Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr

 

2011-ci ilin payızında Litva xarici ölkələrlə diplomatik əlaqələrini bərpa etməsinin iyirminci ildönümünü qeyd etdi. Ölkədə bir sıra dəbdəbəli tədbirlər təşkil olundu. İldönümü münasibəti ilə sentyabrın ortalarında Litva Respublikasının Seymində təntənəli iclas da keçirildi. 11 mart 1990-cı ildə Litvanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra təyin olunmuş Litva səfirləri və bir sıra xarici diplomatlar bayram şənliklərinə qatılmışdılar. Litva ilə dövlətlərarası münasibətləri bərpa etmiş ölkələrin nümayəndələri diqqət mərkəzində idilər. İyirmi il öncə bərpa edilmiş diplomatik münasibətlərin başlanğıcında durmuş xarici səfirlər Vilnüsdə hörmətlə qəbul olundular və onların bəziləri təmtəraqla Litvanın dövlət və hökumət mükafatları ilə təltif edildilər. Təəssüf ki, Litvanın dövlətlərarası əlaqələrinin bərpa edilməsi salnaməsində bu gün bir neçə mühüm səhifə çatışmır.

Dünyada elə ölkələr vardır ki, Litva onlarla 90 ildən artıq bundan əvvəl de-facto olaraq dövlətlərarası əlaqələr saxlayıbdır. O zaman beynəlxalq aləmdə öz yerini tutmaq və dövlət müstəqilliyini tanıtmaq uğrunda mübarizə aparan Litva üçün həmin əlaqələr çox vacib əhəmiyyət kəsb edirdi. O cür partnyor dövlətlərdən biri də Azərbaycan Demokratik Respublikası olubdur. Litva dövləti 1918-1922-ci illərdə Azərbaycan ilə yaxın və yetərincə məzmunlu əlaqələr saxlayıbdır. Buna baxmayaraq, Litva və Azərbaycan öz müstəqilliklərini bərpa etdikdən sonra bu dövlətlər arasında rəsmi əlaqələr bərpa olunmadı və 1995-ci ilin noyabr ayında yenidən quruldu. Lakin, həmin dövrdə mövcud olmuş faktiki vəziyyət, tarixisiyasi hadisələrin inkişafı, həmçinin, arxiv mənbələri sübut edir ki, Litva-Azərbaycan dövlətlərarası əlaqələri, 1918-ci ildə ölkələrimizin öz müstəqilliklərini elan etdikdən az qala dərhal sonra təşəkkül tapıbdır və 4 ildən artıq bir müddət ərzində (49 ay) davam edibdir. Bəs nə üçün həmin əlaqələr bərpa olunmadı? Görünür ki, tərəflər tərəfindən belə bir addımın atılması üçün bəsirətlik və siyasi əzmkarlıq kifayət səviyyədə olmayıbdır. Odur ki, biz bu gün tarixi yaddaşın boşluqlarını qismən olsa da doldurmaqgeniş ictimaiyyəti ölkələrimizin o dövrdəki ümumi tarixinin az tanınmış səhifələri ilə tanış etmək istərdik. Qeyd etmək lazımdır ki, bu məqalədə göstərilən bir sıra faktlar və sənədlər ilk dəfə dərc edilir.

 

Qədim əlaqələrimizin qaynaqları

 

XX əsr hadisələrinə müraciət etməzdən qabaq vurğulamaq lazımdır ki, əslində dövlətlərarası əlaqələrimizin tarixi on illərlə yox, yüz illərlə hesablanmalıdır. Belə ki, həmin əlaqələrin kökləri XV əsrə gedib çıxır. Ağqoyunlu və Səfəvi dövlətləri XV əsrin ikinci yarısı və XVII əsrin əvvəllərində bir çox Avropa ölkələri ilə, o cümlədən Böyük Litva Knyazlığı ilə geniş əlaqələr yaratmışdılar. Bu əlaqələr hər iki tərəf üçün qarşılıqlı siyasiiqtisadi əhəmiyyətə malik idi. Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423-1478) Taxtının yanında Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Roma Papalığı, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Burqundiya, Neapolitan Krallığı, Rodos, Kipr, Misir, Hindistan, Qaraman bəyliyi səfirləri ilə bərabər Böyük Litva Knyazlığının (1236-1569) nümayəndəsi də diplomatik fəaliyyət göstəribdir. Tarix elmləri doktoru, professor Yaqub Mahmudovun (1939) bu sahədə apardığı elmi araşdırmalar və ümumiləşdirmələr müəllifin Bakıda çapdan çıxmış əsərlərində öz yerini tapıbdır.

