Kamal Abdullanın “Yarımçıq əlyazması”ndan yarımçıq əlyazmaya doğru: yazı eposa qarşı

 

Prof. Maks Statkiyeviç ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, klassik mətnlər, fəlsəfə, komparativ mifologiya, ritorika üzrə mütəxəssisdir. ABŞ Viskonsin-Medison Universitetinin Müqayisəli ədəbiyyatşünaslıq kafedrasına rəhbərlik etmişdir.

 

Maks Statkiyeviç

 

Roman və epos arasındakı heç də birmənalı olmayan münasibətlər Qərbdə müasir ədəbiyyatın mühüm inkişaf istiqamətlərindən biridir. “Satirikon”, “Don Kixot”, “Yevgeni Onegin”, “Uliss” romanla epik ənənə arasındakı belə qarşıdurmanın bariz nümunələridir. Kamal Abdullanın “Yarımçıq əlyazma”sı (Enn Tompsonun tərcüməsində) qeyd -şərtsiz olmasa da, hər halda daha çox janrların, zamanların və mədəniyyətlərin fərqləndirilməsini əsas götürən bu ənənəyə ən radikal və şüurlu müxaliflikdir. Bu roman həm də onun özünü müşayiət edən hermenevtik üsula qarşı mübarizə aparır. Bu üsulu, məsələn, Paul Rikör özünün “Təfsirlərin qarşıdurması: hermenevtikada esse” kitabında “rekonstitusiya” üsulu və yaxud avtoritar mətndə “mənaların bərpası” üsulu adlandırır.

Əslində, “Yarımçıq əlyazma  romanı belə aldadıcı başlığın altında özü bir hermenevtik prosesdir, yəni, qədim əlyazmanın -- möhtəşəm dastanın, ehtimal ki,  yazılışı üçün hazırlanmış qeydlərin  səbirli oxunuşudur: “Yəqin, dərk etdiniz ki, mən qədim Azərbaycan dastanı “Kitabi-Dədə Qorqud”dan danışıram” - romanın başlanğıcında təhkiyəçi belə yazır.

O, adı çəkilən Azərbaycan dastanını  təqdim edərkən, oxucunu həm də informativ-elmi qeydlərlə tanış edir və dastanın bütün türk xalqları üçün əhəmiyyətini vurğulayır. 

Digər tərəfdən, “Yarımçıq əlyazma” bütövlükdə yuxarıda qeyd etdiyimiz bu ənənənin, bu dastanın, eləcə də onun romanvari (dialoji) oxunuşunun  dar etnik və mədəni çərçivələrdən əhəmiyyətli dərəcədə kənara çıxdığını iddia edir.

Romanın əvvəlində oxucu-təhkiyəçi epik qeydlərin qəhrəmanının  ehtimali müəllifin-rəvayətçinin-öncəgörün və müqəddəs insanın adını məlum edir. Onun adı Qorqud Ata və ya Dədə Qorquddur, özü də dastanda, daha geniş götürsək, yarımçıq əlyazmada ( o cümlədən “Yarımçıq əlyazma”da) mərkəzi surətdir. Bunu da demək olar ki, Kamal Abdullanın romanı faktiki olaraq qədim epik-mifik ənənə ilə onun müasir “dekonstruksiyası”  arasındakı qarşıdurmaya problematika ünsürü daxil edir. Hətta təhkiyəçinin sözlərinə görə, roman Dastanın ədəbi versiyasının və “Yarımçıq əlyazma”nın öz mətninin, yəni, birinci şəxs adından yazılmış  “qeyd” və “müşahidələr”in müqayisəsinə əsaslanır. Beləliklə, iki tip yazının parlaq şəkildə qarşılaşdırılması göz qabağındadır; özü də bu yazı tipləri, Baxtinin təbiri ilə desək, “polifonik” roman adlandırıla biləcək bu əsərdə birinci şəxs adından aparılan başqa bir təhkiyə axarına daxil edilmişdir (bundan başqa, hələ bir Gəncə zəlzələsinin tarixi təsviri çərçivəsində “gizlədilmişdir də”).

“Yarımçıq əlyazma”nın süjetində qədim əlyazmanın elmi iş olaraq oxunuşu Milli Əlyazmalar İnstitutunun (Fondunun) orta əsrlər şöbəsində, üzərlərini toz basmış köhnə və yeni  əlyazmaların yığıldığı kitab şkafları, rəflər arasında baş verir.

