“Azərbaycanın təhsil tarixi”: təhsil haqqında dəyərli salnamə

 

IX YAZI

 

Azərbaycanın təhsil naziri, tanınmış ziyalı, ictimai xadim, professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” Azərbaycanın təhsil tarixinin publisistik dillə qələmə alınan ensiklopediyasıdır.

Azərbaycan təhsilinin tarixi ilk dəfədir ki, bu cür əhatəli və sistemli şəkildə oxuculara təqdim olunur. Görkəmli maarif fədailərinin, mütəfəkkirlərin və pedaqoqların həyatı, onların xalqın maariflənməsi yolunda qeyri-bərabər mübarizədə göstərdikləri dözüm, cəsarət haqqında qısa oçerklər bu fundamental əsəri daha maraqlı və oxunaqlı edir. Bu baxımdan çoxcildliyi həm də təhsil tarixinin publisistik dillə qələmə alınmış ensiklopediyası da adlandırmaq olar.

Çoxcildliyin birinci fəslində müstəqillik illərində ali təhsil müəssisələrinin şəbəkəsinin inkişafı, özəl təhsil müəssisələrinin yaranması, Azərbaycan ali təhsil sisteminin dünya və Avropa ali təhsil məkanına inteqrasiyası, Boloniya prosesinə qoşulmaqla əlaqədar aparılan məzmun islahatları və yeni standartların tətbiqi, keyfiyyətə nəzarətin müasir mexanizmləri olan akkreditasiya, lisenziyalaşdırma təcrübəsindən istifadə məsələləri bu cilddə öz əksini tapıb. Ali təhsil sahəsində yeni normative-hüquqi bazanın yaradılması, çoxpilləli sistemə keçidlə əlaqədar həyata keçirilən tədbirlər də kitabda yer alıb. Ali təhsildə keyfiyyəti təmin etmək, mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisəsləri arasında sağlam rəqabət mühitini yaratmaq məqsədilə universitetlərə maliyyə müstəqilliyinin verilməsi və adambaşına maliyyələşmə mexanizminin tətbiqi də burada geniş şərh edilib.

Təhsil naziri Misir Mərdanov qeyd edib ki, Azərbaycanın müstəqilliyinin bərpası ali təhsilin inkişafı tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu dövr ali təhsilin məzmununun milli dövlətçilik prinsipləri və azərbaycançılıq ideologiyasına uyğun yeniləşdirilməsi, bu təhsil pilləsində əsaslı islahatların aparılması, ölkənin ehtiyaclarına uyğun rəqabətədavamlı kadr hazırlığı və insan kapitalının formalaşdırılması dövrü kimi təhsil tarixinə düşmüşdür. Azərbaycanın müstəqilliyinin 20 ili ərzində ali təhsil sistemi yenidən qurulmuş və dünya təhsil sisteminin ayrılmaz tərkib hissəsinə çevrildi: Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə yaranmış çətin vəziyyət ali təhsil sisteminə də ağır zərbə vurdu. 1988-ci ildə təhsildə başlayan tənəzzül həmin illərdə daha da dərinləşdi və geniş miqyas aldı. Ölkədə ictimai-siyasi durumun qeyri-sabitliyi, dağıdıcı meyillərin baş alıb getməsi bütün sahələrdə olduğu kimi, ali təhsil sistemində də tədris prosesinin tez-tez pozulmasına, ali təhsil müəssisələrinin binalarının, ərazilərinin və avadanlığının mənimsənilməsi, başqa məqsədlər üçün istifadəsinə, maddi-texniki bazanın dağıdılmasına, bu kimi digər neqativ halların baş verməsinə səbəb oldu. Ölkədə hökm sürən xaos təhsil, elm, savad kimi ümumbəşəri dəyərlərə zərbə vurdu, nəticədə vaxtilə cəmiyyətdə böyük hörmət və nüfuza malik olan ali məktəbə, müəllimə, ziyalıya hörmət, təhsilə maraq azaldı.   1992-ci ildə qəbul edilən “Təhsil Qanunu”nun Azərbaycan təhsilində əsaslı yeniləşmələr aparmaq üçün real zəmin yaratdı, həmin qanunda ölkənin iqtisadi potensialının nəzərə alınmaması, təhsilin ayrı-ayrı pillələri üzrə dövlət təhsil standartlarının və bazis tədris planlarının hazırlanıb təsdiqlənməməsi, ixtisasartırma və yenidənhazırlanma təhsilində yeni mexanizmlərə keçidin hazırlanması, müasir tələbatı ödəyən kadr hazırlığı və təminatı üzrə təşkilati mexanizmlərin yaradılması qeyd olunmuşdu. Həmçinin “Təhsilin təşkili və idarəolunması” ixtisası üzrə mütəxəssis-təhsil menecerlərinin hazırlığına başlanılması və bu istiqamətdə kadr hazırlığının ardıcıl inkişaf etdirilməsi, pedaoji ali və orta ixtisas məktəblərində muəllim hazırlığının yeni modelinə keçilməsi, kadrların ixtisasının artırılması və yenidən hazırlanması təhsilində müqavilə mexanizmlərinin tətbiqi, əlavə pedaqoji təhsil sisteminin yeni modelinin qurulması, diplomdansonrakı təhsil konsepsiyası, distant təhsil konsepsiyası, ixtisasartırma və yenidənhazırlanma təhsilinin təşkili modellərinin hazırlanması, təsdiqi və prosesə tətbiq edilməsi, təhsil sistemində beynəlxalq informasiya mübadiləsi mexanizminin tətbiqi, elmi-kütləvi kitabxanaların beynəlxalq informasiya kanallarına qoşulması üçün informasiya bazasının yaradılması, yeni standartların və islahatların həyata keçrilməsinə nəzarət etmək və qiymətləndirmək məqsədilə dövlət monitorinq sisteminin qurulması vurğulanmışdı.

