Oralarda kimlər var: Allahverdi Eminov
ALLAHVERDİ EMİNOV KİMDİR
1941-ci ildə Salyan rayonunda doğulub. Dəmiryolçu
ailəsində. Orta məktəbi 1955-ci
ildə Lənkəran şəhərində bitirib.
1959-cu ildə
indiki Pedaqoji Universitetin
tarix-filologiya fakültəsinə daxil
olub,1964-cü ildə oranı bitirib,1965-1968 tədris illərində
Salyan rayonu Kərimbəyli kənd orta məktəbində
çalışıb.
1968-ci ildə
Azərbaycan ETPİ-nun aspiranturasına girib,1971-ci
ildə tamamlayıb.1971-ci ildə disertasiya müdafiə edib,
pedaqoji elmlər namizədi adını alıb.Dosentdir.
1974-76-cı
illərdə “ Azərbaycan məktəbi”
jurnalında,1976-84-cü illərdə “Azərbaycan müəllimi”
qəzetində çalışıb.
2001-2005-ci
illərdə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının direktoru olub.
Müxtəlif
vaxtlarda Ali Təhsil
Müəssisələrində dosent vəzifəsində
çalışıb. Hazırda Bakı
PMİYİ-nin dosentidir.
Əsərləri : Araşdırmalar: Səməd Vurğunun poetikası,
İsmayıl Şıxlının poetikası.
Mir Cəlalın
poetikası, Musa Yaqubun
poetikası, Baba Mahmudovun musiqi fəlsəfəsi,
Roman: Payıza qədər
-
Allahverdi müəllim, uzun, upuzun illər öncə biz bir
yeddiillik məktəbdə oxumuşuq və məni bir şey
son dərəcə maraqlandırır: necə olub ki, bir kənddə
yaşaya-yaşaya, bir kənd məktəbində oxuya-oxuya mənim
Sizdən xəbərim olmayıb. Bəlkə siz
xatırlayasınız? Nədən bizim
yolumuz heç olmasa bir dəfə də olsun hər hansı
bir bəhanə ilə kəsişməyib?
- Bunun bir
günahı sənin yaddaşındır, sərt
alınmadı ki? Sən məndən bir sinif aşağı
oxuyurdun, amma müəllimlərimiz eyniydilər: Abuzər
Ağayev, Yasəmən Eminova, Havanisə Bəşirova, Camal
Cəbiyev ədəbiyyat, riyaziyyat, botanika, coğrafiya dərslərini
deyirdilər. Xatırlayıram ki, yuxarı
siniflərdə sənin rayonda çıxan “Sosializm yolu” qəzetində
kolxozdan xəbərlərin çıxırdı.
İlk dəfə açıqlayacam: Sənin bu “yaradıcılıq
işin” məni ruhlandırdı, mən də
başladım. Deməli, mənim yazı-pozu aləminə gəlməyimdə
Tofiq Abdinovun (imzan belə idi) rolu az
olmamışdı. Sənə məni bu əzablı
yollara saldığın üçün öz təşəkkürümü
bildirirəm. İkinci açıqlama da verirəm: Rəhmətlik
ananla mənim anam yaxın rəfiqə olmuşlar. Bizə gələndə səndən söz
düşürdü.
Qaldı “yolumuzun heç olmasa bir dəfə də hər
hansı bir bəhanə ilə kəsişməməsinə?” - O vaxt cığal
uşaqlar yox idi, hamımız müharibə illərində
doğulmuşduq. Yaşca bizdən böyüklər (2-3
arası): Bahadır Nəzirov, Aydın Yusifov, Feyzi Kərimov,
Həzrətqulu Quliyev, Meydan Mamayev, Məmmədsəlim Məlikov
da sakit şagirdlərdilər. Zəng olacaq,
balaca məktəbin balaca həyətinə
düşürdük. Xatırlayıram ki, mən yeddidə
oxuyanda sənin “qəribəliyindən” müəllimlər,
bir də Bahadır Nəzirov söz salırdı, deyirdilər
ki, Məhərrəm kişinin (Allah rəhmət eləsin)
oğlu Tofiq qaynayıb-qarışmır. Bir dəfə Abuzər
müəllim nədənsə söz düşdü, dedi
ki, ötən dərs VI sinifdə idim, Tofiq Abdinov mətndənkənar
danışdı, öz fikrini dedi, ona “5” yazdım.
Bahadır yerindən əlavə elədi ki, Tofiq
şeir yazır. O vaxt hər kəs şeir yazmırdı!..
