Şərəfli adların qayıdışı

 

Sovet sisteminin özünəməxsus xüsusiyyətlərindən biri də tarixdə, ədəbiyyat tarixində lay-lay “ağ ləkələr” saxlamağı idi. Müəyyən tarixi şəxsiyyətlər, ədəbiyyat, elm, incəsənət xadimləri sanki heç həyatda olmamışdılar. Və əgər hər halda qısaca xatırlansalar belə, mütləq alçaldılmış şəkildə xatırlanmalıydılar. Bu boşluq müəyyən hadisələrə münasibətdə də özünü göstərirdi. Həmin hadisələrə ya kökündən məhəl qoyulmurdu, ya da onlara toxunulanda  şərhi tamamilə əks müstəvidə, saxta, kommunist ideologiyasının müəyyən tələblərinə uyğun verilirdi. “Ağ ləkələrin” qırmızı damcılardan - Stalin repressiyaları qurbanlarının qanından əmələ gəldiyi məqamlar da az olmurdu.

Şükürlər olsun ki, dövr dəyişdi (bizlər,müasirləri tərəfindən heç də birmənalı qarşılanmasa da) və keçmişin real hadisələri barədə tarixi həqiqətləri bərpa etmək, xalqımızın mənəvi, mədəni həyatında iz qoymuş insanların şərəfli adlarını özlərinə qaytarmaq imkanı yarandı. Bu istiqamətdə qətiyyətli, məqsədyönlü və ardıcıl şəkildə fəaliyyət göstərənlərdən biri də görkəmli ədəbiyyatşünas-alim Vilayət Quliyevdir.

70-ci illərdə dərin zəkalı tənqidçi kimi ədəbiyyata gələn, bununla yanaşı, yaxşı bildiyi ingiliscədən tərcümələri də daxil olmaqla tərcüməçiliklə məhsuldar məşğul olan Vilayət Quliyev siyasi fəaliyyətə də önəm verib, yeni yaradılmış partiyalardan birinin üzvü olub, Milli Məclisin deputatı seçilib, xarici işlər naziri vəzifəsində çalışıb. Son illər Azərbaycanın Polşada səfiri işləyib, hal-hazırda isə bizim Macarıstandakı səfirimizdir. Onun bu səmərəli fəaliyyətinin bütün sahələrinə önəm verməklə yanaşı hesab edirəm ki, Vilayətin elmi və ictimai həyatımıza verdiyi ən böyük töhfə onun ədəbiyyat və siyasi publisistika tariximizin araşdırılmayan və ya az araşdırılan səhifələri ilə bağlı apardığı dəyərli tədqiqatlarıdır.

M.F.Axundzadə haqqında olan filmin ssenarisi üzərində işləyərkən mən bu böyük maarifçinin həyat və fəaliyyəti ilə bağlı əlimə düşən materiallarla tanış oldum. O cümlədən onun əlifba islahatları uğrunda apardığı mübarizəsi bu məsələylə bağlı İstanbula getməsi, orada bu problemi Türkiyə alimləriylə müzakirə etməsi faktları burada əks olunmuşdu. Bu elm xadimləri arasında hansısa Əli Suavi Əfəndinin adı çəkilirdi. Bu kimdi belə? Bizim Azərbaycanda mən onunla bağlı heç bir məlumat əldə edə bilmədim. Hətta son dövrlər nəşri də daxil olmaqla Axundzadənin əsərlərinin müxtəlif nəşrlərinin şərhlər bölümündə onun haqqında heç nə deyilmirdi. Amma bununla belə, onunla polemika Mirzə Fətəli üçün necə önəmli olmuşdusa o, buna bütöv bir məqalə həsr etmişdi.

