Dəyişən
zamanda dəyişməyən həqiqətlər
romanı
Tarixən
zəngin və qədim olan Azərbaycan ədəbiyyatının
inkişafı prosesində nəsrin öz yeri var. XIX əsrdən
etibarən formalaşan milli nəsrin nümayəndələri
bir sıra yaradıcılıq özəllikləri ilə
maraq doğurur və indiki müstəqillik illərində
yeni ədəbi nəsil bunların sənət təcrübəsinə
daha çox əsaslanmağı vacib bilir. Bu sırada
müsair ədəbi axtarış xüsusiyyətləri ilə
fərqlənən Yunus Oğuzun əsərləri Azərbaycan
nəsrinin diqqətəlayiq nümunələridir. Çox
yaxşı haldır ki, çağdaş nəsr
axtarışlarında Yunus Oğuz klassik
yaradıcılıq texnologiyasından bəhrələnir
yeni bədii tendensiyaların ifadəsinə meydan
açır.
Onun romanlarına nəzərən demək olar ki, nəsr bizi tarixə təhlilçi, tənqidi münasibət göstərməyə sövq edir. Tarixən biz türklər eqoiv, mənəmlik iddiasında olmuşuq. Biz həm də dünyanı özünə vətən, millətini insan sayan bir etnosuq. Bu baxımdan da tariximizi öyrənməyə nəsr çox kömək edib. 1960-cılar adətən öz dövründən yazır, sadə, adi adamların həyat hadisələri üzərində bədii düşüncələrinə meydan açır, tarixə epizodik yanaşmaları ilə maraq doğururdular. Dədə Qorqud, Koroğlu, Nəsimi, Atabəy Məhəmməd Cahan Pəhləvan, Şah İsmayıl Xətai, Əmir Teymur, Nizami, Nadir şah, Fətəli xan, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov kimi onlarla tarixi şəxsiyyətin obrazını əks etdirən əsərlərdə bunu görmək mümkündür. Amma indiki müstəqillik dövründə tarixə konseptual qayıdış iddiasındayıq, zaman və məkanımızın verdiyi imkanlar isə yetərincədir. Bunun nəticəsidir ki, Şah Abbas, Əmir Teymur, Şah Təhmasib, Nadir Şah, Batmanqılınc və sair haqqında yeni əsərlərin şahidiyik. Çox istedadlı yazıçılarımız bu gün nəsrlə məşğul olurlar. Ancaq mən tarixə tənqidi münasibət göstərmək iddiasını ona görə vurğulayıram ki, tarixi təkcə təsvir yox, həm də təhlil edən, tənqid edən, bizim üçün nəğdləşdirən Yunus Oğuzun yaradıcılıq üslubu fərqlənir və seçilir. O tarixi hadisələrin və yaşam təcrübəsinin bədii ümumiləşdirməsinə mühüm əhəmiyyət verir, tarixin fəlsəfi dərkinə meyl edir, ötən illərin ictimai dəyərini mövcud gerçəkliklə əlaqələndirməyə çalışır, onlara ümumxalq mövqeyindən qiymət verməyə səy göstərir. Yazıçının azadlıq haqqında düşüncələri buna misaldır. O, deyir:
“Azadlığın şirinliyini əsir düşənlər, əsarətdə yaşayanlar daha yaxşı bilir. Onlar həmişə daha böyük bir arzu ilə yaşayırlar; quru çörək yesinlər, su içsinlər, ancaq əsarətdə olmasınlar. Bir insanın daxili azadlığı o biri insanın azadlığının sərhədinə qədər uzanır. Bu sərhədə çatanda ya dayanmalı, ya da onun azadlığını əzib keçməlidir. Dinc vaxtı bu azadlığı qanunlar qoruyur. Qanunlar insan azadlığının əzilməsinin qarşısını alır, bir insanın azadlığı o biri insanın azadlığı üstündə qurulmur. Ancaq müharibələr dövründə azadlıqlar kütləvi şəkildə pozulur. Üstün tərəf məğlub tərəfin yaşadığı qaydalara qətiyyən məhəl qoymadan azadlığını əlindən alır, əsirə, köləyə, qula çevirir. Müharibələr dövründə azadlığı ən çox əlindən alınan isə dinc sakinlər olur. Zorən, məcburən azadlığı əlindən alınmasın deyə onlar ya köçkünə, qaçqına çevrilir, ya da buna zamanı və imkanı çatmadıqda əsir həyatı yaşamağa məhkum olur (“Zirvəyə doğru”, s.276).
