QULU AĞSƏS POEZİYASI RUHANİYYAT MÜSTƏVİSİNDƏ

 

“Qəfil bir söz eşitsəydim –

dil açan lalın ilk dəfə

dediyi “sakit ol” kimi...”

 

Qulu Ağsəs

 

Əsl şeir necə olmalıdır? Bu sual bütün dönəmlərdə cavabsız, açıq olaraq qalır və qalacaq da. Fikrin, varlığa poetik münasibətin müxtəlifliyi özündə (əslində bütün sahələrdə) mahiyyəti bir, zahiri isə bir-birinə əks olan müxtəliflik, fərqlilik yaradır. Buna baxmayaraq, bütün şeiriyyəti, ümumiyyətlə, maddi və mənəvi varlığı birləşdirən ümumi bir ruh var. Hansı dövrdə və arealda yaşamasından asılı olmayaraq, bütün şairlər bu vəhdət ruhunu müxtəlif formalarda bölüşürlər. Formalar dünyasında “formasız Həqiqət” axtaran yolçuların – şairlərin amacı həqiqətə qovuşmaqdır. Əgər ruhani ənənə daxilində bu cavabsız sualı cavablandırmağa çalışsaq, o zaman, bizcə, Necip Fazıl Kısakürəkin “Biz şeiri iman bilmişik” cümləsi fikrimizi ümumiləşdirər.

Bu gün şeirə – poeziyaya verilən tələb və ölçülər özünün əsl mahiyyətindən çox-çox uzaqlaşmışdır. Dünyamızın qarmaqarışıq, başaçılmaz sosial, siyasi, iqtisadi müşkülləri, yönləri daha qabarıq, biabırçı cizgiləri ilə gündən-günə deqradasiyaya uğrayan mənəviyyatımızın fonunda gündəmə gəlir. Bir həqiqət danılmazdır ki, bizə arxasında heç bir güc durmadan sırınan bu təmayüllər insan mənəviyyatına yaddır və bu “həqiqətlər” qəlblərdə mövcud deyil. Ümumiyyətlə, Kabir Edmund Helminskinin sözləri ilə desək, bu zamanın “ən yaxşı” insanlarının fikirləri həqiqətdən başqa hər şey ilə doludur.

Cəmiyyətimizdə şeirə olan münasibət də keçmişə yönəlik nostaljilər ilə yekunlaşır. Daha dəqiq desək, istənilən tipik azərbaycanlının poeziyaya dair alaçiy təsəvvürləri ya Aşıq Ələsgər, ya da Səməd Vurğunla yekunlaşır. Tərəddüd etmədən, asanlıqla belə bir sual verə bilərsiniz: “Aşıq Ələsgər və ya Səməd Vurğun məgər açıq-saçıq yazmayıb, kimisə canü dildən mədh etməyiblər?” Əlbəttə, ediblər. Amma bilirəm, əksəriyyətiniz bu sualı verməyəcəksiniz: “Bəs onların (söhbət Azərbaycandan gedir) bu qədər sevilməyinə səbəb nədir?” Siz bu sualı versəniz də, verməsəniz də, mən cavabını verəcəyəm. Onlar hansı mövzuda olur-olsun, onu insan mənəviyyatı çərçivəsində, bir sözlə, ilahi istedad vəilahi incəliklərlə təqdim etməyi bacarıblar; Nəyi necə deməyin ruhani məsuliyyətini dərindən anlayıblar, insanın bütün fəaliyyətinin komplekslərini başa düşülən və hər kəs tərəfindən qəbul ediləcək sadə məntiqlə deşifrələyiblər və s.