Kitabxana sisteminin bu sahəsinin bəzi təfərrüatları - ümumiyyətlə, əlyazmaların əldə edilməsi, saxlanılması (qorunması) və bərpası, eləcə də bu əlyazmanın dəqiq kataloq nömrəsinin (A 21/733)  göstərilməsiylə yanaşı, onun oxunuşunun (zəruri hallarda şərqşünas qızın iştirakı ilə) təmin edilməsi prosedurları romanda təqdim edilir. Eyni zamanda, əlyazmanın aşkar olunma anındakı vəziyyətinin qısa təsviri verilir və göstərilir ki, əlyazma zamanın bəzi izlərini özündə əks etdirir:  mətnin müəyyən natamamlığı və qismən oxunmaması şəklində üzə çıxan od, torpaq və insan etinasızlığının izlərini.

Əlbəttə, guya tamamilə aydındır ki, bu əlyazma bizim eranın on ikinci əsrinə aiddir   o, 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi barədədir. Əlyazmanın bu hadisəylə bağlı tarixçi alimlər tərəfindən bu əlyazmanın öyrənilməsinə xüsusi marağın olmamasının səbəbi məlumat verməməsidir.

Təhkiyənin lap əvvəlindən özünü göstərən aşkar tədqiqat proseduruna baxmayaraq, romanın oxucusu düşünə bilər ki,  bəlkə də əlyazmanın oxucusuna (o, həm də romanın təhkiyəçisidir) dar elmi məşğələ və ya elmi həqiqət yaddır, onun hər şeyi bilmək istəyi başqa səciyyəli də ola bilər. O yazır: “Bəlkə də bu elmi işçilər, lap elə bu qızın özü bir şərqşünas kimi maraqlı dissertasiya mövzusunun əllərindən çıxdığını düşünürlər?!  Elə bilirlər ki, mən bu işdə onlara rəqibəm? Hər necə də olsa, mən onlar üçün axı kənar adamdım və s. və i.a. bu kimi fikirlər məni rahat buraxmırdı”. Romanın sonunda o hələ də narahatdır ki, kitabxanaçılar və başqa tədqiqatçılar “mənim  hansısa bir tədqiqat işi planlaşdırdığımı düşünərək, niyyətimi yanlış yerə yoza bilərlər. Allah uzaq eləsin.” Lakin yarımçıq əlyazmanın şərhlərlə zəngin və şərhə meylli strukturu belə,  oxuma  prosesini gərginləşdirib ona elmi damğa vurmur: “Əvvəlcədən hər hansı şərh elmi giriş yazmaq iddiasından xəbər verir ki, biz bu iddiadan uzağıq”. Əksinə, oxucu-təhkiyəçi öz diqqətini “Yarımçıq əlyazma”nın sanki qırıldığı və ya nəyi isə deyilməmiş qoyduğu” yerlərdə cəmləmək və həmin yerləri problematikləşdirmək iddiasındadır.

Bu mənada əlyazmanın və deməli, romanın oxucusu tezliklə əsərin üzünü köçürən katibə çevrilir (mətn, Rolan Bartın sözlərilə desək, “yazılışa məqbul” vəziyyətə gətirilir). Başqa sözlə, bitirilməmişi əlyazmada bitirmək cəhdi, bu vəzifənin bütün çətinliyini nəzərə alsaq belə, onun hermenevtik əsasa malik olması səbəbindən, ola bilər ki, mümkün deyildir.

Bu macəralı oxunuşun lap başlanğıcında məhz İnstitutun kitabxanaçı-alimi təsdiqləyir ki, “...əlyazma yarımçıq əlyazmadır. Nə əvvəli var, nə sonu”. Və o, yəqin, tədqiqatçını həvəsdən salmaq üçün belə bir  saymazyana əlavə də edir:  “Sizin üçün maraqsız olar”. Təhkiyəçi elə birinci, səthi oxunuşdan sonra əlyazmanın yarımçıq olduğunu təsdiqləyir, amma məhz bu hal onun  dar elmi maraqdan tamamilə fərqli, başqa bir marağına səbəb olur. Mətnin sirli və unikal (hətta yarımçıq əlyazmalar janrı mühitində belə) mahiyyəti onu heyran edir. Əslində, məhz bu ikili (ikitərəfli) yarımçıqlıq təhkiyəçiyə əlyazmanın fərqli cəhəti kimi görünür: “Bizim “Yarımçıq əlyazma”nın bütün digər yarımçıq əlyazmalardan bəlkə bir əsas fərqi var - bu fərq odur ki, bizim Əlyazmanın sonu olmadığı kimi əvvəli də yoxdur”. Onun yarımçıqlığının ilkin izahı ənənəvi elmi, tarixi-təbii və nəzəri-ədəbiyyatşünaslıq (narrotoloji) səpgidə görünür: “Bəlkə də bu, Gəncə zəlzələsi ilə bağlı dövrün təsvirini verən bir növ xatırlatmadır - bu həm də ona görə mümkündür ki, Əlyazmanın Müəllifi mətni öz qaydaları və sistemliliyi olan xətti roman kimi fikirləşməmişdir”. Yalnız Əlyazmanın diqqətli və təkrar oxunuşundan, “köçürülməsindən” sonra təhkiyəçiyə Əlyazmanın yarımçıqlığının tamamilə fərqli, ontoloji və ekzistensial izahı əyan olur: “Bundan sonra hər şey, eyni ilə  bizim “Yarımçıq əlyazma” kimi,  özündə natamamlıq izi daşıyacaq”.

