində bir qədər geniş dayanmaq istəyirəm.
A.Əlizadə jurnalın üz
qabığına Elmarın iki şəklini birdən yerləşdirir.
“Azadlıq radiosu” saytının “Oxu zalı”nda keçirilən
şeir yarışmalarında
bir qayda olaraq, paradoksal nəticələriylə seçilən
münsiflər öz ənənələrinə sadiq qalaraq
Kapitolinin şöhrət kürsüsünə bu dəfə
məhz Elmarı çıxarır və dəfnə çələngini
məhz onun başına qoyurlar. Tərifləmək məsələsində
xüsusi səxavəti ilə seçilməyən Salam
facebook yazışmalarında Elmarı “Azərbaycanın
istedadlı şairi” (?!) elan edərək, oxucuları məhz
onu dəstəkləməyə çağırır. Və
bu ümummilli yalana zorla inandırılan Elmar “Ulduz”
jurnalının məlum sayı ilə bağlı polemikaya
“Şair müzakirəyə öz şeirləri ilə
qoşulmalıdır!” iddiası ilə çıxır.
Haqlı deyilmi? Nə demək olar, mövqe məntiqi, iddia
gözəldir. Bir şərtlə - bu iddianın arxasında
duran şeirlər ona əsas verməlidir.
Elmarın jurnalda dərc olunan və
modernist forma axtarışlarına cəhd etdiyi, amma nəticə
etibarilə tapmaca effekti doğuran ilk şeirini (“Sevgiyə
elegiya”) zor-güc oxuyub başa vurur və Salamın məlum
mövzuda yazdığı adsız bir şeirini
xatırlayırsan. Neynək, cavandır, yaxşı-pis
yenilik etmək istəyir, gəlin bunu alqışlayaq.
Alqışladıq!
İkinci şeir (“Bağışla”)
öz ritmi, taktı, heca quruluşu və ümumən ruhu ilə
V.Səmədoğlunu yada salır. V. Səmədoğlu bizim
canlı klassikimizdir, şeir yazmaq istəyən gənc
özünü ona yox, daha kimə bənzətməlidir ki?
Onu alqışladıq, Elmarın diliylə desək, bunu da
bağışlayaq. Bağışladıq!
Yerdə qalan şeirlərdən
üçündə (“Gəlmə, səhər, getmə gecə”,
“Məni bitirdin, eybi yox, bitmə, gecə... bitmə, gecə...”,
“Unutdu... unutdu”) Elmar öz epiqonçuluğunda bir addım
üzü bəri gəlib Aqşinin uğurlu təkrirlər
üstündə qələmə alınan, son iyirmi illik
poeziyamızda peyzaj şeirinin ən yaddaqalan örnəklərindən
olan “Kənd” şeirinə çatsa da, hələ də kəndisinə
çatmır ki çatmır. Mövzu, məzmun, qafiyə
sistemi, ritm etibarilə bir-birinin solğun təkrarından ibarət
bu şeirlərdə bəzən artıq poeziya yox, sadəcə
məntiq və qrammatika axtarmalı olursan:
Bu bədəni, bu da qanı,
Övladını yaxşı tanı,
Sənə tapşıracaq canı,
Ötmə, gecə...ötmə, gecə...
“Sənə tapşıracaq canı” nə
deməkdir? Tapşırmağına gecəyə
tapşıracaqlar, burası aydın, amma kim tapşıracaq?
Bu kəkələməyə vəzn və qafiyə xatirinə mətnə zorla pərçimlənmiş
anlaşılmaz söz yığınından başqa nə
ad vermək olar?
Xüsusi primitivliyi ilə seçilən,
yalnız əlinə ilk dəfə qələm alan
adamların yaza biləcəyi “Sevdim səni” şeirində
Elmar axır ki, özüdür. Bu, “Azərbaycanın
istedadlı şairinin” artıq ən “seçmə”
şeiridir:
Oxunmamış şeir bildim,
Həyəcanla hey oxudum,
Kəlmə-kəlmə sevdim səni...
Bər-bəzəksiz xalı bildim,
Naxış vurdum, hey toxudum,
İlmə-ilmə sevdim səni...