Bu gün şeiriyyət hansısa eşqi başına vurmuşun cinsəllik alətinə, qapısından zibili yığışdırılmayan bir söz quraşdıran heyvərənin həcvinə, toyxanalarda “exo” ilə deyilən sağlıqlara, daha nə bilim nələrə çevrilibsə, bəs bu oyunların, “dartmayaxamcırıldıların” həqiqi adı, yaxud “həqiqəti” nədir? Bunun bir adı və min yalanı var: ümumi şəkildə desək, vəhşi fərdiyyətçilik, başqalarını Adam yerinə qoymamaq, bir sözlə, yaradılmışı yaradılmamış hesab etmək!

Əlbəttə, bu düyünlər və “yeri səhv düşmələr” çoxlarını düşündürür. Həqiqəti etiraf etməkdən çəkinsək də, yaxşı bilirik ki, biz ilk öncə öz daxilimizdə İlahi mahiyyətin ruhani ölçüsünü itirmişik. Bu səbəbdən də baş verən bütün tənəzzül və fəlakətləri sanki hamımız əvvəlcədən gözləyir və bunu təbii qəbul edirik. Unudulmamalıdır ki, insan ruhu öldükcə, varlığın da ruhu ölür, tənəzzülə uğrayır.

Bu ruhani ölçünün tarazlığını bərpa etmək məsuliyyətini ən çox şairlər daşıyır. Şairlərin ruha məhrəm olduqları üçün peyğəmbərlərdən sonra gəlməsi bu səbəbdən təsadüfi deyil. Müqəddəs ruhani missiya daşıyan barmaqla sayılası qədər az çağdaş şairlərimizin yaradıcılığında belə ruhani əlamətlər klassik irslə müqayisədə çox fərqli şəkildə, müasir poeziyanın “ölçüsüz” parametrləri haşiyəsində sezgilərlə özünü ifadəyə çalışır (Heç də klassik irsi ideallaşdırmaq niyyətində deyilik, lakin müqayisə konteksində ortaya çıxan nəticə belədir). Ruhani missiya daşımaqla bahəm, zamanla ayaqlaşan şairlərimizdən biri də çağdaş poeziyamızda öz dəst-xətti ilə seçilən, heç kəsi təkrarlamayan, öz estetik dünyasının zülmətini İlahi həqiqətin nuru ilə işıqlandırmağa, özünəməxsus şəkildə uzlaşdırmağa çalışan Qulu Ağsəsdir.

İlk öncə deyə bilərik ki, Qulu Ağsəs dünyanın vertikal ölçüsünün ənginliyini poeziyasına daxil etməyə çalışır. Düzdür, buna can atarkən bir çox nəğmələrinin – şeirlərinin predmeti bəzən quru, prozaik təsir bağışlamasına baxmayaraq, xüsusi ilmələr və ahənglərlə meydana çıxan bu mövzulara o özünəməxsus nəzakətlə, incəliklə, emosiya və intellektlə yanaşır. Əvvəl-əvvəl sənə “quru”, “cansıxıcı” təsir bağışlayan nəğmələrin özünəməxsus ruhani məna ritmini dinlədikcə anlayırsan ki, onlar hansısa ən dərin bir həqiqətdən söhbət açır. Cəsarətlə deyə bilərik ki, bu mövzular hər kəsin beynində doğulmur. Qulu Ağsəs öz səsi, “öz” mövzuları olan, günümüzdə ehtiyacı duyulan əvəzolunmaz sənətkarlardandır. Bəli, sözün həqiqi mənasında sənətkar!

O, poeziyasında keçid dövrü insanının konturunu ustalıqla çəkməyi bacarır. Ən ali dəyərlərin müxtəlif bəhanə və adlarla minimallaşdırıldığı, rədd edildiyi bir şəraitdə sanki şeirləri ilə bunu kompensasiya etmək, bu qaçılmaz bəlanın yoluna sədd çəkmək istəyir. Qulu Ağsəs problemə problemin özəyindən baxmağı sevir və bunu bacarır. Bu səbəbdən də, əksər şeirlərində zahiri minamilist elementlər nəzərə çarpsa da, əslində isə onun amacı – qəhrəmanını günahlardan, yəni düşdüyü şəraitdən, baxdığı rakursdan Həqiqətə götürməkdir.