Bu Əlyazma tam deyil, ona görə ki, kainatın və, əlbəttə ki, dünyaların əlahiddə bir natamamlığını əks etdirir (və ya buna bir nümunədir). Doğrudan da, öz macərasının (və ya maraqlı qiraətinin) sonuna yaxın əlyazmanın oxucusu belə bir paradoksal faktı dərk edir ki, əslində, dastan qəhrəmanları bizim dünyamızda mövcud deyillər və “onlardan hər biri öz dünyasında o birisi ilə söhbət edir; Bayandır Xanın dünyasında öz Qorqudu var idi, Qorqudun “dəxi” dünyasında öz Bayandır Xanı var idi. Bunlar bir-biri üçün bir yerdə yoxdurlar...”.

Oxucu-təhkiyəçinin bu maraqlı kəşfi, əlbəttə ki, epik ənənəyə münasibətdə paradoksaldır (inamı iflicləşdirir), çünki epos janrını məhz dünyanın - “mif dünyası”nın vəhdəti səciyyələndirir. Höte və Şillerin terminologiyasına görə, epos öz dünyasının,  tarixi,  “müasir” zamanlılıqdan - roman zamanlılığından silinmiş və mütləq keçmişdə, “yaddaş dünyası”nda bərqərar olmuş “epos dünyası”nın vəhdəti və ardıcıllığı ilə fərqlənir. Epos dünyası həmişə milli, etnik ənənəyə bağlanmış (Qorqudun kitabında olduğu kimi) “keçmiş”lə bağlı olmuşdur, heç vaxt “müasirlik”, dəyişikliklər üçün açıq (bizim romanda olduğu kimi) olmamışdır. Epos dünyası, yenə də M.Baxtinin dediyi kimi, “birincilər və ən yaxşılar” olmuş  ataların və ailə banilərinin vahid dünyasıdır; onların zamanı milli tarixin zirvəsidir, bu zirvə müqayisənin əbədi nümunə və standartıdır və sonrakı nəsillər bu nümunə və standarta çətin ki, nə zamansa çata bilsinlər. Eposun xüsusi cəhəti onun keçmiş üzərində “ideal keçmiş” kimi konsentrə olmasıdır.

Beləliklə, epik mətnin düzgün oxunuşu mənanın - Ata mənasının bərpa hermenevtikası çərçivəsində yerinə yetirilməlidir və bu məna varislər və “atalar” arasındakı möhtəşəm məsafəni müəyyən bir  ümumilik hissində birləşdirməlidir. Möhtəşəm uzaqlığın möhtəşəm dərki davamlılıq və ümumi “biz” hissi ilə müşayiət olunmalıdır. Bəzi alimlər, məsələn Daniel Medelan mif və eposun bu ümumiliyini yazı “soyuqluğu”na qarşı şifahi başlanğıcın “hərarəti” ilə əlaqələndirirdilər.

“Yarımçıq əlyazma”nın təhkiyəçisi öz heyranlığını və epos oxucusunun əlyazmanın üçüncü, ən etibarlı oxunuşundan sonrakı zahiri nostaljisini (bütün  bunlarla yanaşı həm də mifik ənənəyə yad olan hansısa bir şey də duyan oxucunun) ifadə edərkən, bərpa hermenevtikasının bu cür tələblərinə əks getmiş olur. Onun əlyazma (və epos) müəllifinə, eləcə də onun təsvir etdiyi (yaratdığı) dünyaya  olan “heyrət və heyranlığı”nın “həddi yoxdur”, o təəssüf edir ki, “bu cəmiyyət artıq mövcud deyil, o, antiklikdə, uzaq üfüqlərin arxasında və əlçatmaz bir keçmişdə qalmışdır”, o  təəssüflənir ki, “bu gün bizi antik dövrlə çox az şey birləşdirir”.   Əlyazmanın oxunuş prosesini müşayiət edən təhkiyəçi “şərhlər”indən bəziləri, görünür, onun epik hadisələrin (epik həqiqətin) şahidi funksiyasında əlyazmanın yarımçıqlığı ilə bağlı həmin o nostalji vəziyyətini ifadə edir. Bunlar mənaların bərpası hermenevtikasının, ən azı onun birbaşa versiyasında, aldadıcı iflasına işarə edir: “…və bədbəxtçilikdən, biz məhz Dədə Qorqudun nələri yadda saxladığını heç vaxt bilməyəcəyik”, “burada Dədə Qorqudun əlilə yazılmış iki-üç səhifəyə bizim üçün həmişəlik itirilmiş kimi də baxa bilərik”, “əslində, Aruz bunu demişdir, ya deməmişdir? Biz heç vaxt bilməyəcəyik”, “burada, bu qəmli anda Şah İsmayıl haqqında mətn sonuncu dəfə  qırılır  və sona çatır... Burada təsvir olunanlardan hansının həqiqət, hansının isə sadəcə təxəyyülün məhsulu olduğunu heç kəs əminliklə deyə bilməz”. Sonuncunun - müəllif təxəyyülünün, bədii təxəyyülün, incəsənət və ədəbiyyat təxəyyülünün “Yarımçıq əlyazmada” mümkünləşib inkişaf etməsi real şəkildə romanın epik, tarixi və mifoloji ənənəyə qarşı durma tendensiyasına dəlalət edir.  Bu, romanın finalında həmin ənənənin qavrayışının üstünlük təşkil etməsi ilə sonuclanacaq.

