Məhəmməd Əmin Rəsulzadə
Nəşrin
redaktorları:
prof. Şamil Vəliyev
və elmi
işçi
Samir Mirzəyevdir.
Əsərləri
Üçüncü
cild
(1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının
ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin
banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii
publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914)
2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə
dövri mətbuatda dərc olunmuş əsərlərinin III
cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli
ötən şənbə saylarımızda)
İmdiki əhdlər
Bolqariyanın
Serbiya ilə müharibə halında olduğu rəsmən
elan olundu və Makedoniya çətəçiləri haman
Serbiya torpağına saldırdılar.
İkinci Balkan
müharibəsindən sonra Serbiya ilə Bolqariya arasında
mövcud olan ittifaqnaməyə görə bolqarlar əllərində
silah olaraq Serbiyayi müdafiə etmək məcburiyyətində
ikən teleqraflar bunun əksini göstərən bir xəbər
gətirdilər. Yunan özünün Serbiyaya kömək etmək
məcburiyyətində olmadığını söyliyor.
Diyor ki,
Yunanıstan ilə Serbiya arasındaki ittifaqnamə
balkanlılar arasında çıxacaq müharibəyə
aiddir. İmdiki halda isə Serbiya üzərinə yalnız
Bolqariya degil, Almaniya və Avstriya qüvvələri dəxi gəliyor.
Buna görə də Yunan hökuməti özünü adətən
Serbiyaya kömək etmək məcburiyyətində
görmiyor.
İnsanın
bir şeyə meyli olmadıqda heç bir əhdnamə onu bu
işə vadar edəməz. Çiy süd əmmiş insan
oğlu verdigi sözü anmaq qəsdinə düşüncə
hər zaman bir bəhanə tapar. Yunanıstanın bəhanəsi
də şübhəsiz ki, öylə çiy süd əmmişlərin
bəhanəsindəndir. Fəqət dünki nüsxəmizdə
“İki od arasında” ünvanı ilə nəşr etdigimiz
mütaliəni oxumuş olanlar bilirlər ki, Yunanıstan bu
surətlə hərəkət etmək üçün
çox da haqsız degildir. Əlbəttə, Yunanıstan istərdi
ki, Bolqar kimi bir düşməninə qarşı Serbiya kimi
təbii bir müttəfiqindən məhrum olmasın. Fəqət
nə etsin giriftar olduğu tərəddüdlü hal və
övza onu bu yolda qəti bir hərəkətdə bulunmaqdan
saxlayır.
Hissiyyat və
vicdan heç şübhəsiz ki, Yunanıstanı müttəfiqi
Serbiyaya kömək etmək tərəfinə
çağırıyor.
Fəqət
hazırdakı əhval ilə maddi mənfəət onu
böylə bir “risq” etməkdən saxlıyor.
“Siyasətdə
hissiyyat yoxdur” sözü ağızlarda məşhurdur.
Böyük müharibədəki təcrübələrlə
ağızlarda gəzən sözlər arasından ən
doğru çıxanı şübhəsiz ki, bu
sözdür.
Bir kərə
diqqət edilərsə, görüyoruz ki, əhdindən
qaçan yalnız yunan degildir. Bu böyük müharibə
zatən başdan-ayağa əhdi-şikənliklərdən
ibarət degildirmi?... Alman ordusu dəmir ayağını
Belçikanın zəif sinəsi üzərinə qoyarkən
özünün də imza etmiş olduğu Belçika bitərəfligini
təmin edən əhdnaməyi “bir kağız
parçası” deyə yırtıb atmadımı? Fəqət
siyasi düşünülüb də hissiyyata qapılmasaq,
bu işi ilk dəfə olaraq yalnız almanlarmı
yapdılar? Bütün Avropa Türkiyə tamamiyyəti-mülkiyəsini
təəhhüd etməmişmidi? Sonra Ədirnəyi
bolqarlara vermiş olan böyük dövlətlər Ənvər
Paşanın təkrar oraya girməsilə özlərini bir əmri-vaqe
qarşısında sanmadılarmı? Balkan məsələsində
imdiki halda belə dil-dodaq çeynəyən İtaliya
dövləti otuz iki ildən bəri müttəfiqi olan
Avstriya və Almaniyaya qarşı elani-hərb edərək
üçlü ittifaqdan çıxmadımı?