Nazir vurğulayıb ki, qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu daha da artmaqdadır: “Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə ali təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da insan kapitalının formalaşmasında ali təhsilin rolu danılmazdır: “1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılması Azərbaycanın təhsil tarixində mühüm hadisələrdən biridir. İlk dəfə 23 ali təhsil ocağında 80 istiqamət, 300-dən çox ixtisas üzrə bakalavr pilləsinə tələbə qəbulu aparılıb. Ötən illər ərzində bakalavr təhsilinin məzmununda köklü dəyişikliklər və yeniləşmələr baş verib. Belə ki, mövcud qaydalar təkmilləşdirilib, dünya təhsil sisteminin tələblərinə uyğun standartlar yaradılıb, tədrisdə kredit sisteminin tətbiqinə başlanılıb. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin əmri ilə ilk dəfə ölkədə 23 dövlət, 9 özəl ali məktəbində ali təhsilin ikinci - magistratura pilləsinə keçilməsinə icazə verilib. Ötən əsrin 90-cı illərinin əvvələrindən başlayaraq Azərbaycanın təhsil sistemində islahatlar haqqında müzakirələr getsə də, islahatın konsepsiyası, həyata keçirilmə mexanizmi olmadığından bu istiqamətdə işlər sistematik, planlı şəkildə aparılmayıb. Yalnız 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar məqsədyönlü şəkildə aparılmağa başlayıb. Həmin Proqrama müvafiq olaraq digər pillələrdə olduğu kimi, ali təhsildə də struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub”.

