Əsəd
Cahangirə cavab
Tənqid dedi-qoduya dönəndə...
Holland
atalarının belə bir sözü var: “Bir dəfə evlənmək
əyləncə, iki dəfə evlənmək təcrübə,
üç dəfə evlənmək isə
axmaqlıqdır!”... Lətifənin birbaşa mənası Əsəd
Cahangirdən uzaq, alt qatındakı məna, fikrimcə, bizim
söhbətə xeyli yaxındır. Niyəsi də budur
ki... ...Yazılarında nə dərəcədə haqlı,
qeydlərinin nə qədər doğru olduğunu bir yana
qoyaq, gənclərin buraxdıqları “Ulduz” jurnalının
iyul nömrəsi haqda, peşəkar tənqidçi kimi, Əsəd
bəyin I yazısını ümumiyyətlə dəyərləndirmək
və alqışlamaq lazımdı – “alqışladıq”.
Deyək ki, ürəyi soyumayan və bir qədər də
gündəmdə qalmaq istəyən Əsəd bəyin II
yazısını onun intellektinə, dühasına
“bağışladıq”. Fikrimcə, söz və ifadələri,
fikirləri ümumiləşdirərək, yersiz söhbətlərdən,
dedi-qodudan uzaq bir tənqidi məqalə hazırlamaq
olardı. Amma iki irihəcmli yazıda fikirlərini
çatdıra bilməyən, növbəti
yazısını, məhz yazdıqlarından
anlaşıldığı kimi, iştirak etmək arzusunda
olduğu qonaqlığa dəvət almamasının gileyi ilə
başlayan Əsəd bəyin bu III yazısını neyləyək?
Bəlkə “ulduzlar”ın aldandığını qeyd edən
tənqidçinin ulduzu sönüb? Bəlkə elə buna
görə şou-biznes əhli kimi gündəmdə qalmaq
üçün ucuz qalmaqallar yaradır, yerli-yersiz ona-buna
daş atıb hay-küy salır?
Madam ki, hörmətli tənqidçimiz öz
yazısında mənim şeirlərim üzərində
“geniş dayanmaq(?)” istəyib və özünə sərf edən
qədər dayanıb, fikrimcə, ona geniş cavab vermək
istəyim yersiz görünməz.
Özünün
də qeyd etdiyi kimi, məhz Aysel Əlizadə jurnalın
üz qabığında iki şəklimi birdən yerləşdirib.
“Azadlıq radiosu”nun “Oxu zalı”nda keçirilən şeir
yarışmasında (xatırladıram ki, şeir üzrə
müsabiqə ilk dəfə keçirilirdi) münsiflər məni
qalib kürsüsünə çıxarıblar (daha bir
xatırlatma: əsərlər münsiflərə imzasız
şəkildə təqdim olunub, onların kimliyi
mükafatların təqdimatı zamanı
açıqlanıb və bütün bunlardan çıxan
nəticə özümə görə yox, məhz
sözümə görə qalib gəlməyimin
sübutudur); Salam Sarvan məni “istedadlı şair” kimi deyil,
istedadlı gənc kimi qiymətləndirib, (necə ki Əsəd
bəyin özü də belə qiymətləndirmişdi)
oxucuları dəstək olmağa çağırıb. Və
mən bütün bunların hamısını, sadəcə,
yüksək stimul kimi qiymətləndirirəm. Hörmətli
Əsəd bəy, bütün bunlar yalan olmasa da, mənim “Hələ
ki zəif yazıram, yaxşı şeirlərim azdır və
özümü heç vaxt şair hesab etməmişəm,
şair adlandırmamışam!” həqiqətinə olan
inamıma əngəl törətmir. Ortada olan tək yalan isə,
“Şair şeiri ilə tanınmalıdır, dedi-qodusu ilə
yox. Müzakirəyə şeirlərimlə qoşulmaq istəyirəm!”
