Milli
mətbuat tarixində “Mücahid”, “Türk İzi”, “Türk
Birliyi”, “Türk Yolu”, “Ərgənəkon Yolu”
jurnallarının yeri
“Mücahid” jurnalı 1955-ci ilin iyul ayında Türkiyədə nəşr edilməyə başladı. Sahibi və nəşriyyat müdiri Çingiz Göygöl idi. Jurnal Azərbaycan Kültürünü Tanıtma Dərnəyi və Azərbaycan Yardımlaşma Dərnəyinin yayım orqanı olaraq nəşr edilirdi.
“Mücahid”
aylıq jurnal olsa da, iki aydan bir çap olunurdu. Başlıca
istiqaməti belə idi: “Aylıq ictimai fikir məcmuəsi”.
“Mücahid”
dərgisi fəaliyyət proqramında aşağıdakı
qayəyə üstünlük verəcəyini bildirirdi:
“Kommunizm əsarəti altında qalan 60 milyonluq
Türküstan, Azərbaycan, Krım, İdil-Ural və
Şimali Qafqaz türklərinin istismara qarşı
apardığı və aparmaqda olduğu hürriyyət
mücadiləsini müdafiə etmək, məhkum türk ellərinin
coğrafi, iqtisadi və kültürəl qaynaqlarını
tanıtmaq və eyni zamanda məhkum türk elləri
arasında fikir birliyinin təmininə çalışmaq”.
Eyni
zamanda bildirirdi: “Bu gün xaricdəki Türk mühacirət nəşriyyatında
krımca, azərbaycanca, yakutca, qırğızca, tacikcə
və özbəkcə təbirlərinin krım şivəsi,
Azərbaycan türkcəsi və s. kimi təbirlərlə dəyişdirildiyini
məmnuniyyətlə görməkdəyiz. Məhkum türklər,
istisnasız müsəlman olduqlarından islam aləmindən
heç bir zaman ayrılmazlar. “Mücahid” bu kimi bozğunçularla
ağır başlı mücadiləsinə davam edəcəkdir...”
.
“Mücahid”
jurnalının sahibi və nəşriyyat müdiri
Çingiz Göygöl idi. Jurnal Ankarada nəşr edilirdi.
Jurnalın aparıcı yazarları aşağıdakılar
idi: Əhməd Cəfəroğlu, Zəki Vəlidi
Toğan, Həsən İsmayıl, Mustafa Vəlioğlu,
İsmayıl Əkbər, Məcid Musazadə, Əziz Alpaut,
Həmid Dönməz və b.
Qeyd edək
ki, “Mücahid” dərgisi eyni zamanda müəyyən kitablar da
nəşr etmişdir. Həmin kitablardan: 1) Çingiz
Göygöl “Kommunist Rusiya və müsəlmanlar”.
“Mücahid” nəşriyyatı, N1, Yeni mətbəə,
Ankara, 1958, 64 s. 2) Abay Mirzə. “Balam-Balam dastanı”.
“Mücahit” nəşriyyatı, N2, Ankara, Yeni mətbəə,
1958, 34 s.
Qeyd edək
ki, “Mücahid” jurnalı mövzu müxtəlifliyinə
görə də seçilən bir jurnal idi. Buradakı
yazıları belə qruplaşdırmaq mümkündür:
1) Azərbaycanın mədəniyyət tarixi ilə
bağlı yazılar; 2) Sovet və kommunist rejimi əleyhinə
olan yazılar; 3) Qafqazla bağlı yazılar; 4) Azərbaycanın
istiqlalı ilə bağlı xatirələr; 5) Azərbaycanın
tanınmış şəxsiyyətləri və onların
fəaliyyətləri haqqında yazılar; 6) Türk
dünyasının tanınmış insanları haqqında
olan yazılar; 7) Mühacirət və mühacirlərlə
bağlı yazılar; 8) Türkiyə ilə bağlı
yazılar; 9) İslam dini ilə bağlı yazılar; 10) Ədəbiyyat,
şer.
“Mücahid” jurnalında məzmun və ideyasına, yeni faktlarla zənginliyinə görə aşağıdakı yazıları qeyd etmək mümkündür: 1) Çingiz: “Abay Mirzənin yeni əsəri “Füzuli” . 2) Abay Mirzə: “Azərbaycanda yazı dilini sadələşdirmə fəaliyyətləri . 3) Əhməd Cəfəroğlu: “Azərbaycan” . 4) Zəki Vəlidi Toğan: “Doğu türkləri üçün Kültür Birliyinin əhəmiyyəti. 5) Çingiz Göygöl: “Türkiyə Cümhuriyyətinin 32-ci ili”. 6) Tüymur Atəşli: “Milli Azəri şairi Mikayıl Müşfiq”. 7) İsmayıl Əkbər: “1920-ci ildə Azərbaycanda inqilab oldumu?” . 8) N. Xəzər: “Sovet Cümhuriyyətlərinə tanınan sözdə haklar”. 9) Əkbərağa Şeyxülislam: “Azərbaycan nasıl quruldu?” .