Şübhəsiz, bizim dövrümüzdə qəhrəmanlar dünyasının itirilməsinin dərki tarixi tədqiqatlardan imtina edilməsinə və keçmişin rekonstruksiyası cəhdinə gətirib çıxarmır. Baxmayaraq ki, heç kəs, müasir tarixşünaslığın banisi Leopold fon Rankenin sözləri ilə desək,  hər şeyin necə baş verdiyini” (wie es wirklich war) əminliklə bilmir. Hiss olunur ki, qəhrəmanlıqların müstəqil tarixi təsdiqini epik rəvayətlərdən almaq və beləliklə, “yarımçıq əlyazmaları” “tamamlamaq” hələ də mümkündür.  Başqa əlyazmalar da aşkarlana (kitabxanalarda, qumun altında, və ya başqa yerlərdə, istənilən bir məsələ ilə bağlı, məsələn, bizim romanda olduğu kimi, “mühafizəçinin masasının üstündə”) bilər.

Arxeoloji axtarışlar eramızdan əvvəl təxminən XII əsr ərəfəsində Miken mədəniyyətinin süqutu (“Troyanın süqutu”)  ya eramızın 12 əsrində Oğuz mədəniyyətinin böhranı (Gəncə zəlzələsi zamanı) izlərini  aşkarlamışdır. Lakin bu cür tapıntılar başlanğıclar salnaməsinə, Nitşenin verdiyi tərifə görə - “monumental tarixə” doğrudan da nüfuz edə və ya onun törəməsi olan eposa (onun tarixini təsdiqləmiş və bu tarixi əhəmiyyətli dərəcədə doğurmuş eposa!) təsir edə  bilməzdilər. Bir tərəfdən monumental tarix,  digər tərəfdən isə mif arasında dəqiq həddin qoyulmasının mümkünlüyünü şübhə altına alarkən Nitşe  tamamilə haqlı idi. O, özünün “Vaxtı çatmamış düşüncələr” əsərinin ikinci versiyasının ikinci fəslində aşağıdakıları yazarkən də haqlıdır: “Elə vaxtlar olmuşdur ki, stimulların bir dünyadan qoparılıb başqa bir dünyaya keçirilməsi mümkün olmayan kimi, monumental keçmişi də mifik ədəbiyyatdan ayırmaq mümkün olmamışdır”. Bu stimullar həmişə vahid dünyanın, mili və mədəni birlik dünyasının əsaslarına və onun qorunmasına yönəli olmuşlar. Və bu unifikasiya prosesinə elm, tarix (bilik) və ya onların vəhdətindən daha çox məhz Yaddaş (yunanca - Mnmosyn?) hökmran olmuşdur.

Mifin tarixlə bu çarpışmasında (mifoqrafiya və və istorioqrafiya şəklində) yazının statusu  çox vaxt birmənalı görünmürdü. Bir tərəfdən, yazılı mətnlər əksər hallarda mifik ənənəni təsbit edirlər və onun qorunmasına, ötürülməsinə imkan yaradırlar (məsələn, bizim eradan əvvəl altıncı əsrdə Homerin mətnlərini, eramızın on dördüncü əsrində Oğuznamələri misal gətirmək olar);  digər tərəfdən isə Yazı ənənənin özü üçün təhlükə törədir, çünki onu mürəkkəbləşdirir. Əlbəttə, o, Yaddaş Həqiqətinə və mifik ənənəyə düşmən də ola bilərdi. Platon öz “Fedra”sında yaddaşı möhkəmlətməklə bağlı yazının əsassız iddiasını faş etdi və pislədi. Və artıq bizim dövrümüzdə Mixail Bulqakovun romanının təhkiyəçisi də (“Yarımçıq əlyazma”nın təhkiyəçisi öz Proloqunda ona istinad edir) Ustadın romanının (bu romana  müəyyən mənada mif kimi də baxıla bilər) doğruluğunu dəstəkləmək üçün əlyazmanın lazım olmadığını nümayiş etdirməklə, eyni bir fikri ifadə edir. Əlbəttə ki, “əlyazmaları yanmır” və əgər hətta yanırlarsa da, söz qorunub saxlanılır, çünki Ustad, qədim dövrün bardı Homerin, və ya Dədə Qorqudun etdikləri kimi, öz “roman”ını əzbər yadında saxlayır. Marqaritanın Onun sözü  (sözü, yəni “İqor polku haqqında dastan”da olduğu kimi, loqosu) yadında saxlayıb-saxlamadığı ilə bağlı sualına Ustad cavab verir: “Narahat olma! Mən heç vaxt heç nəyi unutmayacağam”. Beləliklə, Ustad mifin ilahi, epik sözünü qorumağa (yaratmağa) cəhd edir.