Budur, artıq ssenari tamamlanıb, film istehsalata buraxılıb və mən maraqla Vilayət Quliyevin “525-ci qəzet”də dərc olunan “Mirzə Fətəli və Əli Suavi: bir mübahisənin tarixçəsi” yazısını oxuyuram. Məqalədə Axundzadənin bu opponenti barədə xeyli maraqlı açıqlamalar var. Elə bircə nəhəng türk şairi və dramaturqu Namiq Kamalın onun haqqında olan təqdimatı nəyə desən dəyər. V.Quliyev  N.Kamalın öz dostuna, Türkiyənin digər böyük şairi Əbdülhaqq Həmidə yazdığı məktubdan bir parçanı təqdim edir:

“Əli Suavi heç də sənin tanıdığın təbiətdə olan adam deyil. Onun üzünə çəkdiyi maskaya aldanmısan. Mənimlə də iki il yoldaşlıq etdi. O, çox qərəzli və dünyada misli-bərabəri görünməyən şarlatan bir insandır. Hər şeyə çox asanlıqla inanmadığım halda özünü mənə yeddi-səkkiz dil bilən birisi kimi göstərmişdi. Nə qədər cahil idisə, bir o qədər də məğrur idi”.

V.Quliyev Əli Suavinin Mirzə Fətəlinin təqdim etdiyi əlifba islahatları layihəsinə olan qısqanc münasibətinin səbəblərini də izah edir. Demə, Əli Suavinin özünün də belə bir layihəsi olub və o, bu məsələdə birinciliyi kiməsə başqasına vermək istəməyib. Bununla yanaşı, Vilayət obyektiv alim kimi onun redaktorluq fəaliyyətini və elmi işlərini qeyd edir. Suavinin qiyamçı naturasını qabartmaqla bərabər bu türkün sonda onun ölümünə səbəb olan şəxsi fədakarlığına da hörmətlə yanaşır.

Mən Vilayət Quliyevin Əhməd Ağayevin (Ağaoğlu) və onun ailəsinin həyatıyla bağlı əvvəllər bizim geniş ictimaiyyətə məlum olmayan faktları işıqlandırması istiqamətində uzun illik əməyini yüksək qiymətləndirirəm.

Bizim XX əsrin birinci onilliyindəki ictimai-siyasi, jurnalistika tariximizi Əhməd bəysiz təsəvvür etmək mümkün deyil. Həmçinin onun Türkiyəyə getdikdən sonra orada gördüyü işləri də qeyd etməmək olmaz.  Vilayət Quliyev “Ağaoğlu” kitabında Əhməd Ağaoğlunun dramatik hadisələrlə dolu həyatına mərhələ-mərhələ işıq tutduqca, impulsiv, inadkar, enerji dolu, qorxmaz, prinsipial, barışmaz bir insanın mənalı portretini yaradır.

Kitaba verilən “Ağaoğlu” adında hardasa bir cəmlik nəzərdə tutulur. Belə ki, ailənin bu soyadının daşıyıcıları arasında Əhməd bəylə yanaşı onun övladları - qızı Sürəyya və oğlu Səməd də sayılıb-seçilən şəxsiyyətlər olub. Sürəyya xanım Türkiyədə hüquq təhsili almış ilk qadındır. Siyasətçi, yazıçı Səməd Ağaoğlu baş nazirin müavini və Adnan Menderes hökumətində nazir olub. Hüquq və siyasət sahələrində şəxsi xidmətlərini unutmadan, atalarının - o böyük insanın həyat və fəaliyyəti ilə bağlı bizlərə miras qoyduqları dəyərli xatirələrə görə də onlara minnətdar olmalıyıq. Bu xatirələrin məxsusi Əhməd bəylə bağlı hissələrini Vilayət Quliyev öz kitabına daxil edib.

Vilayətin şəxsi mətnindən, həmçinin Əhməd bəyin övladlarının memuarlarından biz maarifçinin həyatıyla az qala lap uşaqlıq dövrlərindən başlayaraq tanış oluruq. Şuşa məktəbində oxuduğu dövrlərdə çoxluq təşkil edən erməni uşaqları onu və onun yerliləri olan azərbaycanlı şagirdləri döyürmüşlər. Zorakılığa qarşı bu ilk müqavimət hissləri yetkinlik dövründə onda erməni təcavüzkarlığına qarşı təşkilat yaratmaq ideyasına rəvac verir. Vilayət Quliyev öz araşdırmasında yazır: “Bu məqsədlə Əhməd Ağaoğlu 1906-cı ildə doktor Kərim bəy Mehmandarovun və Ələkbər bəy Rəfibəyovun fəal iştirakı ilə “Difai” təşkilatını formalaşdırmağa başladı”.