“Mücahid” dərgisində Azərbaycan İstiqlal mübarizəsinə geniş yer ayrılırdı. Xüsusən 28 May İstiqlalı və 27 Aprel işğalı ilə bağlı məqalələr həmin hadisələrin ildönümündə xüsusi olaraq fərqlənirdi. Bu mənada jurnalın Baş yazarı Çingiz Göygölün “Mücahid”in 1957-ci ilin May (yıl-3, say-8) buraxılışında çap edilmiş yazısı diqqəti cəlb edir. Müəllif yazırdı: “Mayıs günəşinin Qafqaz səmalarında parladığı 28 May 1918-ci il tarixi Azərbaycan Türklüyünün çar Rusiyasına qarşı uzun mücadilə və mübarizəsinin müvafiq olduğu bir gündür. 28 May Azərbaycan türklüyünün milli şüurunun şahlanaraq, Rus köləliyini yerlə-yeksan etdiyi bir gündür. Azərbaycan milli istiqlal dövrünün təməl daşı 28 May 1918-ci il tarixində atıldı. Geniş hürriyyət və insan haqlarına dayanan istiqlal bəyannaməsi, Azərbaycan milliyyətçiliyinin təməl prinsiplərini təşkil edir”.
“Mücahid”in
daimi yazarlarından olan Yakuş Hacızadənin “28 Mayıs
1918”. “Mücahid”, iyıl-3, s.8. Mayıs 1957, s. 4. Ə. Cəfəroğlunun
“28 Mayıs ölkəsi Azərbaycan”. “Mücahid”, iyıl 5,
s. 29, mayıs, 1960. Çingiz Göygölün “28 Mayıs,
1918”. “Mücahid”, yıl-3, s. 14, iyun 1958 – yazılarında 28
May İstiqlalının məna və əhəmiyyəti
açıqlanır.
“Mücahid”
jurnalında Milli İstiqlalımızın matəm
günü sayılan 27 aprel işğalı ilə də
bağlı geniş materiallar verilirdi. Ə. Cəfəroğlu
“Böyük matəm” adlı məqaləsində
yazırdı: “27 nisan Azərbaycanın yas günüdür.
27 nisan 1920-də Azərbaycan yalnız düşmən
istilasına uğramaqla qalmamış, yalnız
bağımsızlığını və müstəqilliyini
itirmiş, eyni zamanda insanlığın və müsəlmanlığın
amansız düşməni olan kommunistliyin
öldürücü zərbəsinə
düşmüş vəziyyətdədir”.
“Mücahid”
dərgisində 27 aprel işğalı ilə bağlı
Mustafa Vəkiloğlunun “Azərbaycanın istilası”, Salih Gəncənin
“27 nisanı anarkən” yazıları da çap olunurdu. Bu
yazılarda rus işğalı pislənilir, Azərbaycan
xalqının apardığı istiqlal mübarizəsi isə
dəstəklənirdi.
1952-ci
ilin may ayında Türkiyədə “Türk İzi” jurnalı
yayımlanmağa başladı. Jurnal Azərbaycan Milliyyətçilər
Dərnəyinin orqanı olaraq yayımlanırdı. Aylıq
olaraq yayımlanan bu jurnalın nəşriyyat müdiri
Çingiz Göygöl idi. Jurnalın fəaliyyət
proqramı belə müəyyənləşmişdi: “Dərnəyimizin
Nizamnamə və Bəyannaməsində göstərilən əsaslar
dairəsində milli davalarımızı ümumi ictimaiyyətə
duyurmaq və Azərbaycan türk milliyyətçiliyi əleyhindəki
cərəyanlarla fikir və basın yolu ilə mücadilə
etmək qayəsi ilə “Türk İzi” dərgisini
çıxarırıq”.