Mən bu şeiri “Ulduz”da dərc etməkdənsə,
qızıl hərflərlə yazıb
xalçaçılıq muzeyinin divarından asardım!
İki-üç il əvvələ -
Elmarın Azərbaycan Yazıçılar Birliyinə ilk dəfə
gəldiyi vaxtlara qayıdıram. Onun “həsrətindən
göz yaşlarım sel kimi axır, ah-fəryadım isə
göyləri yandırır” tipli heyrətamiz
naşılıq örnəkləri olan ilk şagird
cızmaqaralarını oxuyub, tənqidi fikirlərimi desəm
də, “bala, bunlar xatirə dəftəri
yazılarıdır, səndən şair olmaz, get
özünə başqa iş tap” deməyə dilim gəlmədi.
Məncə, ümumən, kiminsə kiməsə belə deməyə
haqqı çatmır. Biz yazı yazırıq, alın
yazısı yazmırıq. Tale, xüsusən də
yaradıcılıq taleyi isə gözlənilməzliklərlə
doludur. Və dediyim sözlərin ciddi bir effekt verəcəyinə
o qədər inanmasam da, Elmara çoxlu şeir oxumağı
məsləhət gördüm.
O vaxt naşı bir inadkarlıqla mənimlə
əksərən razılaşmayan Elmar üstündən iki
il keçəndən sonra səhvini etiraf etməyi də
bacardı (və bunun özü təqdirəlayiq bir cəhətdir).
Çünki ən azı təqlid etdiyi şairləri oxudu
və şeir haqqındakı təsəvvürləri
genişləndi. Sizə qəribə gələcək, amma
onun “Ulduz”da dərc olunan şeirləri iki il öncəki
“xatirə dəftəri” yazıları ilə müqayisədə
əməlli-başlı irəliləyişdən xəbər
verir. Amma bu, sözün ciddi mənasında şeirə yox,
hələ sadəcə Elmarın özünə dəxli
olan irəliləyişdir. Və
bəlkə də hər müəllif yalnız özünə
dəxli olan belə irəliləyişi elə öz daxilindəcə
keçirib mətbuat səhifələrinə
çıxarmasa, yaxşıdır. Bəlkə də belə
deyil, mən yanılıram, Elmar haqlıdır...
Bu tənqidi qeydlərimlə, iki il öncəki
kimi, yenə də Elmara “yazma” demirəm. “Oxu zalı”nın
müzakirəsinə “öz şeirləri ilə”
çıxması göstərir ki, iki il öncəki kimi
Elmar yenə də tənqidi fikirlərimlə
razılaşmayacaq. Amma bir şeyə əminəm - daha iki
il keçəcək, gənc qəhrəmanımız
özünün növbəti mənəvi-intellektual irəliləyişindən
xəbər verən növbəti də etirafda bulunacaq. Və
Slavyan Universitetinin Yaradıcılıq kursları fakültəsinin
dərslərində Şekspirdən xüsusi kurs keçmək
istəyən müəllimə “Şekspir çətin ki,
bizə bir şey versin” (?!) deməyəcək, dərs gedə-gedə
oturduğu yerdəcə ayaqlarını ayaqlarının
üstünə aşırıb, qollarını sinəsində
çarpazlayıb yatmayacaq... Qərəz, Elmar hekayəti
bitdi!
Amma düz yarım əsrdir ki, ədəbiyyatımızdakı
Təhminə-Zaur hekayəti bitmək bilmir və istər-istəməz
düşünürsən - görəsən, bu
biolokasiyanın sirri nədədir? G.Anarqızı romanın
davamını yazır, H.Herisçi romanı dekonstruksiya
edir, S.İskəndərli roman əsasında film, Z.Xanbabayeva
klip çəkir... Hamı oğlunun adını Zaur qoyur,
“milli mentalitetə uyğun gəlmədiyi üçün”
heç kəs qızının adını Təhminə
qoymur... Birdir, ikidir, hansını deyəsən?