Dədə Qorqud razılaşır ki, “əvvəlcə söz olub”, lakin o, aforizmlərindən birində eposda yazıldığı kimi, “Əgər bir şey lap əvvəldən yazılmayıbsa, heç vaxt baş verməyəcək” deyəndə, yazılı sözün əlahiddə gücünü öncədən görür. Və Kamal Abdulla da “Yarımçıq əlyazma”da yazının dekonstruktiv potensialının, epik sözün,  mütləq keçmişin və monumental tarixin logosunun (sözünün) və muthosunun (mifinin) hakimiyyətinə müqavimət göstərmək potensialının bütün nəticələrindən istifadə edir. Doğrudan da, yazıya canlı epik yaddaşın mövcudluğu şəraitində nəinki faydasız bir şey kimi baxmaq olar, onu həm də ənənənin sərt qanunlarını pozan təhlükəli bir şey (Derridanın sözləri ilə desək, “təhlükəli əlavə”) də hesab etmək mümkündür. Əlyazmaları elə-belə, sadəcə yanmır, amma onlar tamamilə xətər toxunmamış kimi də qalmır. Biz daim üzərində “yanıq izləri” və “ləkələr” olan səhifələrlə, hətta “cırıq-cırıq” edilmiş, ya da tamamilə itirilmiş səhifələrlə rastlaşırıq. Əlbəttə, ilk tanışlıq zamanı üzə çıxan bu  cür lakunaların bəziləri elmi-tədqiqat prosesində  aradan qaldırıla bilər. Lakin başqa bir (ontoloji) mənada - Derridanın və Kamal Abdullanın mənalarında - onlar insan həyatının və onun verballaşmasının mahiyyətcə həllolunmazlıq və yarımçıqlıq (məhkumluq vəziyyətinin) indikatorlarıdır (izləridir). Bu mənada, insan varlığının natamamlığı və yarımçıqlığı əzəldən təyin olunmuşdur.

Kamal Abdulla yazını və sirri bir araya gətirərkən (Derrida bunu “ikonoqrafiya” adlandırırdı) insan məhkumluğunun xüsusi təyinatı haqqında fikri inkişaf etdirir. Onun “roman” təhkiyəçisi bilir ki, “əlyazmalar öz sirrini yazıda gizlədir” və Dədə Qorqudun əlyazması da məhz bu mənada xüsusi “gizliliyə” malikdir, belə ki, əsrarəngiz surətdə Şah İsmayılla bağlı başqa bir əlyazmayla çulğaşır; onların hər ikisi Gəncə zəlzələsini təsvir edən fraqmentlərlə haşiyələnmişdir. Təhkiyəçi özünü tarixçi-alim --  həmin yazıçı ilə eyniləşdirməkdən imtina edərkən, eynən Derrida kimi, iki yazı növünü fərqləndirir: onlardan biri (“yaxşı”) qəlbə epik yaddaş (anamn?sis) vasitəsilə daxil edilir; digəri (“pis” və ya Nitşe belə deyərdi: “o qədər də pis  olmayan”) isə yaddaş dəftərçəsi, “müşahidələr” ((hupomnmata ili memorabilia, memoranda, commentari) səciyyəsi daşıyan dağıdıcı, sirli yazıdır. “Yaxşı yazı” kitaba çevrilmək tendensiyasına malikdir. “Kitab ideyası bütövlük ideyasıdır”, lakin bunlar eyni şeylər deyil və hətta yazı ideyasına (natamamlıq mahiyyətinə) müxalif mövqedə ola bilərlər. “Kitabın ideyası həmişə təbii bütövlüyə istiqamətlənir və yazının özünün məqsədlərinə çox yaddır”.