Bütün əhdi-şikənliklər
icra olunurkən baxırsan ki, bir bəhanə bulunur. Əhdnamənin
maddeyi-məxsusəsi arzu olunur bir yolda təfsir olunaraq icra
olunan haqsızlığa xüsusi bir həqqaniyyət rəngi
verilmək istənilir.
Dövlət ilə
xəlq arasında mövcud olan yazılı qanunlar, qanuni-əsasilər
üçün deyirlər ki, onlar bir məmləkət
daxilində olan müxtəlif qüvvələrin biri-birinə
qarşı tənasübündən hasil olan müvazinənin
fotoqrafiləridir. Məmləkətdə qüvvətlərin
tənasübi dəgişdimi, qanunlar da dəgişməlidir.
Xoşluqla dəgişilməzsə, haman bir ixtilal və
inqilabla dəgişər. Eyni qaidəni dövlətlər arasında
olan münasibətlərlə əhdnamələrə də
tətbiq etmək olar. Əhdnamələr dövlətlər
arasında mövcud olan əskəri və siyasi qüvvətlərin
müvazinəsini göstərir birər əkslərdir.
Müvazinə dəyişincə
şübhəsiz ki, o əkslərin qiyməti də
düşəcək. Yunanıstanın Serbiyaya qarşı
göstərməkdə olduğu əhdsizlik də iştə
dəgişilməz olan bu qanunun yeni cilvəsindən başqa
bir şey degildir.
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 6 oktyabr 1915, ¹4
Xristian olmayan dəva
vəkilləri həqqində
Rus və xristian
olmayan Rusiya təbəələrindən ötrü Rusiya
qanunlarında bir çox hədd və hüdudlar qoyulduğu
və xristian olmayanların bəzi həqlərdən məhrum
qılındığı məlumumuzdur.
Bu məhrumluqlardan birisi də xristian
olmayan dava vəkillərinə aiddir. Keçənlərdə
Dövlət dumasının müsəlman fraksiyası ilə
bərabər bəzi müsəlman heyətləri daxiliyyə
nəzarətinə müraciətlə müsəlman vəkillərini
bir çox müşkilata salan bu həddin müsəlmanlar
üzərindən götürülməsini tələb
etmişlərdi. Bu günlərdə Petroqrad agentəsi vasitəsilə
gələn bir teleqrafdan anlıyoruz ki, ədliyyə vəziri
hüzurunda iclas edən bir məclisdə yəhudi və
müsəlman vəkillərinə aid olan bu məsələ
müzakirəyə alınıb bu xüsusda müəyyən
bir qərar veriləcəkdir.
İş burasındadır ki, imperator
ikinci Aleksandr zamanında məhkəmələr həqqində
nəşr olunan nizamnaməyə görə
darülfünunun hüquq şöbəsindən qurtaran
zatlar millət və məzhəb fərqi olmadan dava vəkilligi
silkinə girmək istədikləri təqdirdə okrujnoy
sudlarda və ya prisyajni cəmiyyətlərə ərizə
verərək o surətlə təsdiq olunarlardı. Fəqət
Rusiya ali idarələrində hökmü-fərma olan
ruslaşdırmaq politikası və yəhudi əleyhdarlığı
təsirilə sonradan bu nizam təğyir olundu.
1889-cu ildə böylə bir qərar
verildi ki, xristian olmayan millətlərdən vəkillik silkinə
girmək istəyənləri gərək ədliyyə vəziri
özü bizzat təsdiq eləsin. Bu qanunun nəşrindən
məqsəd ələlümdə yəhudi vəkillərin ədədini
əskiltmək idi. Necə ki, bu qanundan sonra vəzirə
müraciət edən yəhudi
hüquqşünaslarının cüzi bir qismi təsdiq edilər.
Edadi məktəblərdə oxuyan yəhudi uşaqlarından
ötrü prosent göstərildigi kibi burada xristian vəkilinə
müqabil ancaq beş yəhudidən artıq təsdiq
olunmamaq şərtdir.