Nazir vurğulayıb ki, təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. Ali məktəblər elmi şuraların, dövlət attestasiya komissiyalarının tərkibinin, öz daxili strukturunun müəyyənləşdirilməsi, Dövlət təhsil standartları əsasında ixtisaslar üzrə tədris planlarının hazırlanması və digər məsələləri də müstəqil həll etməyə başlayıblar. Bundan əlavə, 6 ali məktəbə daha geniş müstəqillik verilib və onlar fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurmağa başlayıblar. Həmin ali məktəblərin dövlət büdcəsindən ayrıca sətirlə maliyyələşdirilməsi 2001-ci ildən etibarən həyata keçirilir. Prezidentin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanına muvafiq olaraq mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsilin keyfiyyətinə nəzarət səlahiyyəti Təhsil Nazirliyinə verildikdən və Nazirlər Kabineti tərəfindən “Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında əsasnamə” təsdiq edildikdən sonra qısa müddət ərzində təhsilin keyfiyyətinə nəzarət mexanizmi yaradılıb. Bundan əlavə, 1999-cu ildə tələbələrin biliyinin qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqinə eksperiment şəklində başlanılıb. Hazırda bu sistem demək olar ki, bütün ali təhsil müəssisələrini əhatə edir. Müasir tələblərə cavab verən, dərin təfəkkürə, pedoqoji və metodik ustalığa malik olan müəllim kadrların hazırlığı daim diqqət mərkəzindədir. Bu işin təkmilləşdirilməsi istiqamətində müəyyən tədbirlər görülüb. Belə ki, müəllim kompetensiyasını müəyyənləşdirən professioqram hazırlanıb, ucqar rayonların məktəblərini müəllim kadrları ilə təmin etmək məqsədilə mövcud ixtisas siyahısına (klassifikatora) qoşa ixtisaslar daxil edilib, pedaqoji təcrübə haqqında qaydalar hazırlanıb: “Təhsil Nazirliyi Dünya Bankı ilə birgə Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində “Müəlllim hazırlığı” alt komponenti üzrə “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası”nı, ibtidai sinif müəllimi hazırlığını təmin edən məzmunca tamamilə yeni kurikulum hazırlayıb və həmin sənədlər təsdiq olunub. Eyni zamanda, “Təhsilin əsasları” fənninin dərsliyi tərtib edilib. İbtidai sinif müəllimi hazırlığı üzrə kurikulumun 3 pilot ali məktəbdə  tətbiqinə başlanılıb. Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Boloniya prosesi önəmli yer tutur. Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulub və bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilib. Boloniya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən müvafiq tədbirlər planına uyğun olaraq, “Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu” təsdiq edilib və müvafiq istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartları hazırlanıb. Azərbaycanın Bolonya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə kredit sisteminin tətbiqinə zərurət yaranıb. Bu sistemin tətbiqi ilə bağlı hüquqi-normativ bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilib, “Ali təhsil müəsissələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə” təsdiq olunub, ilkin mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiqi qərara alınıb. 2006-2007-ci tədris ilində 10 ali məktəbdə başlanan eksperiment 2009-2010-cu tədris ilindən 27 dövlət ali məktəbinin bütün ixtisaslarını əhatə edir”.

M.Mərdanov bildirib ki, ölkədə təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini və Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalanıb. Həmin sərəncamın birinci bəndinə əsasən “2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb. Mövcud ali təhsil ixtisaslarının təsnifatının təsdiqindən xeyli vaxt keçməsi, respublika iqtisadiyyatının infrastrukturu və əmək bazarının tələbatının dəyişilməsi, Azərbaycanın Boloniya prosesinə qoşulması, ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO-nun qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılması, eyni zamanda, həmin təsnifatda respublikada kadr hazırlığı aparılmayan (təxminən 531 ixtisasdan 264 ixtisas üzrə mütəxəssis hazırlığı aparılmır) ixtisasların mövcudluğu onun yenidən işlənməsi zərurətini yaradıb. Təsadüfi deyil ki, bu sənədin yeniləşdirilməsi məsələsi Təhsil Komissiyasında müzakirə olunub, yaradılan işçi qrupu tərəfindən “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı” hazırlanıb və ali məktəblərdə müzakirə edildikdən sonra Nazirliər Kabinetinin 12 yanvar 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Siyahıya daxil olan və mütəxəssis hazırlığı aparılan bütün ixtisaslar üzrə Dövlət təhsil standartları hazırlanıb və ali məktəblərdə onların tətbiqinə başlanılıb. “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” prezidentin fərmanı ilə təsdiq olunub. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq Təhsil Nazirliyinin əmri ilə “Tədbirlər planı” təsdiq edilib. Həmin plana əsasən təhsillə bağlı normativ-hüquqi bazanın “Təhsil Qanunu”nun tələblərinə uyğunlaşdırılması istiqamətində geniş iş aparılır.