Beləliklə, “Dədə Qorqud Kitabı”nın bütövlüyünə, eposun yazılı mətninə, qədim oğuz cəmiyyətinin qapalı mifik dünyası obrazına, hər iki - qədim və müasir əlyazmanın (“ədəbi romanın”) bütövlüyünə qarşı durmaq cəlbedici görünə bilərdi. Kitabdakı fasiləsizlik və bütövlük, riskə yəni, əhəmiyyətli “orijinal” əlyazma lakunaları ilə “qırılma”ya bu cür məruz qala bilir (burada “arxi-iz” [archi-trace] kimi “arxi-yazı” [archi-?criture] ciddi əhəmiyyət kəsb edir.).

Doğrudan da, “mifin qırılması” fenomeni ədəbiyyat haqqında mümkün təyinlərdən biridir. Lakin Kamal Abdullanın romanı daha orijinaldır, çünki o, eyni zamanda eposdan daha ədəbidir, belə ki, həlledilməz, qapalı, tamamlanmamış, yəni, “qırılmış” mətni ehtiva etdiyi, “qeydlər” və “müşahidələr” (“yazıya alınmalı olan hazırlıq işləri”) şəklində təqdim olunduğu üçün bu təyini təkzib edir. Faktiki olaraq, Jan Lyuk Nensinin mif və ədəbiyyat arasındakı münasibətlər haqqında düsturu dediyimiz fikirlə ziddiyyət təşkil etmir: “Əsərdə mifin, ədəbiyyatın və yazının hərəsinin öz payı var. Sonuncu özündən əvvəl gələni yarıda dayandırır, o, mifin qırılması (hekayətin, yaxud təhkiyənin yarıda saxlanması ilə) vasitəsilə tamamilə “açılır”...

Lakin mifin bu cür “qırılma”sı, şübhəsiz, onun mif olaraq meydana çıxması və yaxud “mif” olaraq təyini qədər qədim dirməsələsi kimi mif və ədəbiyyat arasındakı münasibətlər, eləcə də “ilkin” mənbə (yunanlarda ????)  məsələsi son dərəcə mürəkkəbdir və bu mürəkkəbliyi “Yarımçıq əlyazma”dan daha yaxşı əks etdirən başqa bir mətn təsəvvür etmək çətindir. Doğrudan da, eposun ilkin təşkili həmişə “ilkin” qeydlərin və müşahidələrin müdaxiləsi və natamamlığı ilə müşayət olunur. Üstəlik, artıq qeyd etdiyimiz kimi, epos öz leytmotiv məramında gələcək dekonstruksiyanın rüşeymlərini gizlədə bilər. Əlbəttə, bu “aforizm enerjisi” yalnız (“Yarımçıq əlyazma”nın təhkiyəçisi və oxucuları tərəfindən) sirrin açılmasından sonra üzə çıxa bilər, şərti olaraq, “tamamlanar”.

Kamal Abdullanın təhkiyəçisi sirlərə yiyələnməklə bağlı fövqəladə istəklər vurğulayarkən, müəyyən mənada, “yazıya müdaxiləni”, yəni, Derridanın dediyi kimi, “aforistik enerji”ni nümayiş etdirir. Bu mənada, o, Dədə Qorqudun xələfi kimi, hətta romandakı Dədə Qorqud xarakteri onun yazı proyeksiyası kimi nəzərdən keçirilə bilər. Daha mühümü odur ki, Kamal Abdullanın romanında Dədə Qorqud təkcə Bayandır Xanın katibi deyil, o, sözün ən güclü mənasında katibdir. O, sadəcə, yazıçı-təhkiyəçi yox, həm də “sirrlərin qoruyucusudur”. Oğuz cəmiyyətində hər kəs bilir ki, “Dədəyə etibar edilmiş sirr həmişə qorunub-saxlanacaq”. Bununla belə, Con Kaputo yerində deyir və yazır ki, “sirr qorunub-saxlanmağa başlandığı andan yayılmağa başlayır; o öz qorunması ilə yayılır”.

Bu mənada, Bayandr Xana, beləliklə də, qədim əlyazmanın oxucusuna və “Yarımçıq əlyazma”nın oxucusuna təkcə Beyrəyin “qəhrəmanlığı”nın sirri açılmır. Əksinə, hər dəfə əlyazmanın müəyyən yarımçıqlığı ortaya çıxdığında sirrin “üstünün açılması” və “yayılması” baş verir. Gizlilik “Yarımçıq əlyazma” üçün -- həm roman, həm də eposa qeydlər üçün, faktiki olaraq, başlıca obraz rolunu oynayır. Bu gizlilik sirrin faş olması ilə olmaması arasında oyunun obrazıdır, yəni, özünün/onların həqiqətinin obrazıdır, yaxud üzə çıxan bədii obrazın həqiqətidir: “Dədə Qorqudun hazırlıq qeydləri, müşahidələri və eskizləri sis-duman örtüyü kimi açılaraq, öz həqiqi cizgilərini itirmiş və sənətkarın qələmə aldığı xəyala çevrilmiş ideya və mənaları aşkarlayır - buludlar göy üzündən yox olduqda nəhayətsizliyin maviliyi daha ehtişamlı görünür və sən Tanrıya, böyük ali həqiqətə daha yaxın olursan”.