Yunus Oğuzun müəllif mövqeyi tarixi qəhrəmanlarına sevgisi ilə seçilir, onların xarakterik xüsusiyyətləri və fərqlərini, psixoloji yaşam özəlliklərini, zaman haqqındakı fəlsəfi düşüncələrini, insan haqqındakı mühakimələrini özünün müəllif mövqeyi ilə vəhdətdə ifadə edir. Ənənəvi müsbət və mənfi qəhrəman bölgüsündən imtina edən yazıçı obrazın daxili-mənəvi təmizliyi və xarakter bütövlüyü prinsipindən irəli gələn tələblərlə deyir: “İnsanın içini didib dağıdan kin və həsəddir. Kin və həsəddən yırtıcılıq yaranır. Başqalarının yaşayışına həsəd aparan insanın kini artır, nə yolla olur-olsun onlardan daha yaxşı yaşamaq istəyir. Quldurluq və qarət də yırtıcılığın bir əlamətidir. Bu xislətdə olan insan özü kimiləri ətrafına yığır, quldurluğu, qarəti həyat tərzinə çevirir. Kin və həsəd, yırtıcılıq insanın gözlərini örtür, bəsirətini bağlayır, o insan başqa bir şey haqqında düşünə bilmir. Ətrafda nə baş verirsə, ona yalnız qarət, quldurluq nöqteyi-nəzərindən baxır” (“Zirvəyə doğru”, s.187).
Yazıçı tarixə, tarixdəki insan və hadisələrə aludə deyil. Lakin tarixdən kənardakılara
da məftun deyil. O tarix və onun xronologiyadan kənar həqiqətlərinə
də aydınlıq gətirdiyinə görədir
ki, özündə tarixi, tarixdə özünü görməyi
bacarır və beləliklə də, bizdən öncəkilərin
hiss və duyğuları,
həyat uğrunda mübarizələri, ictimai
düşüncələri haqqında dolğun məlumat verə bilir. Burada bir
məqamı da ayrıca vurğulamaq lazımdır ki, Yunus Oğuzun romanlarında, o cümlədən
də “Zirvəyə doğru” və “Dünyanın hakimi”ndə
insanın mənəvi
aləmində, ideallarında,
arzu və düşüncələrində hər şeydən və hər kəsdən yüksəkdə
uca Tanrı-Allahdır.
Sovet dövrü Azərbaycan romanlarının
qəhrəmanlarından fərqli
olaraq burada seçilənlər də,
adi insanlar da, Allah qarşısında
ali dəyərlərə
münasibətdə məsuliyyət
daşıyır. Bu mənada
Yunus Oğuzun mülahizələri diqqət
çəkir: “... Şübhə insanın içini dağıdır, düşüncəsini
korşaldır, hər
kəsi özündən
itələyir, tək-tənha
və aciz vəziyyətdə saxlayır.
Şübhə olan yerdə
sədaqət və etibar olmur. Orduların dağıda bilmədiyini
şübhə dağıdır.
Şübhə qorxuya çevrilir.
Qorxu isə mütilik yaradır. Şübhə dağıdıcıdırsa, qorxu daxili səssizliyin
həyəcanı, təşvişidir.
Heç
nədən qorxusu olmayan insan ya
dəlidir, ya da artıq meyid.
İnsanın içində Allah qorxusu olmayanda isə o azğmlaşır.
Allahdan qorxmayan insan halal-haram yollarla yığdığı var-dövlətin
əlindən çıxacağından,
hər şeyini itirəcəyindən bərk
qorxur. Kim tərəfindənsə
öldürüləcəyi onun can itkisindən daha çox hər şeyini itirəcəyi üçün
qorxuludur. (“Zirvəyə
doğru”, s.243-244).
