Azərbaycanın
artan uğurları və Qərbin “qəribə”
narahatlığı
Avropa
Parlamentinin Ramil Səfərovun əfvi ilə bağlı əsassız
və ədalətsiz qətnamə qəbul etməsi bir daha
göstərdi ki, Azərbaycana münasibətdə Qərb hələ
də öz ənənəvi ikili standart siyasətindən əl
çəkmək niyyətində deyil. Bu addım həm də
onun göstəricisi oldu ki, Avropada, ümumən dünyada bəzi
qüvvələr Azərbaycanın müstəqil siyasət
yürütməsini, öz milli və dövlətçilik
maraqları ilə səsləşən qərarlar qəbul
etməsini heç cür həzm edə bilmir.
Əslində,
bunu onların nöqteyi-nəzərindən tamamilə təbii
hesab etmək də mümkündür. Çünki rəsmi
Bakı ən müxtəlif sahələr üzrə qətiyyətli
mövqedən irəli gələn inamlı addımlar
atır, ən müxtəlif istiqamətlərdə həyata
keçirilən tədbirlərlə davamlı uğurlar əldə
edir. Bütün bunlar isə neçə vaxtdan bəri
özü siyasi və iqtisadi böhran içərisində
olan Qərbdə, həmçinin Azərbaycana qeyri-səmimi
münasibət bəsləyən digər beynəlxalq dairələrdə
açıq qısqanclıq doğurur. Onlar hər zaman
böyük maraq göstərdikləri, öz mənfəətlərinə
cavab verən dərəcədə zəif, asılı
görmək istədikləri, çox vacib bir regionda yerləşən
Azərbaycan kimi önəmli bir dövlətin müstəqil
hərəkət etməsi ilə barışa bilmirlər.
Ancaq proseslər onların arzulamadığı yöndə cərəyan
edir, nəticədə Azərbaycan artıq özü öz
yolunu seçən və bu yolla dönmədən irəliləyərək
inkişaf edən dövlət kimi dünyada nüfuzlu
mövqeyini gündən-günə daha da əzmlə təsdiqləyir.
Məlumdur
ki, Ermənistan terrorçuluğu rəsmi siyasət səviyyəsinə
qaldırmış və bunu hətta ən yuxarı
kürsülərdən açıq etiraf etmiş oyuncaq bir
dövlətdir. Eyni zamanda, regionda və dünyada sülhə,
sabitliyə ciddi təhlük mənbəyidir. Belə bir
ölkəyə havadarlıq etmək, onun çirkin
maraqlarının qorunması üçün bir vasitəyə
çevrilmək Qərbin demokratiya və digər sahələrdə
bəyan edilən prinsiplərini gözdən salmaqdan başqa
bir şeyə yaramır.
Cinayət
törətdiyi barədə hökm verilmiş və cəzasının
mühüm bir qismini çəkmiş Azərbaycan zabitinin
beynəlxalq qanunlara uyğun şəkildə təhvil
alınaraq ölkə qanunvericiliyinə əsasən əfv
olunmasına Avropa parlamentarilərinin bir qisminin yersiz, sərt
reaksiyası da bu yöndə növbəti qərəzli və
yanlış addımdır. Ədalət
anlayışına, demokratik prinsiplərə dəxli olmayan
bu addım, sadəcə olaraq, müəyyən dairələrdə
Azərbaycana qarşı olan kinli münasibətin, məkrli
niyyətlərin daha bir təzahürüdür.
Məsələ
burasındadır ki, həmin dairələrin müxtəlif
yollarla müdafiə və himayə etdikləri əldəqayırma
dövlət, yəni işğalçı Ermənistan
get-gedə daha ağır vəziyyətə düşməkdə,
məhv olmaqdadır. Bir ölkə üçün zəruri
olan bütün parametrlər üzrə yanaşdıqda Ermənistanın
iflasa uğramaqda olduğu özünü büruzə verir.
Həm siyasi və iqtisadi cəhətdən, həm də beynəlxalq
aləmdə mövqeyi baxımından Ermənistan bu gün
dünya ölkələri sırasında ən sonuncu yerlərdən
birini tutur. Azərbaycan isə çox-çox üstün səviyyədə
olan və davamlı qaydada artan geniş iqtisadi imkanlara,
yüksək siyasi mövqeyə, dünya miqyasında dönə-dönə
özünü göstərən, etiraf edilən beynəlxalq
nüfuza malikdir. Bir sıra regional və beynəlxalq layihələrin
iştirakçısı olmaqla bərabər, Azərbaycan
artıq bu cür layihələrin təşəbbüskarı
və birbaşa icraçısı kimi öz aparıcı
mövqeyini çoxdan təsdiqləyib. Ermənistandan və
digər neçə-neçə ölkədən fərqli
olaraq, Azərbaycan artıq yardım istəyən yox,
başqalarına yardım təklif edən və real köməklik
göstərən qüdrətli dövlət kimi qəbul
edilir.
