İlham Əsgərov – səsin dalğası

 

 Səsiylə – sədasıyla  Azərbaycanımın dünənindən bu gününə körpü salan, boy – buxununda Dəmbəlo dağının ucalığını, səsində Viləşçayın coşqunluğunu, Şır-şır bulağın həzinliyini yaşadan sənətkar barədə  duyğularımı  ipə-sapa düzüb,  nəsə  babat  bir ürək sözü yazmaq çoxdankı arzumdur.  Amma yazdıqlarıma baxanda İlhamın  mavi ekrandan –  istedadlı rejissor Elçin Cahangirlinin çəkdiyi  “Susmuş vicdan” teleserialında canlandırdığı  general  obrazı sanki mənə səslənir: “Yox. qaraş, belə olmaz deyir, sən hələ məni yaxşı tanımırsan!”.

Mən İlhamı uzaqdan-yaxından 30  ildir tanıyıram. Bəs adam  30  il ərzində tanıdığı  şəxsiyyət barədə görüb-bildiklərini  daha necə dilə gətirər?  Özüm də bilmirəm,  İlham barədə  düşünəndə niyə məhz onu  ali məktəbə qəbul imtahanına gələndə sahil bağında – tənha  bir skamyada  səhəri açan ağ köynəkli  abituriyent obrazında görürəm.  Niyə?!  Bəlkə o vaxt aktyor olmaq arzusuyla yaşayan sadə bir kəndli gəncin  abrı-həyası ona şəhərdə yaşayan qohum-əqrabasının qapısını döyməyə  mane olmuşdu?.. Amma o  gecə  İlhamın gələcəkdə  böyük səhnədə tənha  və doğmalar arasında qərib  bir insanın obrazını oynayacağı  rolun debütü oldu. Deyəsən, belə hissləri biz də yaşamışıq axı. Yəni İlham  öz müasirlərinin canlı obrazını  erkən  yaşlarından  həyat səhnəsində oynayan bir sənətkardır. lll   Biz hər ikimiz Masallıda –  Rafiq Tağının  “Muğan tərəflər” dediyi yamyaşıl zəmiləri olan qonşu kəndlərdə doğulmuşuq.  Bəlkə də lap  uzaq qohumuq,  xəbərimiz yox!..Əslində mənim Xoşçobanlı, Mollahəsənli kəndlərində  qohumlarım var. Masallının el ağsaqqalarından olan Samı Kəlbiyev dədəmi həmişə qohum deyə çağırardı. O Samı Kəlbiyev ki, Rəsul Rza, Qılman İlkin,  Lütvəli Abdullayev,  Süleyman Rüstəm, Hüseyn Əliyev, Zeynal Xəlil    Azərbaycanın başqa  görkəmli şəxsiyyətləri, sənət adamları onun dostu və qonağı olublar...   İlham tele-müsahibələrində tez-tez el ağsaqqalının adını çəkir. Sinif yoldaşı  Siyasət Həsənovu, dostu Hacı Əbülfət Əliyevi, qohumu Bahadur müəllimi  də unutmur. Və yaxın qohum-əqrabaların təbirincə desək, İlham hələ lap uşaq çağlarından “oyun”çıxardırdı. Bəlkə bu “oyun”, “teatr” çıxarmaq hissi onda  Samı kişigildə  Xalq artisti Lütvəli Abdullayevi görəndə, onun məclisdə zarafatyana dediyi sağlığın Muğan elində dildə-ağızda gəzdiyini eşidən andan yaranmışdı? Ölməz sənətkar Lütvəli Abdullayev Samı kişinin şərəfinə öz sağlığını belə ifadə edirdi: “Həzarat, mənim Azərbaycanda kolxoz sədri vəzifəsində işləyən çox dostlarım var. 