Klassik Azərbaycan insanının mənəvi yaşantılarının kod qaydasına işıq salan yazıçının irs-varislik əlaqələrinə arxalanması, romanın süjeti boyunca milli əxlaq kodeksindən çıxış etməsi qəhrəmanların mənəvi kamillik prinsipləri ilə yaşamasını əsaslı şəkildə təsdiqləyir. Zirvəyə doğru gedən yolda çəkilən iztirabların təsviri nəticəsində Əmir Teymurun monumental obrazının yaranması və onun dünyanın hakiminə çevrilməsi deyilən fikirlərin əsasında dayanır. Ədəbi qəhrəmanlarının şəxsiyyət cizgilərinə həssaslıqla yanaşan Yunus Oğuz tipikləşdirmə yolu ilə hər bir roman iştirakçısının kimliyinə aydınlıq gətirir. Bunun üçün isə o, qəhrəmanlarını tarixən dəyişməyən həqiqətlər-tamah, kin, həsəd, xəsislik, sevgi, nifrət, eşq, yaltaqlıq, qəhrəmanlıq, fədakarlıq, hünər və başqa bu kimi keyfiyyətlər kontekstində təhlil edir. Misal üçün o deyir: “Tamah insanın axırına çıxır, bəzən onun taleyini həll edir. Tamah olan yerdə dost, vətən, torpaq, hətta düşmən belə olmur. Hər şey çay qabağını kəsmiş əjdaha kimi ağzını açan tamaha, sərvət yığmağa və bunlara görə dostu, düşməni satmağa xidmət edir. Əmir Əli Qələndər də bu cür adamlardan idi. Şirvan ağa Tacir Ağbabaya on min qızıl pulu verəndən sonra gecəsi-gündüzü yox idi, hətta yuxusu da ərşə çəkilmişdi. Bu qızılları əldə edə bilmək üçün yollar arayır, nəfsindəki tamah əjdahasını doyurmaq istəyirdi”. (“Dünyanın hakimi”, s.83).
Yunus Oğuzun ədəbi ictimaiyyətə “Zirvəyə doğru” və “Dünyanın hakimi” kimi sanballı əsər təqdim etməsi onu istedadlı və zəhmətkeş, tarixi araşdırma zövqü və şövqü olan romançı kimi tanıtmaqla məhdudlaşmır. Ədibin romanları, xüsusən də haqqında bəhs açdığım sonuncu əsəri onun təfəkkür tipologiyasını aydınlaşdırmağa səbəb olur, yazıçını tarixin fəlsəfi dərkində irs-varislik əlaqələrini qoruyan, yalnız onda müasirlik deyil, həm də tarixin “dad və tamını” arayan müdrik filosof təbitəni təqdimə geniş meydan açır. O hər hansı bir tarixi hadisə, minarə, şəxsiyyət, kitab, yol, çay, ağac, millət, heyvan, əşya, silah və sair haqqında düşüncələrində, yaxud da mətnin poetik ritmi və təhkiyəsində ötən dövrlərin yaşantılarını canlandırmaqla yanaşı özünün yaradıcı şəxsiyyət tipi ilə də maraq doğurur, hadisələrin axarında, qaynar nöqtəsində fəlsəfi mühakimələrini söyləyərkən filosof təhkiyəsi ilə yadda qalır. Təbriz-Bursa yolu və İpək yolu haqqındakı bədii-fəlsəfi mülahizə və mühakimələr bu qəbildəndir. Bu yolların tarixi və ictimai mahiyyəti barədə sosial-fəlsəfi düşüncələrə dalan yazıçı onların “əbədi və müqəddəs” olmasını belə əsaslandırır: “İldırım Bəyazidin dövründə Bursa şəhəri ipək ticarəti və sənaye mərkəzinə çevrilmişdi. Bu dövrdə Bursa Anadoluda ən əhəmiyyətli ipək bazarı halına gətirilmişdi və bir çox ölkələrin böyük karvan yolu Bursadan keçirdi. Yol insan tarixinin ən dəyərli və ən vacib cəhətlərindən sayılır. Yol həm mədəniyyət, həm də ünsiyyət daşıyıcısıdır. Amma yollar həm inkişaf, həm də tənəzzül gətirir. Yollar vasitəsilə xəbərlər, mallar, əsirlər daşınır. Eləcə də yolların köməyi ilə tarix yaradılır, tarix qapadılır. Hər xalq keçdiyi tozlu, palçıqlı yolun, bəzən parıltı kimi görünən tarixində qalır. Yol, müharibələrə, dostluğa, əlaqələrə aparır. Hər yolun başında bir dayanacaq var, hər dayanacağın arxasından bir yol başlanır. Beləcə yol əbədi və müqəddəsdir. Təbriz-Bursa yolu da İpək yolunun ən önəmli yollarından biri idi(“Zirvəyə doğru”, s.243-244).
