ORALARDA KİMLƏR VAR : İRADƏ TUNCAY

 

DUALARLA YAŞAYAN İNTELLEKT

 

Yazar İradə Tuncayın Kipr Adaları yazısından sonra

 

ey sevgi adasında

sevgi axtaran qadın

gec gəldin buralara

qırılıb, qol-qanadın

içinə sığmaz oldun

için yandırdı səni

barmaqla göstərdilər

yaxdın gəlib-gedəni

taleyin sərt üzüdür

bütün bu aldıqların

bəlkə tez doğulmusan

bəlkə səhv düşüb yerin

ağla üzü qibləyə

gedənlərin gedəndə

bir sevgi adasısan

can qalmayıb bədəndə

bu yaşanan həyatı

təzədən başlamaq zor

sənsiz yaşamaq çətin

səninlə yaşamaq zor

bəlkə bir də doğuldun

qiyamətin səhəri

sənə görə sevmişdim

yaşadığın şəhəri.

get məscidə dua et

bəlkə nicat yolu var

sən ayrı bir dünyadan

qopub qalan bir rüzgar.

 

Tofiq ABDİN

 

Heç bu qədər çətinə düşməmişdim.Yazı işi mənim üçün artıq bir peşə və hər hansı bir yazını başlamaq çətinliyi olsa da, sonra işimin rəvan getməyi həmişə olmuş.Amma bu dəfə heç o birilərinə bənzəmir. Yazmaq və yazmamaq üçün özümlə vuruşdayam və üçdə-beşdə mənim telefon zənglərimə çox çətinliklə cavab versə də, içimin rahatsızlığı heç məni tərk etmir və xüsusiylə bir məqamda dedi: MƏNİM ÜÇÜN DUA EDİN.

Bəli, MƏNİM ÜÇÜN DUA EDİN sözlərini deyən xanım əfəndi bir çoxumuzun tanıdığı və sevdiyi bir insandır və qələm sahibidir.Deyilən o sözü onun nədən deməsi barədə mən çox götür-qoy etdim və onsuz da inanın ki, mən hər zaman dua edirdim. Təkcə onun üçün yox, bərkə düşən, işi çətin gətirən çox dost-tanış üçün mən hər zaman duaçıyam, onların mənim üçün duaçı olub-olmadığından asılı olmayaraq.

Amma bu xanım əfəndinin bu sözləri mənim içimi ovdu, məni son dərəcə rahatsız etdi və bir az da özümü necə deyərlər, arsızlığa vurub bu kəlmələri unutmaq istədim, ta ki bu yazını başlayana qədər.

Əslində onun nədən belə deməsi rahatsızlıqdan o yana bir az da qorxutdu məni, amma qorxulu bir şey yox, buna əminəm və təbii ki, ola bilsin ovqatının o saatdakı durumu ani olaraq bəlkə lap düşünmədən dilinə gələn ən şirin kəlmələrdən biri də bu kəlmələr. Onu da deyim ki, bu xanım əfəndi dindar-zadda deyil, heç dinsiz də deyil, yəni son dərəcə ateist də deyil mən bilən.Çox insani və çox mütəvazi bir həyat yaşayan, öz işinin və əməkdaşlarının qədrini bilən bir patron xanım əfəndi.Az vaxt içərisində öz yazarları arasında böyük hörmət qazanan və az zaman keçidində maraqlı, yaxşı yazarları başına toplayan və onlara bu çətin günlərdə söz azadlığı verən və bəzilərinin də şıltaqlığını öz üzərinə götürən xanım əfəndinin oxşarını hələ bizim yaradıcı mühitdə görə bilməmşəm (yaradıcı qadın olaraq nəzərdə tutulur) bəlkə də var, amma mən görə bilməmişəm.Amma türk qadın yazarlar dünyasında belə xanımlar var, onlar qəzet yönətiçiləridir, eynən onun yazıları kimi yazılar yazırlar və ya bu xanım əfəndi onlar kimi yazılar yazır.

Sabah nə olacaq heç kəs bilmir və bu xanım əfəndi də şərti olaraq desək televizyondan çox hızlı bir sürətdə yazı aləminə, qəzetçilik dünyasına keçəndə artıq uzun müddət idi ki, işsiz idi və evdə oturub nəsə gözləyirdi. Baxmayaraq ki, onun imkanları o qədər də məhdud deyildi, haradasa bir iş tapsın. Amma bəzən biz belə imkanları şişirdirik, bəlkə heç imkanı da yox idi.Çünki qapı- qapı düşüb iş axtaran deyildi.Bizim cəmiyyətimiz də hələ o tərbiyəyə sahib deyil ki, öz yaradıcı insanlarını görə bilsin və onu zamanında dəyərləndirsin.Telefon açıb səni axtarsınlar. Ki, balam nə zamandı imzan görünmür, nə məsələdi, hardasan, necəsən, keyfin necədi?Güman edirəm ki, bax elə bunun ucbatından həmin xanım əfəndi də bir müddət tam bir ev xanımı kimi yaşasa da, sonunda bəzi yoldaşların təklifi ilə işə başladı və işə başladığı qəzet də, dediyim kimi normal qəzetlər sırasında öz işini daha da fərqləndirdi, daha da samballı çıxmağa başladı və yazarlar daha da rahatladı.

