ƏSRLƏR, İLLƏR, MƏQAMLAR...

 

Bu yaxınlarda Kamal Abdulla, Salam Sarvan və Etimad Başkeçidin K. Abdulla yaradıcılığı ətrafında aparılan ədəbi söhbətləri “Məqamlar” adlı kitab halında çapdan çıxmışdır. Kitab təkcə Kamal Abdulla yaradıcılığından, Azərbaycan ədəbiyyatından deyil, dünya ədəbiyyatının, mədəniyyətinin aktual və maraqlı problemlərindən bəhs edir.“Məqamlar” kitabı yazar Rafiq Tağının xatirəsinə həsr edilib.

Ötən ilin son günlərində “Mütərcim” nəşriyyatı “Məqamlar” adlı bir kitab çap edərək mütəxəssis və ədəbiyyat həvəskarlarının ixtiyarına vermişdir. Kitabı hazırlayan şəxslər oxucuda nəşr haqqında ilkin məlumat oyatmaqdan ötrü sərlövhənin altında belə bir qeyd aparmağı lazım bilmişlər: “Kamal Abdullanın yaradıcılığı ətrafında ədəbiyyat söhbəti”. İlk baxışda həmin qeyd tamamilə düzgünobyektiv təsir bağışlayır və buna zərrə qədər də şübhə ola bilməz. Lakin kitabın diqqətlə mütaliəsi belə bir fikir söyləməyə imkan verir ki, burada aparılan müzakirələr heç də yalnız artıq xarici ölkələrdə də tanınan, yaradıcılığına təbii maraq olan, qeyri-standart düşüncəyə və yazı texnikasına malik görkəmli yazıçı və alimin sırf bədii əsərlərinin təhlili ilə məhdudlaşmır. Ona görə ki, ədəbiyyat haqqında söhbətlər tədricən öz sərhədlərini aşır, ictimai fikrin müxtəlif sahələrini əhatə edir, ilk nəzərdə hamımıza bəlli olan, lakin eyni zamanda müxtəlif rakurslardan dönə-dönə təkrar edilməsinə ehtiyac duyulan mətləblərə də toxunur, onların vacibliyini vurğulayır. Bir sözlə, ayrı-ayrı zərrələrdən ibarət olan “Məqamlar” birləşərək ədəbi, ictimai və mədəni həyatımızın ümumi mənzərəsini polifonik şəkildə əks etdirir.

Bizə elə gəlir ki, Kamal Abdulla yaradıcılığına yaxşı bələd olanonu sevən həmsöhbətləri—Salam SarvanEtimad Başkeçid bu, şübhəsiz, maraqlı kitabda ədibin dünyagörüşünü daha dərindən açmaqdan ötrü düzgün yol seçmiş, qələm sahibini uzun-uzadı fikirlərlə yormadan, onun yazıçı, alim və vətəndaş simasını mümkün qədər dərindən açmaq niyyətində bulunmuş, həmin məqsədə çatmaq üçün söhbəti müvafiq məcraya yönəltmiş və istəklərinə nail olmuşlar. Nəticədə, Kamal Abdullanın yalnız bir yazıçı, ədəbiyyatşünas və dilçi kimi deyil, həm də müəyyən qədər tarixçi, ictimai xadim və ən başlıcası, Vətən təəssübü çəkən bir insan kimi portreti gözlərimiz qarşısında canlanmışdır.

Əslində “Məqamlar”da Kamal müəllimin bədii əsərləri ətrafında kifayət qədər müzakirə aparılsa da, kitabın başlıca məziyyəti bundan ibarət deyil. Bu nəşrin əsas üstünlüyü ondadır ki, burada müəllif (mən K.Abdullanı nəzərdə tuturam—A.D.) müasir və yaşı yüzillərlə ölçülən ədəbiyyatımızın son dərəcə rəngarəng və təzadlar üzərində qurulmuş mənzərəsinə nəzər salır və onun əsas cizgilərini tarixilikmilli mentalitetin xüsusiyyətləri baxımından qiymətləndirməyə çalışır. Bu zaman Kamal Abdulla ədəbi faktların statistikasını aparan soyuq düşüncəli salnaməçi, yaxud ayrı-ayrı əsərlərin bədii-estetik təhlilini verən ədəbiyyatşünas kimi çıxış etmir. Burada onun məqsədi bizioxucu və cəmiyyəti narahat edən məsələlərin kökünə daha dərindən nüfuz etmək, daha geniş, əhatəli bir mənzərənin təsvirini vermək, hətta gözləmədiyimiz məqamların açılmasını belə təmin etməkdir.