Fransada təhsil aldığı illərdə o, neçə-neçə elm və mədəniyyət xadimləriylə - Ceyms Darmster, Ernast Renan, İppolit Tenlə tanış olur. Şərqin böyük mütəfəkkiri Cəmaləddin Əfqani ilə yaxın münasibətlər qurur. Bütün bunlar vətənə qayıtdıqdan sonra “Frənk Əhməd” ləqəbi almış A.Ağaoğlunun dünyagörüşünün formalaşmasında əhəmiyyətli mərhələ oldu. Növbəti mərhələ Əhməd bəyin Bakıya gəlişi, jurnalistlik, publisistlik fəaliyyətinə başlaması idi. Bu işə o, Əlimərdan Topçubaşov və Əli bəy Hüseynzadə ilə birlikdə Bakınn rusdilli “Kaspi” qəzetində başladı. Sonra Əli bəylə birlikdə ana dilində “Həyat” qəzetini nəşr etmək  onlara müəssər olur. Sonralar, artıq müstəqil olaraq Əhməd bəy “İrşad” qəzetini buraxır. Qəzetin nəşri xeyli sayda maliyyə, senzura xarakterli çətinliklərlə müşayiət olunur. Əhalinin mürtəce təbəqəsi də bu düşmən münasibətdən kənarda qalmır. Onların göstərişiylə Əhməd bəy hətta Bakı qoçuları tərəfindən döyülür.

Vətəndə yaşamaq get-gedə dözülməz olurdu. Odur ki, sonda Əhməd bəy və Əli bəy vətəni tərk etmək məcburiyyətində qalırlar. Türkiyəyə gəldikdən sonra da onlar burada bütün həyatları boyu bir-biriylə dostluq münasibətlərində oldular. Səməd Ağaoğlu “Atamın dostları” kitabında bu dostluq barəsində isti sözlərlə danışır. “Belə adamlardan biri də atamın bəyaz saqqallı, ağ bənizli, gözəl gözlü, şair, rəssam, müsiqişünas, filosof, jurnalist, astroloq, professor, doktor olan qafqazlı dostu idi”. 

Bu, Əli bəy Hüseynzadənin portretidir. Səməd bəy atasının əqidə və əməl dostu Əli bəy Hüseynzadənin dilindən belə bir maraqlı fakt da gətirir: “Əhməd bəylə birlikdə Batumda idik. İstanbulda barışıq elan edilmiş, dövlət təslim olmuşdu. Bir gün eyni otaqda, çarpayılarımızda uzanmışdıq. Əhməd bəy məndən yanımda Hafiz Şirazinin kitabı olub-olmadığını soruşdu.

-Nəyinə gərəkdir?

-Fala baxmaq istəyirəm.

-Yoxdur. Ancaq Tassonun “Xilas edilmiş Qüds” kitabı var. İkinci cildidir. Bir halda ki, fala baxmaq istəyirsən, o da Hafiz kimi böyük insandır. Sən soruş, mən də baxım.

Əhməd bəy sualını verdi:

-Məmləkətin gələcəyi necə olacaq?

Kitabın hələ qatı açılmamış səhifələrindən birinə baxıb ordakı sözləri oxumağa başladım:

-Ey məndən gələcəyin necə olacağını soruşan adam! Keçmiş zamanların təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, Şərqin ən qaranlıq günlərində sarı saçlı bir qəhrəman ortaya çıxacaq, milləti ətrafına toplayaraq hürriyətə və zəfərə aparacaq”.

Əhməd bəy bunun kitabdan olduğuna inanmayıb elə bilir ki, Əli bəy zarafat eləyir. Amma sonra bunun həqiqətən də Tassodan sitat olduğunu biləndə hər iki dost bu öncəgörənliyin dəqiqliyinə heyrətlənir. Axı türk xalqını istiqlala və qələbəyə qovuşduran Mustafa Kamalın da sarışın saçları var idi.