Fəqət ibtidada yəhudilər əleyhinə
hazırlandığı iddia olunan bu qanun nəticə
etibarilə müsəlmanları da, xristian olmadıqları
üçün haman təzyiq etməgə başladı. Son
zamanlar ali məktəbləri bitirməkdə olan
cavanlarımız arasında hüquqyunumuz da gündən-günə
artır. Fəqət bu din ayrılığı güdən
qanun əhalinin hüququnu müdafiəyə hazırlanan
cavanlarımızı haman sıkmaya başlıyor.
Biçarə cavanlar aylar və bəzən illər ilə
gözləyərək qalmalıdırlar, tainki vəzarət
tərəfindən vəkillikləri təsdiq olunsun.
Fəqət xristian olmayan
hüquqşünaslar bu təsdiq məsələsindən
başqa dəxi bəzi ixtiyarsızlıqlara
düçardılar ki, bunların hamısı şübhəsiz
ki, hüquq üzərinə müstənd bir məmləkətdə
olmasın gərək.
Ədliyyə nəzarətincə
müzakirəyə qoyulan bu məsələnin nə yolda həll
ediləcəyi məlumumuz degildir.
Fəqət hazırki əhvalın təsiri
və zamanın göstərdigi təcrübə bəlkə
məsələnin arzu olunur bir surətdə həllini ədliyyə
vəzarətində əql-əqlə verən məşrutəçilərə
təlqin edər.
M.Ə.
“Açıq söz”, 7 oktyabr 1915, ¹5
Müstəmənd – zavallı, yazıq
Ehtiyaclarımız
“Müsəlmanların ehtiyacı nə isə
bana söyləyiniz!” – deyə böyük knyaz Nikolay
Nikolayeviç həzrətləri görüş əsnasında
Şeyxülislam həzrətlərinə iltifat etmişlərdir.
Zatən Biləcəridən keçərkən kəndilərini
istiqbal edən müsəlman nümayəndələrinə
də izhar buyurmuşlardı.
Bu münasibətlə bir az
ehtiyaclarımızdan danışmaq istiyoruz.
Qaranlıq və avamlıqda qalan xəlqimizin
işıqlanıb da zamanın tərəqqisi ilə
münasib bir yaşayışa layiq olması yalnız müsəlmanların
degil, hökumət və dövlətin də mənfəətləri
iqtizasındadır. Keçirdigimiz böyük imtəhanlar
zatən bu xüsusda şübhə yeri buraxmadı.
Xəlqin işıqlanması
üçün ibtidai məktəblərin artması və
bu məktəblərin mümkün olduqca xəlqin ruh və
adəti ilə müvafiq olması heç şübhəsiz
ki, ən əvvəlinci şərtdir. Demək ki, ən
birinci ehtiyacımız ibtidai məktəblərin artması və
milliləşməsidir. Bunun üçün də bu məktəblərin
proqramları düzəlib artmaqla bərabər, idarələri
də öylə bir əsasa bağlanmalıdır ki, xəlq
ilə əlaqəsi və cəmaət arasında hörmət
və etibarı olan cəmiyyətlərlə münasibətdar
olsun.
Fəqət xəlqi həm təsis olunan
bu məktəblərə rağib qalmaq, həm də məktəb
yaşında olmayan xəlqi həqiqi mədəniyyət və
tərəqqi nemətindən məhrum etməmək
üçün ruhaniyun qismini tərbiyə etmək
lazımdır. Kəndlərimiz, hətta şəhər və
qəsəbələrimiz mütəəssib və burnunun o tərəfini
görməyən çox kərə də əxlaq degilən
şeydən uzaq bulunan cahil mollalar əlində olduqca, məktəblərin
kamili-müvəffəqiyyəti şübhəlidir. Demək
ki, mollaların qiyməti-şəxsiyyələri xəlqimizin
tərəqqi və təməddünü nöqteyi-nəzərindən
böyük bir əhəmiyyətə malikdir. Şübhəsiz
ki, yeni elmlərdən bəhrəsiz, dünya və aləmdən
xəbərsiz olan bir molla yeni üsul məktəbləri
özünə rəqib görüyor və xəlq
arasında köklənmiş avam fikirliləri tərvicinə
ruhani bir zövq duyur. Ehtimal bunların arasında xəlqi
olduğu bərbad halında saxlarkən ən səmimi
düşünənləri və gördüyü işləri
ən müqəddəs bir əmr sayanları da yox degildir. Həqiqətən
də intihası köhnə sxolostik məktəb fəlsəfəsinə
müəyyən aydınlanmış bir molla hardan bilsin ki,
zaman artıq ölmüş, getmiş qədim Yunan
filosofları ilə degil, kantların, nisşelərin
duyğu və düşüncələri ilə
yaşamağa üz qoymuşdur.
