“Demokratik
medianın inkişaf etdirilməsində jurnalist ittifaqlarının rolu”
müzakirə olunub
“AZƏRBAYCANDA
MEDİA MÜHİTİ: MÖVCUD DURUM VƏ YENİ
ÇAĞIRIŞLAR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSA YEKUN
VURULUB
Sentyabrın 25-də Bakıda start verilən “Azərbaycanda media
mühiti: mövcud
durum və yeni çağırışlar” mövzulu
beynəlxalq konfrans ötən gün işini davam etdirib. Keçirilən tədbir çərçivəsində
Beynəlxalq Mətbuat
Mərkəzində “Demokratik
medianın inkişaf etdirilməsində jurnalist
ittifaqlarının rolu”
adlı panel iclası
olub.
İclası Demokratik Jurnalistlər
Liqasının sədri
Yadigar Məmmədli açaraq Azərbaycanda medianın mövcud vəziyyəti barədə
ətraflı məlumat
verib: “Çağdaş
mətbuatın yaşı
Azərbaycanın dövlət müstəqilliyinin
yaşından bir az çoxdur. Azərbaycanda ənənəvi
sovet mətbuatının
sonu, yeni mətbuatın başlanğıcı
ötən əsrin
80-ci illərinin sonundan
başlayır. Bununla
bərabər təbii
ki, yeni mətbuatın inkşafında,
söz azadlığının
genişləməsində Azərbaycan respublikasının
müstəqil olması önəmli
mahiyyət daşıyıb.
Bu illər ərzində
təbii ki, mətbuatın müəyyən
uğurlu dövrləri
olub. Azərbaycan mətbuatında çap mediasınının
inkişaf dövrü
90-cı illərin sonuna
təsadüf edib.
Ümid edirik ki, Azərbaycan
mətbuatı ictimai fikrə təsir edə biləcək, ictimayyəti dolğun informasiya ilə təmin edə biləcək səviyyəyə
çatacaq. Onun üçün
də Azərbaycanda çox güclü bazis olmalıdı. Azərbaycan dövləti inkşaf elədikcə, bütün
bunlar öz yerlərini tutacaq”.
Y. Məmmədli çıxışında
jurnalist ittifaqlarının
yaradılmasının medianın
daha da demokratikləşməsindəki
əhəmiyyətindən söz açıb: “Jurnalist ittifaqlarının
sayı çox olsa, fəaliyyətləri
güclənsə bu,
həm medianın, həm də cəmiyyətin demokratikləşməsinə
gətirib çıxaracaq”.
Liqanın sədri rəhbərlik
etdiyi qurumun vaxtaşırı mətbuatın
mövcud durumu, problemləri ilə bağlı monitorinqlər
aparıldığını və nəticələrin
mətbuatda işıqlandırıldığını
qeyd edib. Böyük Britaniyanın Milli
Jurnalistlər İttifaqının
eksperti Arjuman Vacid konfransda “Etik media mühitinin inkişafında jurnalist ittifaqlarının rolu” mövzusunda məruzə ilə çıxış
edib.
Ekspert məruzəsində jurnalistikanın
ali məqsədi
haqqında, jurnalist ittifaqlarının etik
media mühitini formalaşdırılmasındakı
rolundan söz açıb: “Jurnalistika həqiqət deməkdir, jurnalistlərin əsas professionallaq meyarı isə obyektivlik olmalıdır. Jurnalist heç bir
faktı, fikri, rəyi saxtalaşdırmamalı
və yaxud qəsdən təhrif edilmiş şəkildə
təsvir və təqdim etməməlidir.
Avropa coğrafiyasında media quruluşlarının
əsas prinsipləri ədalətlilik, etibarlılıq,
qərəzsizilk, dəqiqlik,
balans tarazlığıdır.
Avropada etibarlı informasiya, bu məlumatın bütün mahiyyətini özündə əks etdirir. Əgər oxucular verilən
informasiyaya etibar etmirlərsə, belə olduqda təbii ki, mətbuat zaman keçdikcə öz oxucusunu itirməli olacaq. Media da
bir biznesdir. Bu biznesin daha
yaxşı həyata
keçirilməsi üçün
seçki dövrləri
də daxil olmaqla işıqlandırma
jurnalist tərəfindən
etibarlılığı təmin
etməlidir. Avropa ölkələrinin
media təcrübəsinə nəzər salsaq görərik ki, etibarlı informasiya mənbəyi olmaq üçün jurnalist heyəti hər gün sübut etməyə çalışır
ki, verdikləri məlumat, informasiya ədalətlidir, dəqiqdir,
bütün baxışları
əhatə edir, qərəzsizdir.