Görkəmli şərqşünas alim, tarix elmləri doktoru Sara xanım Aşurbəyli (1906-2001) isə orta əsrlər Qərb-Şərq iqtisadi və mədəni əlaqələrindən yazarkən, Böyük Litva Knyazlığı torpaqlarında, həmçinin Böyük Litva Knyazlığı ilə Polşa Krallığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış Reç Pospolita (1569-1795) federativ dövləti ərazilərində təsis edilmiş Yezuitlər ordeninin (İusus cəmiyyəti) (1540) Azərbaycanda fəaliyyətinə toxunmuşdur. Türk xalqları arasında Cizvitlər, İsa Peyğəmbər təriqətçiləri və yaxud “İsanın əsgərləri” adı ilə tanınan Roma-katolik kilsəsinin bu kişi ruhani ordeninin Litva-Polşa müvəkkilliyi XVII əsrin 80-ci illərində Gəncədə özünün ikinci dərəcəli diplomatik nümayəndəliyini açmışdı. Bir çox ölkələrdə nümayəndəliklər təsis etmiş Yezuitlər “Ad majorem Dei gloriam” (“Allahın şərəfinə”) devizi altında çalışırdılar. Odur ki, Litva dini nümayəndələri rəsmi əlaqələr çərçivəsində Gəncə ilə yanaşı Şamaxı, Bakı və Naxçıvanda da elm, təhsil və missioner fəaliyyəti ilə məşğul olublar.

Ancaq mövzu ilə bağlı olaraq orta əsrlərə etdiyimiz bu qısa ekskursu kənara qoyaq və XX əsr əlaqələrimizə qayıdaq. Çünki, əsas məqsədimiz I respublika dövrü Litva – Azərbaycan əlaqələrinin yığcam tarixiniümumi mənzərəsini təqdim etməkdir.

 

Litvalıların sığınacaq və  pənah yeri

 

Hər iki ölkə Rusiya çar imperiyasından öz bağımsızlıqlarını 1918-ci ildə elan etdilər: Litva fevral ayının 16-da, Azərbaycan isə 28 mayda. Qeyd etdiyimiz kimi, o zaman Litva-Azərbaycan rəsmi əlaqələri bu ölkələrin milli müstəqilliklərinin az qala ilk aylarında təşəkkül tapıbdır. O vaxt bunun üçün mühüm bir zəmin və vacib bir şərait hökm sürürdü. Belə ki, dövlətlərarası rəsmi əlaqələrimizin yaradılmasına aparan çıxış yolu, xalqlarımız arasında mövcud olan qədim və xeyirxah münasibətlər əsasında döşənmişdi.

Litvalıların Azərbaycanda ilk koloniyalarının təşəkkül tapması XIX əsrin üçüncü onilliyinə təsadüf edir. PolşaLitva 1830-1831 və 1863-1864-cü illərdə öz milli azadlıqları uğrunda Rusiya İmperiyasına qarşı qiyam qaldırdılar. Hər iki qiyam amansızlıqla yatırılaraq məğlub edildi. Çar rejimi tərəfindən üsyançılar və onların ailələri ağır repressiyalara məruz qaldılar. Həbslər və edamlar aparıldı. Qiyamçıların böyük bir qismi isə Sibirə, Orta Asiyaya, QafqazaRusiya imperiyasının digər ucqar vilayətlərinə sürgün edildilər. Beləliklə, Qafqazdao cümlədən Azərbaycanda ilk litvalılar məskən saldılar.

Litvalıların Azərbaycana gəlmələrinin üçüncü dalğası XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakı neft sənayesində gedən canlanmaiqtisadi yüksəlişlə bağlı olubdur. Onların çoxusu bura pullu və çörək dalınca gəlmişdilər. Lakin, gələn litvalılar sosial baxımdan yalnız fəhlə əmək qüvvəsindən ibarət deyildilər. Onların arasında çoxlu mühəndis, hüquqşünas, müəllim, həkim, dəmir yol mütəxəssisi, poçt qulluqçusu və digər ixtisas sahibləri də vardı. Belə ki, Litva ziyalıları Rusiya imperiyasının ali təhsil müəssisələrini bitirdikdən sonra etnik vətənlərində çox çətinliklə tapırdılar. Ona görə də, onların bir qismi isti və qonaqpərvər Azərbaycana pənah gətirirdi. Bununla yanaşı, çar Rusiyasının Azərbaycan ərazisində İran və Türkiyə ilə sərhəd məntəqələrində yerləşən hərbi hissələrində də xeyli litvalı xidmət edirdi.

Litvalıların Azərbaycana növbəti və daha güclü bir dalğası Birinci Dünya müharibəsinin başlanması ilə gəldi. Kayzer Almaniyası tərəfindən zəbt edilmiş Litva torpaqlarında ölüm və aclıqdan qaçan çoxlu litvalı Azərbaycanda sığınacaq tapmışdı. Bakı çörəkli şəhər olaraq, burada yaşayan bir sıra digər millətlər kimi onları da iltifat və səmimiyyətlə ağuşuna almışdı. Litva müharibə qaçqınlarının məktubları və xatirələri sübut edir ki, Azərbaycan xalqı o zaman onları mehribanlıqla qarşılayıb. Litvalılar isə çalışqan və vicdanlı millət olduqlarını az bir zaman ərzində Azərbaycanda da göstərə bildilər və burada çoxlu dost qazandılar. Bəzi litvalılar tezliklə neft sənayesi, gəmiçilik və yaxud bank sektorunda səhmdarlar qismində çalışmağa başladılar.