İqtisadi
gücü, geniş maliyyə imkanları, möhkəm daxili
sabitliyə nail olması Azərbaycanı xarici siyasətdə,
digər ölkələrlə münasibətlərdə də
kifayət qədər müstəqil hərəkət edən,
sayılan dövlətə çevirib. Bir çox dünya əhəmiyyətli
toplantıların, istər siyasi-iqtisadi, istərsə də
iri mədəni tədbirlərin, sanballı idman
yarışlarının mərkəzi kimi seçilməsi də
buna parlaq sübutdur.
Milli
maraqları dönmədən müdafiə etdiyini, öz vətəndaşlarına
sahib çıxdığını Azərbaycan dövləti
təkcə zabitimizin azad olunmasıyla deyil, İranda
saxlanılan gənc yazarlarımızın sərbəst
buraxılıb vətənə qaytarılmasıyla da
sübut etdi. Sonadək iradəli, qətiyyətli mövqe
tutmaqla Azərbaycan dövləti öz qüdrətini yenidən
bütün dünyaya nümayiş etdirmiş oldu. Digər tərəfdən,
bu addımların həm Macarıstanla, həm də
İranla münasibətlərə heç bir xələl gətirmədən,
əksinə, tərəfdaşlığı daha da möhkəmləndirərək
həyata keçirilməsi rəsmi Bakının çox dəqiq,
mükəmməl hesablanmış xarici siyasi kurs
yürütdüyündən xəbər verdi.
Qardaş
Türkiyənin baş naziri, müasir dövrün ən
nüfuzlu siyasi xadimlərindən olan Rəcəb Tayyib Ərdoğanın
Azərbaycana gəlişi, Prezident İlham Əliyevlə səmimi
və dəyərli görüşlər keçirməsi
son günlərin ən önəmli hadisələrindən
oldu. Daha sonra Azərbaycan dövlətinin rəhbəri
İlham Əliyevin Fransaya səfəri, oradakı tədbirlərdə
və toplantılarda etdiyi çıxışlar
dünyanın diqqətini özünə cəlb etdi. Xarici
iş adamlarının, iri şirkətlərin ölkəmizlə
əməkdaşlığa göstərdiyi böyük maraq
da nəzərdən yayınmadı. Bunlar Azərbaycanın
inkişaf yolunda növbəti uğurlarından xəbər
verən vacib məqamlardır.
Nəhayət,
son proseslərin yenidən sübuta yetirdiyi başqa bir önəmli
həqiqət budur ki, Azərbaycan dövləti indi
Qarabağın, işğal altındakı ərazilərimizin
azad olunması yolunda hər zamankından daha qətiyyətli
və dönməz mövqe tutmaqdadır. Dövlətimizin,
onun rəhbərinin Silahlı Qüvvələrə,
doğma ordumuza son dərəcə yüksək diqqət və
qayğı ilə yanaşması hər bir zabitə və əsgərə
münasibətdə öz parlaq təzahürünü
tapır. Bu isə, ordumuzun gücünə,
torpaqlarımızın tezliklə azad olunacağına bəslənən
inamı daha da artırır. Silahlı Qüvvələrimizin
bugünlərdə Müdafiə naziri general-polkovnik Səfər
Əbiyevin komandanlığı və bütün qoşun
növlərinin iştirakı ilə keçirilən
irimiqyaslı hərbi təlimi Azərbaycanın regionda ən
güclü orduya malik olduğunu növbəti dəfə, hər
cəhətdən təsdiqlədi. Bu möhtəşəm hərbi
təlim Azərbaycan Ordusunun Ali Baş Komandanın əmrilə
Qarabağa doğru çıxacağı zəfər
yürüşünə həlledici hazırlıqlardan biri
kimi dəyərləndirildi. Azərbaycan dövlətinin digər
uğurları kimi, ordumuzun bu mühüm təlimi də, təbii
ki, xalqımızı ürəkdən sevindirdi, düşməndə
və onun havadarlarında isə dərin təşviş
doğurdu.
Emin HƏSƏNLİ,
Politoloq
525-ci qəzet.-
2012.- 22 sentyabr.- S.9.