Poeziyasında bütün varlığın Qaynağına, Yaradana – Allaha müraciətləri üzərində qurulmuş nümunələr çox diqqətçəkicidir. Qulu Ağsəs bu xüsusda olan şeirlərində ƏN ALİ HƏQİQƏTƏ sanki heç bir etik norma gözləmədən, ərkanə müraciətlər ünvanlayır. Misal üçün belə bir şeirinə fikir verək:

 

Kimsən, nəçisən, ay Allah ,

Heç səndən baş tapammadıq.

Özün qurduğun dünyada

Sənə bir iş tapammadıq.

Günün necə keçir barı,

Can verib can almağınan?..

Səni nəynən bəndə salaq,

Tutaq hansı qarmağınan?!

Görsək, heç nə eləmərik,

Bir, üzünü göstər bizə!

Yaxşı günün əgər busa,

Yaman günü göstər bizə!..

 

Bu əzəli və əbədi müraciətin ən daxili məna tutumunun arxasında duran şair ruhu narahat axtarışdadır. Müraciətinin belə “yöndəmsizliyi” şairin yaşadığı dövrün təbiətindən irəli gəlir. Qulu Ağsəsin yuxarıda gətirdiyimiz şeiri Corc Qordon Bayronun “Kain” (“Qabil”) poemasındakı Kainin düşdüyü vəziyyətlə barışa bilməməsini, qəti üsyankarlığını xatırladır. Ancaq Kaindən fərqli olaraq, bütün “etirazlarına” rəğmən, Qulu Ağsəs nəticədə ruhən İblislə birləşmir və şeirə belə son verir:

 

Neyləsən, sevirəm səni,

Qulunam, gəl min boynuma!..

Bu şeiri də sən yazmısan,

Babalı mənim boynuma...

 

Maraqlısı budur ki, dünyanın dolanbaclarında, qarşıdurmalarında Özünü, deməyə Sözünü itirmiş narahat şair qəlbi şeirin sonlarında sevgi ilə həmahəngləşib sabitləşir, Özünə qovuşur. Şeirin əvvəlində xaotik, mürəkkəb təsir bağışlayan “eqo”su isə maddi anlamda tədricən səthiləşir. Mövlananın dediyi kimi:

Su çirkliyə deyir: “Bura gəl.”

Çirkli isə belə deyir: “Yox, mən çox utanıram.”

Su cavabında söyləyir: “Sən mənsiz necə təmiz ola bilərsən?”

Fikrimizi daha dəqiq söyləsək, şair “mən”i şeirin sonunda səthiləşsə də, ancaq bu qəlbin daşıyıcısı Qulu Ağsəs suya girmir. Bu, o demək deyil ki, o, suyun təbiətini bilmir. Bilir, lakin zamandaşları kimi “prinsipsiz” görünməyə çalışanların tipik obrazını ustalıqla yaradır.

Allaha müraciət – minacat səpkisində olan digər bir şeirində də yuxarıda sadaladığımız elementləri görmək o qədər çətin deyil:

 

Yastıq qoyub başımıza,

Əcəb yatırdın bizi.

Aç gözünü, qaranlığın

Qırıb-batırdı bizi.

Milyon illərdi yeyirik

Süfrənin qırağından.

Çörək bizi tutar deyin,

Dinmirik qabağından.

Nə boydasan görən heylə,

Bir ölçüyə gəlmirsən?

Baş çəkmirsən qullarına

Bizə niyə gəlmirsən?

...Özünü görməsək də,

Xofun yamandı, Allah!

Bizi qırıb qurtarmamış,

Ölmə, amandı, Allah!..

