Açıq cəmiyyət və mətbuat

 

XX əsrin sonu, XXI əsrin əvvəllərində Azərbaycanda müstəqillik, azadlıq, demokratiya dalğası ölkənin inkişafı və Qərb dəyərlərinə yanaşması ilə bərabər, KİV-in də çox sürətli tərəqqisi və cəmiyyətdə mövqelərinin möhkəmlənməsi ilə müşayiət olundu. Bu iqtisadi-siyasi, sosial–mədəni, intellektual tərəqqi isə, öz növbəsində, cəmiyyətin inkişafının yeni mərhələyə keçidi ilə nəticələndi. Ölkədə demokratiya, plüralizm, fikir və söz azadlığının əsas daşıyıcılarından biri olan media insanların cəmiyyətin idarə olunmasında iştirakını labüdləşdirdi, onları ölkənin taleyüklü məsələlərində daha məsuliyyətli və fəal olmağa səfərbər etdi. İnsanlarda ölkə, Vətən, xalq üçün, onun taleyi üçün bir sahiblik, bir məsuliyyət hissi yaranmağa başladı. Bu yeni dalğa ölkədə prinsip və keyfiyyətcə yeni bir prosesin – açıq cəmiyyət quruculuğunun ilk cücərtiləri, simptomları idi. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradio proqramları, sənədli kinofilmlər və kütləvi informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr – cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Onların fəaliyyəti cəmiyyətdə baş verən reallıqlara münasibət formalaşdırır, ictimai-siyasi təsir göstərir. KİV təkcə informasiya ilə kifayətlənmir, o həm də yeniliklərə şərh verir, ayrı-ayrı ideyaları, təlimləri, siyasi proqramları təbliğ və təşviq edir.

KİV insanlarda ictimai fikirlər, inam və sosial fəallıq formalaşdırmaqla, onları müəyyən fəaliyyətə istiqamətləndirir. İnformasiyaların əsas mənbəyi, daşıyıcısı “dördüncü hakimiyyət” adlanan, çağdaş dünyamızda özündən əvvəlki hakimiyyət qolları ilə, demək olar, eyni səviyyədə dayanan və onlara sağlam opponentlik edən kütləvi informasiya vasitələri, qısa deyilsə, mediadır. Cəmiyyətin inkişafında uzaq keçmişdən mətbuat öz sözünü demiş, müasir dövrdə isə KİV ictimai həyatın ayrılmaz mexanizminə çevrilmişdir. XX əsrin ortalarından “informasiyalı cəmiyyət” anlayışının meydana çıxması da bu proseslərlə bağlıdır və məhz informasiyalı cəmiyyət tədricən formalaşaraq müasir sivilizasiyada özünə vətəndaşlıq hüququ qazanmışdır. Bu inkişaf isə, həm də kütləvi informasiya vasitələri, bütövlükdə jurnalistika ilə bağlıdır. Belə bir cəmiyyətdə vətəndaşların informasiya almaq hüququ cəmiyyətin və dövlətin demokratik göstəricisi kimi qəbul olunur. Demokratik, hüquqi cəmiyyətdə hər bir vətəndaş dünyada və ölkədə baş verən proseslər barədə məlumatlanmaq üçün hüquqi cəhətdən zəmanət verilən azadlıqlara malikdir. Aşkarlıq və demokratiya kütləvi informasiya vasitələri olmadan nəinki reallaşdırıla, heç təsəvvür belə edilə bilməz. Ona görə də, “bəşəriyyət demokratiyanın yolunu açıq, informasiyalı cəmiyyətdən almışdır”  və “Demokratik əsaslarla fəaliyyət göstərən ölkədə jurnalistikanın inkişafı insanın informasiya hüququnu təmin edən açıq cəmiyyətə aparır” söyləyən mətbuat nəzəriyyəçiləri tamamilə haqlıdırlar. 