Yunus Oğuz sovet dövrünün rus və Azərbaycan tarixşünaslarının ideya-siyasi cəhətdən opponentidir. O ortaq türklük dəyərlərinə ardıcıl və sistemli münasibət bildirir. Həmin dövrün tarixşünaslığındakı və ədəbi-bədii nümunələrindəki bitərəfliyin, fraqmentallığın əleyhinə çıxır, tarixin axarında böyük və kiçik hadisələrin arasındakı əlaqələrin, detalların şərhinə ehtiyac duyur, onların tarixi və müasir dəyərini müəyyənləşdirməyi vacib bilir. Ona görə də sovet dövrünün tarixi romanlarında, o cümlədən Çingiz xan, Batı xan, Əmir Teymur haqqındakı əsərlərdə özünü qabarıq göstərən sxematizm və ideologiya təsirindən kənarda dayana bilir. Yunus Oğuzun yaratdığı Əmir Teymur obrazının monumentallığı onun şüarçılığında, sərkərdə kimi gücündə, qabiliyyətində deyil, onun daxili –psixoloji yaşantılarında, mənəvi mühakimələrində, izfani düşüncələrində, islam dəyərlərinə sadiqliyində, sabaha, özündən sonra gələnlərin taleyinə bağlı qayğılarındadır. Tacir Ağababanın dili ilə Əmir Teymurun şəxsiyyətini təqdim edən yazıçı deyir: “Tacir köks ötürdü. – Yəni ki, Əmir Teymur ona tabe olmayanlara qarşı çox qəddardır. Tabe olmadınsa, axırına çıxmayana qədər rahatlıq tapmayacaq. Bu zaman onun üzünü görməsən yaxşıdır. Hər yan dağılar, hər yan yandırılar. Mərhəmətlidir, ona görə ki, əfv edə bilir. Ən qatı düşmən də onun qarşısında diz çökdükdə, günahını boynuna aldıqda, səhvini etiraf etdikdə onu bağışlayır, var-dövlətini əlindən tamam almır. Xəsisdir, ona görə ki, bir quruşunun da qədrini bilir, hamısının hesabatını aparır. Boşuna para xərcləməz. Özü istəməsə, heç kimə heç nə verməz. Bütün tutduğu yerlərin haqq-hesab dəftərini özü yoxlayır. Səxavətlidir, ona görə ki, yığdığını müəyyən işlərə, məscidlərin tikilməsinə, bəxşişlərin verilməsinə xərcləyir. Güclüdür, ona görə ki, məğlubedilməz ordusu var. Onun ordusu onun yumruğu kimi bir şeydir. İstəyəndə hamısını birdən yumur, hamısını birdən açır. Orduda elə qaydalar qoyub ki, hətta təzə gələn döyüşçü də onun əmrini sözsüz yerinə yetirir- ölümə getmək olsa belə. Gücü həm də onun başındadır. Çıxılmaz vəziyyətlərdə onun başı o qədər dəqiqliklə işləyir ki, təəccüb etməyə bilmirsən. Zəifdir ona görə ki, o təkdir. Məvrannəhrdə onu əvəzləyəcək insan, başqa bir əmir yoxdur. Yaxınlarına, ətrafına böyük sevgisi var. Onların başına bir iş gələndə üzülür, bir neçə gün özünə gələ bilmir. Nifrəti böyükdür, ona görə ki, sevdiyi iş, onun qoyduğu qaydalar pozulanda bağışlamır, hətta ən yaxını olsa belə. Onun sevgisi ilə nifrəti arasında ipək pərdə qədər məsafə mövcuddur... (“Zirvəyə doğru”, səh.337)