“Türk
İzi” jurnalı öz yazılarında 28 May İstiqlalı
və 27 aprel hadisələrinə də geniş yer
ayırmışdır. Bu mənada Mehmet Altunbəyin “28
Mayıs” məqaləsi əhəmiyyətlidir: “Azərbaycan
28 Mayıs, 1918-də ilk Türk Cümhuriyyəti olaraq
istiqlalını elan etdi. Bu gün Türk
Dünyasının 100 ilə yaxın bir zamandan bəri
gözlədiyi ən böyük bir gün idi. Bu gün Azərbaycan
türklərinin 100 ildən bəri axan qanlı göz
yaşlarının dindiyi gündür. Bu gün Azərbaycan
tarixinin ən şanlı və müqəddəs
günüdür. Bu gün Azərbaycanın üç rəngli
ayyıldızlı bayrağının göylərdə
yüksəldiyi gündür. Bu gün beş min Anadolu
igidinin Azərbaycan istiqlalı uğrunda sevə-sevə
qanını axıtdığı və şəhid
olduğu gündür”.
“Türk
izi” jurnalında Çingiz Göygölün 27 aprel
işğalı ilə bağlı yazdığı “Matəm
günümüz” adlı məqaləsində isə
yazılırdı: “Azərbaycan türklərinin milli
haqlarının Böyüklərcə qəsb edildiyi bir
gün olan 27 Nısan milliyyətçi mücahidlərin əhəmiyyətlə
üzərində durduqları və durmalarını vacib edən
mühüm bir hadisədir. İnsanlıq və mədəniyyət
düşməni olan kommunizmin qurmuş olduğu bir
müdhiş idarənin bilxassə Azərbaycandakı zərəri
hər millətdən çox olmuşdur. Dünya
bazarında rəqabət apara biləcək iqtisadi
üstünlüyə sahib olan Azərbaycan xalqı məşum
27 Nisan fəlakəti ilə bu gün ac və səfil bir həyat
sürməkdədir”.
“Türk
Birliyi” jurnalının ilk sayı 1966-cı ilin aprelində nəşrə
başlamışdır. Jurnalın sonuncu 47-ci sayı 1970-ci
ilin fevralında nəşr edilmişdir.
Jurnalın
sahibi və genəl yayım müdiri Kərim Alxan
(Yaycılı), məsul müdiri isə Firidun O. Kuranər
olmuşdur. Jurnalın fəaliyyət istiqamətləri belə
olmuşdur: “Türklük üçün
çalışır, aylıq milliyyətçi,
kültür və sənət dərgisidir”.
Jurnalda əsasən
aşağıdakı şəxslərin yazılarına
üstünlük verilirdi. Jurnalın əsas yazarları: Kərim
Alxan (Yaycılı), İldəniz Qurtulan, M. Haqqı Türkəqul,
Çingiz Göygöl, Mustafa Vəkiloğlu, Süleyman Təkinər,
Əhməd Cəfəroğlu, İsa Yusif Alptəkin, Məhəmməd
Sadiq Aran, Əli Azərtəkin, Səlahəddin
Qılınc, Əziz Alpaut, Məhəmməd Əli Rəsulzadə,
Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala Məmmədzadə
.
Jurnal hər
ilin 28 mayında və 27 aprel hadisələrində ayrıca
yazılar çap etdirirdi.
Jurnalda əsir
türklər, türk birliyi, Rusiya məhkumu türklər
haqqında da məqalələrə yer verilirdi. Qeyd
olunmalıdır ki, jurnalın hər yazısında M. Ə.
Rəsulzadənin və M. B. Məmmədzadənin məqalələrinə
rast gəlmək mümkündür.
Azərbaycan
mühacirət mətbuatının tanınmış xadimlərindən
olan Mehmet Sadıq Aran 50-ci illərdə iki jurnal nəşr
etməyə başlasa da, bunların heç biri davamlı və
uzunmüddətli olmamışdır. Bu jurnallardan biri
“Türk Yolu”, digəri isə “Ərgənəkon Yolu”
adlanırdı. Aylıq nəşr kimi nəzərdə
tutulan “Türk Yolu”nun birinci sayı 1951-ci ilin mayın 28-də,
beşinci sayı 1953-cü ildə, altıncı sayı
1954-cü ilin 28 mayında, yeddinci sayı isə 1955-ci ilin
fevralın 7-də yayımlanmışdır.
“Türk
Yolu” dərgisi öz fəaliyyət proqramını belə
açıqlayırdı:
1.
“Türk Yolu” milliyyətçidir və realist bir yol
güdür.
2.
“Türk Yolu” kommunist və qara irtica ilə mücadilə
edir.
3.
“Türk Yolu” türk dünyasının siyasi, coğrafi, ədəbi
durumunu aydınlatmağa çalışır”.
“Ərgənəkon
Yolu” isə öz fəaliyyətini belə müəyyənləşdirmişdi:
“Türk
ölkəsində türk yolları hələ
yapılmamış olduğundan, biz də türk yolunda
yürüyə bilmədik.