 

“Ölmə, amandı, Allah!” nidası ilə Qulu Ağsəs küfr etmir, Nitsşenin “Allah ölmüşdür!” fikrinə yenidən ruh vermiş olur. Nitşenin bu məşhur ifadəsinə diqqətlə yanaşanda məlum olur ki, bu ifadə, belə demək olarsa, bütün Avropa renessans mədəniyyətini formula edirdi (Əgər bir şey ölübsə, demək, o əvvəllər var idi). Onun, yəni Allahın düşüncələrdən kənarlaşdırılması, qəlb evi qapılarının Ona qapadılması ƏN ALİ HƏQİQƏTİN məhv edilməsi deyil, bəs nədir? Dostoyevski deyirdi: “Allah yoxdursa, hər şey yolveriləndir!” Əsl şair kimi, yaradıcı şəxsiyyət kimi Qulu Ağsəs də bunu demək istəyir.

Qulu Ağsəsdə süni novatorluq, yenilik yoxdur. Onun hər misrasında ən əsası əsl şair səmimiyyətinin, ruhi əzablarının şahidi olursan. O heç də dərddən ağlını itirən, çaşıb qalan şairlərdən deyil. Əsərlərində özünəməxsus incəliklə problemi qoyur və onun həllinə çalışır. Misra-misra düşünə-düşünə düşündürməyi bacarır. Onu oxuduqca hiss edirsən ki, bu şeirlərdə narahat bir şair ürəyi həyəcanla, yüksək təzyiqlə aramsız döyünür. Qulu Ağsəsin digər üstün keyfiyyətlərindən biri də odur ki, o öz intellektual səmimiyyəti ilə poeziyanın qaynağına, poegenetikasına asanlıqla qoşulmağı bacarır.

 

...Sənin dünyaya gəlişin də

Bayramdı deyə

Bir-iki sözüm olacaq,

Allah eləsin oxşamasın

Sağlığa,

nəsihətə,

öyüdə,

gileyə.

Bəlkə haçansa dadına çatdı

Çətin gündə, bərk ayaqda.

Quş quşla ötmür, balası,

Şair şairlə dilləşmir,

Quş budaqda oxuyur,

şair varaqda.

 

Şair – dinindən, irqindən, cinsindən asılı olmayaraq – bütün bəşəriyyəti ruhani birliyə çağırır. Poeziyasında birliyə çağırış motivləri adi sözlərdən yox, Həyatın özündən doğur. Şair vəhdətin qeyri-aşkar tərəflərini ustalıqla aşkara çıxarır. Həqiqəti Həqiqət Sahibindən dinləməyə çalışan şairin şeirlərinin canında ölməzlik, əbədiyyət vardır. Buna görə də, Qulu Ağsəs poeziyası mahiyyətcə “Olum, ya ölüm!”dilemmasına “nə olaq, nə ölək” – deyir. O, yazanda və azanda da kimə məxsus olduğunu ruhən dəqiq dərk edir:

 

Bəlkə bu,

qanundu,

kim bilir?! –

Həmişə:

cəsurlar sevirlər,

qorxaqlar sevilir...

Nə çəkir

göylərə,

çəkir?! –

Adamı boynundan ip təki...

Haradı

dünyanın

əvvəli, axırı?! –

Azanda

bir dostu

köməyə çağırım...

De görək, neynəyək,

Neynəyək, de görək?!

Nə ölək, nə olaq,

Nə olaq, nə ölək...

 

Təbiət təsvirlərində, xüsusi ilə, “Ağaclar hamısı kürəkən, qayın” misrası ilə başlayan şeirində şair adilik ilə qeyri-adilik, şüur ilə təhtəlşüur, vəhşilik ilə məsumluq arasında ruhani körpü yaradır; təbiətin mürəkkəb kompozisiyasında insanın yaranması tarixinə incəliklə nəzər salır.

 

Ağaclar hamısı kürəkən, qayın,

Hansı paxıldısa, yamacı şişdi.

Meşə görməmişdim belə arxayın

Mən belə narahat dağ görməmişdim...