Anarın artıq klassika örnəyinə
çevrilmiş məşhur məhəbbət romanı
xüsusən də gənc
oxucuların sevgi hisslərinin cilalanmasında bu gün də
öz rolunu oynamaqda davam edir. Çimərlik, islanmış əzələlərin
rəqsi, Zaur qumlara baxır, Təhminə ulduzlara... Rəbiqə
Nazimqızı da modern üslubda yazdığı “Qum dənəsi”
hekayəsində plyaj romantikasına, qadın-kişi
münasibətləri, ümumən məhəbbətə
Anarın beşmərtəbəsinin altıncı mərtəbəsindən
baxır. Halbuki indi Bakıda 20, 30, hətta 40 mərtəbəli
göydələnlər inşa olunur. Daha inşa vaxtı
deyil.
Ədəbiyyatda, ümumən sənətdə
kiməsə heyranlıq, hansısa əsərə
vurğunluq xüsusən də gənclər
üçün zəruri mərhələdir. Amma illər
keçir, yaşının üstünə yaş gəlir,
mütaliən dərinləşir,
dünyagörüşün genişlənir və
anlayırsan ki, vurulduğunun da öz vurulduqları olub -
B.Konstanın “Adolf”u, Q.Floberin “Madam Bovari”si, S.Moemin
“Teatr”ı... Və özünə gəlirsən. Məncə,
istər mütaliəsi, istərsə də yaşı Rəbiqə
xanıma liftin düyməsini basıb altıncı mərtəbədən
yuxarı qalxmağa, Xəzər çimərliklərini daha
ucadan seyr etməyə imkan verir. Daha göydələnlər
imkan vermir, daha altıncı mərtəbələrdən dəniz
görünmür. Əlqərəz, Rəbiqə hekayətinə
də nöqtə qoyaq!
lll
Hər ədəbi nəsil öz tənqidçisi
ilə birlikdə meydana çıxır və o tənqidçi
sözügedən nəslin düşünən beyni olur. Nə
Aysel xanımın gənc şairə Qumru Zeynallıya
yazıdığı ön sözdəki səmimiyyət, nə
də Tünzalənin teatr-tamaşaçı probleminıə
həsr olunmuş “Antrakt” yazısındakı kifayət qədər
ağıılı və obyektiv münasibət hələ
belə bir tənqidçinin varlığından xəbər
vermir. Ümumən götürəndə, jurnalda ən yeni ədəbi
nəslin yaradıcılığını təhlilə
çəkən gənc, heç olmasa qoca tənqidçi
imzasına ehtiyac varıydı. Çünki hər hansı
bədii fakt analitik süzgəcdən keçəndən
sonra özünün təsdiqini tapır.
lll
Jurnalda dərc olunmuş bədii
materiallar, xüsusən də şeirlərlə bağlı
iki cəhətin tənqidini xüsusən önəmli
sayırıq. Birincisi, mövzu qıtlığı - ah məhəbbət,
of məhəbbət, uf, uf, uf, məhəbbət!
Doğrudanmı, gəncliyin bədii təxəyyülü
öz fərdi hisslərinin təsvirindən, özüylə
oynamaqdan o yana keçmir. Əslində isə ədəbiyyat
yazıçının özü qurtaran yerdə
başlayır.
İkincisi, əksər gənc
yazarların ifrat “ciddiyyəti”, gülüş ruhundan, yumor
hissindən az qala məhrumluğu, bezdirici bədbinliyi, intihar
düşüncələri, melanxolik tutqunluq, bir sözlə,
işıqsızlıq! “Ciddi” söz bu gün qeyri-ciddi
görünür, kədərli söz gülüş
doğurur, bir sözlə, duzsuz çörək kimi yeyilmir.
Zamanın mentallığı belədir. Və istedadın
vacib əlamətlərindən biri də zamanı
duymaqdır.
Bəs, gənclik bu mentallığı
necə duyur? Sevgilisindən ayrılan Qumru Zeynallı “bax, indi
ağlamağa başladı sərçələr, gör
necə də qatilsən, hamısı ölüdür bu
şəhər” deyə bir oğlanın acığına
bütün şəhəri ölü zona elan edir. Nərmin
Hüseynzadəyə görə, guya bütün “qəfil zənglər
ölüm xəbəri üçündür”. Aygül
Qurbanova sevgilisini bir tərəfdə qoyub, “ölümün
boynunu qucaqlayır”.