Təhsil naziri yazıb ki, 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılması Azərbaycanın təhsil tarixində mühüm hadisələrdən biridir. İlk dəfə 23 ali təhsil ocağında 80 istiqamət, 300-dən çox ixtisas üzrə bakalavr pilləsinə tələbə (13 600 nəfər) qəbulu aparılıb. Ötən illər ərzində bakalavr təhsilinin məzmununda köklü dəyişikliklər və yeniləşmələr aparılıb. Belə ki, mövcud qaydalar təkmilləşdirilib, dünya təhsil sisteminin tələblərinə uyğun standartlar yaradılıb, tədrisdə kredit sisteminin tətbiqinə başlanılıb. 2009-cu ildə təsdiq edilən “Təhsil haqqında” Qanununa uyğun olaraq ali təhsilin bakalavr pilləsində hüquqi-normativ baza təkmilləşdirilir: “Azərbaycanda çoxpilləli ali təhsil strukturunun təsdiq edilməsi xalq təsərrüfatının tələbatına əsasən mütəxəssisin elmi, professional və ümumi hazırlığını dünya standartlarına uyğun təmin edir. Bu strukturda inkişaf etmiş ölkələrdə ali təhsilin inkişaf təcrübəsindən, YUNESKO tərəfindən qəbul edilmiş təhsilin Beynəlxalq standartlarından istifadə olunur. Hal-hazırda təhsil alan tələbələr üçün mövcud təhsil sistemi saxlanılmaqla, yeni çoxpilləli təhsil sisteminə keçid 1993-1994-cü ildən başlanır. Ali təhsilin əsasını təhsilin istiqamətləri üzrə elm, texnika və mədəniyyətin bütün sahələrini əhatə edən təhsil-peşə proqramları təşkil edir və şəxsiyyətə insan və cəmiyyət, tarix və mədəniyyət haqqında sistemli biliklərə yiyələnmək, təhsilin istiqamətləri üzrə əsaslı elmi və peşə bilikləri almaq imkanları yaradır. Azərbaycan Respublikası Ali təhsil tədris müəssisələrinin kadr potensialını, maddi-texniki bazasını nəzərə almaqla ixtisasların xüsusiyyətlərindən asılı olaraq üçpilləli (bakalavr, magistratura, doktorantura) təhsil həyata keçirilir. Birinci pillədə (bakalavr) təhsil müddəti 3-4 il nəzərdə tutulur. Ali təhsil müəssisələrinin “bakalavr” pilləsində tələbələr əsasən bütün fənlər, o cümlədən xarici dildən müvafiq kafedra qarşısında yekun dövlət imtahanları verirlər. Birinci pilləni müvəffəqiyyətlə başa vurmuş məzunlara fakültə elmi şurasının qərarı ilə “bakalavr” ixtisası və elmi dərəcəsi verilir. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər. Birinci pillədə “bakalavr” ixtisas və elmi dərəcəsi alan və müvafiq reytinq qazanmış məzunlar təhsillərini magistraturada davam etdirə bilər. Reytinqi aşağı olanlar isə istehsalatda ən azi iki il işləyib ümumi qaydada magistraturaya qəbul oluna bilər. Buraxılış işləri bakalavr pilləsində tələbələrin təhsilinin son mərhələsi olmaqla istiqamət üzrə alınan nəzəri və təcrübi biliklərin sistemləşdirilməsi, möhkəmlənməsi və genişləndirilməsi, analitik və yaradıcı düşüncənin inkişaf etdirilməsi, konkret standart məsələlərin həlli vərdişlərinin aşılanması, eləcə də onların texniki-iqtisadi, istehsalat və mədəni quruculuq məsələlərinə tətbiqi, müstəqil işləmək vərdişlərinin inkişaf etdirilməsi, eləcə də buraxılış işlərində qoyulan problem və sualların həllinin araşdırılması metodlarına yiyələnmək, tələbələrin müasir istehslatın, elmin, texnikanın və mədəniyyətin müvafiq sahələrində müstəqil işləməyə hazırlığı səviyyəsini müəyyənləşdirmək məqsədi daşıyır. Buraxılış işlərinin müdafiəsi tələbələrin yekun dövlət attestasiyasının bir hissəsi olmaqla, həm də onların son attestasiyasıdır. Bu attestasiyanın nəticəsinə görə məzuna ixtisas dərəcəsi verilir. Buraxılış işləri bir qayda olaraq elmi və ya praktiki əhəmiyyətə malik olmalıdır. Bütün attestasiya sınaqlarından, o cümlədən müəyyən fənn üzrə dövlət imtahanından və ya fənlərarası yekun imtahanından müvəffəqiyyətlə çıxmış bakalavr tələbələr buraxılış işinin müdafiəsinə buraxılırlar. Buraxılış işlərinin mövzuları məzunların istehsalatla bağlı standart məsələləri elm və texnikanın müasir tələbləri baxımından təhlil edə bilməsinə, bu istiqamətə və ya ixtisasa uyğun magistratura pilləsindəki ixtisaslaşmaya hazır olmağa yönəlməyi, eyni zamanda tələbələrin ali məktəbin bakalavr pilləsində qazandıqları nəzəri və təcrübi biliklərin həcm və məzmununa uyğun olmalıdır”.

