Bir əsrlik bədii sözün
dəyəri
Bu gün, yanvarın 7-də filologiya elmləri doktoru, professor, respublikanın əməkdar müəllimi, Prezident təqaüdçüsü Yavuz Axundlunun 85 yaşı tamam olur.
Yavuz İbrahimxəlil oğlu Axundlu 1927-ci ildə Ordubad şəhərində anadan olub. 1952-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildən filologiya elmləri doktoru, professordur. 1967-ci ildən Naxçıvan Dövlət Universitetində çalışır. Həmin universitetdə müxtəlif illərdə dosent, kafedra müdiri, prorektor işləyib. 20 kitabın, 300-dən artıq elmi məqalənin müəllifidir. Türkiyədə və İranda kitabları nəşr olunub.
Hörmətli Yavuz müəllimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, yeni uğurlar arzulayır, yaradıcılığından bəhs edən bu yazını oxucuların diqqətinə çatdırırıq.
Azərbaycan ədəbiyyatının tarixi gücü və əhəmiyyəti ayrı-ayrı sənətkarların şəxsiyyəti və vətəndaşlıq keyfiyyətləri ilə yanaşı, bədii sözün inkişafı və qüdrəti ilə də təyin olunur. Bədii sözün dəyəri və məhsuldarlıq göstəriciləri isə bir illə, beş illə deyil, əsrlərlə ölçülür. Bu ölçü ədəbi növ və janrdan, mövzu ya ideyadan, həyatı bədii inikas üsulundan asılı olaraq həmişə yeni dəyər qazanmış, damla-damla, səhifə-səhifə, kitab-kitab yaddaşlara hopmuşdur. Bu baxımdan XX əsr Azərbaycan ədəbiyyatı bütün əvvəlki dövrlərlə müqayisədə həmişə forma və məzmun keyfiyyətləri ilə seçilmiş, rəngarəng və müxtəlif janr mənzərəsi və tərbiyəvi mahiyyəti ilə milli sərvətə çevrilmişdir.
Filologiya elmləri doktoru, professor Yavuz Axundlunun “Ədəbi portretlər” kitabı ilk öncə müxtəlif ədəbi növ və janrlarda yazan, müxtəlif ədəbi cərəyanlara mənsub olan, müxtəlif dövrlərin və zamanların həyat mənzərəsini, həmin mühitdə böyüyən insanların psixologiyasını, duyğu və düşüncələrini özündə ehtiva edən görkəmli sənətkarların həyat və yaradıcılığından, onların ədəbiyyat tarixi və daha geniş mənada xalq, millət qarşısındakı xidmətlərindən bəhs edir.
Y.Axundlu ədəbiyyatşünaslıq və ədəbi-tənqidi fikrimizdə nəsrin nəzəri və aktual problemləri ilə məşğul olan, Azərbaycan nəsrinin tarixi inkişaf mərhələlərini, mövzu, ideya və qəhrəman problemlərini köklü şəkildə araşdırmaqla daha çox tanınır və bu sahədə mötəbər söz sahibidir. Onun bu istiqamətdəki məqalə və kitablarında roman müəllifinin özü, romandakı kiçikli-böyüklü obrazların siması və roman araşdırıcılarının şəxsiyyəti aparıcı planda görünür. Alimin tədqiqatçılıq üslubunun səriştəyə və məqsədə çevrilmiş şəxsiyyət axtarışı ilə bağlı olan bu məziyyəti yeni kitabdakı məqalə və oçerklərdə də aydın sezilir və duyulur. Kitab sübut edir ki, Yavuz müəllim nəsrlə yanaşı poeziya və dramaturgiyanın problemini də müasir tələblər səviyyəsində qiymətləndirməyə, onlara müasirlərindən fərqli şəkildə dəyər verməyə tam səlahiyyətlidir.
Kitabdakı məqalələr ayrı-ayrı sənətkarlara həsr edilsə də, onları yaxınlaşdıran və birləşdirən cəhətlər də çoxdur. Belə ki, Yavuz müəllim hər yazıçının yaradıcılığını onun bioqrafiyası ilə vəhdətdə götürür, hər yazıçının ədəbiyyata gəlişinin səbəblərini izah edir, hər yazıçının ilk qələm təcrübələrinə diqqət yönəldir, hər yazıçının aparıcı əsərinə və aparıcı qəhrəmanlarına qiymət verir.
Yavuz müəllimin kitabında müraciət olunan yaradıcı şəxsiyyətlərin ilk qələm təcrübələrinin mənzərəsi belədir: M.S.Ordubadinin ilk dram əsəri “Tehran faciəsi”, C.Cabbarlının ilk şeiri “Bahar”, S.Rəhimovun ilk yaradıcılıq təcrübəsi “Şamo” romanı, S.Rüstəmin ilk şeiri “Unudulmuş gənc”, M.Müşfiqin ilk şeiri “Bir gün”, M.Hüseynin ilk hekayəsi “Qoyun qırxımı”, İ.Əfəndiyevin ilk hekayələr kitabı “Kənddən məktublar”.