Belə bir həqiqət işi, gizlinlər-gizlinlərin açılması, Haydeqqerin sənət nəzəriyyəsi və yaxud xüsusi bir ilkin natamamlıq (Baxtinin roman nəzəriyyəsində roman yarımçıqlığı) kimi  belə bir həqiqət işi Dədə Qorqudun epos üçün hazırlıq qeydləri ilə romanın finalındakı “eposun tanış mətni” arasında böyük bir fərqi özündə ehtiva edir. “Eposun tanış mətni” Dədə Qorqudun epos üçün hazırlıq qeydlərindən siyasi baxışların məzmunu baxımından o qədər də fərqlənmir. Söhbət o ideoloji məzmundan gedir ki, həmin məzmun eposun “patronunun” (Bayandır Xanın) istəyinə daha uyğun ola bilərdi (məsələn, “indi çox dəbdə olan dövlətçilik konsepsiyası”).  Eposun tanış mətni daha çox öz natamamlığı ilə, başqa sözlə,  daima yenidənyazılma prosesində gizli mətnlərin faş olmasına açıq olmasıyla  fərqlənir. Təhkiyəçinin eyni əlyazma çərçivəsində, (bir tərəfdən DQ hekayələri, diğər tərəfdən Şah İsmayıl hekayəsi) iki tarixi baxımdan bir-birindən uzaq mətnlər arasında əlaqənin nədən ibarət olmasına dair dramatik sualı bu cür cavablandırıla bilərdi: Natamamlıq! Əminliklə demək olar ki, bu natamamlıq (Makiavellisayağı) həmən gizlinlərin açılıb-açılmamasına səbəb olan siyasi məqsədəyönluk prosesinin eyni oyununa istinadən, yəni, həqiqətə istinadən ortaya çıxa bilər.

Eposun hazırlıq qeydləri ilə eposun son mətni arasındakı böyuk fərqi, yəni, bir tərəfdən, dünyanın mifoloji, ideoloji quruluşu ilə digər tərəfdən onun tanış və yad quruluşu arasında yazıla bilən roman oyunu arasındakı fərqi nəzərə alaraq kiməsə, xüsusilə də, “Yarımçıq əlyazma”nın təhkiyəçisinə maraqlı gələ bilər: nə üçün eposun “tam” mətni deyil, hazırlıq qeydləri və müşahidələr qorunub saxlanıb? Bu cür qorunub saxlanma, ümumiyyətlə, mümkündürmü?

Nəticə etibarilə, epik mətn formalarının hakim qüvvələr tərəfindən qorunub saxlanma imkanları daha yüksəkdir (məsələn, Homer eposunun taleyini və yaxud Vergilinin “Eneida”sını dırnaqarası Menipp satiraları ilə müqayisə edək). 

Kamal Abdullanın təhkiyəçisi, yəni, Dədə Qorqudun xələfi və katib deyir ki,  Bu, sirri-Xudadır!” Ancaq bu həm də şeytani sirr deyilmi (və yaxud, tutalım, Mixail Bulqakovun və ya Kamal Abdullanın özünün sənətkar sirri deyilmi)? İddia etsək ki, öz ilahi anlamında  əlyazmalar yanmır”, bu, Yazının (və sənətin) əbədiliyi ilə bağlı sirr deyilmi?

Doğrudan da, “həmişə şər törədən, bununla belə, həm də xeyir işlər görən qüvvə”nin kompetentliyi çərçivəsində əlyazmaların gümanedilən dayanıqlığını anlamaq cazibəsi mövcuddur. Ancaq bu hal Kamal Abdullaya məxsus yazının “əzəli” yarımçıqlığı “prinsipi”nə etinasız olardı. Artıq qeyd etdiyimiz kimi əlyazmalar tamamilə yanmır və heç vaxt xəsarətsiz olmurlar; onlar həmişə hansısa izlər qoyurlar. Bir tərəfdən bu izlər eposun bütövlük istəyidir, yəni, “Yarımçıq əlyazma”nın təhkiyəçisinin dediyi kimi, təxəyyülümüzdəki “tam bütövlük”dür, digər tərəfdən isə hupomnemata, yaxud memorabilia da qeyd olunan “ilkin” təlaşıdır, “hazırlıq qeydləri və müşahidələr”dir. Bir daha qeyd edək ki, Kamal Abdullanın dahiyanə tapıntısı eposun mədəniyyəti “təsis etmək, qurmaq” iddiası daşıyan missiyasının bünövrəsinə yazının natamamlıq mahiyyətinin qoyulmasındadır.