“Yaralarından qan daman” Nəcibə
Bağırzadə isə “intihar edəcəyi günü hələ
seçib-sonalamasa da”, “bu yasaq sevginin ağrısını
çəkməyə gücüm yetmir daha, məni
yanına apar, ilahi, yanına apar” deyə ağlamalı
şeir yazmaqda yerdə qalanların qabağına
Naxçıvan qozu qoyur! Əhsən! Nizami demişkən, “məhəbbət
yolunda ölüm budur, bax!”
Elə güman etməyin ki, bu sözlərlə
ümumən ölüm düşüncəsinə ironiya
edirik. N.Hikmətin təbiri ilə desək, “nə
ölümdən qorxmaq ayıb, nə də düşünmək
ölümü”. Ölüm
duyğusu insanı heyvandan ayıran ən vacib hissdir. Həyatın
həqiqəti ölümün qarşısında
açılır. Buna görə şaman mərasimləri,
antik misteriyalar ölüb-dirilmə motivi üstündə
qurulurdu. Buna görə Həzrət Əli “Ölməmişdən öncə
ölün” deyirdi. Buna görə ekzistensialistlər
ölüm qorxusunu özünüdərk prosesində ən həlledici moment kimi qəbul
edirdilər.
Amma təəssüf ki,
cavanlarımızın ölüm düşüncələri
bizə fərdi yaşantıdan doğan hansısa həqiqəti
açmır və sadəcə, söz oyunu təsiri bağışlayır.
Niyə? Çünki hətta səmimi olsalar belə,
“yüksək materiya” məsələlərinin bədii təsvirini
verməyə nə intellektləri, nə istedadları, nə
də yaşları hələ imkan vermir. Onlar mənə
beynəlxalq yarışlarda başını başlara
qoşub gücləri çatmadığı çəkini
sifariş verən, sonra da ştanqı az qala
tamaşaçıların başına atmaq zoruna qalan Azərbaycan
ağırlıqqaldıranlarını xatırladır.
lll
Sənət dünyanı xilas edə bilməz!
Onun gücü olsa-olsa, insandakı gülüş ruhunu
oyatmağa yetərlidir! Bunu mən demirəm, XX əsr dünya estetik fikrinin
öndərlərindən O.Qasset deyir. Bunu çağdaş
dünya bədii fikrinin patriarxlarından sayılan U.Ekonun
“Qızılgülün adı” romanından doğan ən
ümumi qənaət deyir.
Milli ədəbiyyatımızın son
iyirmi illk mənzərəsi də bunu təsdiq edir. Məsələn,
uzağa getməyək, Salamın 90-cı illərdəki bədii
uğurlarının əsasında, məncə, onun şeirlərindəki
yumor, ironiya, bir sözlə, gülüş ruhu durur. Oxucunun,
ümumən insanın kədər limiti dolub. Qoy Füzluli
baba bizi bağışlasın, çağdaş sənətin
mayəsi nəinki sadəcə qəm deyil, hətta onun ən
böyük ciddiyyəti elə “qeyri-ciddiliyindədir”.
Bu baxımdan jurnaldakı bir müəllif
- “Dolmafobiya” hekayəsinin müəllifi Aslan Cəfərli
haqqında ayrıca danışmaq istəyirəm. Dünyaya
milli mətbəxlə (dolmayla!) çıxmaq cəhdinin
iflası mövzusunda yazılmış hekayə istər fərdi
və milli özünüifşa ideyası, istərsə də
fraqmentar üslubu ilə postmodern təfəkkürün məhsuludur.
Ən başlıcası, hekayədəki iddiasız
gülüş ruhu, sirayətedici yumor duyğusudur. Hətta
hekayənin dil və üslubundakı açıq-aşkar
qüsurlar belə onun yaratdığı xoş ovqata
üstün gələ bilmir. Təəssüf ki, müasir
ruhla aşılanmış, aktual problem qaldıran belə
yazılar jurnalda çox deyil.