Məsələn, “Kitabi-Dədə Qorquddan bəhs edən Kamal müəllimin, bu əsərin gizlin məna çalarlarına xüsusi diqqət yetirmək şərti ilə onu dünya ictimaiyyətinin qavraya biləcəyi tərzdə təqdimatı variantının hazırlanmasının zəruriliyini izah etməsi bugünki tarixi və siyasi reallıqlar baxımından nə qədər vacib və məntiqli görünür! Burada Kamal Abdulla yalnız qədim mətnlər üzərində çalışan ədəbiyyatşünas və dilçi alim kimi deyil, həm də milli maraqlarımızın təmin olunmasını düşünən incə bir strateq, məfkurəçi kimi çıxış edir.

Ümumiyyətlə, Kamal müəllimdə güclü bir müşahidə qabiliyyəti vardır. Lakin bu, görünür ki, fitri bacarıq yalnız hər hansı gözdən yayınan bir gerçəkliyi üzə çıxarmaqdan ibarət deyil. Bu məqamda yazıçı özünə məxsus təhlil “mexanizmini işə salaraq, məsələnin məğzinə yol tapmağa çalışır. Məsələn, Azərbaycan ədəbiyyatında indiyədək sırf dəniz mövzusunda, yaxud hər hansı bir həqiqi mənada qəhrəman kapitan, yaxud dənizçi haqqında bədii əsərin olmaması reallığı ilə bağlı düşüncələr məhz bu qəbildəndir. Dənizə sözün əsl mənasında fiziki yaxınlığımız bu günədək yazıçılarımızı nədənsə həmin mövzuda kifayət qədər ciddi bir əsər yazmağa sövq etməmişdir. Burada qınaq mənbəyi kimi çar Rusiyasının, yaxud sovet dövrünün şəkki-şübhə doğurmayan qadağalarını gündəmə gətirmək də yersiz görünərdi. Lap elə son 20 ildə də bu sahədə özünü əməlli-başlı göstərən boşluq çox şeydən xəbər verir. Məhz həmin məqamda Kamal Abdullanın xalqın yazıçılarının monumental dəniz mövzusundan kənarda durması faktının səbəbini milli psixologiyamızın hansısa özünəməxsus xüsusiyyətlərində axtarması, bu məsələnin köklərini iztirabla aşkara çıxarmaq təşəbbüsləri inandırıcı görünür.

Əgər belə bir fikir irəli sürsək ki, Kamal Abdulla öz düşüncə tərzinə görə xeyli dərəcədə ümumiləşdirmələrə meyl edən bir sənətkardır, zənnimizcə, səhv etmərik. Onun bu xüsusiyyəti vaxtilə, həmçinin indinin özündə belə bədii ədəbiyyatımızın sözün tam mənasında Azərbaycanın hüdudlarını keçə bilməməsi səbəblərini götür-qoy edəndə, ədəbi nəsillər arasında rəqabətin mahiyyəti və səviyyəsinə münasibət bildirəndə, hazırkı mənəvi durumumuzun ayrı-ayrı cəhətlərini təhlil edəndə, yazıçının öz zehni və qəlbində günah hissi daşımasının labüdlüyü barədə fikir söyləyəndə və digər məqamlarda bütün aydınlığı ilə görünüroxucunu hər bir şüurlu azərbaycanlı kimi narahat edən problemlər ətrafında daha dərindən düşünməyə sövq edir.