Vilayət Quliyev Əhməd bəyin Atatürklə mürəkkəb münasibətlərini də detallarla təsvir edir. Bəzən Atatürk tərəfindən əzizlənərək yüksək vəzifələrə, Böyük Millət Məclisinə deputat təyin edilən Əhməd bəy bəzən də elə həmin Mustafa Kamal tərəfindən layiq olmadığı ittihamlarla üzləşir. Atatürkün Əhməd bəyə onun burada, Türkiyədə qonaq, gəlmə olması iradı isə tamamilə yerinə düşməmişdi. Əhməd bəy Qazinin bu sözlərinə onun bütün yüksək rütbəli qonaqları qarşısında  layiqli cavab verir. Atatürkün böyüklüyü də onda idi ki, dərhal üzr istəyib onu düzgün başa düşmədiklərini deyərək Əhməd bəyi qucaqlayıb öpür. Amma Əhməd bəy bundan sonra da ziyafətdə qalmaq istəməyərək qalxıb gedir. O, müxtəlif sahib-mənsəblərə şəxsi çəkişmələrdə, parlament kürsüsündə daha kəskin cavablar verirdi.

Turançılığa olan dəyişməz, sarsılmaz ideyalarına, bu ideyalara qatı sadiqliyinə görə o, həm çar Rusiyası, həm də Türkiyənin işğalı zamanı Antanta qüvvələri tərəfindən təqiblərə məruz qalmışdı. Gənc türklər partiyasının digər fəallarıyla birlikdə o da, Əli bəy də Maltaya sürgün olunurlar. Və o, heç nəyə baxmayaraq, öz əqidəsinə, öz qafqazlı soy-kökünə xəyanət etmədi, həyatının sonuna qədər danışığında Azərbaycan dilinin xüsusiyyətlərini qoruyub saxladı. Həyat yoldaşı Sitarə xanıma göndərdiyi məktubda onların doğma Qarabağda, Şuşada birgə keçən gənclik illərini xatırlayır: “Xəyalım lap uzaqlara, gənclik zamanına, Qarabağa, Qalanın o gözəl dağlarına, Başucaya, Daşaltına, Heydər düzünə, Dəlik daşa, Şahneçinə, o yerlərdəki gəzintilərimizə pərvazlandı. Bütün keçmiş, bütün qohumlar, dostlar, evimiz, küçələrimiz, bağçamız bircə-bircə gözlərimin önündə canlandı”. 

Vilayət Quliyev sürgündən qayıtdıqdan sonra Əhməd bəyin həyatına olan təhlükə barədə də məlumat verir. “Nemezis” adlı erməni terror təşkilatı guya ermənilərin kütləvi qırılmasına görə, qisas alacaqları adamların hamısının siyahısını tərtib edir. Əhməd bəy Ağaoğlu həmin siyahıda birinci olur. Qafqazdan olan dostu, erməni professor Barsamyan onu bu məsələdən xəbərdar edib ehtiyatlı olmağı məsləhət görür. Özü də harada, harada, Türkiyədə - türklərin vətənində!

Sürəyya Ağaoğlu öz xatirələrində belə yazır: “Türkiyədə türklər əleyhinə o zamanlar nələr söyləndiyini bu gün (Sürəyya xanım xatirələrini ötən əsrin 70-ci illərində qələmə almışdı - A.) təsəvvürə gətirmək belə imkansızdır. İnsan o günkü Türkiyə ilə indikini müqayisə edəndə tüklərinin ürpərdiyini hiss edir”. 

Sürəyya xanım Türkiyənin bütöv bölgələrinin İngiltərə, Fransa, İtaliya və Yunanıstanın orduları tərəfindən işğal olunduğu dönəmləri nəzərdə tutur. İstanbul büsbütün işğalçıların tapdağı altında idi.