(vurğunu “dedi-qodu”nun üstünə qoyub, “şair”i termin
kimi anlamaq lazım) cümləsini təhrif edərək
“Şair müzakirəyə öz şeirləri ilə
qoşulmalıdır!” formasında – iddia halında təqdim
etməyinizdir. Haqlı deyiləmmi?!
Bura qədər aydındısa, gələk, iddia
nümayiş etdirmək üçün deyil, həqiqətən,
oxucular tərəfindən tənqid olunmaq (münasibətlərini
öyrənmək) üçün şeirlərimi sayta təqdim
etməyimə. Səbəb? Səbəb çox sadədir və
mənə çox qəribə gəlir ki, müzakirə
zamanı o qədər yazı yazıldı, kimsə bu məsələyə
toxunmadı, hörmətli tənqidçi, siz
özünüz də... Çox uzağa getmədən,
yaxınlardan misal gətirim: Bildiyiniz kimi, “Oxu zalı”nda roman
müzakirələri keçirilir və oxuculara əvvəlcə,
ən azı ümumi təsəvvür yaratmaq
üçün, romandan bir parça təqdim olunur, daha sonra
isə tənqidi məqalələr verilir. Jurnalı siz
oxumuşdunuz, jurnal haqqında yazı yazanlar oxumuşdu, bəs
oxucular? Belə olan halda, yazılanlar dedi-qodudan başqa nə
sayılmalıdır? Yazılanların ümumi səviyyəsi
haqda isə heç danışmasaq yaxşıdır. Hər
halda, heç olmasa, bir neçə nümunə dərc edilməli
idi. Hə, nə deyirsiniz, mövqeyim məntiqli deyilmi?!
Əsəd
bəy müxtəlif vaxtlarda şeirlərimi V.Səmədoğlunun,
R.Rövşənin, S.Sarvanın, A.Yeniseyin şeirlərinə
bənzədib. Ömründə Vaqif Səmədoğlunun
bir kitabını əlinə almayan, cəmi bir neçə
şeirini oxuyan, təkcə “Bir axşam taksidən düşdüm
payıza” misrasını əzbər bilən birisi ondan necə
təsirlənə bilər?! Bir də ki, “Bağışla”
hara, V.Səmədoğlu hara? Yenə R.Rövşən desəydi,
dərd yarı olardı. R.Rövşən və S.Sarvan məsələsində
isə Əsəd bəyə haqq qazandırmaq olar bəlkə
də. Çünki hər iki müəllifin özünəməxsus
şeir intonasiyası var və şeirlərimdə
özüm də onları şüuraltı təsirini hiss
edirəm. Lakin şüuraltı baş verən bir şeyə
görə epiqonçuluqda, hətta özünü kiməsə
bənzətməkdə günahlandırılmaq nə qədər
doğrudur?! Təsir və təqlid – fərqli sözlər,
çox fərqli anlayışlardır. Tənqidçimiz
bunu bilməmiş olmasa da, nədənsə özünü
bilməmiş kimi göstərib. Qaldı ki, Aqşindən təsirlənməyimə,
onun şeir intonasiyası mənə çatmır və bu
halda, təsirdən söhbət gedə bilməz. Təsir
demişkən, keçək təkrir(lər)ə. Əsəd
bəy Aqşinin “Kənd” şeirini nümunə gətirir
ki, bu, naşılıqdan başqa bir şey deyil.
Çünki bir neçə dəqiqəlik araşdırma
kifayət edər ki, Azərbaycan ədəbiyyatında bir
neçə müəllifin bu kimi təkrirlərdən
istifadə edərək yazdığı şeirlərə
rast gələsən. Mənim “kəndimə
çatmamağım” təbiidir, çünki üzü gələcəyə
gedirik və mən bu yoldayam, axtarışdayam,
özümü tapacağıma əminəm. Amma nə
yazıq ki, “Kənd”dən əvvəlkilər Əsəd bəyə
çatmayıb. Üç hissəyə
bölünmüş doqquz bəndlik şeirdən bir bənd
götürüb onu ayrıca təhlil etmək, daha sonra
anlaşılmaz “kim?”, “nə?”
suallarını vermək və cavab tapa bilməyib bəndi
“söz yığını” adlandırmaq peşəkar tənqidçi
üçün bağışlanmazdır. Demirəm ki, həmin
şeir güclüdür, şedevrdir, nədir... Əsla!