Bu surətdə xəlqi zülmətdən
nura çıxarmaqda olan zamana kömək etmək
üçün xəlqin üzərində böyük təsiri
olan mollaları aydınlandırmağa səy etmək
borcumuzdur. Bunun üçün də ali ruhani bir darulmüəllimin
təsisi şübhəsiz lazımdır. Demək saf əsasları,
elmin ən lüzumlu binalara və zamanın ən gərəkli
ehtiyacları üzərinə dayanan faydalı bir
proqramına təsis olunan bu darülmüəllimin
idareyi-ruhaniyəmizə lazım olan mollalar yetişdirəcək,
buradan çıxacaq mollalar məlumdur ki, artıq
halvaxorluqdan və “əməleyi-mövtiyə”likdən xilas
olaraq həqiqi xəlq müəllimi və mollası
olacaqlardır.
Fəqət mollanın cəmaət nəzərində
etibarı və əhəmiyyəti olmaz və cəmaət
onu sevməzsə, öylə bir molla nə qədər alim və
fazil də olsa, öhdəsinə tapşırılan işi
yaxşılıqla görə də bilməz. Buna görə
də mollalar və ruhani rəislərlə xəlq
arasında mənəvi bir rabitə bulundurmaq
üçün ruhanilərin cəmaət tərəfindən
intixabı böyük və kəskin bir ehtiyac halını
almışdır.
Fəqət gərək darülmüəllimini-ruhaniyyənin
təsisi və gərək xəlq tərəfindən
seçilən mollaların, yenə xəlq tərəfindən
seçilmiş idarei-ruhaniyyə tərəfindən
maaşlarının verilməsi üçün müəyyən
bir gəlirimiz olmalıdır.
Bu gəlir də yox degildir. Məlum
olduğu üzrə Qafqasiyadaki müsəlman mövqufələri
istifadə olunmayıb əmanət surətilə xəzinədə
yatıyor. Mövqufənin və idarə və məsrəfi
müsəlmanlar tərəfindən seçilən idareyi-ruhaniyyələrə
verilərsə, darülmüəlliminin də xərci
mollaların da maaşı təmin edilmiş olur.
Yuxarıdan bəri zikr etdiklərimizi
xülasə edərsək ehtiyaclarımız
aşağıdakı dörd maddə şəklini alar:
1. İbtidai məktəblərin
yayılması və milliləşməsi.
2. Ali mədrəsəyi-ruhaniyyə
(Darülmüəllimin).
3. Ruhanilərimizin cəmaət tərəfindən
intixabı.
4. Mövqufəti-islamiyyənin
özümüzə qaytarılması.
Şübhəsiz ki, burada bəyan etdiklərimiz
maddələrin hər biri bəlli-başlı bir mövzu
olub əsaslı bir şərh və bəyana
möhtacdır.
Hələlik bu qədər.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 9 oktyabr 1915, ¹6
Rağib – rəğbət göstərən
Bahalıq və
qəhət
Müharibənin ayrılmaz
yoldaşları: bahalıqla qəhət. Bütün
dünyaya ərzaq verən böyük Rusiyanı bu gün
bahalıq və ərzaqsızlıq əndişəsi
tutmuşdur. Daxiliyə vəziri Xvostov qəzetələr
vasitəsilə vaqe olan bəyanatında bahalıq və ərzaqsızlıq
məsələsini dövlətin həll edəcək ən
birinci məsələsi yerində qoymuş, həm həqiqətən
də öylədir. Petroqrad, Moskva və sair böyük
şəhərlərdə imdiki halda çörək, qənd,
cövhəri – neft, odun və sair zəruri maddələr adətən
tapılmayır. Çörəkçi
dükanlarının qabağında xəlq məşhur rus
xanəndəsi Şalyapinin konsertinə bilet alan kibi cərgəyə
duruyorlar. Adama iki girvənkədən artıq çörək
satılmayır. Bir əmələ adətən bir gün
çalışıb da ikinci gününü çörək
almağa sərf etməlidir. Movskada, Petroqradda adamları
olanlar bayramlıq tövhə olaraq yaxınlarına iki girvənkə
qənd ilə 5 girvənkə neft cövhəri göndərməyi
ən münasib görüyorlar.