“Tarixin ən böyük ədalətsizliyi və məntiqsizliyi də guya milyon yarım erməninin məhv edildiyi 1915-ci il “soyqırımından” sonra zərərdidə ermənilərin İstanbulun orta göbəyində oturaraq, ən gəlirli yerləri nəzarət altında saxlayaraq məmləkətin həqiqi sahiblərini - Anadolu türklərini soyqırımda, qaniçənlikdə, biri-birindən dəhşətli cinayətlərdə ittiham etmələri idi. Və heç kimin də ağlına gəlmirdi bu yalançı “alçaldılmış və təhqir edilmiş” adamların özlərinin əlləri dirsəyə qədər Osmanlı türklərinin, eləcə də onlara öz torpaqlarında sığınacaq verən azərbaycanlıların qanına batıb! Bəlkə də dünya tarixində gəlmələrin yerli, avtoxton əhaliyə qarşı bu cür vəhşiliyinin, bu cür nifrət və qəzəbinin ikinci bir nümunəsini tapmaq qeyri-mümkündür”.

Bu sitat Vilayət Quliyevin “525-ci qəzet” və “Zerkalo” qəzetlərinin bir neçə nömrəsində dərc edilmiş silsilə yazılarından götürülüb. Həmin yazı erməni terrorunun daha bir qurbanına - Behbud xan Cavanşirə həsr olunub.

Məşhur Cavanşirlər nəslinin davamçısı, Şuşanın təməlini qoymuş Pənah xanın nəticəsi Behbud xan orta məktəbdə səkkiz il tacir oğlu Stepan Şaumyanla bir yerdə oxuyub. Müstəqillik dönəmində bir müddət Azərbaycan Demokratik Respublikasının daxili işlər naziri, onun parlamentinin üzvü olub. İxtisasca mühəndis olan, bir neçə Avropa dilləri bilən Behbud xan təhsilini Almaniyada almışdı.

Bolşevik rejiminin caynaqlarından canını qurtaran B.Cavanşir oradan Parisə getmək məqsədilə cavan rus həyat yoldaşı Tamara ilə İstanbula gəlir. Ər-arvad bir müddət Ə.Ağaoğlunun evində yaşayır:

“Behbud xan uca boylu, ağbəniz, qara qaşlı, iri qara gözləri olan yaraşıqlı bir adamdı. Şirin azəri ləhcəsi ilə danışırdı. Duruşu, hərəkətləri, sözləri ilə hamı üçün qəribə bir sərbəstlik mühiti yaradırdı. Evdə hamımızın sevdiyi bir qonaq olmuşdu. Evimiz yenə də Qarabağ havası ilə dolmuşdu. Anam da bu hava içərisində daha az xəstə, daha az yorğun görünürdü”-deyə Səməd Ağaoğlu “Həyat bir macəra!” adlı xatirələrində Qarabağdan gələn əziz qonağı xatırlayaraq yazırdı.

Vilayət Quliyev Ağaoğlular ailəsi üzvlərinin xatirələrinə istinadən yazır ki, Əhməd bəy və Sitarə xanım Cavanşirlərə onların evini tərk etməməyi məsləhət görüb. Çünki bu, təhlükəliydi. Amma Behbud xanın həyat yoldaşının təkidiylə onlar İstanbulun məşhur “Pere Palas” otelinə köçürlər.

Vilayət Quliyev yazır: “1921-ci il iyulun 18-də, gecə saat 23 radələrində otelin o zamankı italyan səfirliyinə uzanan qərb qanadı önündə terror aktı nəticəsində Behbud xan Cavanşir öldürüldü. Qətli törədən daşnak partiyasının üzvü, erməni özünümüdafiə alayı adlanan hərbi qurumun döyüşçüsü, erməni milli ordusunun keçmiş əsgəri Misak Torlakyan idi. Bakıda fəaliyyət göstərən erməni milli şurasının keçmiş sədri Abraham Gülxəndanyan  Behbud xanı təsadüfən küçədə görmüş və tanımışdı. Və bu bədbəxt təsadüf günahsız bir insanın taleyini həll etmişdi. Özünün məhkəmədəki etirafına görə Torlakyana və yoldaşlarına Əhməd Ağaoğlunun izinə düşərək aradan qaldırmaq tapşırılmışdı. Yeni məlumat alındıqdan sonra onlar fikirlərini dəyişdirmiş və Behbud xan Cavanşiri öldürməyi qərara almışdılar”.