 

O yalı adlayan dumandı, tüstü –

Siqaret zəhrimar qoyurmu görək?!

Elə sərindi ki, torpağın üstü

Altı cənnət olsun...

nəyimə gərək?..

 

Hardasa quzutək mələyir ilan

Deyir, bəlkə səsi xoşuma gələ.

Bu tüstü-dumanın içində, inan

Bir eşq havası var...

başına gələ!

 

Sufi tradisiyasında Yaradana, varlığımızın Nüvəsinə belə sözlər şamil edilir: “Mən gizli xəzinə idim, bilinmək istədim və beləliklə hər iki dünyanı – görünən və görünməzi yaratdım ki, Mənim rəhmət və mərhəmət xəzinəm bilinsin”. Buradan belə bir nəticə çıxır ki, əgər Yaradan bizimlə həmişəlik vəhdətdə olmağı istəsə idi, onda biz yaranmış libasını geyinməzdik. Aşiq Məşuqunun ona görə güzgüsü sayılır ki, o Onun qeyri-aşkar olan sirlərini Onun izniylə bəyan edən qulluqçu olmalıdır. Demək, Onu Onun Özünə bildirmək aşiqin borcudur. Onsuz da, hər necə olursa, olsun, biz hamımız Ona – Həqiqi Vəziyyətimizə yenidən qayıdacayıq. Bu aramsız dövranın məqsədi isə Batini Varlığın əkslərdə təzahür edərək aşkar olmasıdır. Qulu Ağsəs “Nə olar, bir səhər durub görəsən” misrası ilə başlayan şeirində Varlığın bu əzəli həqiqətini tamamilə yeni formada, yüksək sənətkarlıqla ifadə etmişdir:

 

Nə olar, bir səhər durub görəsən,

Divarlar üstünə Allah yazdırıb.

Qış günü soyuqdan ölən ağacın

Yasına mart ayı yarpaq yazdırıb...

 

Başını yelləsən, külü közərir,

İşıq vermir, amma işıq söz verir.

Bircə eybi var ki, dünya gözəlin

Məni qucağına qonaq yazdırıb...

 

Şükür o göydəki ismin halına,

Şükür yağışına, şükür qarına.

Şükür, adımızı öz jurnalına

Əcəl adqoydudan qabaq yazdırıb...

 

Qulu Ağsəs onu narahat edən mövzuları üçün məharətlə poetik mühit yaradır. Bütün mövzularına səmimi ciddiyyət pərdəsi çəkir. Spesifik intellektual yanaşma tərzi isə, onun cəmiyyət və təbiəti hansı dioqanal altında görməsini aydınlaşdırır.

 

Görsən ki, qaranlıq çökür aləmə,

Görsən ki, axşamdı...

fikir eləmə.

Bir uçuq yuxudu gecənin boyu

Nə qədər imkan var

rahatlan, uyu...

Qəflətən bir çağa salar hay-həşir

Səhər – körpəsidi doğan Günəşin.

Onu ovutmağa tələsər hamı,

Beləcə, salarlar yenə axşamı.

 

Qulu Ağsəsin poeziya dili özünün estetik dünyagörüşü qədər zəngin və rəngarəngdir. Poetik dilin, xüsusilə şeir dilinin mürəkkəb labirintlərindən asanlıqla adlayıb mövzuya çoxtərəfli işıq salmaq hər şairin yaradıcılığında lazımınca alınmır. Maraqlısı budur ki, Qulu Ağsəsdə bu, əksinədir. Belə ki, onun şeirlərinin mövzusu özü-özlüyündə şeiri ifadə edib dil faktorunu doğurur. Bundan başqa, Qulu Ağsəs sözlərə həssaslıqla, zərgər dəqiqiliyi ilə yanaşır. Məhz bundandır ki, hər bir misrasının üzərindən düşünmədən keçmək olmur. Narahat, sanki hansısa əbədi itkinin, yoxluğun, heçliyin fonunda çırpınan misralarının metaforik qatları şairin baş vurduğu mövzular təki tükənməz görünür. Qulu Ağsəs mövzu içərisində mövzu yaratmağı ustalıqla bacarır. Bundan əlavə, şair qəlibləşmiş bədii təsvir və ifadə vasitələrinə, demək olar ki, müraciət etmir. O heç kəsin eşitmədiyi, bilmədiyi öz nəğmələrini bəstələyir.