Tiflis dəxi böyük Rusiya şəhərlərinin
kökünə düşməkdədir. Burada da
çörək, qənd və neft cövhəri
yavaş-yavaş asari-ətiqə hökmünə giriyor.
Əcəba, böyük şəhərlərdə
tapılmayan bu şeylər Rusiyada qurtarmışmı? Yox. Qəzetələrdə
oxuyuruz ki, Moskvada çörək tapılmadığı
halda, Ufa quberniyası buğdanın əlində acizdir. Putu
50 qəpiyə nerəyə aparacağını bilmiyor.
İrana bələd olanlar biliyorlar ki,
qış gəlincə daima şəhərlərdə
çörək azalır. İl yoxdur ki, çörəkçi
dükanlarının qabağı imdi Rusiyada olduğu kibi cəmaətlə
dolmasın. Bunun ən ümdə səbəbləri
İranın yolsuzluğudur. Çox oluyor ki, Təbriz acından
yarı torpaqla qarışıq çörək yemək məcburiyyətində
ikən, məsələn, Sərab firovanlıq içində
dolanıyor.
Nədir yolları qar basmışda karvan
gələ bilmiyor. Bundan istifadə edərək möhtəkir
ambardarlar da ambarların ağzını bərk qapayorlar.
Məlum işdir ki, hər hankı mədəni
bir dövlətdən dəmir yollarını götürsəniz,
halı İranın halına bənzər. İştə,
müharibə bizi bu xüsusda görünüyor ki, İrana
çatdırmışdır.
Doğrudur, dəmir yolları xarab edilməmiş,
aradan qalxmamışdır. Fəqət müharibə
ehtiyaclarına işlədigindən malü-ticarə
daşımaq üçün bir növ yox olmuş deməkdir.
Yol məsələsi tənzim olsa və lazım olan şeyləri
daşımaq üçün vasitə bulunarsa heç
şübhəsiz ki, çaar ətrafı meşə olan
paytaxtlar odunsuz qalmazlardı.
Fəqət görünüyor ki, hər
şeyi müharibə zamanının fövqəladəliyi
ilə izah etmək də o qədər doğru degildir.
Petroqrad qəzetələrində oxuyuruz ki, daxiliyə vəziri
Xvostov diqqət edərək ögrənmiş ki, Petroqrada gələn
vaqonlar ərzaqdan əvvəl başqa az lazım olan şeylər
daşıyorlar. Demək idarəsizlik və sui-müamilə
məmləkətə yolsuzluqdan da çox zərbə
vuruyor.
Müharibə zamanından istifadə ilə
milyoner olanların ədədi gündən-günə
artıyor. Adları-sanları bəlli olan möhtəkirlər
dövlətləndikcə dövlətləniyorlar. Müəyyən
şəxslərin başına adətən altun
yağıyor.
Hökumət hər zaman bahalığa
qarşı tədbir görmək istərkən
görülüyor ki, xırda tüccarlardan başlıyor.
Çörəkçilərə təksa qoyulur, halbuki,
unçular gundən-gunə kisənin üstünə gəliyorlar.
Şübhəsiz ki, bu hala intəha vermək
imkan daxilində olmasa da bunu şəddindən saxlamaq
mümkündür. Fəqət cəsarət və qüvvət
istər ki, yalnız ticarət aləminin zəifləri degil,
qüvvətliləri də tənbehə olunsunlar.
Dəmir yollarını tənzim və zəruri
maddələr satan böyük tacirlərin qiymətlərini
təhqiq etmək surətilə hökumətin bu xüsusda, əlbəttə
işə bir köməgi dəgə bilər. Fəqət ən
çox bu cəhətləri düşünüb də
çarəsinə qalan yenə cəmaət özü və
cəmaət müəssisələri olmalıdırlar.
Bakı bu vəqtə qədər
yuxarıda təsvir olunan yoxsulluqları görməmişdir.
Fəqət bu günlərdə görülən əhval
yaxında bizim də böylə bir günə mübtəla
olacağımızı göstəriyor. Unçular gün
yoxdur ki, qiymətin üstünə gəlməsinlər.