İndi yadıma düşdü. Quyçu kəndində “Molla Həşim” kimi
tanınan savadsız cadugər molla ona-buna dua yazırdı.
Sənin “Molla Həşim” adlı bir satirik
şeirin “Sosializm yolu” qəzetində çıxdı.
Gözəl ziyalımız Kamil Məmmədovun
yadına düşər - klubun səhnəsində məktəbin
köməyilə “Hacı Qara” və “Vaqif”i tamaşaya
qoymuşdu. Onun özü ömrüm boyu
hafizəmdən çıxmayan Hacı Qaranı və Vaqifi
oynadı. Bu sətirləri yazanda Kamilin
rolları, xüsusilə, Hacı Qarasını dünənim
kimi xatırladım, xüsusilə, bazarda ikən alveri
baş tutmayan bu xəsisin ah-naləsini. Tamaşaya
elə bil dünən baxmışam. İndi
ona “professionallıq” deyirlər. “Vaqif”də
Kamil sənə rol vermişdi, epizodik idi. Görünür,
uşaqlıqdan sənin də, mənim də içimizdə
toqquşmaq, qabaqlaşmaq, artıq-əskik danışmaq
hissləri olmamışdır.
- Və
bütün bunların üstündə çox təbii
olaraq soruşum ki, Siz bizim tərəflər üçün
çox da adi olmayan bir ixtisası PEDAQOGİKA sahəsini
seçmisiz. Bunun bir səbəbi varmı?
- Əlbəttə, səbəbsiz heç nə yoxdur. Əslinə
qalsa məntiqi sorudur, çünki o gözəl, savadlı
müəllimlərimizin dilindən “pedaqogika”
anlayışını eşitməmişik. “Təlim”, “tərbiyə” dəbdə idi və təhsil
adı altında gedirdi. İnsanda elə
duyğular var - mübhəm qalır, bunlar əsasən elmlərlə
bağlıdır, onlarda fundamentallıq prosesləri hələm-hələm
üzə çıxmır; yalnız poeziyadır -
şeirdir ki, çox erkən özünü “faş” eləyir.
Sən böyük hərflə Şairsən və bu
duyğunu yaşamısan...
Yaxşı
bilirsən ki, Eminovlar soyadı Qazax rayonunun I Şıxlı
kəndinin ən qədim nəslidir və 37-ci il
babamı, əmimi Sibirə apardı, ağlı kəsənlər
deportasiyaya üstünlük verdilər. Qazaxda
isə Müəllimlər İnstitutu (ikiillik) olmuşdu,
dayılarım, xalalarım, digər qohumlarım buranı
bitirib, Azərbaycan bölgələrinə işə
göndərildi. O cümlədən, dayılarım,
xalalarım, əmim qızı Salyanda çox sonralar məskunlaşdılar,
daha doğrusu, oxuduğumuz Qırmızıkənd məktəbində
dərs dedilər. Evimizə “Azərbaycan müəllimi”
qəzeti və “Azərbaycan məktəbi” jurnalı gəlirdi.
Həvəslə oxuyurdum. İstəsən,
50-ci illərdən üzü bu tərəfə həmin mətbuat
orqanlarında hansı pedaqoq-alimlərin hansı tematikada məqalələri
çıxıb - dəqiqliyilə deyə bilərəm.
Məsələn: professorlardan Əhməd Seyidov, Mərdan
Muradxanov, Tələt Əfəndiyev, Əyyub Tağıyev,
İtelson, Şövqi Ağayev, Ağamməd Abdullayev -
bunlar yaşlı nəsildi. Görünür, məktəb həyatı,
şagird-müəllim münasibətləri, valideyn
nüfuzu və s. məsələlər məni istər-istəməz
düşündürmüşdür. Etiraf
edim ki, bu, hələ məndə peşə baxımından
yerini tutmamışdı - boş qalmışdı.
Pedaqoji
sahəyə düşəndə iş elə gətirdi zəngin
kontingentli kollektivə düşdüm və mənimki
alındı. Şagirdləri sevməyə,
onların da məni sevməsinə real zəmin yarandı.
Sinfə girəndə hisslərimlə əlbəyaxa
olurdum, rəngim dəyişirdi. Və
üç ildə mərkəzi qəzet və jurnallarda
pedaqoji mövzuda beş-altı elmi məqaləm
çıxdı. Amma bu da məni
pedaqogikaya çəkmədi. Filoloqluğu
seçmişdim.
