“Böyük
Britaniyada Azərbaycan diasporunun
güclü olduğuna
inanıram”
Müsahibimiz Böyük Britaniyanın
York Universitetində təhsil
almış, York Azərbaycan Cəmiyyətinin
təsisçisi və
sədri Ramin Həkimovdur.
– York təşkilatı nə zaman yaranıb və əsas fəaliyyət istiqamətləri
hansılardır?
– Qeyd edim ki,
2010-cu ilin yanvarında
Böyük Britaniyanın
York Universitetində York Azərbaycan
Cəmiyyəti təsis
olunub. Cəmiyyət artıq yarandığı
gündən müstəqil
fəaliyyət göstərir
və indiyədək
bir çox yaddaqalan və mühim tədbirlər keçirib. York Azərbaycan
Cəmiyyəti tərəfindən
təşkil olunan tədbirlərə misal olaraq universitet nəzdində keçirilən
“Azərbaycan günləri”ni,
tələbələrin və
akademik heyətin iştirakı ilə keçirilən ictimai leksiyalar və konfransları, Londonda keçirilən “Xocalıya
Ədalət” aksiyalarını,
York şəhərində keçirilən millətlərarası
mədəniyyət müsabiqələrindəki
uğurlu çıxışları
və nailiyyətləri
və başqa bir çox tədbirləri göstərmək
olar. Öncə dediyim kimi, bir deyil, bir
neçə təşkilatda
olan fəaliyyət həm cəmiyyətin işini, həm də biz gənclərin faydalılığını əhəmiyyətli
dərəcədə artırırdı.
Xüsusilə mənəvi və
resurs dəstəyini nəzərə almaq önəmlidir. Tədbirlərin təşkilində Böyük
Britaniyadakı səfirliyimizin
əməkdaşlarının payı böyükdür.
Bundan əlavə, xüsusilə xaricdə təhsil alan və məzun olmuş gəncləri bir platformada toplayan ASAIF beynəlxalq forumunun təsis olunması və qısa zamandakı çox geniş fəaliyyəti sadəcə
York Azərbaycan Cəmiyyətinin
deyil, Britaniya və həmçinin digər ölkələrdəki
gənclər təşkilatlarının
diaspor və lobbiçilik işlərində
şəbəkələşməsinə
və işlərin daha da effektiv
olmasına gətirib çıxardı.
– İngiltərədə Azərbaycan diasporunun imkanlarını necə qiymətləndirirsiniz?
– Mən ilk dəfə Britaniyada 2008-ci ildə olmuşam. Yadıma gəlir ki,
keçirilən ilk “Xocalıya
Ədalət” aksiyasında
25-30 nəfər insan
var idi. Bu il isə
indiyədək keçirilən
aksiyaların ən böyüyünü təşkil
etdik və 300-dən artıq insan burada iştirak etdi, həm də çox aktiv şəkildə. Aksiya özlüyündə
bir çox yeniliyi ilə yadda qaldı ki, bunu da
mən həyatım boyu unuda bilmərəm,
çünki ilk dəfə
olaraq aksiyamızda öz körpələri ilə gəlib bizə dəstək olan yaşlı insanlarımız, ailələrimiz,
kifayət qədər
həmyerli xanımlarımız
və təbii ki, ələlxüsus xarici vətəndaşlar,
Azərbaycanın dostları
iştirak etdi. Bunlara gürcü, rus, qazax, livanlı, macar, fələstinli, israilli dostlarımız, türk qardaşlarımızı
misal olaraq göstərmək istərdim.
Burada xüsusilə York şəhərindən
Londona gələn və mənimlə bir evi paylaşan
Erasmus tələbəsi olan
braziliyalı dostumu qeyd etmək istərdim. Biz Trafalqar meydanında toplaşıb Böyük
Britaniya parlamentinə
yürüş edərkən
və parlamentin önündə bayraqlarımızı
dalğalandırarkən onun
öz milli bayrağı ilə bizə dəstək verərək “Qarabağ bizimdir, bizim olacaq” hayqırması həqiqətən də bizləri çox təəccübləndirdi, həm
də böyük ruh yüksəkliyi yaratdı. Bundan başqa Böyük
Britaniya parlamentində
keçirilən müxtəlif
konfrans-tədbirlərdə də cəmiyyətimizin nümayəndələri iştirak
edib.
– İngilislərin Azərbaycan
və azərbaycanlılar
haqqında bilgilərini
necə qiymətləndirirsiniz?