Bəziləri adama toyuq göndərəndə dəni vermirlər, dən göndərəndə toyuğu. Amma Samı dostum həm toyuq verir, həm də dən...”   lll İlk dəfə  ali məktəbə daxil olmaq cəhdi daşa dəydi İlhamın... Şirvanda (o vaxtkı Əli Bayramlı) çilingər işlədi. Həyat və əmək təcrübəsi qazandı. Səhnə onunçun həyatın bir parçasıydı. “Müqəddəs ocaq” adlandırdığı səhnədə ilk addımlarını atdı, teletamaşalarda ilk rollarını oynadı...  Səhnədə ölüm səhnəsi  yaratmaq  kinodakından qat-qat çətindir.  Lal  obrazını yaratmaq  ondan da çətindir. Hüseyn Cavidin  “İblis” dramında  səhnədə oynadığı lal ərəb roluna görə tamaşanın rejissoru Mehdi Məmmədov  kollektiv çəkdirdikləri şəklin arxasına bu sətirləri yazdı:  “İlham, lal dilində gözəl danışdığına görə səni təbrik edirəm!”.   lll Sonra səhnədə sərkərdə, xan, xaqan, kral, böyük siyasi xadim də oldu:  Bəxtiyar Vahabzadən “Dar ağacı”nda Sabutay, İlyas Əfəndiyevin “Hökmdar və qızı”nda Məhəmməd xan, Uilyam Şekspirin “Kral Lir”ində Fransa kralı, Əli Əmirlinin “Mesenat”ında N.Nərimanov,  Mövlud Süleymanlının “Fatehlərin divanı”nda Bilgə xaqan obrazlarına səhnə ömrü verdi İlham... Akademik teatrın ən populyar tamaşalarında iştirak etməklə yanaşı,  İlham Azərbaycan dövlət radiosunun məşhur “Bulaq” verilişinin aparıcılarından biridir.   Çox incə qəlbli, həssas insandı İlham.   Əməkdar artist Əli Salahlı haqqında “Sonuncu monoloq” kitabımı oxuyandan sonra  mənə telefonla minnətdarlığını bildirdi.  Mənə elə gəldi ki, İlham əyalət teatrlarında  çalışan  və dünyasını dəyişən sənətkarların yad olunmasına  bərk kövrəlmişdi... ( Əli Salahlı  12-13 yaşlarında ilk dəfə çıxdığı səhnədə 59 yaşında  Yetim Əlabbasın monoloqunu deyərkən dünyasını dəyişmişdi) Bir-iki il öncə “Həzrəti Yusif” teleserialında Yaqub peyğəmbərin rolunu səsləndirirdi İlham. Sanki təkcə səsləndirmirdi, həm də  həmin rolu  oynayırdı. Səsi ayrılıq həsrətindən təşnə olan ürəklərə  sərinlik yayırdı... Amma İlham  etiraf edir ki, dublyaj  zamanı mətni oxuyarkən bəzi məqamlarda özü də bərk  kövrəlib, hətta ağlayıb. lll Və nədənsə  xanəndələr  həmişə “Apardı  sellər saranı” mahnısını oxuyanda, “Gedin deyin Xançobana, gəlməsin bu il Muğana!!” sözlərini eşidəndə  yadıma  Xalq artisti İlham Əsgərov düşür. İlhamın Muğan toylarında əlində mikrafon, Dədə Qorqudsayağı səsiylə, əzəmətiylə  bəylə –gəlinə xeyir-dua verməsinın az şahidi olmamışam.     “Xançoban” söz sövqatıyla  hər il Muğana gəlir... 

Muğanın da, Azərbaycan  toy-büsatlarının da  söz-sənət aşiqi İlhamsız günü olmasın!  ...İlhamın  xeyir – duası, səsi zəngin keçmişimizdən   bu çağımızacan  yol gələn  müdrüklərin, ağsaqqal babaların  ruhunu yaşadır. lll Səhnədə Elçin  Həşimovun  tarı cuşə gəlir... Xanəndə  Məsumun  səsi pərdə-pərdə yüksəlir. İlham  da qəzəl deyir. Dünyanın gözəlliklərindən zövq alır insan. Dağların hüsnünü örtmüş  buludlar aram-aram seyrəlir. Dəmirağac meşəsinə  haray düşür, ün düşür: “Dünya yaşamalı dünyadır, qardaş!” İlhamın səsi  neçə-neçə  səs dalğasında  öz ahəngi öz rəngi, avazı ilə  tanınır... Bu səs çalarında  neçə-neçə ölməz ustad sənətkarın, cəngavərin  obrazı göz önündə canlanır. Yaddaşlara qətrə-qətrə hopur Babək qüruru, Nizami zirvəsi, Füzulinin  qəm kərvanı, Nəsimi dəyanəti, Xətainin qılınc və söz sərkərdəliyi... İlham, obrazlı tərzlə desək, ta qədimdən üzü bəri yaranan poeziyamızın vuran nəbzi, döyünən qəlbidir.  Hərdən mənə elə gəlir,  İlhamın səsində  bizim unudulmaz  Sarəngün – Mir Kazım Aslanlının da ruhu pıçıldayır:  Ax Viləş, qəlbimdə qanlartək,  fəğanlartək Viləş, Ax Viləş, gərdişi-dövranda  zamanlartək Viləş.   Hey axırsan naz ilə, avaz ilə, dəmsaz ilə, Ruhuma lay-lay çalan sənsən  kamanlartək Viləş!   Bir vaxtlar “Bulaq” verilişi bu misraların müəllifinin bəstələdiyi və bu gün radionun qızıl fondunda saxlanılan musiqisi ilə açılardı...  lll     Bəzən şirin xəyala dalıram. Günlərin bir günü (nədənsə o günün məhz bahar çağlarına təsadüf edəcəyini düşünürəm...)