Uzunçuluq
olmasın: Ədəbiyyat İnstitutuna aspirantura
üçün elan verilmişdi. Biz gənclərin
dostu, istedadlı şair Abbas Abdulla ilə instituta gəldik.
Abbas Abdulladan rəhbərlik heç nə gizlətmədi,
açıqca dedilər ki, bu bir yer filankəsin (o,
yazıçı idi) oğlu üçündür. Gələn
il gələr. Ruhdan
düşmürdüm, resenziyalar, bədii oçerklər,
kiçik hekayələr yazırdım.
-
Sualımın davamı kimi deyərdim ki, mənim bildiyim
informasiyaya görə, Sizin qohumunuz indi çox böyük
bir ictimai xadim və elm adamı olan Əjdər Ağayev bizim
o uzaq kənddən pedaqogikanı seçəndə, onun da
bir səbəbi olmamış deyil və ola bilsin ki, bu sahəni
seçmənizdə onun bir təkanı olub?
- Tofiq, bəlkə
də proqnoz kimi deyirəm: hamımızın hörmət elədiyimiz
Əjdər müəllim də mənlə razılaşar
ki, o da pedaqoq olmaq istəməmişdir. Birinci il
ali məktəb imtahanını universitetin geologiya-minerologiya
fakültəsində vermişdi... Tale onu
pedaqogikaya gətirdi. Bilmirəm, o, qəbul
olunsaydı nə “möcüzə” yaradardı - ancaq poetik
ürəyi duyduğu şeirlər yazardı. Amma nə yaxşı, o poetik Məkan ona qismət
olmadı. Sualında çox haqlısan: Mən bir
neçə yerdə vurğulamışam ki, Əjdər
müəllim bir məqamda “ümidverici söz” deyib. Tofiq bəy,
bəlkə də ərkimnən irəli gəlir -
keçmişə qayıdıram: Bəli, “pedaqogikaya” gəlməyimdə
mənə ilk optimist təkanı Əjdər Ağayev
vermişdi.İlk sualı da fəhmən sən verdin.1968-ci
ildə, sentyabrın birində məktəbə gəldim ki,
sinfə girim; gördüm mənimlə üç il
çiyin-çiyinə işləyən nə Araz
İsmayılov, nə Məzahim Rəhmanov, nə Hüseyn
Hüseynov, nə İsrafil İbadov var. Darıxdım, lap
“irisinnən”, niyə? Şagirdləri tarlaya,
pambıq yığımına aparmışdıq. (Rəsmi. 1968. Salyan rayonu). Həmin müəllim dostlarımnan bir nəfər
də məktəbə gəlməmişdi. Sən demə, yay tətili dövründə
işlərini “düzəltmişlər”, yeganə mən
qalmışam. Bilirsiz də, tənhalıq
üçün bu, nə deməkdir?
Yay idi, Əjdər müəllimin təzəcə toyu
olmuşdu. Bir qohum kimi də gəldim onu təbrik eləyim.
Həyətdə görüşdük.
Xeyli söhbət elədik və mən dedim ki, DETPİ elan
verib aspiranturaya, “bir” yerdir, necə, məsləhət
görürsüz, sənəd verməyə dəyərmi?..
Əjdər
müəllim konkret məsləhət gördü:
-
Obyektivlikdir. Mirzə Məmmədov (o, eks təhsil
naziri vəzifəsindən sonra həmin institutun direktoru idi)
olan yerdə narahatçılıq yoxdur. Tofiq,
əzizim, bəli, Əjdər Ağayevin bu məsləhətindən
sonra sənədlərimi DETPİ-yə verdim və qəbul
olundum. Vaxt olur, belə “yeganə” məsləhətdən
sonra alınmış uğur... unudulur. Sənin
də taleyində belə hallar olub. Bizim mənəvi
faciəmiz odur ki, bu məsələni ortalığa qoymuruq.
Bəzən bir “söz” insan taleyini həll edir.
Mən onu eşitdim: Əjdər müəllim məsləhət
bildi və imtahanın gedişini yaşadım...
Əjdər Ağayev gələcək üçün
“kəşfimin” ruhi-bünövrəsini qoydu.
Tofiq, əzizim, hayıf ki, sonralar bu “ağsaqqallıq”
unudulur. Bir
yerə cəm olmuruq, xeyirxahlıq rəsmiləşmir! İnsanlar yaşa dolduqca müdrikləşirsə,
yenə də hansı bir müdrikəsə ehtiyac duyur.
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2012.-
29 sentyabr.- S.23.