Litva mühacirlərinin Qafqazdao cümlədən Azərbaycanda məskunlaşmalarından bir zaman sonra, XIX əsrin 30-cu illərin ikinci yarısından etibarən azərbaycanlılar və litvalılar arasında mədəni və ictimai-siyasi əlaqə körpüləri salındı. İllər keçdikcə bu əlaqələr məzmun və ideya cəhətdən müxtəlif istiqamətlərdə qəlibləşərək genişlənməyə başladı. Həmin əlaqə formalarından birio zaman Qafqazda və Cənubi Azərbaycanda yaşamış Litva ziyalılarının yaradıcılığı vasitəsi ilə Azərbaycan mövzusunun Baltik xalqlarının ədəbiyyat və publisistikasında gündəmə gəlməsi, həmçinin Azərbaycan xalqının qədim milli-mənəvi dəyərlərinin və zəngin mədəni sərvətinin Avropa xalqları arasında tanıdılması və yayılması ilə bağlıdır. Son illər ərzində Vilnüs və Bakı arxivlərində aparılmış araşdırmalar nəticəsində bu tezisi açıqlayan və təsdiq edən yeni faktlar və sənədlər üzə çıxarılıbdır. Amma indi onlar haqqında danışsaq zənnimizcə, bu yazının mövzusundan kənara çıxmış olardıq. Ona görə də, o barədə ümumiləşdirmələrin təqdimatını hələlik başqa vaxta saxlayaq.

1905-ci il inqilabı fırtınalarının nəticəsi olaraq, çar Rusiyasının monarxiya üsul-idarəsi ölkədə yeni islahatların keçirilməsi ilə bağlı bir sıra güzəştlərə getməyə məcbur oldu, o cümlədən Rusiya imperiyasında yaşayanhüquq bərabərliyi tələb edən qeyri-rus xalqların təqib olunmasını, ögey-doğmalıq edib onların əzilməsini bir balaca yüngülləşdirməyə vadar edildi. Qafqazda yaşayan digər xalqlar kimi, litvalılara da milli icmalar çərçivəsində təşkilatlanmağa, etnikdini özgünlüklərini qoruyub saxlamağa, maarifçiliklə məşğul olmağa və milli-mədəni dəyərlərini yayımlamağa icazə verildi. 1906-cı ildən başlayaraq litvalıların təkcə Bakıda və Gəncədə yox, həm də Gürcüstanda (Tiflis, Batumi), müasir Türkiyə və Ermənistan ərazilərində (Qars, Sarıqamış, Aleksandropol), Şimali Qafqazda (Qroznı, Stavropol, Armavir) müxtəlif yönümlü milli təşkilatları fəaliyyətə başladı.

 

Litva müstəqilliyinin simurq quşları

 

Litva milli cəmiyyətlərinin belə geniş təşkilati şəbəkə çərçivəsində fəaliyyət göstərməsi, həm də 1917-ci ilin dekabr ayında Tiflisdə Qafqaz Litvalıları Şurasını təsis etməyə imkan və əsas yaratdı. Bu Şura Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqazda fəaliyyət göstərən Litva milli təşkilatlarını özündə birləşdirirdi. Qafqaz Litvalıları Şurasının təsis edilməsi litvalıların 18-23 sentyabr 1917-ci ildə keçirilmiş Vilnüs konfransında qəbul edilmişbütün Litva xalqı üçün taleyüklü əhəmiyyət daşımış tarixi bir qətnamə ilə birbaşa bağlı olubdur. 214 nümayəndənin iştirak etdiyi həmin Vilnüs konfransında Litva Şurası (litvaca Lietuvos Taryba:-M.H.) yaradıldı. Litva Şurası məqsəd və mahiyyət etibarı ilə 1918-ci ildə Tiflisdə Zaqafqaziya Seyminin Müsəlman fraksiyası əsasında yaradılmış Azərbaycan Milli Şurasına çox yaxın bənzəri olan bir müvəkkillər orqanı idi. Şura Litvanın müstəqillik əldə etməsini qarşıda başlıca məqsəd olaraq qoyduğunu elan etdi.

Xatırlamaq lazımdır ki, sözügedən konfrans kayzer Almaniyası tərəfindən işğal şəraitində və ən ciddi nəzarət altında keçirilmişdi. Buna görə də, Litva Şurası üçün xaricdə fəaliyyət göstərən milli təşkilatlarla əlaqə qurmaq və Müstəqilliyin elan edilməsinə onların hərtərəfli dəstək vermələrini təmin etmək işi xüsusilə vacib əhəmiyyət daşıyırdı. Bir qədər sonra Litva Şurası xaricdə yaşayan həmvətənlərdən məhz belə bir yardımı aldı. Bunun üçün Şuranın təşkilatçılığı ilə və xarici ölkələrdə fəaliyyət göstərən Litva təşkilatları şuraları təmsilçilərinin iştirakı ilə iki beynəlxalq konfrans təşkil edildi.

 

(Ardı var)

 

 

Mahir HƏMZƏYEV

 

525-ci qəzet.- 2012.- 7 yanvar.- S.29.