Bundan da artıq, “Yarımçıq əlyazma”da Dədə Qorqud həm eposun, həm də qeydlərin və müşahidələrin müəllifi kimi kəşf edilib - təxəyyül olunub. Həqiqət də məhz sonuncuda (qeyd və müşahidələrdə) açılır: “Həqiqətdə məsələ belə olub!” - “Yarımçıq əlyazma” deyir. “Bütöv” eposun ideoloji, mifoloji funksiyasının həqiqəti, eyni zamanda, ciddi, doqmatik, hermenevtik qayda kimi üzə çıxır: “Amma gələcək nəsillər bunu belə başa düşməli və bu cür qəbul etməlidir!” - Epos da sanki belə deyir. Ən vacibi isə qeyd və müşahidələrin təsdiqinin tarixi və mifik həqiqəti baxımından həmin qeyd və müşahidələrin gücü, nəticə etibarilə, böyük Azərbaycan şairi Hüseyn Cavidin (“hakimiyyət bütün hakimiyyətlərə son qoymaq üçün lazımdır”) nüfuzu ilə riskə atılmış olur. Təhkiyəçi yazır: “Ancaq bu mətnin təqdim etdiyi reallığın özü də həmçinin şübhə altına alına bilər. “İnsanın şübhə etməyə haqqı var” ifadəsi ilə bağlı Hüseyn Cavidin fikirləri bu gün də yaşayır, gələcəkdə də yaşayacaq”. 

Yarımçıq əlyazmanın (və “Yarımçıq əlyazma”nın) ciddi “siyasi” funksiyası şübhə hermenevtikasının təsdiqindən çox, hermenevtik prosesin səbrlə açılmasından (daim “özü-özünü yarıda saxlaması”ndan) ibarətdir. Beləliklə, yarımçıqlıq şərhin əsas prinsipi kimi göstərilir. Nitşenin məşhur deyimini bir qədər dəyişdirərək, demək olar ki, tamamlanmış, bütöv əlyazmalar mövcud deyil, yalnız (yarımçıq) şərhlər var, çünki yarımçıq əlyazmalar həmişə yeni-yəni şərhlər doğurur. “Yarımçıq əlyazmalar”ı yenidən epik bütövlüyə və tamlığa yuvarlanmaqdan qorumaq üçün güclü şərhçiyə - bədii qüvvəyə ehtiyac var. Epik qəhrəmanların “yenidən həyata qayıtması, sevməsi, nifrət etməsi, sədaqətli olması, fitnə-fəsad törətməsi, ağlayıb-gülə bilməsi üçün” onları düşdükləri  dondurulmuş statik” vəziyyətdən yalnız belə bir qüvvə xilas edə bilər. Kamal Abdulla onların canlı (və ölümlü) təbiətini göstərməklə (qəhrəmanların kvazilahi təbiətinə qarşı çıxmaqla) “əyanları və onların oğullarını, xanları və xan oğullarını” miflərin epik dünyasından romanın “zamansız” dünyasına keçirir. Keçmiş öz “mütləqliyini” itirir, lakin öz müasirliyini əldə edir: “Qədim oğuz cəmiyyəti öz real, mənəvi kontekstində görsənməyə başlayır”.

Beləliklə, ənənəvi “donmuş” epik qəhrəmanların dirçəldilməsi prosesinin o biri tərəfi oxucunun yenidən aktivləşməsi olmalıdır. Həmin oxucu o qəhrəmanlarla öz mənəvi qohumluğunu yenidən kəşf edir, artıq ənənəni passiv şəkildə qəbul edən şəxs və ya ehtirassız, soyuq alim olmur, əksinə, iştirakçı, yazıçı - “katib”, nəhayət etibarilə, Dədə Qorqudun xələfi olaraq meydana çıxır.

Kamal Abdullanın əsəri ilə bağlı bunu da demək olardı ki, romandakı əsərindəki təhkiyəçinin haqqında danışdığı qədim, yarımçıq əlyazma “aldadıcı yarımçıqlığına baxmayaraq, qorqudşünaslıqda böyük dəyişikliklər doğuracaqdır”. Fikrimizcə, daha çox məhz özünün natamamlığı “sayəsində” “Yarımçıq əlyazma” təkcə qorqudşünaslığa təsir göstərməyəcəkdir. Onun həmçinin müasir ədəbiyyatın oxunuşuna və tədqiqinə, eləcə də onun qədim (epik, mifik) ənənə ilə əlaqəsinə və digər ənənələrlə qohumluğuna da təsiri olacaqdır.

 

 

Maks Statkiyeviç

 

525-ci qəzet.- 2012.- 29 sentyabr.- S.20-21.