Yəqin ki, müəllif tərəfindən
verilən çıxarışları hekayənin sonunda iki
dəfə təkrarən verməklə Aysel xanım
özü də mətnin önəminə oxucunun diqqətini
cəlb etmək, hekayənin ruhuna uyğun zarafat etmək istəyib
(?!). Amma bu çıxarışlar üçüncü dəfə,
özü də R.Mollayevin Kiplinq haqqında
yazısının sonuna necə gedib çıxıb, bunu
başa düşmək çətindir. Bircə yol qalır
- yalan-gerçək hər şeyi “sübuta yetirməyi” sevən Aysel xanım şərqə
qarşı fobiyası olan amerikan yazıçısına
mili mətbəximizin qüdrətini göstərmək,
dolmamızı Amerikaya çıxarmaq istəyib.
Mən Tapdıq Türksoyun imzası ilə
dərc olunmuş “Mənim xəyalım başqa imzada” hekayəsindən
danışmayacağam. Çünki Tapdıq bəyin
özünün də təsdiq etdiyi kimi, hekayənin müəllifi
o deyil, tamam başqa şəxsdir və müəlliflərin
adını bilərəkdən qarışıq salmaq Aysel
xanımın Azərbaycana mətbuatı tarixinə gətirdiyi
daha bir yenilikdir.
Kənan Hacının “Rikaşet sindromu” və
“Evli qadını sevməyin bədəli”, Mirmehdi
Ağaoğlunun “Fikirlərimi yazan cihaz” və “Fasilə” hekayələrindən
də danışmaq istəmirəm. Çünki neçə
illik dostum kimi Kənanın xətrinə dəymək,
Mirmehdiyə isə “Küləyi dişləyən” kimi
uğurlu bir hekayədən sonra “Geriləmisən!” demək mənə
bir az çətindir. Ceyhun Musaoğlunun “Qürurlu dilənçi”
yazısının adını isə bircə şeyə
görə çəkmək olar - bu, jurnalda verilən yeganə
publisistika nümunəsidir.
Ən nəhayət, Pərvinin “Bankomat”
hekayəsi. Problemlərin müasirliyi, psixoloji
detalçılıq, insanın daxilində gedən proseslərin zahiri olaylarla vəhdətdə
götürülməsi, əhvalatçılıqdan
qaçmaq... Bütün bunlar modernizmə meyllli Pərvinin
ciddi nəsr iddialarından xəbər
verir. “Bankomat” hekayəsi də bu yöndən istisna deyil.
Çağdaş həyatın sosial tələbləri
insanı maşına, robota, bankomata çevirib. Qaçhaqov
içində olan insan yaşamır, sadəcə
mövcuddur! Gənc yazıçı bizə urbanistik həyatın
getdikcə kəskinləşən bu sindromundan yumor
qarşıq vahimə ilə danışır.
Yaxşıdır ki, Pərvin bu məsələdə öz
qəhrəmanını
qınaq pafosundan uzaqtutur. Ədəbiyyat insan naminədir
və insanı qoruyur. İnsan zamanın qarşısında
acizdir və robotlaşma onun günahından daha çox faciəsidir.
Hekayədən alınan ən umumi təəssürat belədir.
Bununla belə, Pərvinin bir çox hekayələrinə
xas bir cəhətdən “Bankomat” da xali deyil - finalın
sönüklüyü! Bütün hekayə boyu gözlənilən
effektin sonda alınmaması, estetik həzzin son həddə
qalxmaması.
Hə, gəlib çatdıq
sözümüzün sonuna. Ümid edirik ki, jurnalın
növbəti sayını buraxmağa məsul olan gənc
yazar Kəramət Böyükçöl tənqid olunan
bacı-qardaşlarınbdan nəticə çıxaracaq və
biz, axır ki, “Ulduz”un arzu etdiyimiz variantını vərəqləyə
biləcəyik. Üç dəfə aldanan “Ulduz”
jurnalının da canı bu qalmaqallardan qurtaracaq. Nə bilmək
olar, bəlkə, çağdaş dövrdə atalar
artıq üçə yox, dördəcən deyirlər....
Əsəd
CAHANGİR
525-ci qəzet.- 2012.- 22 sentyabr.- S.24-25.