Amma deməliyəm ki, həmin şeirdə bütün bəndlər
bir-birilə bağlıdır və hörmətli tənqidçimiz
şeirə bu cür yanaşmağa davam etsə, çox
cavabsız suallar verməli olacaq, çox suallar onun
üçün cavabsız qalacaq. “Sevgiyə elegiya”
şeirinin gah “yalançı modernizm”, gah “tapmaca effekti
doğuran şeir” adlandırılması qərəzli fikirlərin
nümayişindən başqa nədirsə, elə o
özü də, qərəzlidir. “Sevdim səni” şeirinə
yanaşma isə hardasa haqlı olsa belə, həddindən
artıq kinayəlidir və özünü peşəkar
adlandıran birinin şeirə bu cür yanaşması qəbuledilməzdir.
Gələk “keçmişə səyahət” məsələsinə... Bir neçə il əvvəl Əsəd bəylə tanışlığım, onun şeirlərimə münasibəti, tənqidçi məsləhətləri... sonralar mənə çox kömək oldu, şeirə münasibətim dəyişdi, yaradıcılığımda irəliləyişlər baş verdi. Bütün bunlara görə içimdə ona qarşı həmişə minnətdarlıq hissi olub və dəfələrlə təşəkkürümü bildirmişəm. Ancaq bundan başqa, tənqidi yazılarında qərəzli fikirlərə yol verdiyini, bəzən haqsız çıxışlar etdiyini, bəzən tərəf tutduğunu, bəzən süni sima aldığını, rola girdiyini və sair bu kimi xoşagəlməz xüsusiyyətlərini də ikili söhbətdə onun nəzərinə çatdırmışam. İndi keçmişi kinayə ilə xatırladıb, “o mənə belə dedi, mən ona belə dedim” tipli dedi-qodu təsiri bağışlayan cümlələrə öz yazısında yer ayırması ya yaxşılığı başa qaxmaqdır, ya yazının həcminə “işləmək”dir, ya da hər nədirsə, hiss edirəm və dəqiq bilirəm ki, heç yaxşı iş deyil. “Şekspir çətin ki, bizə bir şey versin!” – bu da onun növbəti təhrifidir.
Və sonda: Əsəd bəy, indi şeirə ilk görüşümüz zamanı şeirdən uzaq olduğum qədər yaxın hiss edirəm özümü. Özüm üçün yazmıram özümə aid olsa da, yazdıqlarımda irəliləyiş hiss edirəm və bu irəliləyişi, siz deyən kimi, mətbuat səhifələrinə çıxarmayıb öz içimdə keçirsəm, yerimdə saya və ya geriyə addımlaya bilərəm. Və elə buna görə, yazdığınız kimi deyil, siz yanılırsınız, mən isə “bəlkə”siz haqlıyam! İstər siz olun, istər başqası, hər zaman qərəzsiz sözləri həzm edəcək, onlardan nəticə çıxaracaq gücdəyəm. Hər şeyə rəğmən, yenə sizə minnətdarlığımı bildirirəm, “dəqiq, vicdanlı, qərəzsiz” tənqidi fikirlərinizi hər zaman gözləyirəm!
Hörmətlə
Yenə də yorğun olacağı üçün “dərs gedə-gedə oturduğu yerdəcə ayaqlarını ayaqlarının üstünə aşırıb, qollarını sinəsində çarpazlayıb yatmayacaq(?)”, gözüyumulu vəziyyətdə sizin Şekspir yaradıcılığı haqqında mühazirələrinizi böyük həvəslə dinləyəcək tələbəniz
Elmar Şahmar
525-ci qəzet.- 2012.- 25 sentyabr.- S.7.