Artıq çörəkçilərə də un satmaq istəmiyorlar,
bəzi dəgirmanlar adətən buğdasız
qalmışlardır. Qismi-məxsusimizdə
yazıldığı vəchlə Skoblev Rostovdan teleqraf
çəkərək bildiriyor ki, Bakıya ərzaq və
buğda göndərmək üçün vaqon vermiyorlar. Hələ
su yolu Hacıtərxan bağlandıqdan sonra bu cəhət
daha şiddətli bir surətdə hiss olunacaq. Bu cəhəti
şəhər idarəsi çoxdan düşünməli,
çarəsinə baxmalı idi.
Fəqət şəhər tərəfindən
seçilən ərzaq komissiyonunun bu yolda gördügü təşəbbüsdən
yeganə bir əsər olaraq ancaq əlli vaqon un
aldığı qəzetələrdə görüldi.
Hər halda gərək şəhər
idarəsi, gərək hökumət adamları Bakının
qışını nəzərə alıb, burasını ərzaq
tərəfindən təminə var qüvvələrilə
çalışmalıdırlar. Bakı xəlqinin mənafeyindən
əlavə Bakı neftinin bütün dövlətcə olan
əhəmiyyəti dəxi bunu tələb etməkdədir.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 11 oktyabr 1915, ¹7
Müsəlman dəva
vəkilləri həqqində
Dün alınan teleqraflardan
anlaşılır ki, daxiliyə vəziri Xvostovun pişnəhadına
görə, ədliyə vüzarəti tərəfindən
bütün okrujnoy məhkəmələrə əmr
olunmuşdur ki, bundan sonra müsəlman dəva vəkillərini
başqa vəkillərlə bərabər olaraq vəkilligə
qəbul eləsinlər.
Bu məsələ həqqində neçə
zamandan bəri vüzarətlərdə şura olunurdu. Bu şura
münasibətilə “Açıq söz” dəxi bəzi məlumat
vermişdi. Məsələ bundan ibarət idi ki, hüquq
şöbəsindən qurtaran cavanların vəkillik silkinə
daxil olmaları sadə bir ərizə verməgə
bağlı ikən, müsəlman vəkillərini xristian
olmadıqları üçün ədliyə vəziri
özü qəbul etməlidi.
Qeyri-xristian vəkillər
üçün böylə hüdud təyin edərkən
hökumət adamları düşünüyorlar ki, bununla
rus məhkəmələrini qeyri-xristianların
istilasından saxlasınlar. Fəqət əslində
hüquq üzərinə qurulan bir məmləkətdə
çəkilməyən böylə bir əsas belə
müsəlmanlara gəlincə bir məntiqsizlik təşkil
ediyordu. Çünki 25 milyonluq xəlqə nisbətlə
sayları 30-a varmayan müsəlman vəkillərinin rus məhkəmələrini
istilasından bəhs etmək əlbəttə, gülünc
idi. Fəqət nə edərsən ki, gərək məmləkətdə
və və gərək mənsub olduqları millət və
cəmaət arasında hüquq əsaslarını nəşr
etmək istəyən bir çox cavanlarımız bu
gülünc məntiqin fədası olub vəkillik silkinə
hazırlanmıyorlardı. Bu gün
hüquqşünaslarımız barmaqla sayılacaq dərəcədə
azsalar, səbəbi iştə bu idarə
sıkıntısıdır.
İmdi görünüyor ki, məmləkətin
böylə mühüm bir zamanda daxili əhvalın gözəl
surətdə idarəsi üçün daxiliyə vəziri
müsəlman vəkilləri həqqində mövcud olan bu
haqsızlığın qalxmasına lüzum
görmüş və bunu ədliyə vüzaratından istəmişdir.
Hər hankı bir məmləkət, qələmrovunda
yaşayan bütün təbəələrində həqiqi
və səmimi vətəndaşlıq hissiyyatı bəsləmək
üçün əhalisini hüquqlu və hüquqsuz qismlərə
bölməməlidir. Bunu hökumətlər və idarələr
həqqində mövcud tərəqqipərvər nəzəriyyələr
qəbul etdigi kibi, hər bir nəzəriyyədən daha
müəssər və daha qüvvətli olan zaman da isbat
etdi. Sağlara mənsub olmasına nisbətlə parlaq bir
proqramla meydana çıxan Xvostov görünüyor ki,
zamanın göstərdigi ehtiyacları az da olsa nəzərə
almaq niyyətindədir. İştə, neçə zamandan bəri
həlli düşünülüb də hər zaman həll
olunmaz bir surətdə qalan yuxarıdakı məsələnin
həlli dəxi bu niyyətin mövcud olduğuna bir dəlildir.