Açıq cəmiyyət elə bir ictimai mühitdir və belə bir fakta əsaslanır ki, heç kim həqiqət üzərində mütləq monopoliyaya malik deyildir, müxtəlif adamların müxtəlif nəzər- nöqtələri ola bilər, ayrı-ayrı qurumlar insan hüquqlarını mütləq müdafiə etməlidirlər, bütün insanlara sərbəst və əmin-amanlıq şəraitində yaşamaq imkanı verilməlidir. Ümumilikdə, açıq cəmiyyət qanunun aliliyini, demokratik yolla seçilmiş hökumətin varlığını, müxtəlif təbəqələrin olmasını qəbul edən, ictimai azlıqlara və onların hüquqlarına hörmətlə yanaşan bir cəmiyyət kimi xarakterizə olunur.  KİV-in bu dövrdə konstruktiv rolu, əsasən, açıq cəmiyyət azadlıqlarının əldə edilməsindən və saxlanılmasından ibarətdir. İnformasiya plüralizmi, informasiya məkanının tam prinsipial açıqlığı, KİV-in dövlət təsirinin hüdüdlarından kənarda da geniş yayılması açıq cəmiyyətin formalaşmasının əsas və aparıcı şərtidir. Bu cəmiyyətin prinsiplərinə görə, demokratik hökumət onu tənqid edənləri, müəyyən əks mülahizə yürüdənləri nəzarətdə saxlamamalı və məzəmmət etməməlidir. Demokratiya yeni ideya, məlumat, fikir və düşüncələri qeyri-adi, qeyri- məhdud axından qidalanan vətəndaşların enerjisi hesabına çiçəklənir. Vətəndaşları hökumətin təzyiqindən qorumaq üçün hökumətin təklifləri qanunverici orqanda qanun şəklinə salınmalı, KİV vasitəsi ilə ictimaiyyətin müzakirəsinə verilməli, ictimai nəzarət təmin edilməlidir. Neçə onilliklər öncə açıq cəmiyyət ideyası mücərrəd fikir, fantastik mülahizə təsiri bağışlaya bilərdi. Lakin qloballaşma dövrünün coşqun proseslərini, son 40- 50 ildə dünyada baş verən əhəmiyyətli dəyişiklikləri nəzərə alsaq, açıq cəmiyyətin qanunlarının çox qısa zaman kəsiyində ictimai- siyasi münasibətlərdə və bütövlükdə cəmiyyətdə aparıcı vasitəyə çevriləcəyi şübhə doğurmamalıdır. İnformasiya–kommunikasiya texnologiyalarının günbəgün deyil, saatbasaat inkişaf etməsi, dünyada demokratik proseslərin dönməz xarakter alması, sivilizasiyanın modernləşməyə meyli bütün bəşəriyyətin üzünün tərəqqiyə və açıq cəmiyyətə çevrilməsindən xəbər verir. Məhz bu səbəbdən də “Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu (1991-2004-cü illər)” mövzusu ciddi aktuallıq kəsb edir. Araşdırmanın  məqsədi Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə baş verən mütərəqqi meylləri, demokratik prosesləri, vətəndaş və açıq cəmiyyət quruculuğu səylərinin tarixini, mətbuatın bu inkişafa pozitiv təsiri və ideoloji təminatı məsələlərini öyrənməkdir. Dünyada açıq cəmiyyət quruculuğunun əsas prinsiplərinin bərqərar olduğu ölkələrin keçdiyi inkişaf tarixinin Azərbaycan reallıqları ilə müqayisəli araşdırılması, ölkəmizin Qərb dəyərlərinə inteqrasiyası problemləri, mənəvi inkişaf, insan hüquq və azadlıqlarının cəmiyyətimizdə bərqərar olması məsələləri tədqiqatın prioritet istiqamətini təşkil edir.

Qloballaşma şəraitində Azərbaycanın açıq cəmiyyət quruculuğuna qədəm qoyması faktının strateji nəticələrini proqnozlaşdırmaq, mətbuatın ölkə üçün bu taleyüklü inkişaf mərhələsində maarifçilik, təşkilatçılıq və aşkarlıq , şəffaflıq vasitəsi kimi rolunun fövqəladə şəkildə artması müstəvisində fəaliyyət prinsiplərini araşdırmaq başlıca məqsəd kimi qarşıya qoyulmuşdur.  Burada əsas tədqiqat obyekti 1991-2004-cü illəri əhatə edən müasir Azərbaycan mətbuatıdır. Əsasən, “Azərbaycan”, “525-ci qəzet”, “Zerkalo”(“Ayna”), “Yeni Azərbaycan”, “Yeni Müsavat” qəzetlərinin materialları, həmçinin digər elmi, bədii və publisistik nümunələr üzrə sözügedən zaman kəsiyində ölkədə yeni cəmiyyət quruculuğu, demokratik proseslər, müstəqillik illərinin mürəkkəb keçid mərhələsində ictimai şüurun, dövlətçiliyin qorunması və milli ideologiyanın formalaşması səylərinə mətbuatın sanballı köməyi və təsiri konkret faktlarla göstərilir. Burada açıq cəmiyyət quruculuğu məsələlərinin son dövrdə istər dünyada, istərsə də Azərbaycanda kifayət qədər geniş maraq kəsb etməsi, onun mahiyyət və əsas prinsipləri ilə bağlı polemikaların daim ictimai həyatda, siyasi və sosial kuluarlarda yer alması, ölkədə yeni cəmiyyətin təşəkkülünün günün reallığına çevrilməsi faktı əsas götürülərək ictimai həyatın ruporu olan mətbuatın bu problemlərə yanaşma formaları ətraflı şəkildə tədqiq olunmuşdur.  Araşdırmada həm açıq cəmiyyətin tələbləri nöqteyi-nəzərindən daha sivil və demokratik ölkələrin təcrübəsi, həm də , eyni zamanda, bu təcrübəni gündəlik fəaliyyətlərində tətbiq etmiş və maraqlı, legitim nəticələr qazanmış KİV-in publisistik materialları tədqiqat obyekti olmuşdur.  Müəllifin qələmə aldığı mövzunun nəzəri və metodoloji əsasında açıq cəmiyyətin formalaşması prosesində misilsiz xidmətləri olan, demokratiyanın ayrılmaz atributuna çevrilən, “dördüncü hakimiyyət” kimi dəyərləndirilən mətbuatın milli ənənələri, müasir fəaliyyət prinsipləri, dünya təcrübəsinin tarixi və müasir meyllərinin analoji aspektləri ilə müqayisəli şəkildə təhlili dayanır. Nəzəri konsepsiyalar və siyasi, fəlsəfi, publisistik aspektlərə tarixilik baxımından yanaşma mövzunun araşdırma üzrə məqsəd və nəticələrinin əsas prinsiplərini təşkil edir. Bu zaman bir sıra maraqlı, orijinal nəzəri fikirlər irəli sürülür və əsaslandırılır. Araşdırmada göstərilir ki, açıq cəmiyyət quruculuğu konsepsiyası və bu prosesin reallaşmasında mətbuatın rolu tarixi ciddi araşdırma mövzusu kimi ötən əsrdən tədqiq edilməyə başlamışdır. “Açıq cəmiyyət” anlayışı ilk dəfə olaraq fransız filosofu Anri Berqsonun (1859 – 1941) 1932- ci ildə yazmış olduğu “Mənəviyyat və dinin iki mənbəyi” kitabında özünə geniş yer almışdır. A.Berqson sözügedən kitabda bir-birinə tam əks mövqedə dayanan “açıq cəmiyyət “ və “qapalı cəmiyyət” fəlsəfi kateqoriyalarını geniş elmi –siyasi leksikona daxil etmişdir. Lakin A. Berqsonun sözügedən əsərində “açıq cəmiyyət”, “qapalı cəmiyyət” anlayışları sırf dini – fəlsəfi məna yükünə  malikdir və ictimai həyatın digər sahələrini əhatə etmir.

