Davud Nəsibin ümid qatarı

 

Lap uşaqlıqdan yolları və qatarları sevirdi. Xəyalında o yollara düşüb çox getmişdi, o qatarlara minib dünyaları gəzmişdi. Hər gecə o qatarların səsini eşidər, vaqonların yorğun işıqlarını seyr edərdi:

 

Bir uşağın intizarından

Köksü yaralı,

Gedib-gələn qatarları

Bir-bir sayırdı.

Qatar keçir gecəyarı,

Kənddən aralı,-

“Sən tələsmə, o,gələcək”-

Pıçıldayırdı.

Bir eşit, dinlə:

“Bir ata var, uyuyubdu,-

Uzaq bir çöldə”...-

Pıçıldayır səhər-axşam:

“Gedək mənimlə,

İntizarla gözləyir o,

Bir qərib eldə”.

 

“O, gələcək” ümidilə böyüdü və həmin qatarlarda bir gün yola çıxdı. Xəyalında, ürəyində olanları, müharibədən qayıtmayanları – atasını, əmilərini, əzizlərini axtara-axtara yollar keçdi, ölkələr gəzdi. Lap sonda bildi ki axtardığı elə burda—yanında, ürəyində imiş...

O bilirdi – insan yaşasa da, yaşamasa da böyüyür, yaşı artır, özü isə yaddaşlarda dünyadan köçüb getdiyi kimi qalır – uşaq, cavan, yaxud qoca. Necə ki atası yaddaşında cavan. Gənc qalmışdı...

Yaşasaydı, 70 yaşını görəcəkdi, yaşamadı, yaşaya bilmədi, o qatarlar və yollar, bir də son illərin ağrı-acıları onu yaşamağa qoymadı.

Ədəbi ictimaiyyətin yaxşı tanıdığı şair, publisist, tərcüməçi Davud Nəsib 9 ildən artıqdır ki, bu dünyada yoxdur. Yaddaşlarda isə necə var- yaşayır, bu illər ərzində dəyişən onun həsrəti, kədəri, bir də yaşıdır.

Dünyasını dəyişəndə ömrünün 60-cı ilinə qədəm qoymuşdu. Bu yaxınlarda isə 70 yaşı tamam oldu. Bu yaşı övladları, yaxınları artıq neçənci dəfə onsuz qeyd etdilər.

Davud Nəsibi poeziyaya da ata həsrəti gətirmişdi. “Gözüm səni axtarır” (1966), “Dağlar danışsaydı” (1969), “Məhəbbət yolları” (1973), “Anama məktublar” (1974 – Moskva), “Ürək sözsüz danışar” (1976) kitabları, “Oğullar vətənləşib”, “Qayıdın, atalar”, “Ümid qatarı”, “Yuxuda görüş” əsərlərində də o, dönə-dönə müharibəyə, onun doğurduğu faciələrə geniş yer vermişdi. Ata həsrəti, ata qayğısına, ata məhəbbətinə ehtiyac, atasızlığın doğurduğu ağrı-acı, Vətən uğrunda döyüşlərdə həlak olmuş, üzünü belə görmədiyi atanın xatirəsi önündə ağrılı fərəh, iftixar hissi də Davud Nəsibin şeirlərində təsirli cizgilərlə öz əksini tapır. Davud Nəsib özü də səmimiyyətlə etiraf edirdi ki, “Bu müqəddəs mövzudan mənim atam doğulub,onda mənim düşmənə qalib gəlmiş əsgər atam yaşayır.” 

 

Vaxtilə bu həsrətlə qələmə aldığı “Ata” şeiri vaxtı-zamanı üstələyib bu günkü dərdlərimizlə, qaçqınlığımız, köçkünlüyümüzlə necə də səsləşir:

 

Ev tikmək istədik, qaldı yarımçıq,

Yaşıl mamır bitdi daşların üstdə.

Hardasan, ay ata, hardasan? Gəl çıx,

Nə vaxtdır qalmışıq qulağı səsdə... 

 

“Dünya bir körpüdür” kitabına yazdığı ön sözdə tənqidçi Nadir Cabbarov daima Davud Nəsibin şeirlərindən boylanan bu ata həsrətini belə qiymətləndirirdi: “Davudun lirik qəhrəmanı şəhid ata yoxluğuna yenə vəfalı övlad-oğul məhəbbətilə yanan həmin o kövrək lirik qəhrəmandır. Davud Nəsibin şeirlərində çox tez-tez eşitdiyimiz bu çağırış, “Ay ata” nidası ilə əks olunan bu nisgilli haray uzaq illərin müharibə deyilən acı və sərt bir həqiqətindən baş alıb gəlir. Bu həqiqətin “qəm asılı pəncərələrindən” boylanan uşaq yaddaşı özü ilə bərabər dünyəvi kədərin, hamımızın payına düşən o bəşəri müsibətin solub-saralmayan, iliklərə qədər hopmuş acı xatirələrini də çəkib gətirir:

 

Dörd ildə qar düşdü saçlara dən-dən,

Nələr eşitmədik, nələr görmədik.