Qulu Ağsəs şeirlərində pradiqmalara, söz oyunlarına geniş meydan verir. Misal üçün:

 

...Meşələr

qışda Günəşə

odun atmaq üçündür...

 

Burada işlənmiş “odun atmaq” məsdər tərkibindəki “odun” sözü iki mənada başa düşülməlidir: həm yanacaq kimi istifadə edilən odun mənasında, həm də od, alov, atəş mənasında. Sözləri belə rəqsləndirməklə şair onu narahat edən məsələlərin və ya problemlərin dinamikliyini nəzərə çatdırmaq məqsədi güdür.

Qulu Ağsəs gözlə görünməyən dünyanı söz libasına salmağa can atır. O, əşya və hadisələr arasında heç kəsin görmədiyi yaxınlığı aşkar edir. Gözün görə bilmədiyini şair “eqo”sunda sözün görməsi, bu görmələrin, oxşarlıqların mürəkkəb sistemi özüylə yeni bir cığır, yol, təmayül yaradır. Buna görə də, Qulu Ağsəsin canlı poetik dil-üslub xüsusiyyətləri tamamilə yenidir, spesifikdir. Ümumiyyətlə, dərin psixologizimlə müşaiyət olunan Qulu Ağsəs şeiriyyəti sxematizmə tamamilə yaddır.

Oxucusu ilə anbaan nəfəs alan, düşüncələri həqiqət eşqi ilə yaşayan yaradıcılıq az-az istedadlara nəsib olur. İstadadı, qoy lap elə belə deyək, adamlığı, tərbiyəsi olmaya-olmaya səsi gur-gur guruldayan, hər şeyin arasından çıxan “qələm” sahiblərindən fərqli olaraq, Qulu Ağsəs öz istedadının gücü və nəfəsi ilə sakitcə bir kənarda oturub öz əsərlərini yazır, özünü yazır. Axırıncı cümləmizin sonunda yazdığımız tamamlıq və xəbər “Qulu Ağsəs özündən yazır” anlamına gəlmir. Sadəcə, qətiyyətlə demək istəyirik ki, o, bütün yazdıqlarını yaşayıb ruhən özününküləşdirir, özündə tamamlayır. Qulu Ağsəsdəki, poetik dillə edilən, xarakterik etiraf səmimiyyəti, bizcə, məhz buradan qaynaqlanır. Elə bu səbəbdən də, Qulu Ağsəs poeziyası oxucuları ilə öz arasına heç bir sədd çəkmir. Ona görə ki, o, oxucunu düşündürən mətləbləri düşünür, onun dilində ona əzəli və əbədi Həqiqətin nəğmələrini oxuyur, onları özüylə birlikdə bütün varlığın ruhani Həqiqətinə götürməyi bacarır.

 

İşdi-qəzadı,

səndən əvvəl ölsəm,

məni son mənzilə aparırlar, görsən,

vəsiyyətimə əməl elə:

Arxamca su at,

uğur dilə.

Saçını yolma,

köksünü ötürmə.

Allahın yanına gedirəm,

Ürəyinə ayrı şey gətirmə.

Borclunun qapısını döyərlər:

Yeganə borclu qaldığım,

Əvəzini vermədən aldığım

Son nəfəsdən özgə

Kimsəni qapıma yaxın qoyma...

 

 

Elmar VÜQARLI,

şair-tədqiqatçı

 

525-ci qəzet.- 2012.- 7 yanvar.- S.24.