Azərbaycan müstəqillik qazanandan bəri ədəbi-bədii axtarışla bağlı müxtəlif ziddiyyətli fikirlər söylənməkdədir. Ədəbi-nəzəri və tənqidi fikri incələyənlər bunu daha aydın görür və vaxtaşırı münasibət bildirirlər. Lakin nə qədər çoxfikirlik və ziddiyyətli mülahizələr ortada olsa da, bu bir faktdır ki, Azərbaycanda ədəbi proses inkişaf etməkdə özünün yenilikləri ilə maraq doğurmaqdadır. Bu mənada Azərbaycan ədəbi prosesindəki monotonluğu, təqlidçiliyi, epiqonçuluğu, süni və saxta hissiyyat mənzərələrini, aşırı pafos və şüarçılığı, obrazlardakı sxematizmi, ideya-bədii düşüncədəki qeyri-müəyyənliyi və sairi çağdaş ictimai və milli-mədəni ehtiyaclar mövqeyindən tənqid edənlərimiz yalnız imtina etməklə məhdudlaşmır, onlar həm də müasir mənəvi-əxlaqi və sosial-siyasi tələblərimizə, intellektual hazırlığımıza cavab verən çoxsaylı əsərlərin janrından və həcmindən asılı olmayaraq qiymətini verir, onları tənqid və təhlil edir. Deyilən tələbləri, ictimai-mədəni ehtiyaclarımızı ödəmək baxımından Yunus Oğuzun həm bədii əsərləri-romanları, həm də elmi-nəzəri araşdırmaları diqqətəlayiqdir. Çağdaş Azərbaycan nasirləri içərisində tarix duyumu ilə maraq doğuran Yunus Oğuz rəsmi tarixdən gizli qalan, onun kölgəsində gizlənən fakt və hadisələrə nə qədər böyük həvəs göstərsə də, salnamələrin xronologiyasını da pozmur, tarixin dumanları arasında baş verən hadisələri canlandırmaq zövqünü oxucusuna təqdim edir. Bu baxımdan etnopsixoloji yaddaş enerjisinə arxalanan yazıçının tarixi fakt və hadisələrə, həqiqətlərə “can vermə”, onları yenidən milli düşüncə və yaşam müstəvisinə qaytarma üsulları cazibədardır. Əmir Teymurun yalnız fateh deyil, həm də “islamın hamısı”, haqq və ədalət tərəfdarı kimi təqdim olunması deyilənləri təsdiqləyir. Yazıçının təqdimatında bunu aydın görmək mümkündür. O bildirir ki, “Teymurun qoşununda qeydiyyat işləri çox dəqiq aparılırdı. Hətta qeydiyyat vərəqini itirdikdə və ya əsgər öldürüldükdə belə onun şəxsi əşyaları və topladığı qənimət mənimsənilmir, ailəsinə çatdırılırdı. Ortanın qənimət payından saxlangah işçilərinə və keşikçilərinə ən yüksək məvacib verilirdi. Bu məvacib onların rüşvət almasına və ya kimisə aldatmasına ehtiyac saxlamır, onlarda qalib qoşunun tərkibində olmağa, qənimət toplamaga da həvəs oyatmırdı. Vaxtilə dolandırıcılıq hallarına görə çox biləklər kəsilmiş, çox başlar üzülmüşdü. Qoşunda nizam-intizamı qoruyan sərt və ədalətli qaydalarla yanaşı təbliğat işi də hər zaman diqqətdə idi və buna məsul olan çıxışçılar da vardı. Onlar tez-tez əsgər yığnaqlarına, tonqalüstü toplantılara dəvət edilir, orada yürüşlərin ibrətamiz cəhətləri, Əmirin ədaləti və tələbkarlığı, həlak olmuş qəhrəmanlar və həm də qanun-qaydaların pozulmasına görə verilmiş cəzalar barəsində söhbətlər edirdilər. Bu söhbətlərin çoxu artıq o qədər dəyişilmiş, əlavələr edilmişdi ki, tamam başqa bir əhvalat yaranmışdı. Bəzilərinə hətta Əmirin özü də maraqla qulaq asırdı. (“Zirvəyə doğru”, s.243-244). (Ardı var)
Şamil VƏLİYEV
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.-
2012.- 27 sentyabr.- S.6.