Qeyd etmək istərdik ki, müəllif öz mövqeyini heç də mütləq bir kateqoriya zirvəsindən təqdim etmir. O, sanki nöqteyi-nəzərini ictimaiyyətə çatdırmaqla, oxucunu toxunulan mühüm problemlərlə əlaqədar diskussiyaya dəvət edironun fərdi qaydada nəticə çıxarmasına şərait yaradır.

Kamal Abdullanın bədii yaradıcılığı müəyyən parametrlərinə görə ənənəvi Azərbaycan ədəbiyyatında mövcud olan stereotiplərdən uzaq, bir növ beynəlxalq səviyyəyə çıxarılması üçün biçimlənmiş bir faktdır. Təsadüfi deyil ki, Kamal müəllim öz düşüncələrində tez-tez M.Xaydeqqerə müraciət edir. Məsələn, bu alman filosofu vaxtilə yazırdı: “Yaşadığımız texniki cəhətdən idarə olunan dövr qədim zamanlarda elm və incəsənətin yarandığı dövrdən çox fərqlidir. Əslində, həmin sehrli dünya artıq çoxdan bitmişdir. Lakin əgər tarixi keçmişi öz taleyimiz hesab ediriksə, o, yenə də bizim bu günümüzə çevrilir. O, sanki bizi gözləyir. Bu dünyanın onun haqqında düşüncələrimizə ehtiyacı vardır. O istəyir ki, biz öz təfəkkürümüzdə, obrazlar aləmimizdə ona istinad edək. Odur ki, tamamilə təbii bir sual meydana gəlir: əgər incəsənətin ilkin mənbəyi haqqında düşünürüksə, bəs onda onun bugünki vəziyyəti necədir?”.

Bu xüsusda bir daha nəzərə almaq lazımdır ki, Kamal Abdulla öz yaradıcılığında standart cığırlarla addımlayan bir yazıçı kimi qiymətləndirilə bilməz. Onun əsərlərində hermenevtika, təfsir elementləri özünü açıq şəkildə nümayiş etdirir. Bütün bu səbəblər toplusuna görə nasirin əsərlərinin, məsələn, Braziliya, yaxud Fransada işıq üzü görməsindən əvvəl onların məhz Azərbaycanda mütaliəsi və qiymətləndirilməsi önəmli əhəmiyyət daşıyır. Bu məqamda isə yalnız sıravi oxucu deyil, həm də ədəbi tənqidlə məşğul olan şəxslərin bir qismipsixoloji cəhətdən qəribə vəziyyətə düşür və əsərlərin həm struktur quruluşu, həm də onların daşıdığı mənanın ilk nəzərdə, gözə görünməyən qatlarından boylanan işarə və nəticə çalarlarından, sanki şok keçirir. Məsələn, “Yarımçıq əlyazma” romanı vaxtilə belə, heç də birmənalı hesab edilə bilməyəcək bir münasibətlə rastlaşmışdı. Əlbəttə, tamamilə təbii bir haldır ki, hər hansı bir əsərin dəyərləndirilməsi müəyyən şərtlərlə bağlıdır. Burada təqdim olunan nümunənin ideya və məna yükü ilə yanaşı, onun estetik, etik, tarixi reallıqlara uyğunluq kimi göstəriciləri də nəzərə alınmalıdır. Zənnimizcə, məhz bu məqamda romanın qavranılması ilə əlaqədar bəzi psixoloji çətinliklər üzə çıxmış və milli şüurumuzda əsrlər boyu formalaşan stereotiplərlə toqquşaraq çaşqınlıq, müəyyən hallarda isə inkar etmə, hətta aqressiya meyllərini meydana gətirmişdir. Belə bir vəziyyətdə isə əsər haqqında söylənilən rəylər ayrı-ayrı məqamlarda emosional müstəviyə keçmişsağlam elmi-ədəbi diskussiya çərçivəsindən kənara çıxaraq, daha çox birtərəfli axını xatırlatmışdır. Halbuki qətiyyən unudulmamalıdır ki, biz artıq XXI əsrdə yaşayırıq və dəyişən dünya ilə birgə bizim Vətənimiz də, milli düşüncə tərzimiz də istər-istəməz modifikasiyaya uğrayır. Bəzən düşünəndə ki, hər birimizin taleyində təsvir edilməz bir iz buraxan (istər müsbət, istərsə də mənfi!) SSRİ kimi nəhəng və güclü bir dövlətin çox qısa bir zamanda dağılmasından artıq 20 il keçmişdir (!), adamı, sözün əsl mənasında, vahimə bürüyür. Odur ki, artıq formalaşan yeni reallıqları müəyyən dərəcəyədək qəbul etmək şərti ilə özümüzü dünya ictimaiyyətinə daha çevik formalarda təqdim etməyi öyrənməli və bacarmalıyıq. Kamal Abdullanın oxucuya aşılamaq istədiklərindən biribudur. Bunun üçün isə öz daxilimizdə müvafiq islahatlar aparıb, sağlam şəkildə yaxşını pisdən ayırmağa vərdiş etməliyik. Həmin məqsədə yetişmək üçün isə, ilk növbədə, obyektivlikzövq kateqoriyalarına istinad etmək lazımdır, bu şərtlə ki, ifratçılığa varmayaq. Bu gün isə ədəbiyyata aidiyyəti olan bəzi adamların, məsələn, Mirzə İbrahimov, yaxud Süleyman Rəhimov kimi qələm sahiblərinin yaradıcılığının yazıçılığa dəxli olmadığı haqqında, yumşaq desək, revizionist fikirləri bizi ancaq yolumuzdan sapdıra, böyüməkdə olan nəslin şüurunda dolaşıqlıq yarada bilər. Zənnimizcə, “Məqamlar” kitabı üzərində çalışan insanlar da bizi məhz bu dəyərlərə, yəni qarşılıqlı hörmətə, ümumi işin faydasına yönələn, hər cür qeybət, populizmritorikadan uzaq olan səmərəli fəaliyyətə səsləyir.