Bəli, bir gör insan taleyi bəzən necə də adi təsadüflərdən asılı olur. “Pere Palas” otelinə köçmək bir yana, əgər Behbud xan küçədə onu tanıyan Gülxəndanyana (soyada bir bax!) rast gəlməsəydi, bir neçə gündən sonra gənc xanımıyla Parisdə olacaqdı və kifayət qədər imkanlı adam olduğundan, bu şəhərdə çox güman ki, rahat və uzun bir ömür yaşayacaqdı.

Həmin günlərdə “Pere Palas” otelində qalan tanınmış Amerika yazıçısı Con Dos-Passos “Şərq ekspressi” kitabında (“Konstantinopol. İyun, 1921. Qətl” fəsli) bu səs-küylü qətl hadisəsindən bəhs etmişdi.

Cinayət üstündə yaxalanan terrorçunun etirafı: “Behbud xanın boyu çox uca idi. Ona görə də açdığım atəş  başına yox, böyrünə dəydi. İlk güllə onu yerə yıxmadı. Əksinə, mənim əllərimdən bərk-bərk yapışdı. Üzünü mənə tərəf çevirməklə işimi daha da asanlaşdırdı. İki dəfə sinəsinə atəş açdım. O, yıxıldı. Qaçıb gizlənmək istəyirdim. Elə bu zaman kimsə məni tutdu. Behbud xanın qardaşı idi. Onun da üzünə atəş açdım. Ancaq məni buraxmadı. Təslim olmağı qərara aldım. Çünki polislər bizə yaxınlaşırdılar”.

Və sizcə, bu cür iyrənc etirafından sonra məhkəmədə əsə-əsə layiq olduğu cəzanı gözləyən qatilin aqibəti necə oldu?

Vilayət Quliyev Türkiyə jurnalisti Murad Gülçinin prosesin stenoqramı dərc olunmuş  “Erməni intriqalarının pərdə arxası. Torlakyan davası” kitabından sitat gətirir: “İşğal altındakı İstanbulda Behbud xanın öldürülməsini məmnunluq hissi ilə qarşılayan ermənilər dərhal Torlakyanı xilas etmək üçün səylərini birləşdirdilər. Onlar məhkəməyə qırx nəfərə yaxın şahid gətirmişdilər”. 

Məhkəmədə ilk ingilis ittihamçı qanuna meyilli adam olduğundan onu dərhal ölkəni idarə edən işğalçıların iradəsiylə hərəkət edən, daha itaətkar bir ingilislə əvəz etdilər. Saxta şahidlərin köməyi ilə Türkiyənin İstanbul şəhərində günahsız insanın - azərbaycanlı zadəganın qatili azadlığa buraxıldı. Ermənilər qatili mili qəhrəman kimi qarşıladılar.

Eynilə bu cür Berlində guya hadisəni affekt vəziyyətində törətdiyi adıyla Tələt paşanın qatili Soqomon Teyliryan da bəraət aldı. Qatillər üçün verilən bütün bü bəraətverici qətnamələr sonralar bütün dünyada törədilən terror aktları üçün zəmin yaratdı (o cümlədən müxtəlif ölkələrdə türk diplomatlarına qarşı törədilən terror aktlarına da).

Bizim günlərdə də siyasi qətllər çox vaxt guya ali məqsədlər, qisas arzusu, ədalətin bərpası adıyla izah olunur. Yaxud da, sadəcə affekt vəziyyətində olmuş qeyri-normal insanların hərəkəti kimi dəyərləndirilir.

Beləcə, həmin illərdə “affekt vəziyyətində” olan erməni terrorçuları tərəfindən Azərbaycan Demokratik Respublikasının altı görkəmli xadimi və gənc türklərin altı rəhbəri qətlə yetirilib. Bu altılardan sonuncusu Birinci Dünya müharibəsində əlli min ermənini şəxsən labüd ölümdən xilas etmiş Camal paşa idi. Elə Behbud xan da daxili işlər naziri postunu tutarkən zorakılığın istənilən təzahürlərinin, o cümlədən ermənilərə münasibət də daxil olmaqla - hər yolla qarşısını alırdı. Müasirlərinin dediklərinə görə, hətta bir sözü iki olmayan Bakı qoçuları da ondan oddan qorxan kimi qorxurmuş.