M.Mərdanov qeyd edib ki, 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin əmri ilə ölkənin 23 dövlət, 9 özəl ali məktəbində ali təhsilin ikinci - magistratura pilləsinə keçilməsinə icazə verilib, onlardan 23-də tələbə qəbulu aparılıb. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. Prezidentinin fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”yə uyğun olaraq həmin ildən magistraturaya tələbə qəbulu TQDK tərəfindən həyata keçirilir. Nazirlər Kabinetinin qərarı ilə 2001-2002-ci tədris ilindən magistratura pilləsinin qiyabi şöbəsinə də tələbə qəbulu aparılır. Hazırda 15 qeyri-dövlət ali təhsil müəssisəsindən 11-də magistr hazırlığı aparılır. Ümumilikdə isə ölkənin 35 ali təhsil müəssisəsində magistr hazırlığı həyata keçirilir.

Təhsil naziri bildirib ki, ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında Sərəncamı”nın icrasını təmin etmək məqsədilə ölkə Prezidenti yanında Təhsil Komissiyasının qərarına əsasən yaradılmış işçi qrupu ilə birgə “Ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyhısıı”nın yeni lahiyəsinin hazırlanması sahəsində geniş iş aparılıb. Belə ki, bu məqsədlə ABŞ-ın, bəzi Avropa ölkələrinin, Türkiyənin, Rusiya Federasiyasının, Orta Asiya respublikalarının və sair təcrübəsi öyrənilmiş, Təhsil Nazirliyində və ali məktəblərdə mütəxəssislərlə çoxsaylı görüşlər və müzakirələr təşkil edilmiş, hər bir fəaliyyət sahəsi üzrə mütəxəssislərlə fikir mübadiləsi aparılmış, müvafiq qərara uyğun olaraq mövcud klassifikator YUNESKO-nun və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğunlaşdırılmışdır. Əvvəlki klassifikatordan fərqli olaraq bu siyahıda ixtisasların sayı 515-dən 148-ə endirilmiş, ixtisas qruplarının və ixtisasların, xüsusilə müəllimlik və mühəndislik ixtisaslarının adlarında dəqiqləşmələr aparılıb. Layihə Təhsil Nazirliyinin məktubu ilə təsdiq üçün Nazirlər Kabinetinə göndərilmişdir. Bakalavr pilləsinin yeni kllasifikatorunun hazırlanması ilə əlaqədar olaraq “Magistr proqramlarının siyahısı”nın yenidən hazırlanması zərurəti yaranmışdır. Bu zərurəti nəzərə alaraq mütəxəssislərin iştirakı ilə siyahının ilkin variantının layihəsi hazırlanmış və nazirliyin məktubu ilə müzakirə üçün ali məktəblərə göndərilmişdir. Layihə ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində geniş müzakirə olunmuş, rəy və təkliflər bildirilmişdir. Ali məktəblərin təklifləri əsasında “Magistr proqramlarının siyahısı”nın yeni variantı hazırlanmış, rəy və təkliflər üçün yenidən ali məktəblərə göndərilmişdir: “Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş “Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum Dövlət tələblərinin strukturu”na uyğun olaraq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil standartlarının hazırlanması işi davam etdirilmişdir. Belə ki, ali hərbi təhsil müəssisələri üçün “İİ030900-İnzibati ilarəetmə” istiqamətinin yeni standartı hazırlanmış və Təhsil Nazirliyinin 20 oktyabr 2008-ci il tarixli, 1156 saylı əmri ilə təsdiq edilmişdir. Şöbənin iş planına müvafiq olaraq “Magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu”nun yeni layihəsi hazırlanmış və ali məktəblərin müzakirəsinə verilmişdir. Yeni strukturda ixtisaslaşma