QADAĞAN İŞARƏSİni
keçməyə az qalıb
İş elə
gətirmişdi ki, Aqil Abbasın “Dolu” romanında təsvir olunan hadisələrin bəzilərinin
iştirakçısı olmuşdum.
Sonra iş bir də onda
gətirdi ki, həmin roman əsasında
ekranlaşdırılan filmin
bəzi səhnələrinin
çəkilışlərində iştirak etdim.
- Bu, Qarabağ davası haqqında indiyə kimi çəkilən filmlərin
ən yaxşısıdır.
Bunu filmin
İsmayıllıdakı nümayişi
zamanı alqışlarla
müşayiət olunan
son səhnəyə baxa-baxa,
yanaşı oturduğum,
bütün döyüş
yoluna bələd olduğum, həmin davada bir ayağını
itirmiş Əlsahab gözlərində gilələnmiş
yaşı silə-silə
dedi.
Onda mən
ekranda gördüklərimi
beynimdə özümçün
təhlil eləyirdim.
İnsan həmişə
oxuduğu tarixi yaşadığı tarixdən
asan və rahat qiymətləndirir. Çünki oxuduğumuz
tarixdəki versiyalar və subyektiv çalarlar tarixçilərin,
yaşadığımız tarixdəsə müasirlərimizin
sayı qədərdir.
“Dolu” filminin zamanı və məkanı haqqında müəlliflər dəqiq
heç nə demirlər, deyənlərin
də dedikləri ən yaxşı halda həqiqətə yaxın ehtimallar ola bilər. Amma bir şey
gün kimi aydındır - süjet xətti 1988-ci ilin payızından 1993-cü ilin
payızına kimi Dağlıq və Aran Qarabağda cərəyan edən hadisələrin üzərində
qurulub. Filmdə də ağırlığın
daha konkret hansı ilə, aya, hansı məkana düşməsindən
asılı olmayaraq həmin beş ilin hadisələri (yəni yaşadığımız
tarix) ümumiləşdirilib,
həm də insafən desək, yaxşı ümumiləşdirilib;
reallıq bir az aşağı, bir az yuxarı,
bir az qatı,
bir az açıq
boyalarla düzgün əks olunub.
Qarabağ savaşı
könüllülərin savaşıydı.
Orda nizami ordu yox, yumşaq
desək, nizamsız, bir az dəqiq
desək, Vətən
sevgisindən başqa
heç nəyi, hətta bəzən silahı da olmayan vətənpərvərlər
vuruşurdular. İstər
komandir olsun, istər əsgər, istər mərkəzdəki
məmur olsun, istər yerdəki, fərqi yoxdur, hər şey onların şəxsi fədakarlığı və
ya fərasətsizliyi
üzərində qurulmuşdu.
Qarabağı qorumaq konkret heç kimin vəzifələrinə
daxil deyildi. Nə sıralarından minlərlə şəhid
vermiş Xalq Cəbhəsinin üzvlərinin
və bitərəflərin,
nə də yüzlərlə şəhid
vermiş polisin müharibə vərdişləri
vardı. Və bu əslində heç kimin günahı da deyildi, obyektiv gerçəklik idi. Öz dövlətləri
olmayan, üstəlik,
sığındığı başqa dövlət(lər)in himayəsindən
məhrum olmuş bütün xalqların dar məqamda üzləşdiyi alın
yazısıdır. Döyüş
meydanındakı rəqibsə
bir az fərqli
durumdaydı. Orda müharibə partiyası
pis-yaxşı hakimiyyətə
yiyələnmiş, sığındığı
dövlətin himayəsini
bir az da
çox qazanmışdı
(Yeri gəlmişkən,
müharibədəki məğlubiyyətimizin
başlıca səbəbi
olan bu amil
filmdə niyə unudulub?! Ya bəlkə
mən tutmamışam,
dəqiq deyə bilmərəm.).
Yuxarıda ona
görə” Dolu”nu Qarabağ savaşının
müxtəlif dövrlərində
və məkanlarında
baş verənlər
barədə ümumiləşdirilmiş
film adlandırdım ki,
sözügedən reallıqlar,
cüzi fərqlərlə
olsa da, bütün cəbhə boyu hər yeri
bürümüşdü. Bu savaşın Komandirinin Drakonu cəzalandırmağa,
onun silahını əlindən almağa gücü çata bilməzdi, onun gücü Pələngə
çatardı. Filmdə
konyunktur axtaranlar da ola bilsin
ki, onu tapsınlar.
Amma konyunkturun burdakı sərhədləri
qeyri-şəffaf (bəlkə
də yayğın) olduğuna görə fərqli yozula bilər.