Demokratik prosesləri dəstəkləmək
məqsədilə media ilk növbədə vətəndaşların
maraqlarına əsaslanan
işıqlandırmanı həyata keçirməlidir.
Etik məcəllə, jurnalist etikası və digər məqamlarla bağlı dünyanın bir çox ölkələrində
jurnalist təşkilatları
etika məcəlləsini
qəbul ediblər.
Bu sənədlərdə birmənalı olaraq ən ümumi prinsiplər, faktların doğruluğu, dəqiqliyi,
yoxlanması və sairə nəzərdə
tutulur. Qəbul edilən həmin
etika məcəllələrində
jurnalist məsuliyyəti
və vicdanlığı,
təqsirsizlik prezumpsiyası
və fərdin müdafiəsi, mənbələrin
konfidensiallığı, peşə
sirri, informasiya azadlığı, məlumatların
azad əldə edilməsi və digər məsələlər
məcəllədə öz
əksini tapır”.
Azərbaycanda medianın vəziyyətinin
qənaətbəxş olduğunu
deyən britaniyalı
ekspert mövcud bəzi problemlərin aradan qaldırılmaqda olduğunu diqqətə çatdırıb: “Mənim
fikrimcə, Azərbaycan
KİV-ləri də əsassız qalmaqallardan uzaq olaraq, cəmiyyəti
düşündürən, narahat edən məsələləri gündəmə
gətirməkdən, ciddi
yazıları yazmaqdan,
həqiqəti vurğulamaqdan
çəkinməməlidir. Media nümayəndəsi diqqəti əsas oyunçuların hərəkətlərindən
daha çox, hadisələrin mahiyyətinə
yönəltməyi bacarmalıdır.
Hazırda Azərbaycanda medianın
vəziyyəti qənaətbəxşdir.
Mövcud bəzi problemlər
isə aradan qaldırılmaqdadır. Jurnalistlərin hər zaman azad olmasının vacibliyini vurğulayan ekspert söyləyib ki, media nəzarətçi
orqandır. Media səmərəli fəaliyyət
göstərərsə, bu,
cəmiyyətin inkişafına
gətirib çıxaracaq.
Medianın əsas məqsədi
baş verənləri
cəmiyyətə dəqiq
çatdırmaqdır”. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev müstəqil Azərbaycanın mediasının
20 illik təcrübəsindən
söz açıb:
“Azərbaycan mediasının
çətin bir şəraitdə qazandığı
20 illik təcrübəsi
var. İndi mətbuat
geniş və çoxşaxəlidi. Bir zamanlar çox çətinliklə
qeydiyyatdan keçən,
çətinliklə fəaliyyət
göstərən 2-3 agentliyimiz,
5-10 qəzetimiz, 2 telekanalımız
var idisə, indi say xeyli artıb. Əlbəttə ki, bəzi problemlər də mövcuddur. Mətbuatın keyfiyyət baxımından
itirdiyi şeylər
var. Amma uğurlar da var, gələcəkdə
mətbuatımızın daha
da inkişaf edəcəyinə, bu uğurların artacağına
inanıram. Yaradılan jurnalist
ittifaqları isə bu prosesi sürətləndirməyə
yardım göstərəcək”.
Konfransda mövzu ilə bağlı çıxış
edən Jurnalistlərin
Həmkarlar İttifaqının
sədri Müşfiq
Ələsgərli yaradılan
jurnalist birliklərinin,
ittifaqlarının mətbuat
nümayəndələrinin hüquqlarını qorunması,
sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində
böyük rol oynadığını vurğulayıb.
Konfrans günortadan
sonra işini “Media islahatları üçün
manifest” mövzusunda panel iclası
ilə davam etdirib. İclasda Mətbuat Şurasının
sədri Əflatun Amaşov “Manifest” layihəsini
təqdim edib. Panelçilər – Y.Məmmədli,
Umud Rəhimoğlu, JuHİ-nin rəhbəri M.Ələsgərli layihə
ətrafında fikirlərini
bölüşüblər.
Müzakirələrdən sonra konfrans öz işini yekunlaşdırıb.
Xatırladaq ki,
“Azərbaycanda media mühiti:
mövcud durum və yeni çağırışlar”
mövzusunda beynəlxalq
konfrans “Etik jurnalistika təşəbbüsləri
– Azərbaycan” layihəsi
çərçivəsində Avropa İttifaqının
Azərbaycan nümayəndəliyinin
dəstəyi ilə təşkil edilib.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2012.- 27 sentyabr.- S.2.