Bu anlayışlar yalnız Böyük Britaniya alimi Karl Popperin 1945-ci ildə işıq üzü görmüş “Açıq cəmiyyət və onun düşmənləri” kitabından sonra geniş şöhrət qazanmışdır. Bu ikicildlik kitabda K.Popper açıq cəmiyyət ideyasını özünün elmi səmərəlilik fəlsəfəsi ilə birləşdirərək mükəmməl bir elmi – siyasi istiqamətin əsasını qoymuş oldu. Məhz bu aspektdən açıq cəmiyyət ideyası media tərəfindən ötən əsrin ortalarından sonra daha intensiv şəkildə öyrənilməyə başlandı. Həmin dövrdə- 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Şərqi Avropada, eləcə də keçmiş SSRİ məkanında baş verən demokratik proseslər və milli – azadlıq hərəkatları nəticəsində açıq cəmiyyət quruculuğu prosesi ən aktual və strateji cəhətdən ən cəlbedici istiqamətə çevrildi. Bu dövrdə açıq cəmiyyətin mahiyyəti, perspektivləri və problemləri ilə bağlı istər Qərb, istər rus, istərsə də Azərbaycan məkanında kifayət qədər ciddi araşdırmalara başlandı. Hazırda bu publisistik, elmi və fəlsəfi araşdırmalar ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Almaniya, Fransa kimi ölkələrin sahə elmi mərkəzlərinin tədqiqatlarının əsas profilini təşkil edir.  Azərbaycanda açıq cəmiyyətin formalaşması prosesində milli kütləvi informasiya vasitələrinin rolunun araşdırılması ölkəmizdə sözügedən sahədə ilk cəhddir. Çağdaş Azərbaycan jurnalistikası tarixində demokratik inkişafın, vətəndaş cəmiyyətinin ən yüksək fazası olan açıq cəmiyyətin formalaşmasına mətbuatın təsiri mövzusu ilə bağlı indiyə kimi fundamental, kompleks araşdırmaya rast gəlmək qeyri-mümkündür. Bu sahəyə yaxın mövzularda müəyyən mülahizələr səslənsə, yazılar dərc olunsa da, həmin materiallarda mövzunun bütövlükdə elmi-publisistik həlli deyil, ayrı-ayrı aspektləri barədə fikirlər irəli sürülmüşdür. Bu araşdırmada mətbuatın ölkədə gedən quruculuq proseslərinə təsiri, cəmiyyətin bu quruculuq səylərini dərindən qavraması və dəstəkləməsi, cəmiyyətlə dövlət arasında münasibətlərin sivil qaydada tənzimlənməsində onun yeri və rolu elmi və praktik şəkildə əsaslandırılmışdır. 

 

 

(Ardı var)

 

Tofiq YUSİFOV 

 

525-ci qəzet.- 2012.- 25 sentyabr.- S.6.