Türkiyə və
Azərbaycan şairləri Türk dili günündə
görüşüblər
Bu gün
Yazıçılar Birliyinin (AYB) «Natəvan» klubunda AYB və İLESAM (Elm və Ədəbiyyat
Sahibləri Məslək Birliyi) «Türkiyə və Azərbaycan
şairləri Türk dili günündə
görüşür» adlı birgə tədbir keçirib.
525.az-ın
məlumatına görə, tədbirin moderatoru,
Yazıçılar Birliyinin katibi Rəşad Məcid
türkiyəli qonaqları salamlayaraq keçirilən tədbirin
əhəmiyyətindən söz açıb: «Bu mövzulu
tədbirlərdə aparılan müzakirələr həmişə
ortaq məxrəcə gəlməyimizə imkan yaradır. Bu
gün qardaş Türkiyənin müxtəlif
coğrafiyasından ölkəmizə gələn
qonaqlarımızın bu mövzuda fikirlərini, rəylərini
öyrənmək çox maraqlı olar».
Tədbirdə
çıxış edən AYB-nin sədri, xalq
yazıçısı Anar qonaqları salamlayaraq həm tədbirin
mövzusuna, həm də son günlərdə ölkə
ictimaiyyətində müzakirə olunan ortaq əlifba, vahid
dil məsələsinə də öz münasibətini
bildirib: «Mənim fikrimcə, ortaq dil, ortaq ədəbiyyat məsələsində
israr etməsək, yaxşı olar. Çünki Azərbaycan
və Türkiyə türkcəsində elə kəlmələr
var ki, onlarda hətta bir hərfin belə yerini dəyişmək
böyük məna dəyişikliyinə səbəb olur.
Ortaq əlifba məsələsinə riayət eləsək,
onda gərək bizim əlifbadan
«X» hərfi çıxarıla. Mən bunun əleyhinəyəm.
Misal üçün iki kəlməni götürək:
Xırıldamaq və hırıldamaq. İnsan güləndə
hırıldayır, öləndə də
xırıldayır. İndi vahid dilə, ortaq əlifbaya
keçsək, onda belə çıxacaq ki, insan güləndə
də, öləndə də hırıldayır?! Bu
baxımdan mən bu ideyanın qəbul edilməsinin əleyhinəyəm. Əlbəttə, biz türklər
hamımız qardaşıq, ortaq mədəniyyətə
sahibik. Amma bəzi nüansları nəzərə alaraq
ehtiyatlı davranmaq lazımdır».
Xalq
yazıçısı həmçinin türk
xalqlarının dillərinin hər birinin ayrılıqda
müsəqil olduğunu, onların vahid dilin ləhcəsi
kimi qəbul edilməsinə qarşı
çıxdığını bildirib: «Qazax, türkmən,
Azərbaycan, Türkiyə, özbək türkcəsi də
hər bir ayrılıqda müstəqil dillərdir. Onları
«vahid dilin ortaq ləhcəsi» adlandırmaq olmaz. Yaxşı, əgər
belə adlandırırsınızsa, deyin görək, bunlar
hansı dilin ləhcələridir? Türkiyə türkcəsininmi
ləhcəsidir? Yox. Bunların hər biri müstəqil
dildir. Azərbaycan dili də türk sistemli müstəqil
dildir. Ləhcə tamam başqa mövzudur. Məsələn
Azərbaycanda Gəncə, Şəki, Qazax ləhcələri
var. Ləhcə lokal məfhumdur və tamam başqa şeydir.
Mənim fikrimcə, bu qədər ədəbiyyat örnəyi
olan bir dili ləhcə adlandırmaq düzgün deyil».
Şair
Abbas Abdulla çıxışında bir sıra alimlərin
türk xalqların ortaq dilinin olmasını görməzlikdən
gəldiklərini və inkar etdiklərini bildirib: «Biz bir millətik,
adımız türk, dilimiz türk dilidir. 22 ərəb
dövləti var və hamısı özlərini «ərəb»
adlandırırlar. Bir-biriləri ilə savaşsalar da eyni ərəb
milləti olduqlarını qəbul edirlər. Doğma dilimizdə
yazan şairlərimiz hamısı ortaq dildə
yazıb-yaradıblar. Qazi Bürhanəddinin
yaradıcılığına nəzər salsaq görərik
ki, ortaq türk dili burada öz əksini
tapıb və oxunanda da hamı tərəfindən aydın
başa düşülür».
Doktor
Cavad Heyət türk dillərinin əslində vahid dil hesab
olunmasını təsdiqləyən fikirlərlə
çıxış edib.
«Mən
bu gün Yazıçılar Birliyində türk qardaşlarımızı
qonaq adlandırmazdım. Öz evində qonaq olmaz. Onlar ev
sahibləridir, Azərbaycan onların da vətənidir.
Çox istərdim ki, gücümüzü səfərbər
edərək bir-birimizə ziyalılarımızı, elm
adamlarımızı tanıdaq. Müzakirəsi aparılan
mbövzuda paralel işləri görülməlidir.
Ayrı-ayrı qurumlar tərəfindən yox, dövlət səviyyəsində
iş aparılmalıdır. İçimizdəki
qarşılıqlı sevgini əməllərimizlə ortaya
qoymalıyıq». Tədbirdə bu fikirləri AYB-nin katibi Arif
Əmrahoğlu səsləndirib.
Tədbirdə
iştirak edən İLESAM-ın sədr köməkçisi
Camal Turcuoğulları çıxışında müstəqil
dillərin ləhcə hesab olunması fikrinin əleyhinə
olduğunu ifadə edib: «Mən də Anar müəllimlə
razılaşaraq bildirmək istəyirəm ki, müstəqil
dilləri ləhcə adlandırmaq olmaz. Dilimizi İstanbul ləhcəsi
adlandırmaq olmaz. Türkiyə türkcəsi də türk
sistemli müstəqil dildir».
Tədbirdə
çıxış edən İLESAM-ın üzvləri
Nazmiye Akın, Nevin Baltu, Ahmet Yüksələntürk, Salih
Yılmaz, Çengiz Karataş, Ülkü Taşlıova,
Kenan Oflaz və başqaları dillərimizin yaxın
olduğunu, lakin hər birinin ayrı-ayrılıqda
inkişaf yolu keçdiyini qeyd ediblər. Tədbirdə vurğulanıb ki,
dil dəyişikliyə məruz qalan məfhumdur:
«Bütün dillərdə olduğu kimi dillərimiz başqa
dillərin təsirinə məruz qalır, dilimizə yad kəlmələr,
əcnəbi sözlər daxil olur. Bunun qarşısını
almaq üçün öz dilimizə həssas
yanaşmalı, öz kəlmələrimizdən istifadə
etməliyik. Bu, təhsil sistemində, reklam şitlərində
və digər sahələrdə də nəzərə
alınmalıdır. Hər bir türk millətinin
özünəməxsus dili, mədəni, mənəvi abidələri
var. Lakin nə qədər fərqlər nəzərə
çarpsa belə, bütün türklər
qardaşdır, dilləri də
başa düşüləndir. Yetər ki, biz
qardaşlıq əlaqələrimizi üzməyək, daha
da inkişaf etdirək, o zaman bir-birimizi daha asan
anlayacağıq. Hər bir sahədə
qarşılıqlı əməkdaşlıq qəlbimiz
kimi dillərimizi də bir-birinə daha da
yaxınlaşdıracaq, ortaqlaşdıracaq».
Tədbirin
sonunda İLESAM üzvləri öz şeirlərini səsləndiriblər.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2012.- 26 sentyabr.- S.7.