O zaman məni də rahatsız edən bəzi suallara cavab almışdım və onlardan ikisinə yenidən qayıdıram.Yazımın məqamına uyğun gəldiyi üçün qayıdıram o suallara.

 

BİR ÖNCƏKİ SORĞUMUZDAN

 

–Bir daha ona qayıdaq ki, mən bilən Siz bir iş tapa bilmədiyiniz üçün bu qəzetə bir az da başınızı qarışdırmaq üçün gəldiniz, yoxsa başqa nədənlər də var? Sualımızın davamı belə olsun: Üstəlik də burada aldığınız maaş Sizin ailə büdcənizə də bir şey əlavə eləmir.Mənəvi cəhətdən necə, barı içinizin hirsi soyuyurmu?

–İçində nə isə bir potensial olan insanın onu realizə etmək istəyi də var. Baş qarışdırmaq sözünü qəbul etmirəm. Qəzetin redaktorunun məlum nədənlərdən vaxtı məhdudlaşıb. Qəzetə lazımi diqqət göstərə bilmir. Qəzetin səliqə-səhmana, qadın əlinə ehtiyacı var idi. Bu qəzet də “bizim çörək ağacımız”, “evimizin dirəyi” olduğu üçün laqeyd qalmadım. İki sualı birləşdirək, mən burdan maaş almıram. Ümumiyyətlə belə fikirdəyəm ki, bizim cəmiyyətimiz hələ mənim kimi adamların haqqını ödəmək üçün yetişməyib. Və belə ədalətsizliklər varkən içimin hirsi necə soyuya bilər? Çoxminli televiziya auditoriyasından ayrılıb qəzetin məhdud dairəsinə sığınmış bir şəxs üçün birdən-birə xitab edəcəyi insanların azalması nə anlama gələ bilər? Çap eləsələr, bütün qəzetlərə verərəm yazılarımı. Onsuz da qonorar verən yoxdur.

–Siz qəzetə gəlməzdən öncə yaradıcılar arasında, mən də daxil bir həyəcan, bir narahatçılıq və türkün sözü bir ƏNDİŞƏ vardı. Sizcə bu əndişə keçdimi?

–Dəfələrlə demişəm, mən adamyeyən deyiləm və əndişəyə də səbəb görmürəm. Sadəcə meyarlara cavab verəcək ortam axtarışındayam. Güman edirəm ki, tədricən bu mühit yaranacaq.

Çox hızlı bir sürətlə qəzetçiliyə başlayan və yazılarındakı əski qəzetçiliyin bir çox ünsürlərini də özündə biruzə verən müxtəlif məqamlar diqqəti çəkməyə başladı: öncəliklə, yüksək tərbiyə və mədəniyyət, böyük-kiçiyin yerini bilmək və özünə hörmət, maarifçilik, yenilik, detalara anlaşıqlı və insafla yanaşma, təmiz bir qələm sahibi olma və ən maraqlısı cürətli tənqid.

Və birdən-birə bu xanım əfəndi öz yazılarına ara verəndə təbii ki, onun tezliklə qayıdacağını biz hamımız gözləyirdik. Şəxsən mən çox gözləyirdim. Ancaq günlər keçdi, həftələr keçdi və nəhayət aylar keçdi, onun yazıları görünmədi.

Burada mən acı bir həqiqəti demək istəyirəm və bunu deməzdən öncə bir faktı yazım: onun email adresinə nə kimi məktubların gəldiyini bilmirəm, amma düşünürəm ki, görəsən onun yazılarının bu aralar ortadan qeyb olması, hansı oxucunu narahat etmiş? Etməmişsə çox heyif, hətta çox heyif. Yəni burada bəlkə də qeyri-adi bir şey yoxdur. Yer kürəsində yaddaşsız yaşayan millətlər az deyil. Onlardan birisinin də bizim olmağımız heç də təəcüblü görünməməlidir. Neyləmək olar? Bir gözəl qələm sahibi yorğun düşür və ona istirahət də lazımdır və bu istirahət artıq uzananda insan istər-istəməz rahatsız olur. Təbii ki, bu sualların da cavabı var, amma mən bu cavabı tələb etmirəm. Məni rahatsız edən o bir neçə sözdür ki, mən onun sözlərindən sonra bu yazını da yazmağa başladım.Yəni düşünürəm ki, bu ara məsafəni onun oxucularına çatdırım. Bu yazını onun necə qarşılayacağı da mənim üçün vacib: ilahidən arzum könlünə toxunmasın bu fikirlərim. Çünki bəzən mən yaxşı iş görmüşəm deyə düşündüyümdə, içindən bir əmma çıxır. Bu dəfə belə olmaz inşallah.