Dörd il qəm asıldı pəncərələrdən,

Dörd il bu dünyanı gülər görmədik...

 

Bu misralar isə Davud Nəsibin “Tərcümeyi-hal” şerindəndir. Onu rəqəmlərlə ifadə eləsək, onu belə də yazmaq olar: Davud Nəsib 1942-ci il avqustun 25-də Qazax rayonunda anadan olub. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra – 1959-1963-cu illərdə ADU-nun kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1956-cı ildə həmin rayonda nəşr olunan”Qalibiyyət bayrağı” qəzetində “Mənim doğma çayım – mənim Kür çayım” adlı ilk şeiri ilə başlayıb.

Həmin vaxtdan fəal şəkildə ədəbi proseslərə qoşulan Davud Nəsibin yaradıcılığı çoxcəhətli, axtarışları rəngarəngdir. O, SSRİ xalqları, eləcə də dünya ədəbiyyatından bədii tərcümələrin də müəllifidir. Macar şairi Mikloş Radnotinin “Yaralı ağılar” şeirlər kitabını ilk dəfə doğma dilimizə çevirən də Davud Nəsibdir. Tərcümələri sevə-sevə edirdi, onlara öz əsərlərinə çəkdiyi zəhmətdən az zəhmət çəkmirdi. Ədəbi materiala diqqət, sevgi bir vaxtlar onu –1978-1080-ci illərdə Macarıstana çəkib aparmışdı.

Onun yaradıcılığı o vaxtkı sovet oxucularına da yaxşı tanış idi. Əsərləri Moskvada “Sovetski pisatel” nəşriyyatında böyük tirajla çap olunmuşdu. “Anama məktublar” (1974), “Ocaq daşları” (1981) şeirlər kitabları belə uğurlu ədəbi nümunələrdəndir.

Davud Nəsibin həyatında, yaradıcılığında Azərbaycan Televiziyası da böyük rol oynayıb, bir müddət – 1966-1969-cu illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor vəzifəsində çalışıb. Sonralar – 1971-1972-ci illərdə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdində ikiillik Ali Ədəbiyyat kurslarını bitirib “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında əvvəlcə ədəbi işçi, sonra təsviri sənət şöbəsinin, daha sonra poeziya şöbəsinin müdiri olub. Qəzetin o dördə böyük nüfuz qazanmasında onun yaşlı və gənc nəslə mənsub tanınmış müəlliflərilə yanaşı həm də yaradıcı, fədakar əməkdaşlarının zəhməti az deyildi. Belə qələm sahiblərindən biri də istedadlı şair, publisist Davud Nəsib idi.

O, Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, Azərbaycan komsomolu (1984) və Ümumittifaq komsomolu mükafatları laureatı idi (1986). ÜİLKGİ –nin XVU qurultayına Azərbaycandan nümayəndə seçilmişdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan LKGİ-nin Fəxri fərmanlarına layiq görülmüşdü. Az ömründə yazıb yaratdıqlarına nəzər salmaq kifayətdir: “Gözüm səni axtarır” (1966), “Dağlar danışsaydı” (1969), “Məhəbbət yolları” (19730, “Ürək sözsüz danışır”(1976), “Ümid qatarı” (1979), “Bizdən sonra yaşayanlar” (1981), “Əsrin laylası” (1982), “Azərbaycan bayatısı” (1984), “Dünya bir körpüdür” (1987), “Karvan gedir” (1991), “Cavanşir” (2000), “Cavanşirsiz məmləkət” (2002) və hələ nəşr olunmayan “Ata laylası”. 

O, harda olmasından, harada yaşamasından asılı olmayaraq bütün ruhu ilə, varlığı ilə öz yurduna, torpağına bağlı idi:

 

Vətən məhəbbətli, vətən ünvanlı

Bir ürək döyünür köksümün altda.

 

Həmyaşıdları kimi, İkinci Dünya müharibəsi illərində doğulan şairin canından o davanın ağrı-acıları heç vaxt getmədi. Müharibə qurtarsa da, onun törətdiyi faciələr uzun illər ata-oğul niskilli insanların qəlbində kök salıb yaşayırdı. Odur ki, bu faciələri yaşayanların, xüsusilə ötən əsrin 60-cı illərində ədəbiyyata gələn insanların yaddaşında, qələmində müharibə mövzusu geniş yer tuturdu. Davud Nəsibin də şeirlərinə o illərin havası hopmuşdu. Müharibədə həlak olan həmvətənlərinin, davadan geri qayıtmayan atasının və digər doğmalarının narahat ruhu onun yazılarına hakim kəsilmişdi:

 

...İndi böyümüşəm, evə baxıram,

Bir yurda bir ümid gətirmişəm mən.

Məni od içində tapıbdır anam.

Bir ata, üç əmi itirmişəm mən.  