Amma tarixən olduğu kimi, erməni terrorçuları heç də onlara münasibətdə günahı olanlardan yox, parlaq, qeyri-adi şəxsiyyətlərdən qisas alıblar. Çünki məqsəd heç də bəyan edildiyi kimi qisas deyil, məqsəd düşmən milləti başsız, gücsüz, dayaqsız qoymaq, onu ən samballı və ən əsas nümayəndələrindən məhrum etməkdir. Qətllərin “qara siyahı”sı bu vaxtacan məhz bu prinsiplə hazrlanıb və hazırlanır. İkinci məqsəd isə sadəcə qorxutmaqdır.

V.Quliyevin yazdığına görə, Azərbaycan və Türkiyə xadimlərinin məhvi haqqında qərar “Daşnaksütun” partiyasının 1919-cu ildə İrəvanda baş tutan IX qurultayında Osmanlı imperiyasının keçmiş təbəəsi Şaan Natalinin (Akop Ter-Akopyan) təşəbbüsüylə qəbul olunub. O, həmçinin adıyla belə dəhşət yaradan “Qisasın bibliyası” kitabının müəllifidir.

Vilayət Quliyevin son dönəmlərdəki əhəmiyyətli işlərindən biri də M.Şaxtaxtinskinin H.Ağayev və Ə.Topçubaşovla polemikasına həsr olunmuş “Üç aqilin davası” məqaləsinin dərcidir. Amma bu yazıda mən ona toxunmayacağam, belə ki, başqa bir essemdə bu haqda ətraflı danışmışam.

Dünya miqyasında tanınan türkoloq alim Əhməd Cəfəroğlunun, Əhməd Ağaoğlunun, Səməd Ağaoğlunun əsərlərinin Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq müvafiq ön söz və şərhlərlə nəşri (həm də ölkəmizdə ilk dəfə!) Vilayət Quliyevin milli ədəbiyyatşünaslıq elmi, bütünlükdə cağdaş Azərbaycan mədəni və ictimai fikri qarşısındakı mühüm xidmətlərindən biri kimi dəyərləndirilməlidir.

V.Quliyevin “Polşada Azərbaycan siyasi mühacirətinin irsindən” (XX əsrin 30-cu illəri”) toplusu da yeniliyi və monumentallığı baxımından Azərbaycan elminə verilən yeni töhfə oldu. Müəllifin bizim siyasi mühacirlərin məqalələrini, çıxışlarını topladığı bu samballı materiallar onlara yazılan ön söz, müəlliflər barədə məlumatlar və şərhlərlə müşayiət olunur.

Topluya Məmməd Əmin Rəsulzadənin ondan artıq məqalə və çıxışları, həmçinin Mir Yaqubun, Azərinin, Mirzə Balanın, Cahangir bəy Kazımbəyin (sonuncu Gəncə üsyanı haqqındadır) məqalələri daxil edilib. Məlum olduğu kimi, M.Ə.Rəsulzadə 1931-ci ildə Polşaya köçür. Azərbaycandakı ailəsini itirdikdən illər sonra o, kübar ailədən olan Vanda adlı polşalıyla evlənir. Sovet hökumətinin Türkiyə hökumətinə olan açıq-aşkar təzyiqlərindən sonra azərbaycanlı siyasi mühacirlər ölkədən çıxarıldılar və M.Ə.Rəsulzadənin ardınca onlar da Polşada məskunlaşdılar. Sovet İttifaqının rəqiblərinə rəğbət bəsləyən ölkə rəhbəri marşal Y.Pilsudski onlara sığınacaq verdi.Öz tarixi vətənləri Azərbaycandan məhrum olan, qardaş Türkiyədən qovulan siyasi mühacirlər Polşada həddindən artıq çətin şəraitdə öz xalqının şərəf və ləyaqəti uğrunda haqq mübarizələrini davam etdirdilər. Onlar burada jurnallar buraxır, digər Qafqaz nəşrlərində çıxışlar edirdilər. Vilayət Quliyev isə bu materialları bir yerə toplayıb. Bəli, Polşada səfirlik illəri belə səmərəli oldu. Düzdür, o özü təvazökarlıqla onun kitabında Polşadakı azərbaycanlı mühacirlərin hələ öyrənilməmiş və işıq üzü görməmiş irsinin yalnız xırda bir hissəsinin toplandığını qeyd etsə də, burada təqdim olunan mətnlər böyük tarixi əhəmiyyətə malikdirlər.