Kazım Ziya  sənətini  yaşadan  Xalq artisti İlham Əsgərov Dədəm  Qorqudsayağı səsiylə elimizə – obamıza QƏLƏBƏ müşdəsi verir... İlahi, zəfər təranələri  ilə süslənən Azərbaycan necə  də möhtəşəm  görünür. Taleyin və tarixin  min cür sınağına sinə gərən  Qarabağ  eli bayram libasına bürünür. Pərən-pərən düşmüş insanlar yurd yerlərinə dönür. İlhamın səsi  AZADLIQ meydanına nur çiləyir: “Gözün aydın, Azərbaycan!”            lll Tarixçilərin yazdığına görə qədim muğanlı cəngavərlər boylu-buxunlu olublar. İlham səhnədə  də, həyatda da  mənə  o qədim cəngavərləri xatırladır: – Ehey, siz niyə  belə cırlaşıbsınız, – deyir, –  Niyə bir-birinizdən aralı düşübsünüz. Çiyinlərinizi bir-birinə söykəyin, qardaşlar,  bir olun! Yurdumuzun nicatı  bizim birliyimizdədir. ...Yaradıcılığın otuz illik  gecəsində  dostlarından biri ona  Məkkədən üzük gətirmişdi. Bəlkə o üzük  mənin barmağımda  elə    parlaq görünməzdi, amma “İncəsənət qvardiyasının  sərdarı” , söz sərkərdəsi İlham Əsgərovun  barmağına yaraşırdı. İlham  bütün  vücudu ilə,  ululara xas səsi ilə səhnədə daha  əzəmətlı görünür.  Qəribədir,  son vaxtlar mən  onu  istər kinoda. İstər teatr səhnəsində yalnız özümün arzuladığım  rollarda görürəm: Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Qaçaq Mozu... Sonuncunu tanımadınız yəqin!  Qaçaq Mozu elə qaçaq Nəbi kimi  bir igid olub bizim Muğan tərəflərdə. İlhamın  həmkəndlisidir. Ona öz zəmanəsinin  Robin Qudu da demək olar. lll Nə isə... Son vaxtlar həyat səhnəsində  qəfil  itirdiklərimiz  o qədər çoxdur ki!  Ölüm mələyi nə ad-sana baxır, nə də yaşa. Bir gün eşitdim ki,  çağrılmamış qonaq kimi xəstəlik İlhamın da ünvanını tapıb. Allah qıymasın,dedim, hələ səhnədə oynayacağı çox rollar, həyatda görəcəyi çox işləri var. Şükürlər olsun Allaha, sağaldı, ad günü “Space” kanalında toy-bayram kimi qeyd olundu.  Və sonda üzümü xeyli vaxtı görmədiyim sevimli aktyora tutub deyirəm:  İlham, bu yazını, mən yazmadım qardaş, sən yazdın! Sən özün barədə yazılan və yazılmayan çox sanballı fikirlərin müəllifisən. Uca Rəbbimiz səni qorusun!  Sənin sənətinə  və şəxsiyyətinə ehtiramla, 

 

 

Nurəddin ƏDİLOĞLU,

Yazıçı-jurnalist.

 

525-ci qəzet.- 2012.- 25 sentyabr.- S.6.