“Dolu”dakı bəzi natural çəkilişləri
(xüsusilə döyüş
səhnələriylə bağlı)
bütövlükdə Azərbaycan
kinosu üçün
uğur saymaq olar. Rejissor və operator işi, həm təcrübəli,
həm debütant aktyorların oyunu mükəmməl bir orqanizm təsiri bağışlayır. Mən
filmin mətbəxinə
bələd olmasam da, reallıqlardan çıxış edib deyə bilərəm ki, yaradıcı heyət, şübhəsiz,
məhdud maliyyə və texniki imkanlara malik olub, amma buna
baxmayaraq həqiqətən
yaxşı film çəkib.
Təbii ki, yas mərasimində dalbadal iki dəfə
“Fatihə” duasının
oxunması, komandirin qaçaraq yerişlərinə
lazım olduğundan çox vaxt ayrılması bir az yorucu təsir
bağışlayır. Bunların
əvəzinə bir neçə ayrı kadr (mən istərdim ki, məsələn, bu, Drakon-Pələng münasibətləriylə
bağlı olaydı,
ümumiyyətlə, filmdəki
bu xətt çox təsirlidir və gələcək hansısa bir psixoloji filmin əsas süjeti ola bilər) çəkmək olardı.
Bəzən ədəbiyyatda
bir cümlə, bir söz, musiqidə
bir not, rəssamlıqda
bir cizgi, filmdəsə ani bir kadr adamı
yerindən oynadır.
Lap “Dolu”nun aşağıdakı
dialoq gedən kadrında olduğu kimi:
- Vura bilərsən?
- Vurmağa gəlmişəm də.
...- Xəbərim olsaydı, gedib sonuncu kadrda mən də çəkilərdim. Qoltuq
ağaclarıyla ordakıların
hamısından bərk
yeriyərdim.
Bunu da
Əlsahab zalda işıqlar yanandan sonra filmin ərsəyə
gəlməsində əməyi
olanların hamısının
adı yazılan, amma bütün filmlərdəki kimi burda da zaman
və məkana qənaət etmək xətrinə xırda şriftlərlə yazıldığından
düz-əməlli oxunmayan
(filmlərin televiziya nümayişi vaxtı bu kadrları reklamlar əvəz eləyir) titrlər ekranda qaçarkən söylədi.
- Mənim, ümumiyyətlə bütün
Qarabağ əlillərinin
həyatı, bax, həmin o qadağan işarəsinin qoyulduğu
yerdə qurtarıb. -
Əlsahab filmin son epizodunun əvvəlinə
işarəylə əlavə
etdi.
Əlsahab da,
sonradan söhbət elədiyim digər Qarabağ əlilləri də “Dolu”dan razılıq etdilər. Hamısının da əsas arqumenti təxminən buydu ki, həmin o qadağan işarəsinin
qoyulduğu yerdə qurtarmış həyatları
filmdə bütün
dolğunluğuyla təsvir
olunub.
Elə filmi
çəkənlərin də
bir məqsədi bu deyildimi?!
Əlsahab və
onun qoltuq ağaclarına, çəliyə
söykənərək həvəslə
filmə baxmağa, səhərisi günsə
filmin yaradıcı heyətiylə birlikdə
İsmayıllıdakı Şəhidlər
Xiyabanını ziyarət
etməyə gələn,
amma son aylar pensiyalarından heç bir izahat verilmədən
niyə 30-40 manat tutulmasının hətta
səbəbini belə
öyrənməkdə aciz
olan dostlarının hamısı Qarabağ davasının əsgərləriydilər.
Əsgərlər müharibələrdən
həmişə məğlub
çıxırlar. Həm
də təkcə məğlub ordunun yox, qalib ordunun
əsgərləri də.
Müharibələr bitir,
topların gurultusu susur, siyasi dividend götürmək arzusunda
olanlar öz dividendlərini götürür
(ya da olan-qalanını
da xərcləyir), varlılar bir az da varlanır,
kasıblar lap kasıblaşırlar;
əsgərlərinsə cəmiyyətlə
həm sosial, həm də psixoloji konfliktləri başlayır. Yapon yazıçısı Kendzabure
Oe “Gecikmiş gənclik” romanında onları itirilmiş nəsil adlandırır. Onları... Kino zalında işıqlar yandırıldıqdan
sonra ekranda qaçışan titrlərdəki
adlar kimi heç kimə lazım olmayan əsgərləri. Baxmayaraq
ki, o adamlar olmasaydı, heç bir film ərsəyə gəlməzdi, o əsgərlər
olmasaydı, heç bir müharibə baş tutmazdı.
... - Film bu qadağan işarəsini götürdü, cəmiyyətə
o illərin ruhunu qaytarmaq sahəsində də böyük iş gördü. Sən də mütləq həmin işarənin qoyulduğu
yerdən üzü o
yana addımlayacaqsan, ismayıllılar demiş,
bir az da
tavaxır eləsən,
vurub Arazı da keçəcəksən.
Özü də çəkiliş kameralarının
altında. Amma bu dəfə bədii film yox, kinoxronika çəkəcəklər.
Bunları da
Əlsahaba mən dedim.
Mehman Cavadoğlu
525-ci qəzet.- 2012.- 29 sentyabr.-
S.16.