Yadımdadır, keçən ilin birinci yarısında jurnalistlərdən biri Kamal Abdulla ilə söhbət edərkən ona Azərbaycan və macar xalqları arasında tarixi yaxınlıq, qohumluq haqqında sual vermişdi. O zaman Kamal müəllim həmin sualı təxminən bu şəkildə cavablandırmışdı: “Uzun illər boyu dünyada özümüzə o qədər qohum xalqlar axtarmışıq ki, tədricən təkləndiyimizi belə hiss etməmişik”. Bunun ardınca o, özünə xas olan tərzdə beynəlxalq əlaqələrin müsbət zəmində fəaliyyət göstərməsi, “Azərbaycan” adının dünyada tanınması üçün münasib məsləhətlərini vermişdi. Düşünürük ki, yenicə nəşr olunan “Məqamlar” kitabı özündə bizim üçün qlobal əhəmiyyət daşıyan həmin mövzunun daha şaxəli, daha əhatəli motivlərini ehtiva edir. Kitabın bir yerində Kamal Abdullaya məxsus belə bir fikir səslənir: “Bunu bilmək lazımdır ki, millətindən, dinindən, əqidəsindən asılı olmayaraq hər kəs üçün Azərbaycan artıq bir vahid, monumental TALEyə çevrilib. Ağıllı adam bu cür düşünər”. Zənn edirik ki, bu fikir tarix boyu buraxdığımız səhvlərin təkrar edilməməsi və bunun üçün yaxın gələcəyimizin düzgün şəkildə qurulması ilə bağlı səmimi istəkdən yoğrulmuşdur. Həmin vəzifənin həlli ilə bağlı düşüncələr isə “Məqamlar”da heç də azlıq təşkil etmir.

“Məqamlar” kitabı bizi tarix və mədəniyyətimizin keçmişinə və bu gününə bir daha nəzər salmağa dəvət edir. Onlardan lazımi nəticə çıxarmaq vəzifəsi də, ilk növbədə bizlərin, yəni bir cəm halında bütün ziyalıların üzərinə düşür.

 

 

Aqşin Dadaşzadə,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2012.- 7 yanvar.- S.21.