Bundan
ötrü amaca doğru əski dədələrimizin
yürüdüyü qurtuluş yolunda, Ərgənəkon
yollarında yürümək zorunda qaldıq. Bu tilsimli
yollarda yürüyərkən heç bir yabançı dala
tutunmadıq... Bir gün, bir bozqurd bizi Ərgənəkon
tilsimindən qurtaracaqdır”.
Tanınmış
tədqiqatçı Səbahəddin Şimşir azərbaycanlı
mühacirlərin müntəzəm olmasa da, qısa müddətdə
nəşr edilən bəzi məcmuələri haqqında
maraqlı bilgilər verərək yazır: “Bu dönəmdə
Avropada “Qurtuluş” məcmuəsi yazı heyəti tərəfindən
uzun ömürlü olmayan (1 ilə 4 sayı arasında dəyişən)
bir sıra məcmuə də yayımlanmışdır. Bu
dövrdə yayımlanan məcmuələr bunlardır:
“Açıq söz” (N1. iyul – avqust 1936; N2. sentyabr 1936; “Kutlu
od” (N1. yanvar 1936; N2. yanvar 1937; “Aydın yol” (N1. fevral 1937);
“Doğru söz”. (N1. may 1937) N2. iyun 1937; “Həqiqət” (N1.
iyul – avqust (1937); “Vətən səsi”. N1. İlk noyabr 1937);
“Vətən diləyi” (N12. dekabr – yanvar 1937); “Milli Atəş”
(N1. dekabr 1938). “Millət andı” (N1. fevral 1938); “Yasamız”
(N1. Mart 1938); “İlham qaynağı” N1. May, 1938); “Müqəddəs
Odlar ölkəsi” (N1, iyun 1938); “Haqqın səsi” (N1.
iyul-avqust 1938); “Dilək” (N1. yanvar 1939 – N4. aprel – 1939; “Haqq”
(N1, may 1939); “Həmlə” (N1. iyun-iyul 1939).
Bu məcmuələrdə
aşağıdakı şəxslərin yazıları
üstünlük təşkil edir: Məhəmməd Əmin
Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Hilal
Münşi, Azəri, Almaz İldırım, Kərim
Yaycılı, Əbdülvahab Yurdsevər və b. Xarici
müəlliflərdən isə
aşağıdakıların yazılarına tez-tez rast gəlmək
mümkündür: Prof. Herhardt von Mende, prof. Dr. Herbert W. Duda,
prof. Dr. Herbert Yanski, dr. Bertold Sruler, Yohannes Venzinç və
b.
Bu məcmuələrdə
də Azərbaycan istiqlalı ilə bağlı çoxlu
sayda yazılar dərc edilmişdir. Məcmuələrin bəzi
sayları isə bütövlükdə 28 May
İstiqlalına həsr edilmişdir. Məsələn,
“İlham qaynağı” məcmuəsinin 1938-ci ildə Berlində
nəşr edilən 1-ci sayı 28 May İstiqlalının
ildönümünə həsr edilmiş və bu
böyük hadisənin tarixi mənasını, əhəmiyyətini
açıqlayan yazılar çap etmişdir.
Bundan əlavə,
Müsavat Partiyasının orqanı olaraq 1926-cı ilin
oktyabrında fransız dilində “Azərbaycan” jurnalı nəşr
edilmişdir. Ayda bir dəfə nəşri
planlaşdırılan jurnal əsasən Müsavat
Partiyasının məqsəd və vəzifələri
haqqında yazılar nəşr etmişdir. Lakin jurnalın
son səhifəsində, redaksiya qeydində bildirilirdi ki,
növbəti say iqtisadiyyata və başqa məsələlərə
həsr edilmişdir. Jurnalın sonrakı fəaliyyəti ilə
bağlı başqa məlumatlar əldə edilməmişdir.
Eyni zamanda “Qurtuluş” jurnalının da alman dilində bir əlavəsi
buraxılmışdır.
Bu əlavələrin
nəşri də mühacirlərimizin ciddi fəaliyyət
göstəricilərini təsdiqləyir.
Bu mətbuat
orqanları bəzi hallarda davamlı nəşr edilməsə
də, Azərbaycan tarixi və mədəniyyətinin
yaşadılmasın, kommunist ideologiyasının təqdim
etdiyindən daha fərqli və faydalılığını
ictimai fikrə çatdırırdı.
Nəsiman YAQUBLU,
tarix elmləri namizədi
525-ci qəzet.-
2012.- 22 sentyabr.- S.22.