 

YAZIYA YENİ ŞTRİXLƏR

 

Əslində bu yazı mənim “ƏDALƏT” qəzetindəki ÖMRÜMDƏKİ İNSANLAR layihəmə daha çox yaraşır, amma məhz elə səhifədə də onun yeri var. Nəzərə alsaq ki, bu yazı bir havasız aurada yazılır, onun içindəki bəzi fikirlərdən istədiyim zaman imtina edə bilərəm, bunun mənə bağışlanmasını xahiş edərdim.Çünki bu xanım əfəndi və bu gözəl yazar haqqında mənim daha başqa fikirlərim var, ilin başlamasını və bu ilin də ilk yazısı olaraq onun adayıla başlanmasını nəzərə alıb bu fikirləri başqa zamana saxlamağı düşündüm.

Həqiqətən yazar İradə xanım Tuncayın mənə münasibəti bir çox zaman məni heyrətləndirib və bir çox zaman da təəssüfləndirib.Bunu mən onun yüksək insani keyfiyyətləri və intellekti ilə bağlayıram.Yalnız iki detalı demək istərdim.

Birincisi: bu xanım əfəndi bir zaman mənim haqqımda çox gözəl bir televeriliş hazırlayıb ki, mən bu verilişə necə icazə alınması barədə hələ də düşünürəm.Çünki mən bizim TELEMƏKAN ÜÇÜN HEÇ KİMƏM !!!!!!!!! Onun bir vaxtlar televizyonda apardığı BİR UDUM İNSAN lahiyəsi əsasında çəkilən o televiziya filmi deyək də, son dərəcə istedadla hazırlanmışdı və burda bir SOS : keçən il mənim 70 yaşım olmasına baxmayaraq AZƏRBAYCAN TELEMƏKANININ heç bir televiziyası mənim haqqımda bir dəqiqəlik də olsun heç bir şey hazırlamadı. Amma həmin bu xanım əfəndi hələ bir neçə il əvvəl bu işi görmüşdü. Olsun. Biz heç zaman onlarınkı ola bilmədik və ömrün qüruba doğru getdiyi bir zamanda da bunu xatırlamaq ağır olsa da, yaşamağa davam edirik.

Elə bu 70 yaş motivində... Daha bir giley. Təbii ki, insan bir şeylər umur öz yaxın saydığı insanlardan.Kim bunu danırsa dansın. Mən belə düşünürəm. O sıradan yenə də mən İradə xanım Tuncaya üz tuturam və mənim 70 yaşıma bir kəlmə söz deməsə də, başqa bir gözəl şairin 65 yaşına çox yaxşı bir yazı yazdı və mənim düşündüyüm bir fakt öz təsdiqini aldı. Başa düşdüm ki, həqiqətən mən onun şairi deyiləm, məhz şairi deyirəm ha... qələm sahibi yox.

Bunu da mən çox doğal saydım. Çünki bu şəxsi işdir, buna qarışmaq heç bir kəsin işi deyil. Bir var şifahi olaraq səni tərifləsinlər və bir də var, zəhmət çəkib tarix üçün bir not yazsınlar. Bunlar məncə ayrı-ayrı şeylərdi.

Bir də düşünürəm ki artıq İradə xanım Tuncay ədəbi mühitimizdə sözü keçən və oturuşmuş bir yazar kimi heç də hər yetən haqqında söz demək borcunda deyil və xüsusilə də son vaxtlar onun publilsistik bir kitabından sonra haqqında deyilməyən şeylər qalmadı. Ay təriflər yazdılar ha... Və layiqli də yazdılar. Yəni, kitab yazıya layiqdi, yazılar necə oldu, bu bir az mübahisəli məsələdi.

Və çox keçmədi ki, vallah belə düşünürəm ki, İradə xanım mənim bir təkidlərimdən sonra ( doğrusu mən Atası, gözəl şairimiz Məmməd Araz haqqında yazmasını təkid edirdim və yenə də təkid edirəm ) daha iri bir şey yazmağa başladı.Bu onun “YOL ROMANI” adında əsəridir ki, hələ də davam edir və düşünürəm ki, indi sırada neçələri var ki, bu roman haqqında fikirlərini deməyə tələsir.

Bu yerdə mən bilgisayarın imkanlarından istifadə edib səhifəmin dolub-dolmamasına baxıram. Baxıram ki, artıq 9 min işarə yazılıb və mən İradə xanım Tuncay haqqında yalnız başlanğıc bir şeylər yazmışam və onun da müəyyən hissəsi həmişə olduğu kimi özüm haqqındadı. Neyləyim qardaşım, mənim başıma gələnləri başqasının adına yaza bilmərəm ki...

İradə xanım Tuncay haqqında yazımız günlərin birində davam edə bilər.

2012 hələ təzə başlayır.

Ya qismət!!!!!!!!!!!!!

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2012.- 7 yanvar.- S.23.