“Ustad aşıqlarımız”
seriyasından “Aşiq Ələsgər” kitabı təqdim edilib
Sentyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə “Aşıq Ələsgər” kitabının təqdimat mərasimi keçirilmişdir.
Bakı, 26 sentyabr (AzərTAc). Sentyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə “Aşıq Ələsgər” kitabının təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Aşıq Ələsgərin xalqımızın mədəniyyət xəzinəsinə qızıl incilər bəxş etdiyini, hər zaman aşığın ehtiramla yad edildiyini bildirmişdir.
Kitabxananın direktoru Kərim Tahirov AAB-nin “Ustad aşıqlarımız” seriyasından “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap etdirdiyi “Aşıq Ələsgər” kitabı haqqında məlumat vermişdir. Kitaba ayrı-ayrı alimlərin görkəmli söz ustadı haqqında yazdıqları məqalələr, Xalq Şairi Zəlimxan Yaqubun “Göyçədən gələn səslər” poeması və Aşıq Ələsgərin qoşmaları daxil edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı ədəbiyyatımızda xüsusi yeri olan Aşıq Ələsgərin əsərləri əsasında hər il dissertasiyaların yazıldığını diqqətə çatdırmışdır.
Filologiya elmləri doktoru Qəzənfər Paşayev Aşıq Ələsgərin əsərlərində yüksək sənətkarlıq xüsusiyyətlərindən danışmış, onun bədii ifadə vasitələri ilə zəngin olan dəyərli irsinin daha ciddi tədqiq edilməsi istiqamətində lazımi işlər görüldüyünü bildirmişdir.
AAB-nin sədri, Xalq Şairi Zəlimxan Yaqub “Ustad aşıqlarımız” seriyasının ilk kitabının Aşıq Ələsgərə həsr edilməsinin heç də təsadüf olmadığını vurğulayaraq, onu zəmanəsinin və bütün dövrlərin ən böyük şairi kimi dəyərləndirmişdir.
Prezident təqaüdçüsü, şair İlyas Tapdıq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Kremlin Sütunlu Sarayında görkəmli aşığın 150 illik yubileyinin qeyd edildiyini, bu gün ulu öndərin yolunun layiqli davamçısı Prezident İlham Əliyevin Aşıq Ələsgər yaradıcılığına yüksək qiymət verdiyini bildirmişdir.
Məlumat verilmişdir ki, kitabın tərtibçisi və nəşrə hazırlayanı Musa Nəbioğludur. Kitab Xalq Yazıçısı Elçinin məqaləsi ilə başlayır.
Tədbirdə seriyanın davamı olaraq Aşıq Alı, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Molla Cuma və digər ustad aşıqların da irsinin toplanıb nəşrə hazırlanacağı bildirilmişdir.
Sonda böyük söz ustadının nəslinin davamçısı Nizami Ələsgər tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Günel
525-ci qəzet.- 2012.- 27 sentyabr.- S.7.