Yavuz müəllimin kitabında müraciət olunan yaradıcı şəxsiyyətlərin ən möhtəşəm əsərlərinin mənzərəsi belədir: M.S.Ordubadinin “Dumanlı Təbriz”, “Qılınc və qələm” romanları, H.Cavidin “Şeyx Sənan”, “İblis” faciələri, Y.V.Çəmənzəmənlinin “Qan içində” romanı, S.Vurğunun “Vaqif” dramı, M.Müşfiqin “Yenə o bağ olaydı” şeiri, M.Hüseynin “Abşeron” romanı və “Cavanşir” dramı, R.Rzanın “Rənglər” silsiləsi, M. İbrahimovun “Gələcək gün” və “Pərvanə” romanları, İ.Əfəndiyevin “Şeyx Xiyabani”, “Hökmdar və qızı” dramları, İ.Şıxlının “Dəli Kür” romanı. Bu nümunələrə söykənən elmi qənaət isə ondan ibarətdir ki, həmin əsərlər yalnız aid olduqları sənətkarların yaradıcılığını deyil, bundan daha artıq dərəcədə XX əsr Azərbaycan ədəbiyyatının varlığını sübut edən və yaşadan nadir faktlardır.
Sənətkarın ilk yaradıcılıq nümunələrinə və ən nəhəng əsərlərinə xüsusi diqqət yönəldilməsi bu faktları bilən və bilməyən oxucuları ədəbi problemlərin əsl mahiyyətinə yönəltmək məqsədi daşıyır. Digər tərəfdən, ən mühüm cənnət odur ki, alim hər yazıçıya aid tədqiqatda vahid bir struktur yaratmaqla bütövlükdə kitabın vahid strukturunun formalaşmasma ciddi zəmin yaradır. Beləliklə, Yavuz müəllimın kitabı ayrı-ayrı yazıçılarla yanaşı, daha geniş mənada XX əsr Azərbaycan ədəbiyyatı tarixinin problemlərini əhatə etmək gücünə malik olur.
Kitabda tədqiq olunan sənətkarların yaradıcılığı onların müraciət etdikləri bədii janrların imkanları və reallıqları çərçivəsində öyrənilir. Tədqiqatçı alim forma və məzmun vəhdətini yazıçı şəxsiyyətinin həyatı necə dərk etməsindən və əks etdirilən problemlərin mahiyyətini duymaq səriştəsindən asılı olduğunu bədii yaradıcılığın dəyişilməz qanunu kimi dəyərləndiriır. Yəni, yaxşı mövzu pis qəliblərdə öz təravətini itirdiyi kimi, yaxşı düşünülməyən mövzu da, nə qədər cazibədar olsa belə, mükəmməl janr ölçüləri daxilində özünü doğrulda bilmir. Ona görə də Yavuz müəllim C.Cabbarlının “Oqtay Eloğlu” əsərində teatrı inkişaf etdirməklə insanlığa xidmət mövzusunu teatr içində teatr, səhnə içərisində səhnə formasında reallaşdırmasını milli bədii fikrin tapıntısı hesab edir. Əbülhəsənin “Tamaşa qarının nəvələri” povestində insanın cəmiyyətdə tərbiyəsi problemini nənə və nəvə müstəvisinə gətirmək səyini yaradıcılıq uğuru kimi dəyərləndirir. R.Rzanın “Rənglər” silsiləsində insanın bəşəri xarakterini yeni dövrə uyğun formada və daha geniş planda səciyyələndirmək arzusunun novator düşüncə tərzi və bədii həqiqəti duymaq formasında reallaşdığını elmi dəlillərlə sübut edir.
Müəllif kitabda ayrı-ayrı yazıçıların həyat və yaradıcılığından keçərək bütövlükdə tam bir əsrin ədəbi mənzərəsini yaratdığı üçün sənətkarla zaman, bədii əsərlə gerçəklik məsələlərini də həmişə diqqətdə saxlamışdır. Bu, sadəcə olaraq tədqiqatçının özümin quraşdırdığı xətt və istiqamət deyil, tədqiqat obyekti kimi seçilən ədəbi numünələrin həyatla, gerçəkliklə əlaqə və təmasının ədəbiyyatşünaslıq müstəvisindəki məntiqi nəticəsidir.