fənlərinin siyahısının və məcburi minimum məzmunun müəyyənləşdirilməsi magistr hazırlığı aparan ali məktəblərin səlahiyyətinə verilmiş, seçmə fənlərə ayrılan saatların miqdarı 35%-ə qədər artırılmış, magistr proqramlarının elmi-tədqiqat hissəsi üzrə bilik və bacarıqlara qoyulan tələblər, bu sahə üçün ayrılan saatların miqdarı müəyyən edilmişdir. Eyni zamanda iş planına uyğun olaraq ali məktəblərin magistratura pilləsində tədrisin təşkili vəziyyəti öyrənilmişdir. Bu məqsədlə Təhsil Nazirliyinin əmri ilə yaradılmış mütəxəssislərdən ibarət işçi qrupu magistr hazırlığı aparılan ali məktəblərin magistratura pilləsində tədrisin təşkilinin monitorinqini keçirmişdir. Monitorinqin nəticələrinə dair müvafiq arayış hazırlanmışdır. Arayışdan məlum olur ki, ölkəmizin magistr hazırlığı aparılan ali məktəblərində mövcud normativ baza əsasında müəyyən işlər görülmüşdür. Belə ki, magistr təhsil proqramlarına uyğun olaraq tədris plan və proqramları hazırlanmış, hər il magistrlik dissertasiyalarının mövzuları vaxtında təsdiq olunmuş, dissertasiyaların müdafiəsi üzrə ixtisaslaşdırılmış şuralar yaradılmış, fərdi planların yerinə yetirilməsinə, dissertasiyaların təqdim olunmasına və müdafiəsinə nəzarət edilmişdir. Bəzi ali məktəblərdə magistr hazırlığına xidmət edən yeni laboratoriyalar, tədris mərkəzləri, elektron kitabxanalar yaradılmışdır. Elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin təşkilində və aparılmasında müəyyən irəliləyişlər olmuşdur. Bununla yanaşı magistratura pilləsində tədrisin təşkilində, qəbul planının müəyyənləşdirilməsində, fənn bölümləri üzrə saatların planlaşdırılmasında, dərs cədvəllərinin tərtibində və ondan istifadə olunmasında, fənn proqramlarının hazırlanmasında, mühazirələrin aparılmasında və s. bir sıra nöqsan, çatışmazlıqlara da yol verilmişdir. İşçi qrupu qeyd olunanları nəzərə alaraq qısa zaman kəsiyində elmi-tədqiqat laboratoriyalarının müasir avadanlıqlarla təmin olunması, hər iki pilləni özündə əks etdirən vahid tədris kompleksinin hazırlanması, magistratura pilləsində də kredit sisteminə keçid üçün müvafiq hazırlıq işlərinin aparılması, magistr hazırlığında AMEA-nın müvaifq elmi-tədqiqat institutularının, yüksək texnologiyaya malik yerli və xarici şirkətlərin maddi-texniki bazası və kadr potensialından maksimum istifadə edilməsi, magistratura pilləsində seçmə fənlərə ayrılan saatlarının miqdarının artırılması, bakalavr və magistratura pillələrində tədrisin fasiləsiz idarə olunmasını təmin etmək məqsədilə mütəxəssis hazırlığının vahid tədris planı əsasında aparılmasını, magistrlərin xaric və bərpa olunması, akademik məzuniyyətə buraxılması və sair barədə müvafiq təkliflər hazırlamışdır”.     

M.Mərdanov yazıb ki, Azərbaycan müstəqillik əldə etdiyi ərəfədə yeni sistemin səciyyəvi cəhətlərindən biri də özəl sektorun meydana gəlməsi oldu. Dünya təcrübəsi də aydın göstərir ki, məhz bazar iqtisadiyyatı şəraitində azad rəqabətə imkan yaratmaqla iqtisadi inkişafa, ölkənin tərəqqisinə nail olmaq mümkündür. Elə buna görə də müstəqilliyin ilk illərində ölkədə təhsil sahəsində də özəl sektor yaranmağa başladı.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2012.- 22 sentyabr.- S.14-15.