Vəzir cənabları bu niyyətlərində ciddiyyət
göstərib müsəlmanları təzyiq edən digər
bir çox idari haqsızlıqlardan daha azad edərsə, həm
məmləkətə, həm də müsəlmanlara
böyük xidmət etmiş olar.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 12 oktyabr 1915, ¹8
Qələmrov – idarəsi altında olan
Müəssir – amil, iş görən
Berlin – Bağdad
Birinci Balkan müharibəsi
qurtarmışdı. Türklər basılmış,
kiçik Balkan dövlətlərinin qurtu ulamışdı.
Qalibiyyət nəşəsi ilə sərməst olan
balkanlılar böyük Balkanıstandan dəm
vuruyorlardı. İslav aləmi ilə üçlü etilaf
bayram tutuyordu. Çünki almanların Asiyanı səğiriyə
tərəf icra etmək istədikləri axıntının
önü alınmışdı. Çünki irəlidə
üçlü etilafın böyük bir rüknünü
təşkil edəcək “Balkanistan” vücudə gəlmişdi.
İşin böylə bir nəticə ilə
qurtaracağını bir növ xəyala gətirməyən
alman siyasiləri həmən əl-ayağa
düşmüş, Balkan ittifaqını pozuşdurmağa
qoyulmuşlardı. İkinci Balkan davası
çıxmış, islavlıq və xristianlıq naminə
birləşən balkanlılar öldürdükləri
şirin dərisi üstündə qovğa
çıxarmışlardı. Bu qovğa
“Balkanıstan”ın böyük və qüvvətli bir
rüknünü təşkil edən Bolqarıstan əzilmiş,
kiçilmiş və Bukreş müahidənaməsincə
illərdən bəri bəslədigi əməllərindən
və ilk müharibədə sərf etdigi əməklərindən
ayrılmaq surətilə sinəsi dağlanmışdı.
Bu dəmlərdə idi ki, bəzi alman
mühərrirləri dövlətlərinin göstərdigi zəifi
tənqid edib Türkiyəyi əldə silah olaraq müdafiəyə
çıxmadığı üçün gərək
Almaniya və gərək Avstriya siyasilərini
qamçılayorlardı. Onlar Balkan müvazinəsinin
pozulması ilə Avropa müharibəsinin
çıxacağını mühəqqəq görüyor
və bunu təxir etdirməkdən bir faidə gözləmiyorlardı.
Bunun üçün də Berlin ricalini cəsarətsizlikdə
ittiham ediyorlardı. Daha o zamanlarda idi ki, alman mühərrirlərindən
birisi “Berlin – Bağdad” adı ilə bir kitab nəşr
etmişdi. Bu kitabında alman siyasi mühərriri nemes
dövlətlərinin Avropanın mərkəzində vaqe
olmaqla müşkül bir mövqedə qaldıqlarını
söyliyor və gündən-günə böyüməkdə
olan Almaniyanın dünyanı bölüşmüş olan
qüvvətli qonşular ortasında hasarlanmış bir surətdə
qaldığını təsvir ediyordu. Balkanıstan
ittihadından və Türkiyənin zəif
düşüdügündən sonra nemes dövlətlərinin
dörd tərəfini düşmən sarmış oluyor –
deyə məzkur alman mühərriri Bismarkın
“Almaniyanın vəzi öylədir ki, bir top atmadan basıla
bilər?” sözünü təkrar ediyordu.