– Mən məlumat sahibi olmaq kimi
müqayisəli fikirlərin
nisbi anlayış olduğuna inanıram, amma bu nisbiliyin
aradan qaldırılması
üçün də
əlimdən gələni
edirəm. Nisbi anlayışdır, ona
görə ki, Azərbaycan gəncliyi ali təhsildən
öncə məktəb dərsliklərində coğrafiya dərsliklərindən
fəal istifadə edir və dünya ölkələri
haqqında kifayət qədər görüşlü və
fikir sahibi olurlar. Necə deyərlər, fikir
sahibi olmaq üçün, məlumat sahibi olmaq
lazımdır. Halbuki, Britaniyada ali təhsildən
öncəki mərhələnin belə
olmadığını gördüm. İngilislər,
xüsusilə gənclər çox spesifik sahəni daha gənc
illərdən seçirlər, ali təhsil
öncəsi hazırlığı keçir, sonra o sahə
üzrə imtahan verərək ali təhsil almaq
üçün şans əldə edirlər. Amma
bu işin başqa bir real tərəfi də var ki, müəyyən
qisim Azərbaycanı tanımırdı və yaxud başqa
bir qisim sadəcə neft ölkəsi və ya keçmiş
sovet ölkəsi kimi xatırlayırdı. Mənim 4 il ərzindəki missiyam isə Azərbaycanı
olduğu kimi təmsil etmək idi və düşünürəm
ki, bunu etdim. Xüsusilə, universitetlər
arasında keçirilən elmi yarışlarda sualların
hazırlanmasına görə bəzən məsul şəxs
tutduğum vəzifədən asılı olaraq mən olurdum
və o zamanlar çalışırdım ki, Azərbaycanın
tarixini və indiki reallıqlarını əks etdirən
suallardan yerləşdirim və bunda da uğur əldə
etdim. Bir ixtisasda oxuduğum
dostlarımı, kurs yoldaşlarımı, seminar
iştirakçılarını dəfələrlə
yaşadığım mənzildə Azərbaycan süfrəsinə
dəvət etmişəm. Süfrə
zamanı söhbətlərin və müzakirələrin
daha xoş, maraqlı və yaddaqalan olduğunu nəzər
alsaq, bu işləri kifayət qədər uğurla yerinə
yetirdiyimizə inanıram.
– Azərbaycan
həqiqətlərini yaymaq və Azərbaycan mədəniyyətini
təbliğ etmək üçün İngiltərədəki
digər xalqların diasporları ilə əməkdaşlıq
necə qurulub?
– Mən
həmişə geniş kütləni əhatə edən və
beynəlmiləlçilik xüsusiyyətini daşıyan cəmiyyətlərin
yaranmasının tərəfdarı olmuşam. Hətta dəfələrlə
tələbə dostlarıma tövsiyə etmişəm ki,
onlar universitetlər nəzdində fəaliyyət göstərən
gənc tələbə təşkilatları ilə daim
münasibətdə olsunlar və aktiv iştirak edərək
müəyyən vəzifələr tutsunlar, çünki bu
gün mənimlə siyasət və beynəlxalq münasibətlər
üzrə oxuyan tələbə yoldaşlarımın
müəyyən qismi gələcəkdə Britaniya siyasətini
müəyyən edən insanlar olacağı ehtimalı var.
Universitetimiz Britaniyanın ilk 10 universiteti siyahısında
olan təhsil ocağıdır. Burada
savadlı, intellektual, müəyyən təbəqəyə
aid olan insanlar təhsil alırlar. Ona görə də
indiyə qədər, fəaliyyətimizin lobbiçilik tərəfinin
bir az zəif olduğunu nəzərə
alsaq, işin lobbiçilik tərəfinin daha da güclü
olmasının məqsədəuyğun olduğunu hesab edir və
gənc dostlarımı bu yöndə fəaliyyət göstərmələrinə
çağırıram.
– Erməni
diasporu və lobbisi orada güclüdürmü? Sizə onlar maneələr yaradırlarmı?
– Mən
tam səmimi demək istərdim ki, erməni lobbisi demək
olar ki, dünyanın hər yerində var, amma Böyük
Britaniyada artıq Azərbaycan diasporunun güclü
olduğuna inanır və bunun reallığını
yaşayıram. Bunu ən sadə misalla ifadə
etsək, təhsil aldığımız universitetlərdəki
azərbaycanlı və erməni tələbələrin say
müqayisəsində görə bilərik. Təbii ki,
burada da dövlət siyasətinin uğurlarından,
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə
təhsili üzrə Dövlət Proqramı”nın
rolundan danışmaq olar.
Pərvanə
525-ci qəzet.- 2012.- 27 sentyabr.- S.4.