M.Ə.Rəsulzadə siyasi mühacir kimi müxtəlif ölkələrdə - Türkiyədə, Finlandiyada, Almaniyada, Rumıniyada və başqalarında yaşayıb. Amma onun 125 illik yubileyi yalnız Polşada qeyd edilib. 2009-cu ilin 6-9 dekabrında Varşava universitetində Məmməd Əminə həsr edilmiş beynəlxalq konfrans keçirilib.

Konfransın işindən və orada Rəsulzadə irsi ilə məşğul olan xarici ölkə tədqiqatçılarının iştirakından bəhs edən Vilayət Quliyev yazır: “Azərbaycan Respublikasının  Varşavadakı səfiri kimi polyak, türk, gürcü, amerikan, fransız alimlərinin mənsub olduğum xalqın görkəmli oğlu haqqındakı heyranlıq dolu sözlərini eşitmək mənə çox xoş idi”.

Kitaba yazdığı  “Söz və fikir vasitəsi ilə mübarizə” başlıqlı ön sözdə Vilayət haqlı olaraq qeyd edir:

“Söz doğma xalqına, doğma vətəninə xidmət etmək istəyi ilə alışıb-yanan adamların yeganə silahı idi. Səslərinin eşidilməsi üçün onlar məqalə və kitablar yazırdılar. Konfranslar və sessiyalar keçirirdilər, paktlar və memorandumlar imzalayırdılar. Notalar və bəyannamələr tərtib edirdilər. Piket və mitinqlər keçirirdilər. Və bu susmayan səsin sayəsində xalqın müstəqillik istəyi, onun hər cür milli və siyasi basqıdan azaq olmaq niyyəti çətinlikləri dəf edərək yaşayırdı.

Nəhayət, tarixi an gəlib yetişdi. Onların səsi eşidildi. Onların irsinə tələbat yarandı. Bu irsin həqiqi sahibləri tapıldı. Keçmiş Sovet İttifaqının onilliklər boyu öz həqiqi  tarixlərindən ayrı salınmış xalqları insan həyatındakı ən böyük nemət - azadlıq üçün kimə minnətdar olduqlarını qismən də olsa öyrənə bildilər”.

Bu yaxınlarda Polşanın aparıcı nəşriyyatlarından birində Vilayət Quliyevin “Polşa tatarları Azərbaycanda” adlı diqqətəlayiq kitabı çap edilib. Həmin kitabda ilk Cümhuriyyətimizin qurulmasında və dövlət institutlarının yaradılmasında mühüm xidmətləri olan general Masey Sulkeviç, Leon və Olqerd Mirzə Kriçinski kimi öyrənilməmiş, lakin xalqımızın azadlıq mücadiləsinə töhfələrinə görə böyük minnətdarlıq hissinə layiq şəxsiyyətlər haqqında ilk dəfə zəngin arxiv sənədləri əsasında geniş, hərtərəfli məlumat verilib.

Bu sözlərə əlavə etmək lazımdır ki, XX əsrdə xalqımızın gerçək tarixi ilə bu gün tanış olmaq üçün bizlərə imkan yaradan bir neçə əsl alimdən biri də Vilayət Quliyev özüdür.

O, layiq olmadan unudulan şərəfli adları bizlərə qaytaranlardandır.

Və o, bu işi ardıcıl, yorulmadan, ləyaqətlə yerinə yetirir.

 

 

ANAR

 

525-ci qəzet.- 2012.- 29 sentyabr.- S.10-11.