Böylə çar ətrafından
mühasirədə qalmaq dəhşətindən titrəyən
mühərrir, kitabının böyük bir fəslində
etilaf dövlətləri ilə ittifaq dövlətlərinin
maddi və əskəri qüvvətlərini biri-biri ilə
tutuşdurub Almaniya üçün qorxuyordu. Müttəfiqimiz
İtaliyaya inanmaq mümkün olmaz diyordi ki, bu mühərrir
peyğəmbərlik edərək ən müşkül bir
zamanda İtaliyanın nemsə dövlətlərindən
ayrılacağını qərib bir surətdə xəbər
veriyordu. Fəqət eyni zamanda İtaliyanın lazım olan vəqtdə
Almaniya və Avstriyadan ayrılan cağından o qədər
təlaş etməyərək məzkur alman mühərriri
biləks, hər nə qədər tez olursa, İtaliyadan sərfi-nəzər
etməyi öz siyasilərinə tövsiyə ediyor: bunun
yerinə Türkiyə ilə ələni bir ittifaq
bağlamağı ciddən təklif eliyordu.
1913-cü ildə yazılmış olan bu
kitabın sahibi ümumi Avropa müharibəsində etilafa
qarşı çıxarılacaq ən təbii
ittifaq-alman-macar-türk ittifaqını buluyordu. Almaniya siyasiləri
Türkiyə ilə əl-ələ verdikdən sonra
aradakı Balkan dövlətlərindən ibarət olan haili
qaldırmalı və İstanbula yol açaraq böyük
“Berlin-Bağdad” hökuməti vücudə gətirməlidir.
Berlin ilə Bağdad bilavasitə biri-birinə vəsl edilərsə,
o zaman nemes dövlətləri kəndilərini sarmış
olan düşmən həlqəsindən qurtarmış
olarlar. O zaman Türkiyə möhtac olduğu təşkilat
qüvvəsini Almaniyadan, Almaniya da gərəgi olan təbii
maddələri Türkiyədən alaraq, mütəqabilən
faidə görürlər.
Berlin-Bağdad siyasətindən bəhs edərkən
məzkur mühərrir bu planın vücudə kəlməsilə
İngiltərənin də, Rusiyanın da, Fransanın da
Şərqdəki nüfuzlarına böyük zərbələr
endiriləcəgini söyliyor və Almaniya üçün
bundan böyük, bundan doğru və bundan irəli bir siyasət
olmayacağını dəlillər və sübutlarla
göstəriyordu.
Kəndisindən bəhs olunan alman mühərririnin
İtaliya həqqində söylədigi ilə təfsilinə
girişmək istəmədigimiz digər bir çox
mülahizələri on beş aylıq müharibə əsasında
həmən görülmüş oldu. Bilxassə İtalya həqqində
söylədigi bütün cüziyyatı ilə doğru
çıxdı. İştə, ən zor qüvvəsini
Serbiya üstünə yığıb da İstanbula doğru
yürüməkdə olan alman ordusunun məqsədi iştə
bu Berlin-Bağdad siyasətini sözdən işə
keçirmək üçündür.
Berlini Bağdada vəsl etmək
üçün düşünən yalnız qəzetə
mühərriri degil, Almaniyanın ən binam əskərləri
də bunu düşünmüşlərdir. Keçənki
sayımızda Türkiyə ordusunu islah edib də
hal-hazırda dəxi türk ordusunda bulunan “Müsəlləh
millət” əsərinin sahibi Fon-der-Qolç paşanın
bir layihəsi dərc edilmişdi. Bu layihə dəxi
yuxarıda zikr olunan kitab kibi eynilə “Berlin-Bağdad siyasəti”
ruhu ilə yazılmışdır. Bakalım ruzigar bu qədər
ümidlər bəslədikləri İstanbul səfərinə
almanları müvəffəq edə biləcəkmi?...
İstədiklərinə müvəffəq
olurlarsa, o zaman heç şübhəsiz ki, almanlar
düşündükləri kimi Berlini Bağdada vəsl edərək
bir çox müvəffəqiyyətlər əldə edəcək
və bulunduqları mühasirə halından doğrudan da
qurtaracaqlardır.
Fəqət Berlinin bilavasitə Bağdada
gələcəginin nə demək olduğunu yaxşıca dərk
edən müttəfiqlər şübhəsiz ki,
bütün qüvvətini almanların bu fikirlərini əqim
buraxmağa sərf edəcəklər.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 13 oktyabr 1915, ¹9
İslav – slavyan
Vəzi – duruşu
Çar – dörd
Ələni – açıq
Hail – əngəl, maneə
Vəsl – qovuşma
(Ardı var)
Şirməmməd
Hüseynov
525-ci qəzet.- 2012.-
7 yanvar.- S.26-27.