 

Müharibədən illər keçsə də, o yalnız biganələr və manqurtlar üçün, dünyanın gələcəyinə arxa çevirənlər üçün qurtarıb başa çatır. Başqaları üçünsə müharibə elə bir faciə, elə bir fəlakətdir ki, tarixin göz yaşları ilə dolu ibrət dərsi kimi daim xatırlanır. Müharibə Davud Nəsib taleli insanlar üçün həm də bir “Tərcümeyi-hal”dır: 

 

Mənim yaşıdlarım barıt nəfəsli,

Bütün nəsillərin kövrək nəslidir.

Mənim həyat nəslim,

 Qayğılı nəslim

Bəlkə ağıl nəsli,

Ürək nəslidir.

 

Onun şeirləri xalqın ruhuna köklənən, bugünkü gəncliyin nəbzini tutan şeirlərdir. Həyat təzadlarla, zidiyyətlərlə doludur. Davud Nəsib bunları çox gözəl bilirdi. Kədərlə sevinci insanların həyatından, taleyindən kənarda təsəvvür etmək mümkün deyil.Birin də çox, birin də az. Lakin zəhmətsiz, hazır səadətin, sevincin ömrü də az olur. İnsan gərək xoşbəxtliyi öz gücü, öz istedadı, bacarığı ilə qazansın. Qarşısına çıxan şər qüvvələrə qalib gələ bilsin. Bu mənada Davud Nəsibin dillər əzbəri olan şeirləri var. Bir ata nəsihətilə “A qızlar, sevgidə tələsməyin siz” deyə gənc qızlara ünvanladığı bir şeiri həm də bütün Azərbaycan gəncliyinə, onun sabahına bir məktub da hesab eləmək olar:

 

HƏYATIN HESABSIZ HAY-HARAYINDAN

ÖMRƏ BİR HAY DÜŞÜR, BİR HARAY DÜŞÜR.

YADDA SAXLAYIN Kİ, SEVGİ PAYINDAN

HƏYATDA HƏRƏYƏ BİRCƏ PAY DÜŞÜR. 

 

GİZLİCƏ QOVRULUB HEY İÇİN-İÇİN

KİM İSƏ ÖMRÜNÜ AÇAR SƏHƏRSİZ...

HƏLƏ TƏLƏSMƏYİN, HƏR BİRİNİZÇÜN

BİR OĞLAN YOL GƏLİR SİZDƏN XƏBƏRSİZ....

 

Davud Nəsib dövrün, zəmanənin övladıdır. Bunu söyləməyə onun yazdığı şeirləri, nəsr əsərləri əsas verir. 1991-ci ildə “Karvan gedir” kitabından sonra sanki onun yaradıcılığında uzun bir fasilə yaranır. Amma az sonra iki böyük əsərlə –2000-ci ildə nəşr olunan “Cavanşir” və iki il sonra “Cavanşirsiz məmləkət” tarixi romanları ilə o, yenidən oxucuların görüşünə gəlir.

Davud Nəsib tarixə, keçmişə bağlı şair idi. Dərdin, kədərin, həsrətin ifadəsi üçün klassik ədəbiyyatdan gələn bənzətmələrdən məharətlə istifadə edir, durnaları köçəri qumru quşları əvəz edir:

 

Bəlkə dalınca mən də qaçardım,

Ürəyim çatlayıb yarılmasaydı.

Uçardım sizinlə, elə uçardım

Əgər qanadlarım qırılmasaydı.

 

Hardan uçmuşdunuz, köç etmişdiniz,

Kim saldı vətəndən sizi didərgin?

Buranı gəlməyə seç etmişdiniz, –

Buranın obası, düzü didərgin.

 

Kökündə Nizami, Füzuli, Vaqif, Zakir şeirlərinin ruhu duyulan bu həsrət nəğmələrinin Davud Nəsib dünyasında başqa bir yeri, mənası var. Yaşadığı illər və ağrı-acılar onu dəyişə bilmədi, Davud Nəsib həmişə üzünü dünyaya, insanlara tutdu.Yer üzündəki fəlakətlər, itkilər həqiqi bir şair kimi ondan yan ötmədi. Haqqın, ədalətin, sülhün, əmin-amanlığın bəşəriyyət üçün yeganə yol olduğuna şərik çıxdı, buna inandı və bir gün yenə, heç kəsin gözləmədiyi bir vaxtda uşaqlıqdan arzuladığı qatarların, yolların arxasınca düşüb getdi – 2003-cü il martın 26-da bir qəzada dünyasını dəyişdi. Amma onun içindəki “qəza” daha əvvəllər baş vermişdi...

 

Görməyib, neyləsin yazıq kasıblar...

Nemət qucaq-qucaq, var qucaq-qucaq;

Çəkir qabağına süfrədə nə var,

Hər kəs özü üçün yaşayır ancaq.

Basır üst-üstünə tamah-tamahı,

 

Tamahı olanın olmur Allahı.

Hara getməliyik, Qumru quşları?

Məni qınamayın, deyəsən tapdım:

Gora getməliyik, Qumru quşları

 

 

Bəxtiyar QARACA 

 

525-ci qəzet.- 2012.- 28 sentyabr.- S.6.