Şah İsmayıl Xətainin ana dilində fərmanı

 

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan həmvətənimiz, tədqiqatçı Həsən Cavadi tariximizə dair iki maraqlı materialı bizə göndərib. Bunlardan biri Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvilər dövlətinə gəlmiş Venesiya səyyahı Mikael Memberin qeydlərindən ibarətdir. İtalyan və ingilis dillərində çap edilmiş bu səfərnaməni H.Cavadı fars dilinə çevirib. Əsərdə XVI əsrin ortalarında Səfəvilər dövlətində, Anadolu və Gürcüstanda siyasi, iqtisadi vəziyyət, baş vermiş bəzi tarixi hadisələr, ölkənin mədəniyyəti, yerli adət-ənənələr, Təbriz, Ərdəbil, Marağa şəhərləri barədə maraqlı məlumatlar var. Səfərnamənin dilimizə tərcüməsi XVI əsr tariximizin öyrənilməsinə töhfə ola bilər. İkinci material surəti Sankt-Peterburq Şərqşünaslıq İnstitutu kitabxanasından götürülmüş Şah İsmayıl Xətainin bir fərmanıdır. Burada o, Əhməd ağa Qaramanlu adlı şəxsi ölkənin vilayətlərindən birinə hakim təyin edir. Fərman “Əbülmüzəffər sözümüz” başlığı altında verilib. “Əbülmüzəffər” I Şah İsmayılın ləqəbi olub. Tarixçilər Əbülmüzəffərin Xətai olduğunu yaxşı bilirlər. Fərman mənasında “sözümüz” yazılması çox diqqətəlayiqdir, Şah İsmayılın ana dilinə – Azərbaycan türkcəsinə münasibətini bariz surətdə ifadə edir. Fərmanda əmr mənasında doğma dilimizdəki “buyuruq” sözünün işlədildiyini görürük. Hicri tarixlə 917-ci il rəbiüləvvəlin 7-sində, miladi tarixlə 1511-ci ilin 5 iyununda imzalanmış bu fərmanın dilinin sadəliyi, qeyd etdiyimiz kimi, siyasi terminlərin belə doğma dildə verilməsi diqqəti cəlb edən ən vacib cəhətləndəndir. Fikrimizcə, dünyanın müxtəlif kitabxanalarında saxlanan orta əsrlərə, xüsusilə də Səfəvilər dövrünə aid sənədlərin, fərman və  məktubların aşkar edilməsi ana dilinə belə münasibətə dair yeni nümunələrin üzə çıxmasına səbəb ola bilər.  I Şah İsmayıl Xətainin 1501-ci il 5 iyun tarixli məktubunu olduğu kimi oxucuların diqqətinə çatdırırıq.

 

Əbülmüzəffər sözümüz 

 

Əmiri-əzəm əkrəm Musa Dorğut oğlu inayət və şəfqətimizə ümidvar olandan sonra şöylə bilsün kim, iftixarül-əazim vəl-əyan Əhməd ağa Qaramanlu ol tərəfə göndərdük və ol yerin ixtiyarligini kəndunə şəfəqqət etdük. Gərək kim, müşarileyh sözümdən və məsləhətimdən çıxmasun və mütabiət və yardım ona qılsun kim, inşaallah-təala hər nə kim, etmək muradi və istəgi olsa, hasildür. Gündən-günə hər iş vaqe bolsa, Əhməd ağa ittifaqi ilə dərgahi-müəllamizə bildirsünlər kim, hər növ buyruğumuz olsa, əməl etsün, könlümüzə xoş dutub mərhəmətimizə əmrdar olsun. 

 

Təhrirən 7 rəbiüləvvəl, sənə 917 Xətm

 

 

Paşa ƏLİOĞLU,

AMEA Füzuli adına Əlyazmalar

İnstitutunun direktor əvəzi 

 

525-ci qəzet.- 2012.- 26 sentyabr.- S.7.