Başqa bir təbiilik və qanunauyğunluq da ondan ibarətdir ki, XX əsrin müxtəlif zaman kəsikləri – əsrin əvvəlləri, Demokratik Respublika dövrü, 20-ci illərin yeni cəmiyyət reallığı, 30-cu illərin repressiya, sonrakı dövrlərin özünəməxsus xarakteri, nəhayət müstəqillik arzuları və müstəqillik qazanılması mərhələsi həmin illərdə yaşayıb-yaradan sənətkarların yaradıcılığına təsirsiz qala biməzdi. Ona görə də Yavuz müəllim hər dövrü və hər dövrdə ortaya çıxan ədəbi məhsulların zamandan və ictimai quruluşdan gələn təsirlərini çox dəqiq şəkildə izah və şərh edir. Beləliklə, kitabda H.Cavidin müasir mövzuda yazmamaq ittihamı ilə töhmətləndirilməsinin əsl kökləri açılıb göstərilir. M.S.Ordubadinin ənənədən gələn bir mövzunun – “Teymurləng və İldırım Bəyazid” pyesinin müharibə dövründə qələmə alınmasının səbəbləri göstərilir. Y.V.Çəmənzəmənlinin “Qan içində” (“İki od arasında”) romanını yazmasının tarixi zəmini aşkarlanır. C.Cabbarlının “Nəsrəddin şah”, “Ədirnə fəthi”, “Trablis müharibəsi, yaxud Ulduz”, “Bakı müharibəsi” tarixi dramlarının meydana çıxmasının hansı arzudan doğması şərtləri elmi izahını tapır. S.Rüstəmin Cənub mövzusunda yazılan “Araz”, “Təbrizim”, “12-çi tüfəng”, “Memarın faciəsi” kimi əsərlərinin aktuallığı əsaslandırılır. M.Hüseynin “Abşeron”, “Qara daşlar”, “Yeraltı çaylar dənizə axır” romanlarının tarixi gerçəkliyə uyğunluğu müasir elmi dəyər qazanır. İ.Əfəndiyevin lirik-psixoloji dramaturgiyada əldə etdiyi nailiyyətlərin yeniləşməyə doğru addımlayan insanın məhz teatr səhnəsinə çıxarılması ilə six əlaqədar olduğu dəqiq təhlillərlə şərh edilir.
Onu da qeyd edək ki, müəllif ilk nəşrdə toplanmış məqalələri daha da təkmilləşdirmiş, yeni nəşrə müasir ədəbiyyatımızın altı qüdrətli sənətkarları ilə yanaşı, Güney Azərbaycanın M.Şəhriyar və B. Azəroğlu, həmçinin mühacirət ədəbiyyatının fədakar mücahidi Almas İldırım haqqında məqalələri də daxil etmişdir.
Professor Y.Axundlunun kitabında hər bir sənətkarın həyat və yaradıcılığına həsr edilmiş elmi araşdırma tədqiqatçılar üçün nümunə və meyar olmaq gücündədir. Çünki ədəbiyyatşünas alim ixtiyari yazıçının ədəbi irsinə müraciət edərək bu ədəbi irsi bütünlüklə araşdırmağa səy göstərmiş və buna nail olmuşdur. Yəni, kitabdakı hər bir araşdırma həsr edildiyi sənətkarın həyatı və yaradıcılığı, bu yaradıcılığın mərhələləri, yazıçının poetikasının təkamülü, ayrı-ayrı əsərlərinin qəhrəmanları haqqında tam və bitkin təsəvvür yaradır. Başqa sözlə, Yavuz müəllim hansı görkəmli şəxsiyyətdən yazırsa, həmin məqalədə bu sənətkar haqqında bilmək və öyrənmək istədiyini asanlıqla tapa bilərsən. Belə bir elmi sanbal və dəyərli potensial müəllifin tədqiqat işinə münasibətdə heç vaxt dəyişilməyən dəqiq, ciddi, sistemli baxışının qanunauyğun nəticəsidir.
Yavuz müəllimin məqalələrinin hər biri ədəbi-elmi fikir baxımından üç funksiyanın daşıyıcısıdır. Birincisi, istənilən məqalə kiçik həcmli monoqrafiya təsiri bağışlayır və yaxud da həmin məqaləni əsas götürməklə tez bir zamanda müasir tələblərə cavab verən böyük tədqiqat əsəri yaratmaq mümkündür.
İkincisi, onun hər hansı məqaləsi birəsrlik bədii söz sahiblərinin yaradıcılığına həsr edidiyi üçün ədəbiyyat tarixi janrına uyğun gələn sanballı oçerk məzmununa malikdir. Çünki bu məqalələrdə Azərbaycan ədəbiyyatı tarixində öz yeri və mövqeyi olan görkəmli sənətkarların bioqrafiyasının mühüm faktları, yaradıcılıqlarının isə ümumi və fərdi xüsusiyyətləri araşdırılmışdır.
Üçüncüsü, Yavuz Axundlunın məqalələri nə vaxt və nə məqsədlə yazılmasından asılı olmayaraq, vahid bir dərsliyin ayrı-ayrı hissələridir. Görünür, tədqiqatçı alimin çoxillik müəllimlik fəaliyyəti onun araşdırmalarının pedaqoji səciyyədə olmasına da kifayət qədər müsbət təsir göstərmişdir.
Monoqrafiklik, ədəbiyyat tarixçiliyi və dərslik etalonu – bunlar həm mövcud kitabın, həm də professor Yavuz Axundlunun özünün tərcümeyi-halını və şəxsiyyətni qiymətləndirməyin dayaq nöqtələri və həqiqi dəyər ölçüləridir.
KAMRAN ƏLİYEY,
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2012.- 7 yanvar.- S.20.